28 Noyabr 2024

Cümə axşamı, 07:06

BİR ERANIN SONU

II Yelizavetanın vəfatı dünya miqyaslı hadisəyə çevrildi

Müəllif:

15.09.2022

Britaniya monarxiyasına necə yanaşılmasından asılı olmayaraq, II Yelizavetanın vəfatı bütün dünyada geniş rezonans doğurub. Bu isə yəqin ki, son onilliklərin ən əhəmiyyətli tarixi şəxsiyyətinin özü ilə bağlıdır. Onun vəfatı dünya miqyaslı hadisəyə məhz bu səbəbdən çevrilib.

Hər şeyin inanılmaz sürətlə, bəzən gözlənilmədən baş verdiyi indiki dövrdə Böyük Britaniya kraliçası əsl əbədilik rəmzi idi. O, hər zaman yüksək ləyaqətə malik kraliça, öz ölkəsinin (həmçinin başqa ölkələrin) vətəndaşları üçün nümunə olub. Bir vaxtlar Böyük Britaniyanın baş naziri Uinston Çörçill deyirdi ki, Yelizaveta uşaqlıqdan «bir uşaq üçün inanılmaz sayılacaq ləyaqət və nüfuza sahib olub». O, bu keyfiyyətləri 97 yaşında vəfat edənədək özündə daşıyıb. İndi biz Yeni Yelizaveta erasının başa çatması haqda danışırıq…

 

Ölməz monarx

Taxta uzaq 1952-ci ildə çıxmış II Yelizaveta Britaniya tarixinə ən uzunömürlü monarx kimi düşüb. Bu rəqəmin əhəmiyyətini anlamaq üçün bir fakta diqqət yetirmək kifayətdir: bu gün Böyük Britaniya və Millətlər Birliyi ölkələrində yaşayan insanların əksəriyyəti məhz onun rəhbərliyi dövründə doğulub, bütün ömürlərini onun rəhbərliyi dövründə yaşayıblar.

II Yelizaveta İkinci Dünya müharibəsini yaşamış son dövlət başçısı idi. Həmin vaxt o, 5 ayını Britaniya ordusunun köməkçi ərazi xidmətində keçirib, orada mexanik-sürücü kursu keçib. 8 may 1945-ci ildə Avropa nasist Almaniyası üzərində qələbəni bayram edərkən isə o, tanınmaması, bu bayramı adi sakinlərlə birlikdə yaşamaq üçün Bukingem sarayının həyətinə hərbi geyimdə çıxıb.

II Yelizavetanın idarəçiliyi illərində ölkə «üzərində heç zaman Günəşin doğmadığı» imperiya olmaqdan çıxıb, əvəzində Millətlər Birliyi, Avropa İqtisadi Birliyi və Avropa İttifaqına üzv olub. Süveyş böhranı, Karib böhranı və Folklend böhranı kimi hadisələr, Koreya müharibəsi, Şimali İrlandiya ilə münaqişə, 1980-ci illərin şaxtaçılar tətili, Şotlandiyanın müstəqillik referendumu, Vindzor qəsrində yanğın, şahzadə Diananın ölümü, hersoq Yorski və şahzadə Harri ilə bağlı qalmaqallar, həmçinin milli və dünya miqyaslı bir sıra başqa hadisələr məhz Yelizavetanın kraliça olduğu dövrə təsadüf edib.

II Yelizavetanın dövründə ölkədə 15 baş nazir dəyişib ki, onların arasında Uinston Çörçill, Marqaret Tetçer kimi görkəmli şəxsiyyətlər də olub. Eyni zamanda bu dövrdə ABŞ 13 prezident görüb. Kraliça praktik olaraq, bütün dünya liderləri, həmçinin dini liderlərlə, çox sayda ictimai xadimlə, incəsənətin müxtəlif sahələrinə aid çoxsaylı tanınmış simalarla görüşüb.

 

Yaşasın kral!

Britaniyanın yeni kralı Yelizavetanın oğlu, 73 yaşlı şahzadə Çarlzdır. İndi o, III Karl adlanacaq. Karl da anası kimi, Millətlər Birliyinin başçısıdır. Söhbət ümumilikdə 2,4 milyard insanı əhatə edən 56 müstəqil dövlətin yer aldığı assosiasiyadan gedir.

O, Böyük Britaniya ilə yanaşı daha 14 dövlətə, o cümlədən Avstraliya, Antiqua və Barbuda, Beliz, Qrenada, Kanada, Yamayka, Papua-Yeni Qvineya və s. başçılıq edəcək. Bu ölkələrdə Britaniya mədəniyyəti və kapitalı hələ də əsas rola malikdir.

Bu günlərdə KİV-i düşündürən əsas suallardan biri yeni monarxı və onun rəhbərliyi dövründə Böyük Britaniyanı nələrin gözlədiyi haqdadır. Bu isə heç də təəccüblü deyil. Çoxları istər təəssüflə, istərsə də başqasının probleminə sevinircəsinə bildirir ki, kraliça dünyanı çox çətin vaxtda tərk edib. Həqiqətən də, III Karl getdikcə dərinləşməkdə olan iqtisadi böhran, Boris Consonla bağlı qalmaqaldan sonra baş nazirin dəyişməsi ilə baş qaldırmış ciddi daxili siyasi ziddiyyətlərlə qarşı-qarşıyadır. Daha bir önəmli problem isə qlobal iqlim dəyişikliyinin fəsadlarıdır. Böyük Britaniya onun ağırlığını ən çox məhz bu yay hiss edib.

Bundan başqa, müşahidəçilər Şotlandiya, Şimali İrlandiya, Uels və ümumilikdə Birlikdə separatçı əhvalın yüksəlməsi problemini də önə çəkirlər. Məsələn, Antiqua və Barbudanın baş naziri Qaston Braun bildirib ki, onun ölkəsi qarşıdakı 3 ildə Britaniya monarxının dövlət başçısı kimi qalması, yoxsa tam şəkildə respublika idarəçiliyinə keçilməsi məsələsini referenduma çıxara bilər. Daha maraqlı olanı isə eyni fikirlərin getdikcə Kanada və Avstraliyada belə, daha çox eşidilməyə başlamasıdır.

İndi yeni baş nazir Liz Trassın öz vəzifəsinin öhdəsindən necə gələcəyindən çox şey asılı olacaq. Yeri gəlmişkən, deyilənə görə, kraliçanın ona münasibəti heç də yaxşı deyilmiş. Güman edilir ki, bu, Tassın gənc yaşlarında monarxiyanın ləğvinə tərəfdar kimi çıxış etməsi ilə bağlı imiş. «Biz hesab etmirik ki, hansısa insan anadangəlmə kral olmalıdır», - deyə o zaman gənc Trass bildirmişdi.

İndi isə III Karl ölkəni məhz Trassa arxalanaraq idarə etməlidir. Üstəlik, o, xalq arasında heç vaxt xüsusi populyar olmayıb.

 

Gələcək haqda söhbətlər

Britaniyalıların ona münasibətinə, əlbəttə ki, şahzadə Diana ilə qalmaqallı boşanma hadisəsi də öz təsirini göstərib. Məlum olduğu kimi, Böyük Britaniyada Diananı çox sevirdilər və o, hələ də xatirələrdədir. Çarlzın hazırkı xanımı, artıq şahzadəyə çevrilmiş Kamilla uzun illər bir çox britaniyalının tənqid hədəfi olub – insanlar onu şahzadə Diananın ölümündə günahlandırırdılar. İndi isə ailədə «ağ qarğa» Çarlzın kiçik oğlu Harrinin xanımıdır. Məlum olduğu kimi, o, hələ kraliçanın dövründə kral ailəsi ilə bağlı silsilə qalmaqallı müsahibələri ilə yadda qalıb, ailə üzvlərini irqçilikdə belə, ittiham edib.

Aydındır ki, III Karl yaşı üzündən taxtda anası qədər qala bilməyəcək. Odur ki, indi çoxlarını bir sual düşündürür – Çarlzın böyük oğlu Uilyam necə kral olacaq? Xalqın simpatiyası, şübhəsiz ki, onun tərəfindədir. Lakin bəzi politoloqlar deyir ki, şahzadə bu iş üçün tələb olunan siyasi təcrübəyə, həmçinin elita, hətta ictimaiyyət arasında lazımi nüfuza malik deyil.

Doğrudur, sual yarana bilər ki, Böyük Britaniya Konstitusiyalı monarxiya olduğundan, burada monarx sadəcə təntənəli tədbirlərə qatılmaqla məşğuldur və belə bir vəziyyətdə sadalananların nə əhəmiyyəti var? Lakin Britaniyanın yalnız «xarici görünüşü»  - tüklü papaqlı qvardiyaçılar, 5 saat davam edən çay süfrəsi, Milad pudinqi və «Dauntaut abbatlıcı» serialı ilə deyil, siyasi mətbəxi ilə də az-çox maraqlanan hər kəs bilir ki, Britaniyada hakimiyyətin xeyli, hətta bəlkə də böyük hissəsi kral və ya kraliçaya məxsusdur. Məsələn, bu ölkədə müharibəni elan edən və ya sülh qərarı verən monarxdır. Onun hökuməti buraxmaq, parlamentə təkrar seçki elan etmək, qanunlar imzalamaq səlahiyyətləri də var. Britaniya monarxı həm də ingilis kilsəsinin başçısıdır, məhkəmə sisteminə nəzarət etmək üçün bütün imkanlara malikdir.

Onun bu hüquqlarından nə dərəcədə istifadə etdiyi başqa məsələdir. II Yelizaveta səlahiyyətlərindən elə istifadə edirdi ki, necə deyərlər, ona «milçək də yaxın düşə bilmirdi». Çarlz və ya Uilyamın necə davranacaqları isə məlum deyil. Kraliça mühafizəkar dəyərləri və standartları təcəssüm etdirirdi. Yelizavetanın hansı miqyasda şəxsiyyət olduğu bilindiyindən, heç kim özündə onunla mübahisə etmək cəsarəti tapmırdı. Yeni monarx isə keçmişin bütün avtoritetləri ilə sürətlə və kəskin şəkildə «haqq-hesab çəkildiyi» bir dünyada çalışmalıdır. «Tik-tok»da böyümüş yeni nəsil çətin ki, kral ailəsinin qəsrin qarşısındakı çəmənlikdə çəkilmiş yeni fotosunu görmək üçün səbirsizliklə axşam qəzetlərini gözləsin. Əksər şərhçilər bildirirlər ki, belə bir vəziyyətdə əsas odur ki, məşhur «London körpüsü uçdu» («London bridge is down») ifadəsi reallığa çevrilməsin.

Görünən odur ki, indi əminliklə yalnız bir fikri söyləmək olar: indidən sonra Britaniya taxt-tacını kim tutarsa tutsun, o, II Yelizaveta qədər əhəmiyyətli, rəmzi, hörmətli fiqur olmayacaq. O da həqiqətdir ki, kraliçanın gedişi ilə XX əsr bizimlə birdəfəlik vidalaşır. Müasir liderlər Britaniya kraliçasının hər zaman hörmətlə yanaşdığı dəyərləri XXI əsrdə də qoruyub saxlayacaqlarmı? Bu sual açıq qalır…



MƏSLƏHƏT GÖR:

125