Müəllif: Xəzər AXUNDOV
Azərbaycanda məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması prosesinə start verilib: iyulun üçüncü ongünlüyündə Zəngilan rayonunun Ağalı kəndinə mərhələli şəkildə 41 ailə köçürülüb.
2020-ci ilin sonundan ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minaların təmizlənməsi, yol, enerji və kommunal infrastrukturun, sosial obyektlərin bərpası istiqamətində miqyaslı işlər görülür. «Böyük Qayıdış» adını almış proqram işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin salınmasını nəzərdə tutur.
Proses başlayıb
Ölkənin uzunmüddətli inkişaf strategiyası olan «Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddə yer almış vacib 5 baza istiqamətindən biri də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təminidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında son ilyarımda həyata keçirilən ən miqyaslı, ən qiymətli infrastruktur və aqrar-sənaye layihələrinin əsas məqsədi qısa müddətdə şəhər və kəndlərin salınması, Azərbaycan vətəndaşlarının oraya yerləşdirilməsidir. “Böyük Qayıdış”ın effektiv həyata keçirilməsi regionun zəngin resurs potensialından istifadənin, həmçinin Qarabağın milli iqtisadiyyata inteqrasiyası prosesinin sürətləndirilməsinə imkan verəcək,
Ağalı kəndinin sakinlərinin ilk partiyası artıq bu ilin mayında Zəngilan rayonundakı doğma ocaqlarına qayıtmağa başlamışdı. İyulun 19-25-də isə sıfırdan qurulmuş Ağalı kəndinə vətəndaşların ilk kütləvi köçü həyata keçirilib. «Ağıllı kənd» konsepsiyası əsasında salınmış kəndin tikintisinə 1 ildən bir qədər artıq vaxt sərf olunub. Oraya köçürülmüş ailələr arasında Birinci Qarabağ müharibəsi zamanı dağıdılmış Birinci Ağalı və Üçüncü Ağalı kəndlərindən məcburi köçkün düşmüş insanlar da var. Bu inzibati ərazi erməni işğalınadək üç kəndi özündə birləşdirib və orada ümumilikdə 675 nəfər yaşayıb.
Ümumilikdə Ağalı kəndinə 41 ailə (200-dən artıq insan) köçürülüb. Onları kənddə hazır, bütün lazımi mebel və digər şəraitlə təmin olunmuş mənzillər gözləyirdi. Mənzillər ailələr arasında ədalət və şəffaflığa əsaslanan püşkatma nəticəsində bölünüb.
Son dövrlərədək məcburi köçkünlərin böyük hissəsi müvəqqəti yaşayış məntəqələrində o qədər də yaxşı olmayan şəraitdə yaşayıb. Mövcud qanunvericiliyə əsasən, onlar daimi yaşayış yerinə köçdükdən sonrakı 3 ildə dövlət tərəfindən müəyyənləşdirilmiş sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Bu ailələrin sosial tərkibi isə kifayət qədər müxtəlifdir – pensiyaçılardan, evdar qadınlardan tutmuş, mühəndislərə, aqrar sahədə mütəxəssislərə, sahibkarlara, həkim və müəllimlərə və sairədək.
«Bu gün biz tarixi hadisəyə şahidlik edirik – Qarabağa “Böyük Qayıdış”ın ilk addımı vətəndaşların bərpa olunmuş, «Ağıllı kənd» konsepsiyası əsasında salınmış Ağalı kəndinə köçürülməsidir. Ümumilikdə Zəngilan rayonunda miqyaslı infrastrukr layihələri həyata keçirilir – dəmir yolları, avtomobil yolları tikilir, yaxın zamanlarda aeroport istifadəyə veriləcək», - deyə Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bu günlərdə bildirib. Onun sözlərinə görə, köçürülmə prosesi qarşıdakı aylarda da davam edəcək. Bu gün üç keçmiş Ağalı kəndindən 1457 nəfər qeydiyyatdadır. Onların 90%-i yeni yaradılan yaşayış məntəqəsinə köçmək istəyini bildirib.
«Ağıllı» və keyfiyyətli infrastrukturun kombinasiyası
Bəs tikinti işlərində ilk dəfə kütləvi şəkildə innovasiya texnologiyalarından istifadə olunan, əşyaların interneti (IoT) mexanizmlərinin, «yaşıl enerji», elektron kənd təsərrüfatı elementlərinin tətbiq olunduğu yenilənmiş Ağalı kəndi nə ilə fərqlənir?
Zəngilan rayonunun Ağalı «Ağıllı kənd» layihəsi 5 komponentdən ibarətdir: müəssisələrin, mənzillərin tikintisi, alternativ enerjinin inkişafı, irriqasiya, qaz sistemlərinin idarə olunmasına yardım edəcək kompüter sistemlərinin tətbiqi və s. 110 hektarlıq ərazidə ekoloji və innovativ materiallardan istifadə ilə 200 mənzilin, 4 ədəd ikimərtəbəli qeyri-yaşayış binasının, 360 şagirdlik məktəbin və 60 nəfərlik uşaq bağçasının inşası üzrə işlərin ilk mərhələsi artıq başa çatıb. İnşaat prosesində «ekoloji» isitmə sistemi tətbiq olunub, «ağıllı» işıqlandırma və tullantıların idarə olunması sistemləri yaradılıb.
«Ağalı kəndi ağıllı və keyfiyyətli infrastrukturun kombinasiyasıdır. Su resurslarından istifadənin və suyun keyfiyyətinin idarə olunması da son dərəcə vacib amildir. Ağalı kəndinə əhalinin köçürülməsi ilə, yerli əhalinin təcrübəsi əsasında orada yaşayışın bütün xüsusiyyətlərini öyrənmək mümkün olacaq», - deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Xaykens bildirib.
Layihə çərçivəsində yeni yaşayış məntəqəsinin istehsal-təsərrüfat komponenti də nəzərə alınıb. Burada data-analitik mərkəz, 600 hektarlıq əkin sahəsinin və suvarmanın idarə olunması üçün «ağıllı» sistem yaradılır, avtomatlaşdırılmış fermalar və emal sexləri qurulur. Məhsula nəzarət, ərazilərin tozlandırılması üçün dronlardan aktiv istifadə də nəzərdə tutulur. Ağalıda bərpaolunan enerjidən də fəal istifadə ediləcək. Məsələn, bunun üçün artıq günəş panelləri qurulub: bütün yaşayış, sosial və inzibati binalar, iaşə obyektləri, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı bərpaolunan enerji ilə təchiz olunur. Heyvandarlığın inkişafı ilə kompost, gübrə və bioqaz istehsalı təmin ediləcək. Yaşayış məntəqəsində «Smart DOST» xidmət məntəqəsi, həmçinin «Dost Aqropark» fəaliyyətə başlayacaq. Kənddə tibb məntəqəsi, «Azərpoçt» MMC-nin rayon şöbəsi, «ASAN xidmət» mərkəzi yaradılıb, kiçik və orta biznesin inkişafı üçün bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.
«Zəngilanın Ağalı kəndinə ilk köçən şəxslərə minnətdaram. Burada Azərbaycanda ilk dəfə olaraq «Ağıllı kənd» konsepsiyası reallaşdırılıb, bu çərçivədə həyat üçün müasir şərait yaradılıb, innovasiya texnologiyaları tətbiq olunub. İşğaldan azad olunmuş bütün ərazilərdə miqyaslı işlər davam edir və daha da genişləndirilir», - deyə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin ilk hissəsinin doğma torpaqlarına qayıtması mərasimində bildirib.
Yeni həyat, yeni iş
Güman ki, yaxın zamanlarda Ağalı sakinlərinin sayı artacaq. Qəsəbənin genişləndirilməsi ilə bağlı layihə artıq hazırlanaraq dövlət başçısına təqdim olunub. Layihəyə əsasən, əlavə 150 mənzilin, o cümlədən 2 və 3 mərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur.
Kəndin böyüdülməsi, aqrar, ticarət, xidmət və digər müəssisələrin yaradılması burada insanların uzunmüddətli dayanıqlılığının təmini üçün əsas şərtlərdir. İcma əvvəlcə, əlbəttə ki, əsasən dövlət tərəfindən dəstəklənəcək. Bu isə təəccüblü deyil. Qonşuluqda inkişaf etmiş infrastruktura malik yaşayış məntəqələrinin olmaması bölgəyə yerləşmiş vətəndaşların məişətinin hərtərəfli təşkili üçün zamana ehtiyac yaradır. Bunun üçün onların iş yerlərinə, satış bazarına çıxışını təmin etmək lazımdır.
Ağalıda insanların dəstəklənməsi və işlə təmini üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və digər qurumlar tərəfindən 30 kənd sakininə treninqlər keçirilib. İştirakçılara sahibkarlıq fəaliyyəti haqda məlumat verilib, onlar avtoservis, inşaat, məişət texnikasının təmiri, ticarət və s. sahələrdə işin təşkili üçün avadanlıqlarla, xammal və dəstlərlə təmin edilib.
Yeni kənd sakinlərinin işlə təmininə «Azercell Telekom» şirkəti də öz töhfəsini verir. «Ağıllı kənd» ərazisində ilk internet və mobil rabitə xidmətini məhz o təklif edib, eyni zamanda kənddə satış və xidmət məntəqəsi yaradıb.
Qarabağ regionunun bərpası prosesinin miqyasını nəzərə alsaq (2021-ci ildən indiyə dövlət xətti ilə 4,4 milyard manat investisiya qoyulub), yol tikintisi işləri, kommunikasiyaların çəkilməsi və digər podrat işləri Ağalı sakinləri üçün əlavə iş yerləri yaradır. Bu mənada, ölkənin əsas enerji operatoru olan «Azərenerji» ASC-nin rolu xüsusi qeyd olunmalıdır. Qarabağda enerji infrastrukturunun bərpası çərçivəsində planlı iş aparan qurum “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, 150-dən artıq vətəndaşa iş verib. Zəngilan rayonunun yeni sakinləri enerji, qaz və su təsərrüfatı və s. kimi sahələrdə işə düzələ biləcəklər. Çünki burada tezliklə aqrar-sənaye klasterlərinin, şəhərsalma layihələrinin reallaşdırılmasına start veriləcək.
Bütün bunlarla yanaşı, Ağalıda toplanan təcrübədən tezliklə Zəngilan rayonunun digər hissələrində də istifadə olunacaq. Məsələn, ötən ildən Azərbaycan-Türkiyə birgə müəssisəsi 6 min hektarlıq ərazidə regionun ən böyük «Dost» aqroparkının yaradılması üçün hazırlıq işləri görür. Söhbət heyvandarlıq sahəsində ixtisaslaşacaq aqroparkdan gedir. Burada emal müəssisəsi də yaradılacaq, əldə olunacaq məhsulun əhəmiyyətli hissəsi Türkiyəyə ixrac ediləcək. Kompleksin yanında birgə müəssisənin əməkdaşları üçün qəsəbə salınacaq və o, bütün lazımi infrastrukturla təmin olunacaq.
Maraqlıdır ki, Ağalı kəndinin «yaşıl» və rəqəmsal texnologiyaların tətbiqi təcrübəsi ikinci «ağıllı kənd»də – Füzuli rayonunun Dövlətyarlı kəndində də tətbiq edilir. Burada da günəş panellərinin quraşdırılması, akvakultura və quşçuluq təsərrüfatının inkişafına rəqəmsal sistemlərin tətbiqi nəzərdə tutulur.
Baş planlar hazırdır
Zəngilan təsdiqlənmiş baş plan əsasında, ilk növbədə, yaşayış məntəqələrinin inşası işlərinin sürətləndirilməli olduğu rayonlardandır. Artıq işğaldan azad edilmiş bir neçə şəhərin baş planı hazırdır. Beləliklə, Zəngilan rayonunun inzibati mərkəzinin tikintisi təbiətə inteqrasiya və onun park şəhərə çevrilməsi prinsipləri əsasında aparılacaq.
Şuşa şəhərinin baş planının hazırlanmasında isə əsas diqqət onun böyük tarixi irsinin qorunub saxlanılmasına yönəldilib. Müvafiq olaraq, Şuşada əsas məqam onun tənəffüs və turizm klasterlərinin inkişafıdır. Burada artıq ikinci ildir ki, tarix və mədəniyyət abidələri bərpa olunur. Şuşada həmçinin mehmanxanalar müasirləşdirilir, yeni hotellərin tikintisi nəzərdə tutulur. Eyni zamanda yaşayış fondu da bərpa edilir.
Xatırladaq ki, Azərbaycan Qarabağda aviasiya infrastrukturunun qurulması işini də sürətlə aparır, çünki bu olmadan xaricdən turistlərin kütləvi şəkildə qəbulu mümkün deyil. Ötən ilin oktyabrında Füzuli rayonunda beynəlxalq aeroport istifadəyə verilib, bu ilin sonunadək isə Zəngilanda yenə də beynəlxalq hava limanının istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Laçında da beynəlxalq aeroportun tikintisinə hazırlıq işləri sürətləndirilib.
Əksər yerli və xarici ekspertlərin fikrincə, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması üçün ideal alət azad olunmuş ərazilərdə sənaye zonaları şəbəkəsinin, aqrar klasterlərin yaradılması, şəxsi təşəbbüslərə, ixracyönümlü müəssisələrin inşasına effektiv dəstək mexanizminin formalaşdırılmasıdır.
“Böyük Qayıdış”da liderlik Ağdam rayonuna məxsusdur. O, tezliklə Qarabağ regionunun sənaye mərkəzinə çevriləcək. Artıq Ağdamın ərazisində on minlərlə sakin üçün tam yeni şəhərin inşasına start verilib. Gələcək yaşayış zonasının yaxınlığında isə artıq Ağdam sənaye parkı fəaliyyət göstərir. Onun ərazisi 190 hektardır və orada artıq 9 rezident qeydiyyatdan keçib. Avqustda burada tikinti işlərinə başlanılacaq. Rezidentlər investisiya dəyəri ümumilikdə 60 milyon manat olan layihələr reallaşdırmağa hazırlaşır. Bu, mindən artıq daimi iş yerinin açılması deməkdir. İlkin hesablamalara görə, sənaye zonasının inkişafı ilə əvvəlcə 76 hektar ərazi əhatə olunacaq və 30-40 sahibkar işə cəlb ediləcək. Onların fəaliyyəti əsasən tikinti, kənd təsərrüfatı məhsulları və s. istehsalı, emalı və logistikasına yönələcək. İkinci mərhələdə sənaye zonasının yerdə qalan hissəsi də əhatə olunacaq, 110 milyon manat investisiyanın cəlbi ilə minlərlə yeni iş yeri açılacaq.
Miqyasına görə müqayisə oluna biləcək daha bir istehsal-xidmət klasteri Cəbrayıl rayonunda yaradılacaq: burada da 200 hektarlıq ərazidə sənaye parkının yaradılması üçün layihə-tikinti işlərinə hazırlıq gedir. Söhbət bütünlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun əsas istehsal habı kimi baxılan «Araz vadisi iqtisaldi zonası»ndan gedir. Sənaye parkının ərazisi kənd təsərrüfatı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzlərinin, anbar komplekslərinin, topdan və pərakəndə satış nöqtələrinin, yük parkının, yanacaqdoldurma məntəqəsinin, avtomobillərin və digər texnikaların təmiri məntəqələrinin yaradılması nəzərdə tutulur. Araz yaxınlığında həmçinin yaşayış zonası yaradılacaq, mindən artıq insanın yaşaması üçün qəsəbə salınacaq.
Bir sözlə, burada yalnız əhalinin rahatlığı, yaxşı yaşaması üçün şərait yaradılmayacaq, həm də region ümumilikdə inkişaf etmiş iqtisadi mərkəzə çevriləcək.
MƏSLƏHƏT GÖR: