Müəllif: Nigar ABBASOVA
Havalar soyuduqca qışa hazırlıq işləri ön plana çıxır. Avropa ilə Rusiya arasında isə artıq “təbii qaz müharibəsi” qızışmaqdadır. Hazırda Köhnə Qitə ölkələrində enerji böhranı və inflyasiyanın yüksəlməsi barədə hər kəs danışır. İndi bir sıra avropalı siyasətçilər böhranın dərinləşməsi təhlükəsi səbəbindən Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı sanksiyaları bu ilin sonuna qədər ləğv etməyə belə çağırırlar. Rusiya da “təbii qaz müharibəsi” nəticəsində itkilərlə üzləşir. Məsələn, onun büdcəsi gəlirlərin bir hissəsindən məhrum olub. Üstəlik, güman ki, gələcəkdə “Qazprom” əsas, ödəmə qabiliyyəti baxımından etibarlı müştərisini itirəcək. Bütün bunlara görə, demək olar ki, hər həftə müxtəlif məkanlarda Avropanın enerji təhlükəsizliyi, təbii qaz təchizatı marşrutlarının və mənbələrinin şaxələndirilməsi, həmçinin istehlakçıların müdafiəsi üçün zəruri tədbirlərlə bağlı müzakirələrin aparılması adi hala çevrilib.
Avropanın ümidləri
Sentyabrın 21-22-də Buxarestdə “Gələcəyə körpü” devizi altında keçirilən “V Rumıniya Beynəlxalq Qaz Konfransı” enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi, həmçinin enerji keçidində təbii qazın rolu üzrə əməkdaşlığın davam etdirilməsi üçün daha bir fürsət idi.
Konfransda Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycan təbii qazı əsas müzakirə mövzularından biri olub. Yeri gəlmişkən, tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən, həmçinin Azərbaycan “mavi yanacağı”nın ixracı ilə bağlı gələcək planlardan ətraflı danışıb. Məqsədi məhz bu beynəlxalq qaz konfransında iştirak etmək olan Azərbaycanın energetika nazirinin Rumıniyaya iki günlük səfəri məhsuldar olub. Konfransdan və ikitərəfli danışıqlardan əlavə, P.Şahbazov Rumıniyanın Baş naziri Nikolay Siukanın təşkil etdiyi nazirlərin iclasında iştirak edib. Nazir müzakirə panelində regionun digər səkkiz ölkəsindən olan həmkarları ilə birgə iştirak edib: Rumıniya, Bolqarıstan, Macarıstan, Ukrayna, Moldova, Gürcüstan, Yunanıstan və Türkiyə. Onlar Türkiyə və Yunanıstan limanları vasitəsilə “mavi yanacağ”ın Aİ-yə nəqli üçün yeni alternativ marşrutları, həmçinin “yaşıl enerji”nin ixracı üzrə layihələri qiymətləndirib və müəyyənləşdiriblər. Üstəlik, Xəzər dənizindən Avropaya külək enerjisinin nəqli məqsədilə Qara dənizin dibi ilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycanın təşəbbüsü də müzakirə olunub.
“Bütün Avropada hiss edilən enerji böhranı həm bu qış, həm də gələcək nəsillər üçün dayanıqlı və ətraf mühiti nəzərə alan həll yolları tapmaq və lazımi enerjini təmin etmək səylərimizdə bizi daha da birləşdirib”, - deyə N.Siuka bildirib.
Rumıniyanın enerji daşıyıcılarına olan daxili tələbatını ödəmək imkanlarından danışan baş nazir qarşıdan gələn soyuq aylarda ölkəsi üçün problemin yaranmayacağına əminliyini ifadə edib: “Qışda soyuqdan donmayacağıq! Bu ilin soyuq mövsümünü keçirə bilmək üçün bizə lazım olan təbii qazın 90 %-ni daxili resurslar hesabına təmin edə biləcəyik”.
Onun sözlərinə görə, bu, Qara dənizin Rumıniya şelfində təbii qaz hasilatı hesabına mümkün olacaq. Baş nazir burada hasilata 2022-ci ildə start verildiyini qeyd edib.
Xatırladaq ki, bir neçə illik gecikmədən sonra rumıniyalı deputatlar investisiyaların cəlb olunması ümidi ilə bu ilin əvvəlində dənizdə hasilatla bağlı qanunvericiliyə dəyişiklikləri təsdiqləyiblər. Rumıniya hakimiyyəti hesab edir ki, yeni qanun və neft-qaz sahəsinə investisiyaların qoyulmasının təşviqi Qara dənizdə təbii qaz ehtiyatlarının və yaxın illərdə Buzau qraflığının (Rumıniyanın cənub-şərqi) dərin sulu hissəsində ehtiyatların mənimsənilməsi üçün şərait yaradacaq.
“Xəzər dənizindən hasil ediləcək Azərbaycan təbii qazının nəqlini həyata keçirə biləcək Bolqarıstan-Yunanıstan interkonnektorunun (IGB) işə düşməsi Rumıniyanın və bütün regionun enerji təhlükəsizliyini artıracaq”, - deyə Rumıniyanın Baş naziri Nikolay Siuka vurğulayıb.
Şaquli Dəhliz
Konfransda çıxış edən Rumıniyanın energetika naziri Virgil Popesku deyib ki, IGB-nin işə düşməsi Rumıniyaya Şaquli Dəhliz (Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan) vasitəsilə Azərbaycandan təbii qaz idxal etməyə imkan verəcək.
O əlavə edib ki, Azərbaycan təbii qazının tranzitini təmin etmək üçün region ölkələri arasında razılaşmalara ehtiyac var: “Uzun müddətdir ki, Rusiyaya alternativ olan mənbələrdən təbii qaz almağa çalışırıq. Digər ölkələrdən, məsələn, Azərbaycandan, “mavi yanacaq” və ya mayeləşdirilmiş təbii qaz idxal etmək üçün tranzitlə bağlı saziş lazımdır və biz bunun üzərində işləyirik”.
Nazirlərin görüşündə iştirak edən Moldova Baş nazirinin müavini Andrey Spınu ölkəsinin yeni təbii qaz tədarükçülərini, o cümlədən Azərbaycanı cəlb etməkdə maraqlı olduğunu bir daha vurğulayıb: “Uzunmüddətli perspektivdə Azərbaycan, Rumıniya kimi tərəfdaşlarımızla alternativ tədarüklər tapmağa çalışırıq. Amma ilk növbədə, bu qış fəslindən çıxmalıyıq. Moldova kiçik dövlətdir. Buna görə bizim tələbatımız da azdır. Bizim üçün bu, təhlükəsizlikdən daha çox əlçatanlıq məsələsidir”.
A.Spınu qeyd edib ki, ölkədə artıq təbii qaz istehlakı azalıb: “Sentyabrın əvvəlindən təbii qaz istehlakı, təxminən, 20 % azalıb”.
Azərbaycanın energetika naziri isə çıxışında bir daha Bakının Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir Rumıniya ilə bağlı qeyd edib ki, Azərbaycan SOCAR yaxşı işgüzar münasibətlərə və bazar mövqelərinə malik olduğu Rumıniyada biznesini genişləndirmək üçün müxtəlif imkanları nəzərdən keçirir: “SOCAR Rumıniyada sayı 67-ə çatan böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Üstəlik, SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayını artırmaq planları var”.
Bundan əlavə, nazirin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti həmçinin neft-qaz biznesinin digər seqmentlərində, xüsusən də neft emalı sahəsində iştirak imkanları ilə bağlı danışıqlar aparır.
Azərbaycan təbii qazının Rumıniyaya nəqlinə gəlincə, P.Şahbazov rumıniyalı həmkarını əmin edib ki, bunun üçün mümkün olan hər şey edilir, lakin ani qərarlara ümid etmək olmaz: “Biz Rumıniyadan olan nümayəndələrlə danışıqlar aparırıq və əlimizdən gələni etməyə çalışırıq, lakin bunun üçün vaxt lazımdır. Təbii qaz tranziti və nəqli ilə bağlı müəyyən təşkilati meyarlar var. Bizim Rumıniya ilə strateji tərəfdaşlığımız var və biz əlimizdən gələni edirik. Lakin Avropada azı 10 ölkə bizdən təbii qaz almaq istəyir. Odur ki, biz əlimizdən gələni edirik”.
Hədəf tədarükləri ikiqat artırmaqdır
Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycan bu il Aİ-yə təbii qaz tədarükünü düz 40 % artırmağa hazırlaşır: “İki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40 % artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir”.
İndi Azərbaycan qarşıdakı beş ildə təbii qazın Avropa İttifaqı ölkələrinə nəqlini iki dəfə - 20 milyard kubmetrə qədər artırmaq və bununla əlaqədar Cənub Qaz Dəhlizini genişləndirmək niyyətindədir. Energetika nazirinin sözlərinə görə, bu, enerji təhlükəsizliyinin təmin edilməsində növbəti addımdır.
“Hədəfimiz təbii qazın artıq tədarük olunduğu tərəfdaşlarımıza daha çox təbii qaz ixrac etmək, Avropanın cənubundan Balkan yarımadasının qərbinə qədər yeni regionlara tədarükləri genişləndirməkdir”, - deyə azərbaycanlı nazir qeyd edib.
Eyni zamanda Azərbaycan tərəfi təbii qaz ixracını iki dəfə artırmaq üçün zəruri şərtləri yenidən açıqlayıb. Buraya boru kəmərlərinin ötürücülük qabiliyyətinin və hasilatın artırılmasına investisiyaların qoyulması, müqavilələrin imzalanması və texniki tədbirlər görülməsi daxildir. Bir sözlə, Aİ təbii qazın tədarükü ilə bağlı istəyinə uyğun addımlar atmalıdır. Eyni zamanda Azərbaycan başa düşür ki, bununla bağlı tez bir zamanda qərarların verilməsinə ehtiyac olsa da, bir gün ərzində heç nə etmək mümkün deyil.
“Bu, bir anda baş verə bilməz, çünki hökumətlərarası məsləhətləşmələrə ehtiyac var. Üstəlik, müvafiq investisiya qərarları verməliyik. Bizə müqavilələr, istehlak və istehsalla bağlı öhdəliklər lazımdır. Bütün bunlar mümkün qədər tez həyata keçirilməlidir”, - deyə P.Şahbazov qeyd edib.
Bundan başqa, tədarüklərin hansı şərtlərlə həyata keçiriləcəyini müəyyənləşdirməyə ehtiyac duyulur.
“Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda - 2027-ci ildə daxil olacaq”, - deyə Azərbaycanın energetika naziri vurğulayıb.
Beləliklə, mövcud vəziyyət yeni enerji mənbələrinin axtarılıb tapılmasının və bunun Aİ-yə nəqlinin təşkilinin vacibliyini açıq şəkildə göstərir. Buna görə də Azərbaycanın Xəzər dənizinin külək enerjisinin Avropaya ixracı təbii qaz konfransının avropalı iştirakçılarının böyük marağına səbəb olub. Söhbət Gürcüstandan keçərək Qara dənizin dibi ilə kabel vasitəsilə Rumıniyaya külək enerjisinin ixracından gedir. Layihənin həyata keçiriləcəyinə şübhə yoxdur, çünki o, Avropanın qarşısına qoyduğu bütün hədəflərə uyğundur: təmiz enerjiyə keçid, enerji mənbələrinin şaxələndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri.
Bakı əmindir ki, Azərbaycan “yaşıl enerji” sahəsində də Aİ-nin etibarlı tərəfdaşına çevriləcək. Odur ki, belə prioritetlərin həyata keçirilməsi sayəsində Bakı ilə Brüssel arasında enerji əməkdaşlığı yeni səviyyəyə yüksələcək.
Yeni era
Növbəti regional (Avropa) enerji iclası oktyabrın 1-nə planlaşdırılıb. Bunun keçirilməsinə səbəb Yunanıstan-Bolqarıstan interkonnektorunun rəsmi istifadəyə verilməsi mərasimidir. Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql olunan Azərbaycan təbii qazı məhz bu interkonnektor vasitəsilə Bolqarıstana tədarük ediləcək. Əslində, onun işə düşməsi Cənub-Şərqi Avropanın enerji xəritəsində yeni eranın başlaması deməkdir. Uzunluğu 182 kilometr olan IGB kəməri Komotinidən başlayır və Stara Zaqorada Bolqarıstan təbii qaz şəbəkəsinə qoşulur. Birinci mərhələdə IGB vasitəsilə ildə 3 milyard kubmetr təbii qaz nəql ediləcək. Onun ümumi ötürücülük gücü isə 5 milyard kubmetrdir.
Bir sözlə, IGB vasitəsilə “mavi yanacaq” Bolqarıstana nəql ediləcək və oradan digər birləşdirici boru kəmərləri ilə Serbiya, Şimali Makedoniya, Rumıniya, Moldova və Ukraynaya da ixrac oluna bilər. Bolqarıstan IGB hesabına Azərbaycandan aldığı təbii qazın həcmini üçdə iki artıra və enerji baxımından çətin qış fəsli yaxınlaşdıqca öz ehtiyatlarını gücləndirə biləcək.
Yunanıstana gəlincə, bu ölkə Balkan yarımadasında təbii qaz qovşağına çevriləcək, çünki IGB vasitəsilə təkcə Azərbaycanın deyil, həm də mayeləşdirilmiş təbii qazın Cənub-Şərqi Avropa bazarlarına nəqli nəzərdə tutulur. Məsələn, 2023-cü ilin sonunda istifadəyə veriləcək Aleksandrupolisdəki terminaldan mayeləşdirilmiş təbii qazın tədarükü vasitəsilə.
Bu məqamda qeyd edək ki, Balkan ölkələri indiyədək ən çox Rusiya təbii qazı və neftindən asılı olub. Məsələn, Bolqarıstan “mavi yanacağa” olan ehtiyaclarının 90 %-ni məhz Rusiyanın hesabına təmin edirmiş. Doğrudur, o, bu ilin yazından bəri bu ölkədən təbii qaz idxal etmir. Buna səbəb Bolqarıstanın Rusiya təbii qazına görə rublla ödənişdən imtina etməsi olub. Amma IGB-nin işə düşməsi ilə enerji mənzərəsi kəskin şəkildə dəyişəcək. Bu, Rusiyanın təbii qaz inhisarının xeyrinə olmayacaq.
Bu arada, IGB-nin istifadəyə verilməsindən danışan Azərbaycanın energetika naziri vurğulayıb ki, bu layihə 2022-ci ildə Bolqarıstana təbii qaz tədarükünü 600 milyon kubmetrə çatdırmağa və ölkənin daxili tələbatının 19 %-ni ödəməyə imkan verəcək. Gələn ildən isə Bolqarıstana müqavilədə nəzərdə tutulduğu kimi əlavə 1 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək.
Yeri gəlmişkən, Bolqarıstanın energetika naziri Rozen Xristov deyib ki, ölkəsi qarşıdan gələn istilik mövsümü üçün Azərbaycandan əlavə 200-300 milyon kubmetr “mavi yanacaq” almağa ümid edir: “Azərbaycanla azı istilik mövsümü üçün təbii qaz həcmlərinin daha 200-300 milyon kubmetr artırılması barədə danışıqlar aparılır. Azərbaycan tərəfinin bu təklifi müzakirə etməyə hazır olduğunu göstərən əlamətlər var”.
Eyni zamanda R.Xristov Azərbaycan tərəfi ilə danışıqların uğurla başa çatacağına ümidvar olduğunu söyləyib.
Bu bəyanat bolqarıstanlı nazirin Buxarestdə Pərviz Şahbazovla görüşü ərəfəsində verilib. Həqiqətən, danışıqlarda bu məsələ qaldırılıb. Doğrudur, hər hansı razılığın əldə olunması barədə məlumat verilməyib. Bu, danışıqların davam edəcəyini söyləməyə əsas verir. Danışıqların nə qədər uğurlu olduğunu isə istilik mövsümü yaxınlaşan zaman anlamaq mümkün olacaq.
MƏSLƏHƏT GÖR: