25 Noyabr 2024

Bazar ertəsi, 03:41

BİR BÖHRANIN BİRLƏŞDİRDİYİ ÖLKƏLƏR

Avropa “mavi yanacaq” çatışmazlığını aradan qaldırmaq, Rusiya və Türkiyə isə təbii qaz qovşağı yaratmaq üçün birləşib

Müəllif:

01.11.2022

Avropa İttifaqının (Aİ) liderləri son sammitdə uzun müzakirələrdən sonra, nəhayət, enerji böhranı ilə mübarizəyə dair razılığa gəliblər. Söhbət könüllü şəkildə müştərək təbii qaz alışından, tədarükdə kəsintilər yarandıqda enerji sahəsində həmrəylik göstərilməsindən və elektrik enerjisinə qənaət etmək səylərindən gedir. Üstəlik, Macarıstan, Almaniya və Niderlandın tənqidlərinə baxmayaraq, ittifaqa üzv dövlətlər təbii qazın qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər.

Bu arada, Rusiya təbii qazının Avropaya tədarükünün azalması fonunda “mavi yanacağ”ın ixracı ilə bağlı yeni layihə və ideyaların “təqdimatı” prosesinə start verilib. Məsələn, Rusiya “Türk axını” boru kəmərinin imkanlarını genişləndirməyi, bu marşrutu təbii qazın Aİ-yə ixracı üçün əsas marşruta çevirməyi, həmçinin Türkiyədə Avropa üçün ən böyük qaz qovşağının yaradılmasını təklif edib. Azərbaycan isə öz növbəsində Qara dəniz regionunda mayeləşdirilmiş qaz zavodunun (LNG) tikintisi layihəsini Rumıniya ilə razılaşdıraraq LNG sahəsinə daxil olmaq qərarına gəlib.

 

Hava Avropanın dadına çatıb

Aİ-nin energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə növbədənkənar iclas keçirəcəklər.

Avropada havanın isti keçməsi yeraltı anbarlardakı təbii qazdan istifadə edilməsini təxirə salıb. Bu, Avropada təbii qazın qiymətinə də müsbət təsir göstərib. Belə ki, qitədə bu enerji resursunun qiyməti 2021-ci ilin iyunundan bəri ən aşağı qiymətə düşməsinə səbəb olub. Oktyabrın 24-də Niderlandın TTF birjasında təbii qazın spot qiyməti 1000 kubmetr üçün 301 dollar təşkil etmişdi.

Avropada bu ilin oktyabrı, xüsusən də bu ayın son həftəsi qeyri-adi dərəcədə isti keçir. Havanın orta temperaturu ötən ilin oktyabr ayı ilə müqayisədə təxminən 3 dərəcə yüksəkdir. Görünür, qış ərəfəsində havanın Avropaya “rəhmi gəlib”. Bununla da yeraltı qaz anbarlarındakı “mavi yanacağ”ın istifadə olunması təxirə salınıb. Bundan əvvəl bu anbarlardakı təbii qazdan oktyabrın 20-dən etibarən istifadə etmək planlaşdırılmışdır.

Demək olar ki, bütün Avropa ölkələri yeraltı anbarlarını ya normativ (80%), ya da maksimum səviyyədə doldurub. Məsələn, hazırda Avstriya, Belçika, Macarıstan, Fransa, Almaniya və bir sıra digər ölkələrdəki anbarların doluluq səviyyəsi 80%-lik həddi aşıb. Aİ ölkələri arasında yeraltı qaz anbarlarında ən aşağı doluluq səviyyəsi hələ ki Latviyadadır: “İnçukalns” yeraltı qaz anbarında ehtiyatlar 56% səviyyəsindədir. Maraqlıdır ki, bu yeraltı qaz anbarı düz 4 ölkənin ehtiyat qaz təchizatını həyata keçirməlidir. Söhbət 3 Baltikyanı dövlət və Finlandiyadan gedir.

Ümumiyyətlə, Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatına əsasən, Avropadakı yeraltı qaz anbarlarında ehtiyatlar, orta hesabla, 93,43%-ə yüksəlib. Bu o deməkdir ki, anbarlara 100 milyard kubmetrdən çox təbii qaz yığılıb.

Ukrayna münaqişəsinə qədər Aİ-yə təbii qazın 40%-i Rusiyadan idxal olunurdu. Amma hazırda bu göstərici 7,5%-ə düşüb. Bəzi Mərkəzi Avropa dövlətləri hələ də nisbətən böyük həcmdə Rusiya təbii qazını alır. Lakin digərləri, məsələn, Kipr və İsveç kimi ölkələr öz enerji balansında təbii qazdan, ümumiyyətlə, istifadə etmir.    

 

Antiböhran paketi  

Heç kimə sirr deyil ki, Avropa İttifaqı Rusiyadan qaz tədarükünün azalması səbəbindən görünməmiş enerji böhranı ilə üzləşib. Üstəlik, sentyabr ayında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar nəticəsində təchizat marşrutları və imkanları tamamilə məhdudlaşıb.

Bu vəziyyətdən çıxmaq üçün Avropa İttifaqı Şurası oktyabrın 20-21-də keçirilən sammitdə Avropa Komissiyasının enerji böhranı ilə mübarizəyə dair təkliflərini əsas götürmək qərarına gəlib. Başqa sözlə, Aİ ölkələrinin liderləri ittifaqa daxil olan ölkələr daxilində enerji sahəsində hər hansı böhran yaranarsa, təbii qazın birgə alınması və yenidən bölüşdürülməsi barədə razılığa gəliblər. Bu tədbirlərin həyata keçirilməsi qaz anbarlarının ümumi həcminin 15%-dən aşağı səviyyəyə düşməsi halında nəzərdə tutulub. Bu qərar gözlənildiyi kimi, Aİ-nin danışıqlarda mövqeyini gücləndirəcək. Bundan başqa, bu tədbirlər ittifaq daxilində dövlətlər arasında rəqabətin qarşısını alacaq.

Avropa İttifaqı Şurasının sammitində mayeləşdirilmiş qazın birja ticarəti üçün yeni ticarət göstəricisinin (bençmark) yaradılması haqqında da prinsipial razılıq əldə olunub. Yeni format LNG ticarətini institusionallaşdıracaq və spekulyantların qaz bazarına təzyiqini azaldacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel avropalı liderlər arasında danışıqlardan sonra deyib ki, sammitdə üç məqsədə nail olmaq məqsədilə Avropa İttifaqının üzvləri kimi birlikdə işləmək üçün yekdil əzm nümayiş etdirilib: “Söhbət təbii qazın qiymətinin aşağı salınmasından, təhlükəsiz təchizata zəmanət verilməsindən və bu enerji resursuna tələbatı azaltmaq üçün birgə fəaliyyət göstərməkdən gedir”.

“Biz bazara aydın siqnal göndərdik. Birlikdə hərəkət etməyə hazırıq, birlikdə işləyə bilərik, güclü siyasi iradəmiz var. Əminəm ki, tezliklə müsbət effekt əldə olunacaq”, - Ş.Mişel sonda vurğulayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz növbəsində bildirib ki, Avropa liderlərinin yeni razılaşmalarından sonra enerji qiymətləri üzərində işləmək üçün yaxşı plan var: “LNG qiymətləri ilə bağlı vəziyyəti daha yaxşı əks etdirmək üçün əlavə yeni indeks hazırlayacağıq. Lakin bu zaman təbii qazın qiymətinin artması hallarını məhdudlaşdırmaq üçün bazar korreksiyası mexanizmi yaradacağıq”.

Aİ-nin daxili bazar üzrə Avropa komissarı Terri Breton isə deyib ki, avropalı liderlər arasında yeni razılaşma artıq enerji resurslarının qiymətinə müsbət təsir göstərir: “Bu açıqlamadan sonra təbii qaz 10% ucuzlaşıb. Bu gün Avropada təbii qazın qiyməti 1 meqavat-saat üçün 67 avro təşkil edir. Ötən yay bu göstərici 300 avro idi. Bəli, qiymətlər aşağı düşür və bundan sonra da aşağı düşəcək”.

Eyni zamanda o, görüləsi çox işin olduğunu etiraf edib, çünki Avropa Komissiyası indi konkret tədbirlər təklif etməlidir: “Bu da üzv dövlətlər tərəfindən yaxın günlərdə nəzərdən keçiriləcək”.

 

Qara dəniz qovşağı

“Şimal axını”nın fəaliyyətini dayandırması və bu kəmərlərin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda Rusiya Avropa təbii qaz bazarına qayıtmağın yolunu tapıb. Söhbət daha bir təbii qaz kəməri sisteminin qurulmasından və üçüncü ölkələrə - ilk növbədə, təbii ki, Avropa ölkələrinə “mavi yanacağ”ın tədarükü üçün Türkiyədə qaz qovşağının yaradılmasından gedir.

Xatırladaq ki, hazırda Rusiya Aİ-yə təbii qazı yalnız Ukraynadan keçən marşrutla tədarük edir. Lakin bu marşrut yarımgüclə işləyir: gündəlik təxminən 42 milyon kubmetr təbii qaz nəql olunur. Bundan başqa, Rusiyanın təbii qazı “Türk axını”nın bir xətti ilə (gündəlik təxminən 45 milyon kubmetr) nəql olunur.

Yeni təşəbbüsü ilk dəfə oktyabrın 12-də keçirilən Rusiya Enerji Həftəsi zamanı Rusiya Prezidenti Vladimir Putin səsləndirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu təklifi yenidən təkrarlayıb.

“Avropalı tərəfdaşlar maraqlı olarsa, Rusiya “Şimal axını” ilə nəql edilməyən tranzit həcmini Qara dəniz regionuna istiqamətləndirə, Türkiyədə ən böyük qaz qovşağı yarada bilər”, - V.Putin bildirib.

Rusiya lideri əlavə edib ki, Türkiyədə qaz qovşağı yaradılarsa, bu, təbii qazın qiymətinin müəyyən edilməsi, həmçinin Avropa ölkələrinə çatdırılması üçün platformaya çevrilə bilər: “Hazırda qiymətlər hədsiz dərəcədə yüksəkdir. Biz heç bir siyasi çalar olmadan, sakitcə bu qiymətləri normal bazar səviyyəsində tənzimləyə bilərdik”.

“Qazprom”un idarə heyətinin sədri Aleksey Miller daha sonra izah edib ki, “Şimal axını”nın işinin bərpası uzun bir prosesdir: “Bu, uzun illər çəkə bilər. Təbii qaz həcminin Qara dəniz istiqamətinə köçürülməsi isə aktual ideyadır. “Şimal axını”nı bərpa etmək üçün nə qədər vaxt lazımdır? Texnoloji məsələlər də vacibdir. Amma birincisi, siyasi məsələdir. Aİ və Almaniya qaz kəmərlərinin bərpasında maraqlı olub-olmadıqlarına cavab verməli və təhlükəsiz istismara zəmanət verməlidir. Bərpa işləri bir ildən çox davam edəcək. Odur ki, bu, çox uzun hekayədir”.

O, həmçinin əlavə edib ki, “Qazprom” Avropa İttifaqı ilə Türkiyə sərhədində ticarət platforması yaratmağa hazırdır.

Türkiyə rəhbərliyi yeni təşəbbüsü dəstəkləyib. Əlbəttə, bu da təəccüblü deyil. Belə bir təşəbbüsün həyata keçirilməsi Ankaranı regionun mühüm enerji mərkəzinə çevirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun rolunu əhəmiyyətli dərəcədə artıracaq.

Ərdoğan Putinlə danışıqların nəticələrinə münasibət bildirərkən qeyd edib ki, ən qısa zamanda Türkiyənin Avropa hissəsində qaz qovşağı yaradıla bilər: “Avropa indi qarşıdan gələn qışda özünü istiliklə necə təmin etmək məsələsi ilə məşğuldur. Bizim belə problemimiz yoxdur. Biz Vladimir Putinlə ölkəmizdə qaz qovşağının yaradılması ilə bağlı razılığa gəldik ki, onun vasitəsilə, onun özünün dediyi kimi, təbii qaz Avropaya çatdırıla bilər. Beləliklə, Avropa Türkiyədən təbii qaz sifariş edəcək”.

Türkiyədə təbii qaz qovşağının tikintisi ilə yanaşı, bu təşəbbüsün həyata keçirilməsi, Rusiya enerji resurslarının Türkiyə və Avropaya tədarükünü artırmaq üçün kəmərlərin və infrastrutkurun genişləndirilməsi tələb olunur. Yəni söhbət “Türk axını” boru kəmərinin əlavə xətlərinin çəkilməsindən gedir. Amma bu da layihə ilə bağlı xərclərin artmasına səbəb olur. Üstəlik, Aİ-nin belə bir təşəbbüsü dəstəkləyəcəyi inandırıcı deyil, çünki ittifaq Rusiya təbii qazı olmadan “yaşamağa” çalışır.

Yeri gəlmişkən, Ursula fon der Lyayen oktyabrın 19-da Avropa Parlamentinin iclasında bildirib ki, Avropa inanılmaz səylər hesabına Rusiyadan tədarükün əksəriyyətini əvəz edib və Moskvadan asılılığı əvvəlcədən planlaşdırıldığından daha tez bir zamanda azaltmaqda davam edir: “Biz güman edirdik ki, Rusiya təbii qazından imtina 7 il çəkəcək. Bu gün faktlar belədir: Rusiyadan tədarükün 2/3-ni əvəz etmək cəmi 8 ay çəkib. Başqa sözlə, biz digər xarici qaz tədarükçülərinə keçidi xeyli sürətləndirmişik. Ancaq bu, bizə baha başa gəlib”.

Çexiyanın sənaye və ticarət naziri Yuzef Sikela isə Avropa ölkələrinin Türkiyədə yaradılacaq təbii qaz qovşağı vasitəsilə Rusiyadan “mavi yanacaq” almayacağına ümid etdiyini bildirib. O etiraf edib ki, hazırda Avropa təbii qaz və neft tədarükünü ciddi şəkildə müzakirə edir və Rusiyadan idxal problemdir. Nazir buna səbəb kimi Rusiya yanacağının baha olmasını göstərib.

Çexiyalı nazirin sözlərinə görə, Türkiyədə təbii qaz qovşağı layihəsi müəyyən suallar doğurur: “Bu mərkəz necə işləyəcək? Avropa bunun Rusiya təbii qaz olduğunu biləcək. Mən gözləyirəm ki, Avropa bu təbii qazı almayacaq”.

Bu arada, Türkiyə tərəfinin Rusiya ilə təbii qaz əməkdaşlığına dair əks təklifi var. Söhbət idxal olunan təbii qazın dəyərindən, daha doğrusu, Ankaranın Moskvadan gözlədiyi güzəştlərdən, eləcə də tədarük olunan məhsulun ödənişlərinin təxirə salınmasından gedir.

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati “Financial Times” qəzetinə müsahibəsində hər iki məsələ ilə bağlı “yaxşı xəbərlər” gözlədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə 100 milyard dollarlıq enerji resurslarının idxalı ilə bağlı ödənişlər etməli olduğuna baxmayaraq, gələn il ödəniş balansı böhranından çox rahat şəkildə yan keçəcək. Xatırladaq ki, Türkiyə 2021-ci ildə 58,7 milyard kubmetr təbii qaz idxal edib. 2022-ci ilin 7 ayı ərzində idxal, demək olar ki, əvvəlki ilin səviyyəsində qalıb (34,2 milyard kubmetr - 0,4% azalma). Rusiya Türkiyənin təbii qaza olan tələbatının 40%-dən çoxunu təmin edir.

 

Azərbaycan-Rumıniya LNG əməkdaşlığı

Azərbaycan isə mayeləşdirilmiş qaz bazarında bəxtini sınamaq qərarına gəlib. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR rəhbərliyindən ibarət Azərbaycan nümayəndə heyətinin Buxarestə səfəri SOCAR və “Romgaz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə əlamətdar olub.

“Romgaz” elə həmin gün yaydığı məlumatda SOCAR ilə birlikdə Qara dənizdə LNG istehsalına yönəlmiş layihənin inkişaf etdirilməsi üzrə böyük planları elan edib. Daha dəqiq desək, şirkətlər memorandumu imzalayaraq, Xəzər dənizindən təbii qazın nəqli üçün zəruri olan LNG zavodlarının, reqazifikasiya qurğularının və digər obyektlərin tikintisini əhatə edən layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa razılaşıblar.

Rumıniyanın Baş naziri Nikolae Çuke məlumat verib ki, imzalanmış memorandum SOCAR ilə birgə Qara dənizdə LNG istehsalı üzrə zavoda investisiyaları nəzərdə tutur: “Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyim ikitərəfli görüşün yekunlarına dair biz Qara dənizdə LNG üzrə birgə layihəyə başlamaq imkanını birgə təhlil etməyə dair razılığa gəldik”.

Onun sözlərinə görə, layihənin reallaşdırılması hər iki tərəfdən maliyyələşdirilən texniki-iqtisadi əsaslandırma ilə başlayacaq: “Biz çox qısa zamanda texniki-iqtisadi əsaslandırmanın tamamlandığını görməyi gözləyirik. Onun hazırlanması üçün beynəlxalq şirkəti cəlb etmişik, beləliklə, onun tamamlanmasına zəmanətimiz var, çünki bu qaz və çox qısa müddətdə güclərin yaradılması bizə lazımdır. Nəticədə, Qara dənizin şərq və qərb sahillərində iki terminala malik olmağa ümid edirik ki, bununla Xəzər hövzəsindən Avropaya qaz tədarükü dəhlizlərini şaxələndirə və genişləndirə bilərik”.

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku isə deyib ki, Azərbaycanla birgə həyata keçirilən Qara dənizdə LNG istehsalı üzrə zavod layihəsi hesabına Rumıniya elektrik enerjisi və təbii qaz təchizatı nöqteyi-nəzərindən “vacib qovşağa” çevriləcək.

Əslində, Azərbaycandan Rumıniyaya mayeləşdirilmiş təbii qazın tədarükü ideyası yeni deyil, vaxtilə AGRI (Azerbaijan-Georgia-Romani Interconnector) layihəsi artıq müzakirə olunurdu. Bu layihə vasitəsilə Azərbaycandan Rumıniyaya ildə 8 milyard kubmetrədək LNG ixracı nəzərdə tutulurdu. Birinci mərhələdə AGRI vasitəsilə 2 milyard kubmetrə qədər, ikinci və üçüncü mərhələdə isə 5 milyarddan 8 milyard kubmetrə qədər LNG ixrac edilməli idi.

Bu layihə vasitəsilə Konstansa və Kulevi limanlarında LNG terminallarının yaradılması nəzərdə tutulurdu. Azərbaycandan təbii qazın sıxılmaq üçün Gürcüstanın Qara dəniz sahillərinə xüsusi terminallarda, daha sonra isə tankerlərlə Konstansa limanındakı LNG mayeləşdirmə terminalına çatdırılması planlaşdırılırdı. Daha sonra Rumıniya ərazisində mövcud təbii qaz nəqli infrastrukturu vasitəsilə bu ölkənin və digər Avropa dövlətlərinin daxili tələbatının ödənilməsi düşünülürdü.

Rumıniya tərəfi layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlasa da, AGRI praktiki icra mərhələsinə çatmayıb. Ədalət naminə qeyd etmək lazımdır ki, o zaman Avropa təbii qaz bazarı təchizat baxımından kifayət qədər proqnozlaşdırıla bilən və sabit idi. Odur ki, Avropa belə bahalı layihələrin həyata keçirilməsinə ciddi ehtiyac olduğunu düşünmürdü. Amma Aİ-də mövcud vəziyyət tamamilə fərqli şərtləri diktə edir. Buna görə də Azərbaycan təbii qazı və investisiyaları hesabına mənzərəli təbiətə malik bu kiçik Avropa ölkəsinin Qara dənizdə mühüm enerji qovşağına çevrilmək şansı xeyli artır.



MƏSLƏHƏT GÖR:

132