24 Dekabr 2024

Çərşənbə axşamı, 22:52

BAHALAŞMAYA QARŞI ƏN YAXŞI VASİTƏ

Azərbaycan özünü taxılla tam təmin etməyi hədəfləyir

Müəllif:

01.09.2022

Son iki ildir davam edən qlobal ərzaq böhranı Ukraynada müharibənin başlaması və antirusiya sanksiyaları nəticəsində nəzərəçarpacaq dərəcədə güclənib. Moskvanın sanksiyalara qarşı cavab tədbirləri vəziyyətin daha da pisləşməsinə səbəb olub. Belə ki, Rusiya gübrə, taxıl, yağ və digər xammal ixracını məhdudlaşdırıb.

Ərzaq buğdasının idxalından asılı olan Azərbaycan isə regionun əksər ölkələri kimi, idxal inflyasiyasının mənfi amilləri ilə üzləşib. Məsələn, xaricdən gətirilən taxıl və unun qiymətlərinin yüksək olması avqustun üçüncü ongünlüyündə ölkədə çörəyin növbəti dəfə bahalaşmasına səbəb olub. Azərbaycan buğda üzrə idxalı əvəzləmə səviyyəsinin 80%-ə çatdırılması, təsərrüfatların genişləndirilməsi, qənaətcil suvarma sistemlərinin tətbiqi, həmçinin Qarabağ regionunda əkin sahələrinin inkişaf etdirilməsi yolu ilə bu asılılığı aradan qaldırmaq niyyətindədir.

 

Məhsul yığımı azalıb

Azərbaycanda avqustun ikinci yarısında yazlıq bitkilərin biçini başa çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il iyun ayı məhsulu ilə birlikdə payızlıq məhsulların, təxminən, 2 milyon 850 min tonunu taxıl təşkil edib. Məhsulun, təxminən, 1 milyon 732 min tonu və ya 60,8 %-i  buğdanın payına düşüb. Bəzi dağlıq və dağətəyi rayonlarda paxlalı bitkilərin və qarğıdalının yığılmasından sonra Kənd Təsərrüfatı Nazirliyi taxıl biçini ilə bağlı yekun məlumatları açıqlayacaq. Lakin statistikada əhəmiyyətli fərqlərin olacağını gözləməyə dəyməz. Belə ki, avqustun ikinci dekadasında 955,2 min hektar əkin sahəsinin 98 %-i biçilib.

Yazda və yayın əvvəlində havanın yağışlı və soyuq keçməsi payızlıq məhsulların yığım qrafikində düz iki həftədən çox dəyişikliyə səbəb olub. Üstəlik, bir sıra aran rayonlarda suvarma suyu ilə bağlı çatışmazlıq orta məhsuldarlığa mənfi təsir göstərib: məhsuldarlıq 30,4 sentnerə qədər azalıb.

Digər tərəfdən bir sıra yüksək texnologiyalı aqroparklar və inkişaf etmiş suvarma sisteminə malik ixtisaslaşmış taxılçılıq təsərrüfatları bu çətin ildə özlərini çox yaxşı tərəfdən göstəriblər.

Beləliklə, ən yüksək məhsuldarlıq (1 hektardan 40-44,7 sentner) Hacıqabul, Bərdə, Tovuz, Sabirabad, Tərtər, Saatlı, Ağcabədi, Ağdam və Samux rayonlarında qeydə alınıb. Lakin ümumilikdə cari ilin məhsuldarlığı ötən ilin göstəricilərindən bir qədər aşağıdır. 2021-ci ildə orta məhsuldarlıq 1 hektardan 31,8 sentner səviyyəsində idi. Nəticədə, həmin il 3 milyon tona yaxın taxıl yığılmışdı. Bunun 1,9 milyon tonu buğdanın payına düşmüşdü. Doğrudur, həmin il 2018-ci və 2019-cu illərdəki uğurları təkrarlamaq, yəni ölkədə rekord taxıl məhsulu yığmaq mümkün olmamışdı.

 

Mənfi tendensiyalar

Azərbaycanda mövcud vəziyyət qlobal ərzaq bazarında artıq iki ildir davam edən böhran fonunda yaranıb. Ötən il BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) quraqlıq və digər mənfi iqlim dəyişiklikləri səbəbindən bir çox taxıl növlərinin, o cümlədən buğda istehsalının azalacağını proqnozlaşdırmışdı. 2021-ci ilin yaz-yay aylarından etibarən əmtəə və kənd təsərrüfatı məhsullarına birjalarda tələbin yüksək olması üzündən taxılın qiymətində artım müşahidə olunub. Buna səbəb isə ABŞ və Avropa İttifaqının (Aİ) monetar siyasətdə ciddi səhvlərə yol verməsi olub. Belə ki, ötən ilin payızına qədər iqtisadiyyatları pandemiya böhranından çıxarmaq üçün 2 trilyon dollardan çox təminatsız vəsaitin daxil olması monetar inflyasiyanı kəskin surətdə artırıb. Bu, dünyanın bütün ölkələrində, o cümlədən ərzaq məhsullarının, xüsusən də buğda və un məmulatlarının istehlak qiymətlərinin artdığı regionumuzda hiss olunub. Bundan əlavə, Rusiya, Qazaxıstan, Hindistan, Argentina və dünyanın bir sıra digər ölkələri öz bazarlarını tənzimləmək, yerli topdansatış və pərakəndə ərzaq qiymətlərinin sabitliyini qorumaq üçün 2021-ci ilin sonundan etibarən ixrac kvotası tətbiq etməyə başlayıb. Üstəlik, bu ölkələr taxılın, yemin, yem əlavələrinin, yağlı bitkilərin, müxtəlif gübrələrin ixracına əlavə gömrük rüsumları tətbiq edib. Nəhayət, bu ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu tendensiyalar daha da genişlənib.

Bu məqamda qeyd edək ki, regionun, demək olar ki, bütün ölkələri kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının əsas növlərinin ixracına məhdudiyyətlər qoyub. Hərbi münaqişə Azov və Qara dənizdə gəmiçilik fəaliyyətinin məhdudlaşmasına səbəb olub. Bu, Ukraynanın dəniz limanlarının blokadası və qlobal ərzaq böhranının daha da kəskinləşməsi ilə nəticələnib. Doğrudur, Türkiyənin diplomatik səyləri, BMT-nin dəstəyi sayəsində iyulun sonundan etibarən “taxıl dəhlizləri” təşkil olunub. Amma bu məsələdə sabitliyin yaranmasına hələ çox var. Yeri gəlmişkən, əgər ötən ilin yayında bir ton buğdanın Qara dənizdən Aralıq dənizinə daşınması 300 dollar civarında idisə, hazırda bu rəqəm 400-410 dollardan aşağı deyil.

Bu arada, FAO-nun məlumatına əsasən, Hindistanda, Şimali Avropa ölkələrinin regionlarında məhsul yığımının aşağı düşməsi, həmçinin Suriya, İraq, Misir, Yaxın Şərq və Afrikanın digər ölkələrində suvarma üçün su çatışmazlığı nəticəsində kəskin taxıl qıtlığı yaranıb. Bundan başqa, Rusiya və Qazaxıstandan buğda ixracına qoyulan ixrac kvotası və gömrük tariflərinin yüksək olması səbəbindən dünyanın bir çox inkişaf etməkdə olan ölkələri taxıl idxalı ilə bağlı çətinliklər yaşayır və bu ölkələrdə aclıq təhlükəsi ilə bağlı təhdid yaranıb. Ermənistan, Gürcüstan, Moldova, Qırğızıstan və Tacikistan da qiymət artımı və taxıl qıtlığı səbəbindən ciddi problemlər yaşayır. Sadalanan ölkələrdə daxili istehsal çox aşağıdır. Buna görə də onlar ərzaq buğdasının və yemin böyük hissəsini Rusiya daxil olmaqla, xarici ölkələrdən idxal etməlidirlər.

 

İdxal məhsullarının bahalaşması

“Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmir, çünki taxılın əsas ixracatçıları Rusiya və Ukraynadır”, - Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda İsmayıllı rayonunun Basqal kəndinə səfəri zamanı çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, rusiyalı tərəfdaşlarla əldə olunan razılaşmalar nəticəsində ölkə üçün lazım olan həcmdə taxıl və gübrə Azərbaycana ixrac olunur və idxalda qıtlıq müşahidə olunmur.

Daxili bazarda taxıl qıtlığının qarşısını almaq mümkün olub. Amma Rusiya ixrac taxılına rüsumları əhəmiyyətli dərəcədə artırıb. Buna görə də Azərbaycana idxal olunan buğda və unun son qiymətləri hiss olunacaq dərəcədə bahalaşıb. Ölkəmiz bərk buğda sortlarının, təxminən, 38 %-ni xaricdən idxal etməyə məcburdur. Qeyd edək ki, təkcə ötən il Azərbaycana 1,1 milyon tona yaxın buğda idxal edilib və bunun, təxminən, 90 %-i Rusiya istehsalçılarının payına düşüb. Rusiya bazarından belə asılılıq ciddi risklər yaradır. Buna görə də 2022-ci ildə Azərbaycan hökuməti Qazaxıstandan tədarükü artırmaq yolu ilə idxalın coğrafiyasını dəyişmək üçün bir sıra addımlar atıb. Qazaxıstandan Azərbaycana buğda ixracı 2022-ci ilin birinci yarısında düz 8 dəfə artaraq 182,7 min tona qədər artıb. Amma hazırda idxalın əsas həcmi bahalı Rusiya taxılının payına düşür.

Bu arada, ötən ilin sonundan Azərbaycanda daxili taxıl bazarının optimallaşdırılması və idxal inflyasiya risklərinin qarşısının alınması üçün müxtəlif addımlar atılıb. Məsələn, strateji əhəmiyyətə malik olan ərzaq buğdasının ixracı mümkün qədər asanlaşdırılıb, bununla bağlı ƏDV-nin ləğvi müddəti uzadılıb və taxıl idxalçıları üçün “sıfır” rüsum saxlanılıb. Üstəlik, unüyüdən müəssisələrə subsidiyalar ayrılıb və Dövlət Ehtiyatları Agentliyi yaradılıb.

Bu da son deyil. Daxili bazarda sabitliyin qorunması məqsədilə mart ayında Nazirlər Kabinetinin qərarı ilə ölkədən əsas ərzaq məhsulları və xammalın ixracı məhdudlaşdırılıb. Nəticədə, bütün bu tədbirlər çörəyin və unun qiymətlərinin münasib həddə saxlanmasına şərait yaradıb: ənənəvi 0,65 kiloqramlıq “zavod” çörəyinin qiyməti bu ilin yeddi ayı ərzində orta hesabla 0,65 manat səviyyəsində olub. Lakin bu ilin iyulunda Azərbaycana idxal olunan ərzaq buğdasının bir tonunun orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə düz 67 % artaraq 402,5 dollara çatıb. Taxıl ixracatçıları üçün nəqliyyat və logistika xərcləri nəzərəçarpacaq dərəcədə artıb. Üstəlik, bir il əvvəl elektrik enerjisi, su, yanacağa görə tariflər qalxıb. Bir sözlə, bütün bunlar istehsalın maya dəyərinə təsir göstərir. Nəticədə, 50 kiloqramlıq bir kisə unun topdansatış bazar qiyməti 35,9 manatdan (yanvarda) 40,7 manata yüksəlib. Avqustun ikinci dekadasında Azərbaycan çörək istehsalçıları “zavod” çörəyinin pərakəndə satış qiymətini orta hesabla 0,05 manat (70 qəpiyə qədər) qaldırmağa məcbur olublar. Çəkisi və çeşidindən asılı olaraq digər çörək növləri də bahalaşıb. Eyni zamanda Azərbaycanda furaj taxılın və yemin bahalaşması nəticəsində ətin qiymətində, təxminən, 10 %-lik artım müşahidə olunub.

 

Ən doğru qərar

Aydındır ki, davamlı ərzaq təhlükəsizliyinə nail olmaq üçün əsas səylər bilavasitə ölkəmizdə taxıl istehsalının genişləndirilməsi və xarici amillərdən asılılığın tədricən azaldılmasına yönəldilməlidir. Hazırda Azərbaycanda ildə orta hesabla 3 milyon tona yaxın taxıl istehsal olunur. Bu da yemlik taxıla olan tələbatı böyük ölçüdə ödəyir. Üstəlik, ərzaqlıq buğdanın daxili istehlakının, təxminən, 62%-i təmin olunur. Yeri gəlmişkən, bu həcmlərin artırılması məqsədilə dövlət başçısı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un tədarükçülərinə təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası veriləcək. Əldə edilən suvarma sistemlərinin, təqribən, 40 %-nin dövlət tərəfindən subsidiyalaşdırılacağı, qalan vəsaitin isə güzəştli kreditlər hesabına təmin ediləcəyi gözlənilir.

Azərbaycanlı fermerlərin yüksək məhsuldar buğda, arpa və digər bitkilərin əkin toxumlarının çatışmazlığı ilə üzləşdiyini nəzərə alsaq, ölkədə toxum istehsalının artırılmasının stimullaşdırılmasının mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu söyləyə bilərik. Təəssüf ki, elit toxum növləri daha çox xarici ölkələrdən tədarük olunur. Yeri gəlmişkən, sentyabrda Azərbaycanın Dövlət Toxum Fondu Rusiyanın Krasnodar diyarından 1200 ton elit buğda toxumları idxal etmək niyyətindədir.

Daha çətin məsələlərdən biri suvarma suyunun çatışmazlığı ilə bağlı problemi həll etməkdir. Xüsusilə, suvarma paylayıcı kanallarda su itkisinin qarşısını almaq lazımdır. Qeyd edək ki, belə kanalların üçdə birindən çoxunda su itkisi mövcuddur. Onların əksəriyyətini betonlaşdırmaq və ya su keçirtməyən polimer örtüklərdən istifadə edərək müasir texnologiyalar (məsələn, İsrail, Türkiyə) tətbiq etmək lazımdır. Bundan əlavə, əkin sahələrinə arxlar vasitəsilə su verilməsinin mərhələli şəkildə əvəzlənməsini təmin etmək vacibdir. Bu məqsədlə bütün əkin sahələrində qabaqcıl suya qənaət texnologiyalarından istifadə olunmalıdır. Buraya damlama, aerozol, yağmurlama, həmçinin pivot suvarma sistemləri daxildir. Doğrudur, bir sıra iri fermer təsərrüfatlarında və aqroparklarında qənaətcil suvarma sistemləri artıq fəal şəkildə istifadə olunur. Amma kiçik fermerlərin əhəmiyyətli hissəsi üçün bu texnologiyalar bahalı və əlçatmazdır.

Mütəxəssislərin fikrincə, suvarma şəbəkəsinin müasirləşdirilməsi, digər aqrotexniki tədbirlərin görülməsi və fermerlərə subsidiyaların verilməsi ilə orta məhsuldarlığı indiki 31-32 sentnerdən 45-50 sentnerə qədər çatdırmaq mümkündür.

Bu arada, Azərbaycanın azad edilmiş ərazilərində növbəli əkin sistemindən istifadə planlaşdırılır: ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı istehsalı üçün 1 milyon hektar torpaq, o cümlədən taxılçılıq üçün yararlı olan 128 min hektar suvarılan torpaq mövcuddur. Hazırda ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarında təmir işləri aparılır. Sadalanan su ehtiyatlarından istifadə Füzuli rayonunda 6,2 min hektar əkin sahəsini suvarmağa imkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə doqquz su anbarının bərpası və ya tikilməsi planlaşdırılır. Üstəlik, Tərtərçayın Sol Sahil kanalının yenidən qurulması ilə bağlı planlara baxılır, həmçinin Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının su təsərrüfatında bərpa işlərinin aparılması nəzərdə tutulur.

Bəs Azərbaycan taxıl idxalından asılılığını nə vaxt əhəmiyyətli dərəcədə azaldacaq? Artıq Azərbaycan Prezidenti İlham Əliyev əsas ortamüddətli vəzifəni formalaşdırıb. “Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 % səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”, - dövlət başçısı vurğulayıb.

Beləliklə, Azərbaycan hər hansı digər ölkələrdəki vəziyyətdən və ya onların qərarlarından asılı olmayaraq, maksimum dərəcədə ərzaq təhlükəsizliyini təmin edərək növbəti böyük iqtisadi qələbə qazanacaq.


MƏSLƏHƏT GÖR:

148