24 Noyabr 2024

Bazar, 15:47

Aİ-də «İDEAL FIRTINA»

Ukrayna müharibəsi Avropa Birliyinə çətin ki, zərbə vursun, lakin o, İttifaqın problemli tərəflərini daha açıq göstərdi

Müəllif:

01.09.2022

«Bizi öldürməyən şey bizi daha güclü edir».

Fridrix Nitsşe

 

Deyəsən, Avropada COVID-19 pandemiyasının fəsadları və davam etməkdə olan Ukrayna müharibəsi, həmçinin «yaşıl gündəm» və ekstremal iqlim şəraiti səbəbilə «ideal fırtına» başlayır. Buraya bitmək bilməyən miqrasiya böhranını da əlavə etmək olar. Yeri gəlmişkən, yuxarıda sadalanan amillər bu böhranı daha da dərinləşdirə bilər.

Bəzi ekspertlərin fikrincə, bütün bunlar Aİ-də sosial və siyasi təlatümləri, həmçinin daxili parçalanmanı qaçılmaz edə bilər. Hər halda, «Köhnə dünya» əhalisi artıq ikirəqəmli inflyasiya ilə, istilik və elektrik enerjisi tariflərinin kəskin artımı ilə, həmçinin onların istehlakı ilə normaların müəyyənləşdirilməsi, vergilərin artırılması, bəzi müəssisələrin qapanması və müvafiq olaraq, iş yerlərinin itirilməsi ilə üz-üzədir.

Avropa ölkələrində inflyasiyanın artım tempinə görə «çempion» Estoniyadır. Onun ardınca digər Baltikyanı dövlətlər – Latviya ilə Litva gəlir. «Euronews» xəbər verir ki, siyahıda sonrakı yerləri Çexiya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Xorvatiya, Slovakiya tutur. Başqa sözlə, söhbət bütün Şərqi Avropa ölkələrindən gedir ki, bu isə artıq bəzi qənaətələrə gəlməyə əsas verir.

 

Rusiyadan asılılıq

Rusiyaya sanksiyaların tətbiqi Avropanın özünə də mənfi təsirini göstərir. «Yaxın perspektivdə Avropa İttifaqı Rusiyaya Ukrayna müharibəsi üzündən tətbiq olunan sanksiyalarla əlaqədar, ciddi çağırışlarla üzləşəcək», - deyə Avropa diplomatiyasının başçısı Jozep Borel bildirib. O, təbii qazın bahalığından da şikayətlənib. «Lakin biz azadlıq uğrunda fədakarlığa hazır olmalıyıq», - deyə «Kronen Zeitung» nəşrinin yazdığına görə, Borel qeyd edib.

Avqustun 25-nə olan məlumata görə, təbii qazın spot qiyməti yenidən artaraq, min kubmetrə görə 3300 dolları keçib. Doğrudur, Avropa qışı Rusiya qazı olmadan da necəsə keçinə bilər. Lakin vəziyyət ağır olaraq qalır. Məsələn, ötən il Almaniya istehlak etdiyi «mavi yanacağın» yarıdan çoxunu «Qazprom»dan alıb – Avropanın heç bir digər nəhəng dövləti Rusiyanın enerji resurslarından bu dərəcədə asılı deyil. Amma məlum olduğu kimi, Almaniya Aİ-nin ən iri iqtisadiyyatıdır və bu faktın özü narahatlıq üçün ciddi əsasdır. Ekspertlərin fikrincə, ilin üçüncü rübündə Almaniya iqtisadiyyatı böyük ehtimalla mənfiyə gedəcək. Ölkənin Berlində fəaliyyət göstərən İqtisadi Araşdırmalar İnstitutunun (DIW) rəhbəri Marsel Fratsşer də belə düşünür.

Son dönəmlərdə Qərb KİV-də Avropanın Rusiyadan enerji asılılığı ilə bağlı yazılar davamlı olaraq artır. Müəlliflər Avropanın Moskvadan enerji asılılığını ciddi şəkildə azaltmaq üçün tədbirlər görə bilməməsinin səbəblərini araşdırır. İstanbulda yaşayan və enerji sahəsi ilə bağlı araşdırmaları ilə tanınan jurnalist Devid Obörn «Eurasianet.org»da yazır ki, problemin kökü Brüsselin qaz kəmərləri layihələrinin işlənməsinin israrla özəl şirkətlərə həvalə edilməsinə çalışmasındadır. Aİ bunu layihələrin «kommersiya baxımından həyat qabiliyyətli» olması üçün vacib sayır.

«Avropa İttifaqı lazımi infrastrukturun tikintisini maliyyələşdirmək istəmir, çünki bazar gücünün üstün olduğu qənaətindədir. Azad rəqabət şəraitində bəlkə də elə belə də olardı. Lakin bazar gücü Rusiya monopolisti, öz qaydaları ilə oynayan «Qazprom»la rəqabət aparmaq gücündə deyilmiş… Əgər siz «Qazprom» kimi, kifayət qədər vəsaitə maliksinizsə, əvvəlcə boru xətti çəkə, daha sonra əsasən uzunmüddətli təhlükəsizlikdə deyil, qısamüddətli tədarükdə maraqlı olan alıcılar tapa biləcəksiniz. Belə bir vəziyyətdə «Qazprom» faktiki olaraq, rəqib qaz layihələrinə mane olur», - deyə Devid Obörn bildirir.

Rusiyanın boru xətləri ilə nəql olunan qazının Amerikanın mayeləşdirilmiş qazı ilə əvəzlənməsinin vacibliyindən çoxdan danışılır. Lakin bunun üçün lazım olan terminallara və tankerlərə Avropa ölkələrinin heç də hamısı malik deyil. Bolqarıstanın energetika naziri Rosen Xristov bildirib ki, onun ölkəsinə mayeləşdirilmiş qaz «Qazprom»dan alınan «mavi yanacaq»dan 50% baha başa gəlir. Müəyyən müddət üçün vəziyyətdən kömür tədarükünün artırılması ilə çıxmaq olardı. Lakin buna da təbiət mane olub. Məsələ ondadır ki, Aİ-yə kömürün daşındığı əksər iri kanallarda quraqlıq üzündən suyun səviyyəsinin ciddi şəkildə azalması gəmilərin bu kanallarla hərəkətini mümkünsüz edib. Kömürün dəmir yolu ilə daşınması isə yollarda tıxanmaya səbəb olur.

 

 

İqlim çağırışı

Avropada bütün rekordları vuran istilik gözlənilən olsa da, «qara qu»ya çevrilib. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin məruzəsinə görə, Avropa qitəsi ərazisinin üçdə ikisi son 5 əsrin ən ciddi quraqlığı ilə qarşı-qarşıya qalıb. Bundan ən çox əziyyət çəkən İtaliya, İspaniya, Portuqaliya, Fransa, Almaniya, Niderland, Belçika və digərləridir. Söhbət ümumilikdə qitə ərazisinin 47%-dən gedir. Bu yay həmin ərazilərdə görünməmiş quraqlıq yaşanır. Üstəlik, Avropanın Aralıq dənizi regionundakı ölkələrində ekstremal istilər noyabradək davam edə bilər. Belə hava şəraiti isə təbii olaraq, meşə yanğınları ilə də müşayiət olunur ki, bu da kənd təsərrüfatına ciddi zərbə vurur (iyunda bu zərərin həcmi 30 milyard dollardan artıq olub). Nəzərə almaq lazımdır ki, Avropada kənd təsərrüfatı sektoru gübrələrin bahalaşması üzündən onsuz da çətin dövrünü yaşayır. Qeyd edək ki, gübrələrin qiymətində artım hələ Ukrayna müharibəsindən əvvəl başlamışdı. Nəticədə, bu il məhsul ötən illə müqayisədə 20% azdır. Ötən 5 ilin göstəriciləri ilə müqayisədə Aİ-nin bu il üçün taxıl qarğıdalı məhsuldarlığı ilə bağlı proqnozu 16, soya ilə bağlı proqnozu 15, günəbaxanla bağlı proqnozu isə 12% aşağı olacaq.

Eyni zamanda yüksək hərarət yenə də qaza tələbatı artırır – kondisionerlərin, mühərriklərin işləməsi, hidroenerjinin əvəz edilməsi üçün «mavi yanacaq» lazımdır. Çaylarda suyun azalması isə atom enerjisi istehsalına da mənfi təsir göstərir (soyuducu su çatışmazlığı üzündən). Belə bir vəziyyətdə Avropanın «yaşıl keçid» planı ilə bağlı bir çox sual yaranır. Bir tərəfdən bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu göstərən statistik məlumatlar və qətiyyət var. Digər yandan, maliyyə mənbələri, onun həcmi və müddəti ilə bağlı bir çox məqamlar hələ də qeyri-müəyyən qalır. Hər halda, alternativ enerji hasil edən texnologiyaların istehsalı üçün həm də adi enerji və bir çox nadir faydalı qazıntıya ehtiyac var. Onlar isə yenə də ənənəvi yanacaq hesabına hasil və nəql olunur.

 

Avropa İttifaqı vahiddirmi?

Bəzi ekspertlərin fikrincə, yuxarıda sadalananlar və bir çox digər məqamlar Aİ daxilində fikir ayrılığı və mübahisələr üçün səbəblərin getdikcə artdığını göstərir. Bu, tanış xətt üzrə baş verir – Şərq-Qərb, Şimal-Cənub. Məsələn, ötən illər ərzində enerji mənbələrinin şaxələndirilməsi üzərində ciddi iş aparmış ölkələr bu addımı atmamış dövlətlərə kömək məqsədilə istehlakı azaltmaq məcburiyyətində qalmaqdan heç də məmnun deyillər. Britaniyanın «The Globe Echo» nəşri yazır ki, Cənubi Avropa ölkələri enerji böhranından öz maraqları üçün istifadə etməyə çalışır: «Ən azı son 15 ildə - Aİ-nin 2007-2009-cu illərin maliyyə böhranı, dövlət borcu ilə bağlı çoxsaylı problemlər və pandemiya ilə əlləşdiyi dövrdə Almaniya və Aİ-nin digər üzvləri maddi baxımdan daha zəif olan Aralıq dənizi regionu ölkələri ilə danışıqları güc dilində aparırdılar. Lakin indi Rusiya qazının təzyiqi Almaniyanı, həmçinin Avropanın şimalında yerləşən digər dövlətləri xüsusilə zəif bəndə çevirir, İtaliya ilə İspaniya isə bu dəfə yardıma çağırılan tərəfdaşlar rolunda çıxış edir».

Hazırkı böhran kimlər üçünsə keçmiş incikliklərin yada salınması üçün həqiqətən əlverişli məqam ola bilər. Miqrant böhranının ən qızğın vaxtında qaçqınlar üçün kvotaların müəyyənləşdirildiyi vaxt Aİ üzvlərinin necə «silkələndiyini» xatırlamaq kifayətdir.

 

Əbədi miqrant böhranı

Bütün bunlarla yanaşı, Avropaya qeyri-leqal immiqrasiyanın miqyası yenidən böyüyür. Ötən illə müqayisədə onların sayı artıq 80% çoxdur. Aydındır ki, buna yenə də Yaxın Şərq və Afrika ölkələrinin hər zamankı problemləri yol açır. Amma indi Avropanın özündə də bənzər problemlər çox, hətta bəzən faciəvi miqyasdadır. Məsələn, Ukrayna müharibəsi artıq İraq, Suriya, Misir və Şimali Afrikanın bir sıra ölkələrində ərzaq çatışmazlığı yaradıb.

Macarıstan baş nazirinin təhlükəsizlik məsələləri üzrə baş məsləhətçisi Dyort Bakondi «M1» xəbər televiziyasına avqustun 24-də verdiyi açıqlamada bildirib ki, «Balkan miqrant marşrutu» ilə hərəkət edən insanların sayı 150% artıb. İtaliya, Yunanıstan və Türkiyə sərhədlərində sığınacaq axtaranların sayında da artım var. Bakondinin sözlərinə görə, Afrikada aclıq səbəbilə təxminən 36 milyon insan evini tərk edib, bu isə uzaq perspektivdə Avropada miqrasiya ilə bağlı vəziyyəti ciddi şəkildə ağırlaşdıracaq. Bununla yanaşı, Yaxın Şərq və Afrikadan qaçqın axını bir çox Avropa ölkəsinin artıq ukraynalı qaçqınlara qucaq açması fonunda artır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Çexiyada 413 mindən artıq ukraynalı var (ölkə əhalisinin təxminən 4%-i qədər). 1,3 milyon ukraynalı qaçqın Polşada (yerli əhalinin 3,3%-i qədər), təxminən eyni qədəri isə Rumıniyada məskunlaşıb. Almaniya, İtaliya və digər ölkələrdə də müharibədən qaçmış ukraynalılara rast gəlinir.

 

Ukrayna müharibəsi

Ukrayna müharibəsi Avropa Birliyinə çətin ki, zərbə vursun, lakin o, İttifaqın problemli tərəflərini daha açıq göstərir. Bu, özünü ən müxtəlif sahələrdə, o cümlədən İtaliya, Böyük Britaniya, Bolqarıstan və digərlərindəki kimi, siyasi böhran kimi göstərir. Bu, əlbəttə ki, Kiyevə hərbi dəstək üçün kimin nələrə getməyə hazır olması ilə bağlıdır. Ekspertlər onu da deyirlər ki, Avropa əhalisi artıq müharibə və onunla bağlı xəbərlərdən bezib və bu açıq şəkildə hiss olunmaqdadır. Məsələn, iyuna olan məlumata görə, italiyalıların təxminən yarısı Ukraynaya silah göndərilməsinin əleyhinədir. Hətta Ukraynaya birmənalı dəstək verən Polşada hökumətin müxtəlif məsələlərin, xüsusilə sosial problemlərin həlli əvəzinə, ukraynalıların qayğısına qaldığına dair fikirlər səsləndirilir.

Ümumiyyətlə, siyasi və digər parçalanma məhz böhranlar zamanı üzə çıxır. Saysız-hesabsız ciddi çağırışları aşmağa çalışan Avropa da yaxın gələcəkdə yəqin ki, özü və İttifaqı ilə bağlı çox yenilik öyrənəcək. Demək, Aİ dəyişməyə bilməz. Cavablandırılmalı və nəticə çıxarılmalı olan çox sual yaranıb. Fridrix Nitsşenin məşhur fikrində deyildiyi kimi, «bizi öldürməyən şey bizi daha güclü edir». Ümid edək ki, Avropa İttifaqında bu prinsip, həqiqətən, işləyəcək.



MƏSLƏHƏT GÖR:

147