Müəllif: Ağasəf NƏCƏFOV
Təxminən 10 ildir ki, Azərbaycan özünün kosmik sənayesini uğurla inkişaf etdirir. Ölkə iki rabitə peykini – “AzerSpace” və “Azersky” aşağı orbitli optik aparatı orbitə çıxarıb. Kosmik operator “Azərkosmos” ASC-nin gəlirlərinin 5/6-dan çoxu isə xarici bazarlarda formalaşır. Bu gün “Azərkosmos” beynəlxalq əməkdaşlığı genişləndirmək, yeni texnologiyaların tətbiqi və ölkədə regional kosmik qovşağın yaradılması üçün səy göstərir. Azərbaycanda başa çatan Ümumdünya Kosmos Həftəsində isə kosmik sənayenin inkişaf perspektivləri və bu sahədə yeni tendensiyalar təqdim olunub.
Əsas hədəf dayanıqlılıqdır
Ümumdünya Kosmos Həftəsi dünyada bu sahədə hər il təşkil olunan ən böyük tədbirdir. Bu tədbir kosmik sahənin tədqiqinə həsr olunub. Onun məqsədi kosmik proqrama ictimai dəstəyi nümayiş etdirmək, kosmik fəaliyyət sahəsində maarifləndirmə ilə bağlı məsələləri həll etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişafına kömək etməkdir. Bu işin əhəmiyyətini və uzunmüddətli perspektivini qiymətləndirmək üçün BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərini təşkil edən 169 hədəfdən 65-nin bilavasitə rabitə, müşahidə peykləri və bununla əlaqəli olan texnologiyalardan istifadə edilərək həyata keçirildiyini xatırlatmaq kifayətdir.
Qeyd edək ki, hər il İdarə Heyəti Assosiasiyası Birləşmiş Millətlər Təşkilatının Kosmos Məsələləri üzrə İdarəsi ilə sıx əməkdaşlıq edərək Ümumdünya Kosmos Həftəsi üçün mövzu seçir. 2022-ci ilin mövzusu isə “Kosmos və Dayanıqlılıq” idi. Bu tədbir kosmik texnologiyanın tətbiqi yolu ilə kosmosda və Yer kürəsində dayanıqlılığa nail olmağa yönəlib. Məhz bunun sayəsində Yer ətrafında orbital zonadan istifadə etməyə imkan yaranıb.
Xatırladaq ki, Azərbaycan 2015-ci ildə BMT-nin təşəbbüsünə qoşulub və o vaxtdan bəri biz də Ümumdünya Kosmos Həftəsini qeyd edirik. Ölkəmizdə keçirilən tədbirin təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən Kosmik Agentlik - “Azərkosmos” ASC idi. Bir həftə ərzində qurumun dəstəyi ilə silsilə tədbirlər keçirilib. Üstəlik, universitet tələbələri üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı üçün məsafədən müşahidə peyklərindən istifadənin roluna həsr olunan mövzu daxil olmaqla, müxtəlif profilli mövzularda məlumat sessiyaları təşkil olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin son illərdə kosmik texnologiyaların və tədqiqatların populyarlaşdırılması sahəsində göstərdiyi səylər 2023-cü ildə Bakıda ilk dəfə keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq dövründə xüsusi əhəmiyyət kəsb edir.
Demək olar ki, lider
Fransa Qvianasındakı Kuru kosmik mərkəzindən Azərbaycanın ilk rabitə peyki “Azerspace-1”in orbitə buraxılmasından 9,5 il ötür. Bu dövrdə daha bir rabitə peyki – “Azersky” aşağı orbitli optik aparatı orbitə buraxılıb. Üstəlik, Naxçıvan Muxtar Respublikasında Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi istifadəyə verilib.
Bu gün “Azərkosmos”u ən çox ixracyönümlü dövlət qurumu kimi qəbul etmək olar. Onun gəlirlərinin təxminən 90%-i xarici bazarda göstərdiyi xidmətin payına düşür. Milli operatorun xidmətlərinin əsas idxalçı ölkələri Böyük Britaniya, Fransa, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Malayziyadır. Eyni zamanda “Azərkosmos” MDB ölkələrinin, Şərqi Avropanın, Çinin, Yaxın Şərqin, Afrikanın, yəni ümumilikdə 45 dövlətin bazarlarını fəal şəkildə mənimsəyir.
Hazırda Azərbaycan peyklərinin xidmətlərindən 160-a yaxın televiziya və radio kanalı, internet provayderləri və digər strukturlar (ümumilikdə 200-ə yaxın müştəri) istifadə edir. İstifadəçilərin ümumi auditoriyası isə 20 milyon nəfəri keçir. Azərbaycanın müxtəlif təyinatlı gəmilərin, qazma platformalarının, ayrı-ayrı yataqların rabitə və internetlə təmin etmək baxımından “Azərkosmos”un kosmik rabitə xidmətlərinin alternativi yoxdur. Son onillikdə kosmik sənayenin inkişaf tempinə və onun əhatə dairəsinə görə Azərbaycan, şübhəsiz ki, postsovet məkanında Rusiyadan sonra lider mövqe tutur.
Bu arada, 2020-ci ilin pandemiya böhranı zamanı iqtisadiyyatın kosmik seqmenti kifayət qədər dinamik inkişaf edib və bundan dörd il əvvəl müşahidə olunan çətin dövrü inamla keçib. Məhz o zaman dünyada internetə və digər telekommunikasiya xidmətlərinə ehtiyac dəfələrlə artmışdı. Azərbaycanın kosmik operatoru isə bu tələbatdan bəhrələnənlərdən birinə çevrilib. Belə ki, 2021-ci ildə “Azərkosmos” ASC-nin peyklərin kommersiya istismarından əldə etdiyi gəlir əvvəlki ilin göstəricilərini bir qədər üstələyərək düz 45,3 milyon dollar təşkil edib. Təəssüf ki, 2022-ci ilin yanvar-avqust ayları o qədər də uğurlu dövr olmayıb: operatorun gəliri 44,2 % azalıb. Lakin bu müvəqqəti çətinliklər obyektiv xarakter daşıyır. Bu, dünyanın bir sıra ölkələrində kosmik xidmətlərə tələbatın bir qədər azalması ilə bağlıdır.
Amma zamanla peyk operatorunun gəliri yenidən artmağa başlayacaq. Bu məqsədlə “Azərkosmos” yeni layihələr həyata keçirir. Bu zaman yerli və qlobal təşəbbüsləri dəstəkləmək üçün qabaqcıl peyk həlləri təqdim etməyə və yeni xidmətlərin inkişafına diqqət yetirilib. Xüsusən ilin əvvəlində Belçikanın “SatADSL” şirkəti ilə bağlanmış müqavilələri qeyd edə bilərik. Bu şirkətə “Azerspace-1” vasitəsilə peyk internet xidmətləri göstəriləcək.
Bundan başqa, “Azərkosmos” ilə İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən, İtaliya şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan 3,7 metrlik S/X diapazonlu anten sisteminə çıxış əldə edəcək. Beləliklə, “Leaf Space” şirkəti kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarətin saxlanılması və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər kimi xidmətlərdən istifadə edəcək.
Gələcək naminə
Azərbaycan Kosmik Agentliyi xidmətlər üçün nisbətən yeni bazarlar mənimsəmək niyyətindədir: yaxın gələcəkdə yerüstü stansiyada optik şəbəkənin formalaşdırılması və lazer rabitəsinin inkişafı planlaşdırılır. Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) antenlərinin Güzdək kəndindəki Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi üzrə işlər davam etdirilir. Bu da digər məsələlərlə yanaşı, yerli aviasiya, naviqasiya, nəqliyyat rabitəsi, kənd təsərrüfatı, kartoqrafiya və naviqasiyanın inkişafına müsbət təsir göstərəcək.
Bu məqamda qeyd edək ki, bu ilin sentyabrın ikinci dekadasında “Azərkosmos”la ABŞ-ın “Voyager Space” şirkəti arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd
yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə tərəfdaşlara təcrübə və bilik mübadiləsinə imkan yaradacaq. Beləliklə, bu müqavilələr Azərbaycanda innovativ kosmik regional qovşağın yaradılmasına töhfə verir.
“Azərkosmos”un Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin kosmik strukturları ilə əməkdaşlığı da perspektivli istiqamətlərdən biridir. Sentyabrda Azərbaycan Kosmik Agentliyi ilə Türkiyə Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən, ölkələr Yerin məsafədən müşahidəsini və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığı gücləndirmək, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarını genişləndirmək, həmçinin beynəlxalq kosmik layihələrdə birgə iştirak etmək niyyətindədir.
Ümumiyyətlə, türkdilli dövlətlərin müvafiq qurumları ilə kosmik sənaye sahəsində əməkdaşlıq uzunmüddətli hədəf sənəd - “Türk dünyasının baxışı-2040” çərçivəsində həyata keçirilir. Mərkəzi Asiya ölkələrində milli kosmik strukturların gələcək konvergensiyası istiqamətində artıq müəyyən irəliləyişlər var. Məsələn, bu, mayın 10-12-də Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”nda (STC 2022) müşahidə olunub.
Bu konfrans çərçivəsində “Azərkosmos” və Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu da son deyil. “STC 2022” konfransı çərçivəsində “Azərkosmos” ilə “Uzbekkosmos” agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədlə Bakı və Daşkənd arasında kosmik texnologiyalar və monitorinqlə əlaqədar layihələrin reallaşdırılması, kadrların hazırlanması, təkrar hazırlığı və ixtisas artırılması, kosmik monitorinqin tətbiqi və tənzimlənməsi üzrə təcrübə mübadiləsi kimi fəaliyyətlər nəzərdə tutulur. Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və iki müşahidəçi - Macarıstan və Türkmənistan) arasında kosmik klaster çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
MƏSLƏHƏT GÖR: