Müəllif: Nigar ABBASOVA
Əgər ilin sonuna oktyabrda yekun vurmalı olsaydıq, 2022-ci ili əminliklə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təbii qaz əməkdaşlığı ili adlandırmaq olardı.
Bu ilin cəmi 9 ayında bu sahədə sözün həqiqi mənasında taleyüklü hadisələr baş verib. Buraya iyulda Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və oktyabrın 1-də Sofiyada bir sıra dünya liderlərinin iştirakı ilə keçirilən açılış mərasimində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) kommersiya fəaliyyətinə başlaması daxildir.
Yeri gəlmişkən, IGB Cənub-Şərqi Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Üstəlik, bu kəmər regiona “mavi yanacaq” ixrac edən tədarükçülərin sayının artırılmasına imkan yaradır.
Xatırladaq ki, bu yaz Rusiya Bolqarıstana təbii qaz nəqlini dayandırıb. Buna səbəb Sofiyanın “mavi yanacağ”ın haqqının rublla ödənilməsi ilə bağlı Moskvanın tələblərini rədd etməsi olub. Hazırda Bolqarıstan hakimiyyəti əmindir ki, IGB-nin işə salınması sayəsində onun qarşıdan gələn qış mövsümü üçün təbii qaz problemi artıq həll olunub. Bu məqamda qeyd edək ki, IGB Bolqarıstanda Rusiyanın enerji resursuna bağlı olmayan ilk təbii qaz kəməridir.
SOCAR: Hədəf – Bolqarıstan
Yeni interkonnektor Bolqarıstanın Cənub Qaz Dəhlizinə birbaşa çıxışını və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql edilən Azərbaycan təbii qazının tədarükünü təmin edir. Bundan başqa, yaxın gələcəkdə bu ölkə Yunanıstanın Aleksandrupolis şəhəri yaxınlığındakı terminaldan sıxılmış maye qazı da məhz IGB vasitəsilə qəbul edəcək.
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev IGB-ni böyük tarixi nailiyyət adlandırıb və əmin edib ki, Bakı təbii qaz hasilatını artırmaq və tərəfdaşlarını təbii qazla təmin etmək üçün əlindən gələni edir.
IGB-nin açılış mərasimindən bir gün əvvəl isə Azərbaycan və Bolqarıstan liderləri danışıqlar aparıb. İlham Əliyev və Rumen Radev sentyabrın 30-da görüşərək təbii qaz təchizatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
“Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir”, - deyə İ.Əliyev bolqarıstanlı həmkarı ilə mətbuata çıxış edərkən bildirib.
Eyni zamanda Azərbaycan dövlət başçısı Bolqarıstanla enerji sahəsində əməkdaşlığın yalnız birinci mərhələdə olduğunu və bu əməkdaşlığın böyük gələcəyinin olduğunu bildirib.
Üstəlik, İ.Əliyev bəyan edib ki, R.Radevlə təbii qaz tədarükü ilə yanaşı, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olunub: “Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”.
Yeni təkliflər
Digər məsələlərə gəlincə, yeni geosiyasi vəziyyət nəzərə alınaraq, Azərbaycan və Bolqarıstan liderləri nəqliyyat sektorunda əməkdaşlığı da müzakirə ediblər. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və koronavirus pandemiyası şəraitində nəqliyyat təbii qaz sektorundan sonra qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük maraq doğuran ikinci mühüm sahəyə çevrilib.
Ölkənin coğrafi mövqeyi və Azərbaycanda yaradılmış geniş dəmir yolu və avtomobil yolları şəbəkəsi, müasir dəniz limanı infrastrukturu nəzərə alınsa, Azərbaycan hakimiyyətinin ölkə ərazisindən yük axınını genişləndirməsi tamamilə təbiidir.
“Bütün bu infrastruktur obyektləri bir məqsəd güdür - Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq”, - deyə Azərbaycan dövlət başçısı əmindir.
Bakı həmçinin Sofiya ilə iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. Eyni zamanda Bolqarıstan şirkətləri İ.Əliyevdən Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı işlər görmək üçün dəvət alıblar.
Bolqarıstan lideri Azərbaycan təbii qazının tədarükü ilə bağlı keçirilən görüş ərəfəsində avropalı həmkarlarından aldığı təklifi İ.Əliyevlə bölüşüb: “Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər.
Avropalıların təklifinin mahiyyəti 2027-ci ildən qabaq Azərbaycan təbii qazını bu dörd ölkədə mövcud olan infrastruktur vasitəsilə başqa ölkələrə nəql etməkdir. Bu plana əsasən, yalnız bundan sonra Aİ genişləndirilmiş Cənub Qaz Dəhlizinin imkanları vasitəsilə ikiqat həcmdə Azərbaycan “mavi yanacağ”ı əldə etməlidir.
“Beləliklə də, qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər”, - Radev vurğulayıb.
Üstəlik, Bolqarıstan hakimiyyəti əmindir ki, bir ay ərzində layihəni irəli aparmaq və icrasına başlamaq üçün yüksək səviyyəli görüş təşkil oluna bilər.
Bolqarıstan Prezidenti Azərbaycanla qaz sahəsində əməkdaşlıq imkanlarına toxunaraq bildirib ki, İ.Əliyevlə danışıqlarda müxtəlif ideyalar müzakirə olunub. Onun sözlərinə görə, buraya əlavə həcmdə Azərbaycan qazının “Bulgargas” vasitəsilə deyil, birbaşa Bolqarıstan müəssisələrinə tədarükü daxildir. Söhbət təbii qazın sement, şüşə istehsalında və digər emal sənayesində istifadə olunduğu müəssisələrdən gedir.
Coğrafiya genişlənir
Yunanıstanı Bolqarıstanla birləşdirən təbii qaz kəmərinin tikintisi ilk dəfə 2009-cu ildə müzakirə olunub. Həmin ilin yanvarında Rusiya əvvəlcədən xəbərdarlıq etmədən Ukrayna ərazisindən təbii qaz nəqlini iki həftəlik dayandırmışdı. Həmin il layihənin həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalanıb, 2011-ci ildə isə IGB – Bolqarıstan-Yunanıstan şirkəti təsis edilib.
182 kilometr uzunluğunda olan IGB Yunanıstanın şimal-şərqindəki Komotini şəhərində TAP kəməri ilə birləşərək Bolqarıstanın mərkəzindəki Stara Zaqora şəhərinə qədər uzanır. Təbii qaz kəməri Aİ-nin maliyyə vəsaiti hesabına tikilib. Onun maliyyələşdirilməsinə 240 milyon avrodan çox vəsait ayrılıb. 110 milyon avronu Avropa İnvestisiya Bankı kredit şəklində ayırıb.
İlkin mərhələdə IGB-nin illik gücü 3 milyard kubmetr olacaq, lakin gələcəkdə onu illik 5 milyard kubmetrə qədər artırmaq olar. Bu layihənin həyata keçirilməsi ilə Bolqarıstan hər il Azərbaycandan müqavilədə nəzərdə tutulduğu kimi 1 milyard kubmetr təbii qaz ala və bununla da, öz daxili tələbatını 25-30 % ödəyə biləcək.
“IGB Bolqarıstan üçün təbii qaz nəqlinin şaxələndirilməsini təmin edəcək. Yunanıstanın Aleksandrupolis şəhərində mayeləşdirilmiş qazın ötürülməsi üçün terminal (2023-cü ilin sonunda – “R+”) fəaliyyətə başlayanda onun üstünlükləri daha aydın görünəcək”, - Bolqarıstanın müvəqqəti hökumətinin rəhbəri Qılıb Donev bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə deyib ki, Bolqarıstan və Cənub-Şərqi Avropa üçün interkonnektorun işə salınması ilə yeni mərhələ açılır: “Bu layihə Rusiyadan enerji idxalından asılılığın aradan qaldırılması istiqamətində mühüm addımdır. IGB Bolqarıstan üçün oyun qaydalarını, Avropanın enerji təhlükəsizliyi ətrafında vəziyyəti kökündən dəyişir. Bu layihə Rusiya təbii qazından asılılıqdan azad olmaq deməkdir. Bolqarıstanda və bütün Avropada insanlar Rusiya-Ukrayna müharibəsinin təsirini hiss edirlər. Amma belə layihələr sayəsində Avropa qış mövsümündə kifayət qədər təbii qaza sahib olacaq”.
Q.Donev IGB-nin əhəmiyyətindən danışaraq bildirib ki, yeni qaz kəməri ehtiyacları ödəmək və Bolqarıstana təbii qazın mənbələrinin və tədarükünün şaxələndirilməsini təmin etmək üçün kifayət qədər gücə malikdir: “Bundan əlavə, interkonnektor təbii qazın Rumıniya, Moldova, Ukrayna və Mərkəzi Avropaya nəqlini təmin edəcək”.
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev IGB-nin açılış mərasimində məlumat verib ki, bu vaxta qədər Cənub Qaz Dəhlizi ilə qaz ixracı üçün yeganə mənbə “Şahdəniz” yatağı olub: “Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcək”.
Proqnozlara əsasən, Azərbaycan 2022-ci ildə Avropaya 11,5 milyard kubmetr qaz ixrac etmək niyyətindədir, “mavi yanacağ”ın ümumi ixracının isə 22 milyard kubmetrə qədər artacağı gözlənilir.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşları ilə artıq məsləhətləşmələrə başlayıb: “Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq”.
Serbiya Prezidenti Aleksandar Vuçiç çıxışında qeyd edib ki, IGB qaz kəməri Serbiya üçün də böyük əhəmiyyət kəsb edir: “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.
O, həmçinin 2023-cü ilin payızında Azərbaycandan Bolqarıstan vasitəsilə Serbiyaya qaz nəqli üçün yeni interkonnektorun istifadəyə veriləcəyini açıqlayıb: “Bu interkonnektorun tikintisi bir il ərzində tamamlanacaq. Ümid edirəm ki, 2023-cü ildə ilin bu ayında ölkəmizdə belə böyük bir mərasim keçirə biləcəyik. Bu, bizim üçün niyə bu qədər vacibdir? Təkcə təbii qazın həcmi deyil, həm də qiyməti mühüm əhəmiyyət kəsb edir. Bu, vacib amillərdən biridir”.
Gələcəkdə Aİ-nin dəstəyi ilə Serbiya və Şimali Makedoniya arasında da birləşdirici qaz kəmərinin çəkilməsi planlaşdırılır. İndi Rusiya Serbiyaya təbii qazın yeganə tədarükçüsüdür. Serbiya hakimiyyəti 2023-cü ildə Bolqarıstan vasitəsilə Azərbaycandan ildə 1,4 milyard kubmetr qaz almaq niyyətindədir. Xatırladaq ki, Serbiya ərazisində 109 kilometrlik Niş-Dimitrovqrad interkonnektorunun tikintisinə Aİ əvvəllər 50 milyon avro subsidiya, Avropa İnvestisiya Bankı isə 25 milyon avro kredit ayırıb. Serbiya ərazisində interkonnetorun tikintisinə 2022-ci il fevralın 1-də start verilib.
“Azərbaycandan Bolqarıstana qaz tədarükü Rusiya qazının bölgədəki sıx mənsubiyyətini qıracaq”, - Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
Ciddi məqsədlər
IGB-nin açılış mərasimi başa çatdı, qonaqlar evlərinə qayıtdılar. Amma yeni təbii qaz mənbələrinin axtarışları davam edir. Məsələn, Moldova xüsusən də “Qazprom”la münasibətlərinin yaxşı olmadığı dövrdə IGB-nin işə salınması ilə yeni qaz mənbəyini Azərbaycanda axtarmaq qərarına gəlib. İndi Moldova ödəniş problemlərinə görə Rusiya qazının tədarükünün hər an kəsilməsi təhlükəsi ilə üz-üzədi. “Qazprom” artıq bu ölkəyə sonuncu xəbərdarlığını edib. “Qazprom” oktyabrın 1-dən Moldovaya tədarük etdiyi qazın həcmini 30% - sutkada 8 milyondan 5,7 milyon kubmetrədək azaldıb. O, bunu Ukrayna ərazisindən tranzitlə bağlı texniki problemlərlə izah edib. “Qazprom” bunu “Naftogaz Ukrainı” şirkətinin yaratdığını bildirib.
Azərbaycan təbii qazı, çətin ki, Kişineunun köməyinə yaxın perspektivdə gələ bilsin. Güman ki, Moldova hakimiyyəti də belə hesab edir, lakin o, gələcək üçün Azərbaycan hakimiyyətinin dəstəyini almaq istəyir.
Yeri gəlmişkən, Moldovanın Baş naziri Nataliya Qavrilitsanın rəhbərlik etdiyi nümayəndə heyəti təbii qaz sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün Azərbaycana səfər edib. Səfərin məqsədini hökumət başçısı kifayət qədər aydın ifadə edib: “Biz təbii qazın təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıyıq. Moldova Respublikasının hazırda üzləşdiyi enerji böhranı kontekstində biz enerji sektorunda əməkdaşlığa, qarşılıqlı fəaliyyətin yeni perspektivli addımlarının axtarışına xüsusi diqqət yetiririk. Azərbaycan Respublikasının Qərb istiqamətində “mavi yanacağ”ın ixracını artırmaq niyyətini nəzərə alaraq, biz Azərbaycan təbii qazının Moldovaya təchizatı imkanını müzakirə etməyə hazırlaşırıq”.
Moldova Baş naziri İ.Əliyevlə görüşdə isə bildirib ki, ölkəsi enerji resurslarının əldə edilməsi üzrə müqavilələr bağlamaq, energetika və kənd təsərrüfatı sektorlarında birgə layihələr həyata keçirmək istəyir: “Bizim əsas vəzifəmiz Moldovanın ərzaq təhlükəsizliyini təmin etmək və enerji sektorunun dayanıqlığını artırmaqdır. Biz Azərbaycanın ticarət münasibətlərimizi intensivləşdirməyə və əlverişli şərtlərlə müqavilələr bağlamağa açıq olacağına ümid edirik”.
Moldova dəfələrlə Azərbaycandan təbii qaz idxalında maraqlı olduğunu bildirib. IGB-nin işə düşməsi isə məsələnin texniki tərəfini sadələşdirir. Buna görə də Azərbaycan təbii qazı ilə bağlı sazişlərin bağlanması üçün artıq zəmin hazırlamaq lazımdır. Əks halda çox gec ola bilər, çünki Azərbaycanın “mavi yanacağı”nı almaq istəyənlərin sayı getdikcə artır.
MƏSLƏHƏT GÖR: