25 Noyabr 2024

Bazar ertəsi, 04:19

ƏSAS KOMPONENT

Azad olunmuş ərazilərdə infrastrukturun bərpası ilə bağlı aparılan işlər Azərbaycanın tikinti sənayesinin əsas drayverinə çevrilib

Müəllif:

01.11.2022

Artıq ikinci ildir ki, Azərbaycan Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi üçün genişmiqyaslı proqram həyata keçirir. Erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərin enerji, kommunal və sosial infrastrukturunun bərpasında, yüzlərlə kilometr yolun çəkilişində yerli tikinti şirkətləri, eləcə də Türkiyə və bir sıra digər ölkələrin podrat şirkətləri iştirak edir. Bu günlərdə Zəngilan rayonunda tikintisi geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni hava limanı istifadəyə verilib. Bu layihələr xarici podratçıların da cəlb olunması ilə, tikinti sənayesinin drayveri rolunu oynayır.

 

Ən vacibi infrastrukturdur

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inkişafı planları çərçivəsində son iki ildə həyata keçirdiyi çoxsaylı infrastruktur layihələri 30 illik erməni işğalından azad edilmiş torpaqları sürətlə dirçəldir. Minatəmizləmə prosesi ilə paralel olaraq, bu ərazilərdə elektrik xətləri çəkilir, yarımstansiyalar tikilir, digər enerji və kommunal infrastrukturlar bərpa olunur, yaşayış, inzibati binalar, mehmanxanalar inşa olunur. Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidə ilk sənaye və aqrar klasterlər də formalaşır. İki il ərzində bu məqsədlər üçün büdcədən 4,4 milyard manat ayrılıb. İyunda büdcə gəlirlərinə yenidən baxıldıqdan sonra isə, əsasən, yol tikintisi layihələrinə əlavə olaraq 1,5 milyard manat vəsait yönəldilib.

Son məqam heç də təəccüblü deyil. Çünki maliyyənin əsas məbləği xüsusi olaraq regionda dağılmış yol-nəqliyyat infrastrukturunun bərpasına yönəldilib. Qarabağda miqyasına və maliyyə resurslarının cəlbinə görə misli görünməmiş yol, körpü və tunellərin, həmçinin digər yol infrastrukturunun tikintisi aparılır – ümumilikdə 700 kilometrdən uzun. Mürəkkəb dağlıq relyefdə aparılan işlərin miqyasını qiymətləndirmək üçün bir məqamı qeyd etmək yerinə düşər: salınan 33 tunelin uzunluğu 50 kilometrdən, regionda tikilən 84 körpünün uzunluğu isə 12 kilometrdən artıqdır. Artıq yolların və mühəndis qurğularının yarısından bir qədər az hissəsi, eləcə də dəmir yolu xəttinin xeyli hissəsi çəkilib, qalan hissələrdə isə fəal iş aparılır. Bölgədə Azərbaycanın tikinti şirkətləri ilə yanaşı, Türkiyə, İtaliya, Almaniya, İsrail və digər ölkələrdən olan şirkətlər də yol çəkir, elektrik enerjisi və digər infrastruktur layihələrinin reallaşdırılmasında iştirak edir.

Nəqliyyat infrastrukturunun bərpası üzrə qiymətli layihələr “Orta dəhliz” istiqamətinin şaxələndirilməsi və Zəngəzur marşrutu kimi mühüm komponentin gücləndirilməsi ilə regionun tranzit potensialının inkişafına yönəldilib ki, bu da çox vacibdir.

Elə eyni məqsədlər üçün Qarabağ bölgəsində beynəlxalq hava limanları da tikilir. Ötən ilin oktyabrında Füzulidə, 2022-ci il oktyabrın 21-də – Zəngilanın erməni işğalından azad edilməsinin ikinci ildönümündə isə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı ilə Zəngilanda beynəlxalq hava limanı istifadəyə verilib.

“Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev hava limanının açılış mərasiminin keçirildiyi gün bildirib.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, deyib: “Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir”. O, əlavə edib ki, Zəngilan aeroportunun inşası Qarabağ regionunun dünya ilə əlaqəsinin bərpası və gücləndirilməsi baxımından strateji addımdır.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov açılış mərasimində bildirib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Bunun sayəsində hava limanı bütün növ, o cümlədən ağır, geniş gövdəli təyyarələri də qəbul edə biləcək.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Bundan başqa, beynəlxalq hava limanının müasir dünya standartlarına cavab verən terminalı saatda 200 sərnişinə xidmət göstərə bilir. Burada hava hərəkətlərinin idarə olunması üçün tam avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş qüllə tikilib.

Zəngilan aeroportunda beynəlxalq ICAO tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün İtaliya və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemlərindən istifadə olunub. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, hava gəmilərinin VOR/DME marşrutu üzrə naviqasiya sistemləri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, həmçinin ilkin və ikinci dərəcəli radar sistemləri tikilib istifadəyə verilib. Bunların hər biri ICAO və “Eurocontrol” beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Azərbaycan hökumətinin Qarabağ bölgəsində geniş aviasiya infrastrukturunun formalaşdırılmasına bu qədər diqqət yetirməsinin təbii ki, bir sıra obyektiv səbəbləri var. Regionda aparılan genişmiqyaslı quruculuq işləri minlərlə mütəxəssisi, işgüzar dairələri, eyni zamanda beynəlxalq ictimaiyyət və medianın diqqətini buraya cəlb edib. Qarabağda bir neçə beynəlxalq hava limanının olması isə dünya ölkələri ilə nəqliyyat əlaqələrini daha rahat və çevik həyata keçirməyə imkan verəcək. Bölgədə müasir hava limanlarının olması uzunmüddətli perspektivdə Zəngəzur dəhlizinin quru kommunikasiyalarını tamamlayan ən mühüm tranzit elementinə çevriləcək.

Bütün bunların fonunda regionda hərbi-siyasi vəziyyətin qarışıqlığını da nəzərdən qaçırmaq olmaz. Burada ağır hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə qadir aeroportların mövcudluğunu həm də bu amil zəruri edir.

Nəhayət, inkişaf etmiş hava əlaqəsi olmadan, Qarabağın və Şərqi Zəngəzura xarici turist axınını təmin etmək mümkün olmazdı. Bu isə bölgənin rekreasiya potensialının inkişafı üçün əsas elementlərdəndir.

Bütün bu amillər nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə başqa hava limanlarının da inşası və istismara verilməsi nəzərdə tutulub. Məsələn, Laçında beynəlxalq hava limanının tikintisinə hazırlıq işləri sürətləndirilib. Daha uzaq perspektivdə isə regionun sənaye mərkəzi olacaq Ağdamda da hava limanının tikintisi perspektivləri öyrənilə bilər.

 

Maraq artır

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ilkin infrastrukturun yaradılması işləri yalnız dövlətin maliyyəsi hesabına aparılır. Bununla yanaşı, Azərbaycan bu prosesə xarici podratçıların, özəl investorların və donorların cəlb edilməsində son dərəcə maraqlıdır. Üstəlik, yerli və xarici şirkətlərə sadəcə Qarabağ iqtisadiyyatına kapital yatırılması vasitəsi kimi baxılmır. Onlar həm də müasir texnologiyaların və nou-hauların cəlb edilməsi, rəqabət mühitinin yaradılması, maliyyə və texniki xərclərin azaldılması, habelə yeni iş yerlərinin yaradılması və ixracyönümlü məhsulların istehsalı üçün zəmin kimi qəbul edilir.

Diqqət çəkən məqamlardan biri də bu marağın qarşılıqlı olmasıdır – Türkiyənin, eləcə də digər qonşu dövlətlərin, Avropa və Asiya ölkələrinin çoxsaylı şirkətləri işğaldan azad edilmiş ərazilərdə çalışmaqda maraqlıdırlar. Bundan başqa, Qarabağ bölgəsində sənaye, kənd təsərrüfatı, “yaşıl enerji”, turizm və digər biznes sahələrinin inkişafına öz vəsaitlərini yatırmağa hazır olan investorların sayı gündən-günə artır.

Bu tendensiyanı oktyabrın 19-dan 21-dək keçirilən “Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh 2022” sərgisi bir daha təsdiq edib. Konfrans çərçivəsində təşkil olunan profil konfranslarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarından, burada podratçı müqavilələrə olan tələbatdan danışılıb.

Bu gün proses yüksələn xətlə gedir. Qarabağın bərpasında iştirak etmək üçün biznes nümayəndələrindən daxil olan təkliflərin sayı artaraq 1300-ə çatıb. Ümumilikdə bu məqsədlə 460 xarici şirkətdən müraciət var. Onların arasında Türkiyə şirkətləri ilk yerdədir. Onlar Qarabağ bölgəsinin mineral ehtiyatlarının hasilatı ilə məşğul olmaq istəyirlər. Hədəflər arasında qızıl və mis yataqlarının işlənməsi, o cümlədən turizmin inkişafı, kənd təsərrüfatı məhsullarının emalı, geyim və istehlak mallarının, tikinti materiallarının istehsalı, inşaat xidmətlərinin göstərilməsi və s. də var. Bu məqsədlərlə Qazaxıstan şirkətlərindən də müraciətlər daxil olub. Eyni zamanda Macarıstan, Özbəkistan, Böyük Britaniya, İsrail, Pakistan, Rusiya da daxil olmaqla, dünyanın 40-dan çox ölkəsindən olan sahibkarlardan təkliflər var.

Minatəmizləmə prosesinin başa çatdırılması və ilkin infrastrukturun qurulması ilə “Ağdam Sənaye Parkı”nda və Cəbrayıl rayonunda yaradılmış “Araz Vadisi İqtisadi Zonası”nda yerli və xarici rezidentlərin sayının dəfələrlə artacağı gözlənilir.

Bu gün Zəngilan rayonunda yaradılmış aqrar klasterlərdə (məsələn, Azərbaycan-Türkiyə birgə “Dost Aqropark”ı və Ağalı “ağıllı kəndi”) investisiya komponenti mövcuddur, Şuşa və Kəlbəcərdə, həmçinin işğaldan azad edilmiş bir sıra digər ərazilərdə turizm zonalarının yaradılması ilə bağlı layihələr həyata keçirilir. Mütəxəssislərin fikrincə, zaman keçdikcə bu bölgəyə yatırılan özəl investisiyaların həcmi milyardlara çata bilər və bu, o qədər də uzaq perspektiv deyil. Təkcə bu ilin yekunlarına görə, Qarabağ bölgəsinə yatırılmış özəl investisiyanın həcmi 300 milyon manat təşkil edir.

Aparılan infrastruktur və tikinti işləri tikinti sənayesinin inkişafını dəstəkləyən və son dərəcə əhəmiyyətli multiplikasion effektə də malikdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı 17% artaraq 808,9 milyon manat təşkil edib. Yəni Qarabağdakı “böyük tikinti” Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı komponentlərinin inkişafı üçün mühüm katalizator rolunu oynayaraq, hökumətin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında üstünlük təşkil etməsi kimi əsas məqsədini daha da yaxınlaşdırır.



MƏSLƏHƏT GÖR:

129