Müəllif: Kənan RÖVŞƏNOĞLU
İranda növbəti etiraz dalğası 22 yaşlı kürd əsilli Məhsa Amininin ölümündən sonra başladı. Sentyabrın 13-də qohumlarını ziyarətə gələn M.Amini Tehranda baş örtüyü qaydalarına əməl etmədiyi səbəbi ilə əxlaq polisi tərəfindən həbs edilib. Polis idarəsində vəziyyəti pisləşən gənc qadın xəstəxanaya çatdırılsa da, sentyabrın 16-da dünyasını dəyişib.
Bu hadisə İranın ilk olaraq kürd şəhərlərində, ardınca isə ölkə boyunca etiraz aksiyalarına səbəb olub. Tehran, Məşhəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və Qəzvin şəhərləri daxil olmaqla, ümumilikdə 83 şəhərdə keçirilən aksiyalarda iştirakçılar hakimiyyətin baş örtüyü ilə bağlı sərt tələblərinə qarşı çıxıb, həmçinin M.Amininin ölümünə səbəb olan polisin cəzalandırılmasını tələb edib. Tehran polisi isə ilk günlər qadının polis idarəsində qəfil halının pisləşdiyini göstərən videokadrlar yayıb. Ancaq bir qədər sonra həmin polis bölməsinin rəhbəri işdən azad edilib.
Radikallaşan etirazlar
Bu tədbirlərə baxmayaraq, etirazlar dayanmayıb, əksinə daha da alovlanıb, əksər şəhərlərdə hakimiyyət orqanlarına qarşı hücumlar və toqquşmalara çevrilib. Müşahidəçilərin fikrincə, bu, İranda son 10 ildə baş verən kütləvi etirazların nisbətən ən böyüyü olmasa da, amma ən radikal etirazlar olub. Bundan əlavə, tezliklə nümayişçilərin ritorikasında sosial, siyasi və iqtisadi şüarlar üstünlük təşkil etməyə başlayıb. Bu da ölkədəki sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı narahatlıqdan xəbər verir. Üstəlik, İran elitasında mübarizə amili də meydana çıxıb. Belə ki, etirazların ilk mərhələsində “islahatçı” medianın aksiyalara dəstək verməsi, əslində, mövcud vəziyyətdən siyasi mənfəət götürməyə hazır olan elementlərin mövcudluğunu aydın şəkildə göstərir.
İran etirazçılarının hökumət binalarına, o cümlədən İran İslam Respublikasının ali liderinin ofislərindən birinə, həmçinin polis və təhlükəsizlik qüvvələri əməkdaşlarına qarşı sərt hərəkətləri aksiyaların diqqəti cəlb edən digər xüsusiyyəti olub. Aksiyaçılar polis və digər hüquq mühafizə orqanları əməkdaşlarını tutaraq ölənəcən döyürdülər.
Hökumət rəsmilərinin sözlərinə görə, iğtişaşlar zamanı 60-dan çox təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb, onlarla hökumət binası və ictimai obyekt dağıdılıb.
İran hakimiyyətinin başağrısı - baş örtüyü
İranda İslam inqilabından (1979) bir neçə gün sonra iranlı qadınlar üçün küçədə hicab taxmaq məcburi olub. Bu qərarı inqilabın lideri Ayətullah Ruhullah Xomeyni verib. Doğrudur, həmin vaxt bu qərar ciddi etiraz aksiyalarına, Tehranda 100 mindən çox qadının mitinqlər keçirməsinə səbəb olmuşdu. Lakin İran hakimiyyəti bir addım da geri çəkilmədi. İran rəhbərliyi iranlı qadınların ictimai yerlərdə başlarını örtmələrini təkid edirdi.
Lakin sonrakı illərdə baş örtüyü formal hala gəlib, xüsusi nəzarət olsa da, qadınlar bir qayda olaraq başlarını dini qaydada deyil, daha çox inzibati məcburiyyətin tələbləri əsasında yaylıqla örtüb. Çünki hakimiyyət daxilində də bir çoxları məcburi baş örtüyü qərarını faydasız hesab edib. Xüsusən də “islahatçı” prezidentlərin dövründə baş örtüyü daha çox formal xarakter daşıyıb.
Amma 2000-ci illərin əvvəllərində bu sahədə vəziyyət dəyişdi. SEPAH-a yaxınlığı ilə tanınan və 2005-ci ildə prezident seçilən siyasətçi Mahmud Əhmədinejad ölkənin ali rəhbərliyindən hicab qaydalarını sərtləşdirməyi xahiş edib. Tezliklə İranda ayrıca bir qurum yaradıldı: Şəriət qvardiyası. “Əxlaq polisi” adı ilə tanınan bu qurumun vəzifələrinə, digər işlərlə yanaşı, qadın paltarlarının düzgün geyinilməsinə nəzarət də daxildir. Xüsusilə qurumun əməkdaşları qadınların baş örtüklərinin dini qaydalara uyğun olmasına nəzarət edir. Onlar əsasən İranın böyük şəhərlərinin park və meydanlarında patrul keşiyi çəkirlər.
Ancaq 2013-cü ildə Əhmədinejadı mötədil “islahatçı” Həsən Ruhani əvəz etdikdə İranda hicabla bağlı hakimiyyət orqanlarının sərt yanaşması bir qədər yumşalıb. Baxmayaraq ki, zaman-zaman mühafizəkar siyasətçilər və din xadimləri geyimə nəzarət məsələsini gündəmə gətiriblər. 2021-ci ildə qatı mühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra İranda qadınların geyiminə nəzarətin artırılması məsələsi yenidən gündəmə gəlib. Bu il avqustun 15-də prezident geyim qaydalarına məhdudiyyətlər haqqında yeni fərman imzalayıb.
Bir çox müşahidəçilərin fikrincə, etirazların alovlanması məhz bu fərmanla əlaqədardır. Baxmayaraq ki, son illərdə İranda bir neçə dəfə kütləvi qadın etirazları baş verib.
Lakin etirazlara səbəb bir qadının ölümü və baş örtüyü məsələsi olsa da, sonradan aksiyaların miqyası və şüarları xeyli genişlənib. Aksiyalarda siyasi sistemə, hökumətə qarşı sosial, siyasi şüarlar səsləndirilib.
Bəs Tehran nə deyir?
İran rəsmiləri bildirirlər ki, əvvəlki kimi bu dəfə də etirazların gedişi xaricdən idarə olunur. Sonuncu İran şahının oğlu Rza Pəhləvinin iranlılara müraciət edərək aksiyaları dəstəkləməsi, həmçinin ABŞ dövlət katibinin iranlılara dəstək bəyanatı, İraq kürd muxtariyyəti lideri Məsud Bərzaninin vəfat edən Məhsa Amininin ailəsinə zəng edərək qatillərin cəzalandırılmasını tələb etməsi rəsmi Tehranın arqumentini gücləndirib.
Yeri gəlmişkən, Tehran valisi Mohsen Mənsuri bildirib ki, Tehranda aksiyaları təşkil edənlər “mütəşəkkil, savadlı və planlı olublar”. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə deyib ki, düşmənlər hər zaman olduğu kimi bu hadisədən də istifadə edərək ölkədə xaos və qarışıqlıq yaratmağı planlaşdırır. Eyni zamanda o, hadisənin araşdırılacağı və əxlaq polisinin fəaliyyətində zəruri islahatların aparılacağını əlavə edib.
Prezident İbrahim Rəisi Tehranda xəstəxanada aksiyalar zamanı yaralanmış şəxsləri ziyarət edib. O, həmçinin aksiyalarda ölən polis əməkdaşının ailəsinə telefonla zəng edərək hökumətin etirazları yatırmaq üçün sərt addımlar atacağını vurğulayıb.
Artıq bir çox şəhərlərdə həbslər və toqquşmalar nəticəsində ölənlər var. Müxalif qruplar sentyabrın 25-nə qədər aksiyalarda 55 vətəndaşın öldüyü barədə xəbər yayıb. Lakin bəzi mənbələr ölənlərin sayının daha çox olduğunu iddia edir. Rəsmi mənbələr 35 nəfərin öldüyünü, yüzlərlə insanın saxlandığını bildirir.
Ümumilikdə deyə bilərik ki, etirazların onuncu günü xalqın hiddətinin ən yüksək nöqtəsi idi. Cümə günü, sentyabrın 23-də İran hakimiyyəti ölkənin bütün böyük şəhərlərində yürüşlər təşkil edib. Xüsusilə kütləvi aksiyalar Tehran, Təbriz və İranın digər böyük şəhərlərində qeydə alınıb. Belə ki, hakimiyyət öz tərəfdarlarını etirazlara qarşı səfərbər etməyə və hakimiyyətin hələ də güclü olduğunu göstərməyə çalışır.
Hicab aksiyasından kürd üsyanına qədər
Dünyasını dəyişən Məhsa Amininin etnik kürd olması səbəbindən budəfəki aksiyalar ilkin olaraq kürdlərin daha çox yaşadığı şəhərlərdə başlayıb. İranın Kürdüstan, Kirmanşah, İlam və Qərbi Azərbaycan vilayətlərində etirazlar daha kütləvi və mütəşəkkil olmaqla yanaşı, hakimiyyət orqanlarına daha sərt müqavimət bu ərazilərdə qeydə alınıb.
İranın dini liderinə qarşı sərt şüarlar, plakatların yandırılması, hətta siyasi partiyaların etirazçılara çağırışları ölkənin bir çox şəhərlərində mağazaların bağlanması kimi kütləvi etirazlara səbəb olub.
Hökumət orqanları ölkənin kürd bölgələrində yüzlərlə silah və partlayıcı qurğunun ələ keçirildiyini açıqlayıb. Yerli təhlükəsizlik orqanları xaricdən İrana silah ötürülməsi və iğtişaşların planlı xarakter daşıması ilə bağlı bəyanatlar yayıb.
Daha sonra, sentyabrın 26-da İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) İranın İraqla sərhədində Kürd muxtariyyətində yerləşən kürd partiyalarının qərargahını atəşə tutması xəbəri yayılıb.
“SEPAH”ın yaydığı açıqlamada “İran əleyhinə olan terrorçuların qərargalarının hədəfə alındığı” vurğulanıb. Bu xəbərlərlə paralel olaraq İranın Türkiyə və İraqla həmsərhəd olan, əsasən kürdlərin yaşadığı Uşnu, habelə Urmiya şəhərinin etirazçıların nəzarətinə keçməsi barədə xəbərlərin ardınca Uşnu ətrafı ərazilərin İran ordusu tərəfindən artilleriya atəşinə tutulduğu haqqında açıqlama yayılıb.
İran mediası “SEPAH”ın İrana qarşı fəaliyyət göstərən Kürdüstan Demokrat Partiyası və “Komala” Partiyasının silahlıları vasitəsi ilə ölkəyə böyük miqdarda silah və sursatın keçirilməsinə cavab olaraq hərbi əməliyyatın başladığını bildirib. Eyni zamanda bəyanatda kürd muxtariyyəti rəhbərliyi təhdid edilərək sərhədə nəzarət etməsi tələb olunub.
İranın Kürdüstan vilayətinin polis rəisi isə üsyanların və sui-qəsdləri planlaşdırıldığı gizli evin aşkar edildiyi, evdə olan partlayıcı və silahların ələ keçirildiyi haqqında açıqlama verib. Ümumilikdə rəsmi mənbələr Kürdüstan əyalətində baş verən toqquşmalarda 100-dən çox polis və təhlükəsizlik xidməti əməkdaşının xəsarət aldığını açıqlayıb.
Beləliklə, bu xəbərlər göstərir ki, İran hakimiyyəti hadisələrin daha çox xaricdən idarə olunduğu və kürd qrupların mərkəzi hakimiyyətə qarşı iğtişaşa hazırlaması ehtimalı daha çox qabardılacaq. Bu isə yaxın dövrdə kürd rayonlarında təhlükəsizlik tədbirlərinin daha da sərtləşəcəyi, kürd silahlı qruplarına qarşı əməliyyatların keçiriləcəyini deməyə əsas verir. Bununla da, Tehran son illərdə ciddiləşən kürd amilini sıradan çıxarmaq, etiraz potensialını zərərsizləşdirməyə çalışacaq.
Məlum olduğu kimi, son illərdə kürd qrupları Tehran üçün ciddi təhdidə çevrilib. İraq və Türkiyə ərazisindən İrana qaçaqmalçılıq yollarından istifadə edən kürdlər silahlı olmaqla yanaşı, hakimiyyət orqanlarına tabe olmur. Üstəlik, onların İraq və Türkiyədəki silahlı siyasi təşkilatlarla yaxın bağları var. Bu mənada İran hakimiyyəti son etirazları “kürd üsyanı” kimi təqdim etməklə, həm etirazları yatırmaq, həm də mümkün “kürd riskini” minimuma endirmək üçün istifadə etməyə çalışacaq.
MƏSLƏHƏT GÖR: