25 Noyabr 2024

Bazar ertəsi, 03:50

DƏNİZ QOVŞAĞI

Xəzər regionu ölkələri qarşılıqlı ticarətin artımı üçün addımları əlaqələndirəcək

Müəllif:

15.10.2022

Son illər geosiyasi arenada baş verən hadisələr “qlobalist” yanaşmanın ayrı-ayrı ölkələrin iqtisadi inkişafı üçün səmərəsiz olduğunu göstərib. Doğrudur, xarici bazarlarla əməkdaşlıq, istehsal zəncirinin şaxələndirilməsi yaxşı haldır. Amma bir şərtlə: dünyada sülh olmalıdır.

Təbii ki, istənilən halda təcrid olunmuş şəkildə inkişaf etmək doğru yol deyil. Heç bir ölkə ehtiyaclarının hamısını öz resursları hesabına ödəyə bilməz. Buna görə də son illərin əsas tendensiyası xarici ticarət əlaqələrinin formalaşdırılması ilə bağlı regional yanaşmanın tətbiqidir. Bu yanaşmanın məqsədəuyğunluğu üç illik “pandemiya” fasiləsindən sonra Moskvada keçirilən II Xəzər İqtisadi Forumunda nümayiş etdirilib.

 

Həm su, həm də quru yolu ilə

Xəzər İqtisadi Forumunun yaradılması təşəbbüsü 2018-ci ildə “Xəzər beşliyi” liderlərinin Xəzərin hüquqi statusuna dair tarixi Konvensiyanın imzalaması ilə bağlı irəli sürüb. Postpandemiya dövründə bu forum Xəzər regionu ölkələri arasında ticari-iqtisadi, nəqliyyat-logistika, ekologiya, enerji, turizm, şəhər infrastrukturu və sosial-humanitar sahələrdə

əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün ən böyük platformaya çevrilib.

Amma yenə də bugünkü geosiyasi gündəm fonunda ən aktual mövzu beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafıdır. Bu, təkcə iqtisadi cəhətdən sərfəli istiqamət deyil, həm də zəruri məsələdir.

“İstər “Şərq-Qərb” (Azərbaycanın “gözü” ilə baxanda), istərsə də “Şimal-Cənub”, “Şimal-Qərb” marşrutlarında yerləşən bir ölkə olaraq anlayırıq ki, bunlar bizim iqtisadi subyektlərimiz üçün rəqabət aparan deyil, bir-birini tamamlayan marşrutlardır. Belə ki, sənaye kooperasiyalarının, ticarət əlaqələrinin formalaşdırılmış zəncirləri olduğundan, bu marşrutlar müxtəlif istiqamətlərə ayrılırlar”, - deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov II Xəzər İqtisadi Forumu çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Azərbaycanın Baş naziri Əli Əsədov isə çıxışında bildirib ki, bu mənada Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərinin azad edilməsindən sonra formalaşan yeni reallıqlar regionda nəqliyyat marşrutlarının imkanlarını genişləndirməyə imkan verir.

M.Cabbarovun qeyd etdiyi kimi, burada əsas halqaya coğrafi baxımdan ən yaxın, ən qısa marşrut olacaq Zəngəzur dəhlizi çevriləcək. Bu dəhliz Qara dənizə çıxışı təmin edən ənənəvi marşrutları tamamlayacaq. Məsələn, Rusiya ilə İranı birləşdirən “Şimal-Cənub” marşrutunu.

Ə.Əsədov vurğulayıb ki, hazırda regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üzrə fəal işlər aparılır və bu mənada Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Odur ki, regiondakı nəqliyyat marşrutlarının açılması prosesini bilərəkdən ləngitməyin tranzit layihələrində iştirak edən bütün ölkələrin iqtisadiyyatına nə qədər ziyan vurduğunu yalnız güman etmək olar.

Bu marşrutların dənizdən keçən hissəsi ilə bağlı müəyyən problemlər var: xüsusən də hazırda dünyanın ən böyük gölü olan Xəzərin suyunun azalması təkcə ekoloji baxımdan narahatedici təhlükə yaratmır, həm də gəmi ilə daşımalar üçün maneə törədir. Bununla əlaqədar, Əli Əsədov Xəzəryanı ölkələrin nümayəndə heyətlərinin diqqətini dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə yönəldib.

Baş nazirinin sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Xəzər regionunun əhəmiyyətinin artması həm də dəniz limanlarının rolunun optimallaşdırılmasını nəzərdə tutur: “Bununla əlaqədar olaraq, Bakı limanının yükburaxma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər aparılır”.  

Müvəqqəti maneələrə baxmayaraq, “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri uğurla inkişaf edir, Azərbaycan ərazisindən yükdaşımalarda ildən-ilə artım müşahidə olunur. Belə ki, cari ilin 8 ayı ərzində “Şərq-Qərb” dəhlizi ilə ölkəmiz vasitəsilə tranzit yükdaşımalar 20 %, “Şimal-Cənub” marşrutu üzrə isə 33 % artıb.

Bu arada, Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, “Şimal-Cənub” dəhlizi üçün proqnozlaşdırılan yük bazasının qiymətləndirilməsi 2030-cu ilə qədər ikiqat artım potensialını göstərib, keçmişdə bu dəhliz üzrə daşımaların həcmi 14 milyon tona yaxın olub: “Bunu nəzərə alaraq, dəmir yolu şəbəkəsində və keçid məntəqələrində məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Üstəlik, logistik xidmətlərin işə salınmasına şərait yaratmağa ehtiyac var”.

Qazaxıstanın Baş naziri Alixan Smailov isə məlumat verib ki, “Xəzər beşliyi” ölkələri regionun tranzit potensialının genişləndirilməsi üçün “yol xəritəsi” hazırlayacaq.

 

Trendi dəstəkləmək

Nəqliyyat dəhlizlərinin inkişafı təkcə yüklərin daşınması və dövlət büdcələrinə tranzit ödənişlərinin daxil olmasından ibarət deyil. İlk növbədə, bu, regiondaxili ticarət dövriyyəsinin artmasıdır. İndiyədək bu, müsbət trenddir. 2022-ci ilin 8 ayı ərzində Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi 45 %-dən çox artıb. 2021-ci ildə bu göstərici 12,7 % təşkil edib.

Eyni zamanda qonşu ölkələr bu göstəricilərin artmasına çalışır. Onlar bu hədəfə regionda xüsusi iqtisadi zonalar assosiasiyasının yaradılması yolu ilə çatmağa səy göstərir. Məsələn, belə bir təşəbbüslə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov “Xəzər beşliyi” ölkələrinin nümayəndələri ilə görüşü zamanı çıxış edib.

Onun sözlərinə görə, assosiasiyanın yaradılması Xəzər regionunda sənaye kooperasiyasının inkişafı, məhsul və xidmətlərin əlavə dəyərinin artırılması baxımından Xəzər xüsusi iqtisadi zonalarının səylərini əlaqələndirməyə imkan verəcək: “İndi bütün Xəzər hövzəsindəki xüsusi iqtisadi zonalar əsasən bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərir. Bu da istehsal olunan hazır və aralıq məhsulların və xidmətlərin təkrarlanmasına səbəb ola bilər”.

Bəs xüsusi iqtisadi zonalar arasında qarşılıqlı əlaqə nə deməkdir və buna necə töhfə vermək olar? Məsələn, bu, xüsusi iqtisadi zonalar çərçivəsində verilən dəstək və ya güzəştlərə dair optimal şərtlərlə bağlı ola bilər. M.Reşetnikovun fikrincə, assosiasiya xüsusi iqtisadi zonaların inkişaf prosesində üzləşdiyi maneələrin aradan qaldırılmasında təcrübə mübadiləsi platformasına çevrilə bilər: “Təklif olunan struktur “Xəzər beşliyi”nin istənilən ölkəsindən olan maraqlı şirkətlər üçün bütün regionun xüsusi iqtisadi zonalarında rezident statusu almaq prosesini sadələşdirəcək və sürətləndirəcək”.

Bundan başqa, Rusiya tərəfi, həmçinin Xəzəryanı ölkələrin investisiya standartlarının uyğunlaşdırılmasını, regionda yerləşən 5 dövlətin ərazisində dövlət orqanlarının və biznesin qarşılıqlı fəaliyyəti üçün ümumi qaydaların formalaşdırılmasını təklif edir.

“Xəzər regionunda oxşar və başadüşülən investisiya mühitinin yaradılması Xəzər hövzəsində kapitalın maneəsiz hərəkətini təmin edəcək. Üstəlik, bu, layihələrin həyata keçirilməsi zamanı investorların hüquqlarına və qanuni maraqlarına riayət olunması ilə bağlı təminatların səviyyəsini yüksəldəcək”, - deyə rusiyalı nazir vurğulayıb.

Bu arada, İranın birinci vitse-prezidenti Məhəmməd Mohber Xəzər İqtisadi Forumunda ümumi iqtisadi zonanın yaradılması təklifi ilə çıxış edib: “İran qonşu ölkələrlə, xüsusən də Xəzəryanı dövlətlərlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır... Söhbət Xəzəryanı dövlətlərin və buradakı özəl şirkətlərin böyük potensialından istifadə etməkdən gedir... Bu məqsədlə Xəzər regionunda ümumi iqtisadi zonanın, həmçinin “yaşıl gömrük” dəhlizinin yaradılmasını təklif edirik”.

O, həmçinin Xəzəryanı ölkələr arasında monetar-bank və maliyyə inkişafı çərçivəsində xüsusi direktivin formalaşdırılması və həyata keçirilməsini təklif edib.

Nəqliyyat marşrutlarının açılmasında və ekoloji məsələlərin həllində istənilən nəticə əldə olunarsa, digər biznes növünün - turizmin regional sərhədlər daxilində asanlıqla inkişafı mümkündür. Belə ki, artıq uzun illərdir ki, Rusiya Xəzər dənizində kruiz gəmiçiliyinə başlamaq niyyətindədir. Lakin bu ideya həyata keçirilməyib. Mövcud vəziyyət bu planın həyata keçirilməsinin sürətləndirilməsinə kömək edir. Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) rəhbəri Zarina Doquzovanın sözlərinə görə, Xəzər dənizində ilk beynəlxalq kruiz 2024-cü ildə baş tuta bilər.

Lakin ən çox sərfəli layihələr enerji resurslarının hasilatı ilə bağlıdır: yataqların birgə istifadəsinə dair qarşılıqlı faydalı sazişlər kimi müsbət təcrübələr mövcuddur. Xüsusilə Azərbaycan və Türkmənistan arasında “Dostluq” layihəsi çərçivəsində əməkdaşlığı nümunə göstərmək olar.

Odur ki, dünya bazarlarında yanacağa olan tələbatın inanılmaz dərəcədə artdığını nəzərə alsaq, bu təcrübədən digər perspektivli yataqlarda da istifadə oluna bilər.

Bir sözlə, regional iqtisadi əlaqələrin statistik göstəricilərinin istənilən səviyyəyə çatdırılması üçün müzakirə ediləcək çox sayda mövzu var. II Xəzər İqtisadi Forumunun yekununda qəbul edilmiş kommünikedə qeyd edildiyi kimi, bütün bunlar qlobal iqtisadi sarsıntıların mənfi nəticələrini birgə kompensasiya etməyə imkan yaradacaq.



MƏSLƏHƏT GÖR:

129