Müəllif: Cahangir HÜSEYNOV
“Honq-Konq, Şanxay və Şençjendə fond bazarlarında çaxnaşma”, “Çin bazarlarında ümidsizlik”, “Əhval-ruhiyyə 2008-ci ilin qlobal maliyyə böhranı dövründəkindən də pisdir”, “Xarici investorlar təcili olaraq Çinin qiymətli kağızlarından imtina edir” - dünya KİV-i oktyabrın 24-də sözün əsl mənasında həyəcan təbili çalırdı.
Səbəb isə həqiqətən var idi. Honq-Konqda Çin səhmlərinin göstəricisi olan “Hang Seng Enterprises” indeksində yarandığı 1994-cü ildə bu yana ən ciddi geriləmə baş verib – 7,3. Ən nəhəng 30 texnologiya şirkətini izləyən “Hang Seng Tech” indeksi isə 9,7% geriləyib. Bununla yanaşı, Çinin texnologiya sektorunun flaqmanları olan “Alibaba” və “Tencent” şirkətlərinin səhmləri 11%-dən çox ucuzlaşıb. Ümumilikdə onların bazar dəyəri 54 milyard dollar ucuzlaşıb.
Təlaş tez bir zamanda ABŞ-a da yayılıb – “Alibaba”, elektromobil istehsalçısı olan “Nio” və “Xpeng”, “Baidu” axtarış sistemi və Çinin Nyu-Yorkda fəaliyyət göstərən bir sıra digər əsas şirkətlərinin də səhmləri kəskin ucuzlaşıb. Üstəlik, yuan xeyli zəifləyərək, ABŞ dollarına nisbətdə 14 ilin ən aşağı həddinə düşüb.
Bəs fond bazarlarını bu reaksiyasına nə səbəb olub?
Bir gün əvvəl Pekində Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilib və bu qurultayda Si Cinpin gözlənildiyi kimi, üçüncü dəfə beş il müddətinə partiyanın lideri seçilib. Doğrudur, biznes dairələri buna hazır idi. Lakin nədənsə onlar Çin liderinin əsas nitqində daha əlverişli investisiya mühitinin təmin ediləcəyi ilə bağlı vəd gözləyirdilər.
Amma Çin lideri COVID-ə qarşı “sıfır tolerantlıq” siyasətinə sadiq olduğunu göstərərək, daşınmaz əmlak sektorunda böhranın aradan qaldırılması ilə bağlı heç bir təklif irəli sürməyib. Beləliklə, məlum olub ki, Çin iqtisadiyyatının inkişafına əsas iki maneə qeyri-müəyyən vaxtadək davam edəcək.
Bəs islahatlar?
Bu çatışmazlıqlara bir sıra uzunmüddətli struktur tendensiyalarını da əlavə etmək lazımdır: sürətlə qocalan əhali, azalan işçi qüvvəsi, istehsalat həcminin azalması, istər dövlət, istərsə də qeyri-dövlət borcunun çox olması. Belə bir şəraitdə iqtisadiyyatda tezliklə durğunluğun başlayacağı ilə bağlı narahatlıqlar var. Hesab olunur ki, 2020-ci illərdə artım təxminən 3%-ə çatacaq, 2030-cu illərdə isə təxminən 2%-ə düşəcək.
Bütün bunların fonunda həm yerli, həm də beynəlxalq kapitalın gözlədiyi iqtisadi islahatlara etinasız yanaşan Si Cinpin ölkənin “strateji önləmə qabiliyyəti”nin gücləndiriləcəyi haqda vədlərə üstünlük verib. O, deyib ki, “Çinin beynəlxalq təsir gücü, nüfuzu və dünyanı formalaşdırmaq qabiliyyəti əhəmiyyətli dərəcədə artıb”. Bununla yanaşı, Cinpin hesab edir ki, ölkəsi “güclü küləklər, uca dalğalar və hətta təhlükəli fırtınalara hazır olmalıdır”.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsin Siyasi Bürosunun və Siyasi Büronun Daimi komitəsinin yeni tərkibində bazar islahatları və özəl sahibkarlığın tərəfdarlarının yer almaması da ölkə iqtisadiyyartına yaxşı heç nə vəd etmir. Söhbət hazırkı (səlahiyyət müddəti gələn ilin martında bitəcək) baş nazir Li Ketsyandan, onun müavini Lyu Xedən və Mərkəzi Bankın rəhbəri İ Handan gedir. Partiyaların qurultaylarında rəhbər orqanlarda əhəmiyyətli dəyişikliklər adi haldır. Lakin Li Ketsyan və digərlərindən qurtulan Si ətrafına sadiq silahdaşlarını toplamağa nail olub. İndi onun ətrafında fərqli fikirdə olan kimsə yoxdur. Bu heyət göstərir ki, Siyə münasibətdə loyallıq bacarıq və təcrübəni üstələyir.
Si üçün prioritetlər təhlükəsizlik və özünü təmin etməkdir. Bu isə «Çində istehsalın artımını əngəlləyəcək». «Onun hakimiyyəti qoruyub saxlamaq əzmi kursun korreksiya olunma ehtimalını azaldır», - deyə «Capital Economics»in məruzəsində bildirilir.
Rəqibsiz
Ötən 10 ildə Si Cinpin ölkənin 3 ali rəhbər postlarını – ÇKP-nin baş katibi, partiyanın Mərkəzi Kəşfiyyat Şurasının sədri və ölkə prezidenti – tutsa da, ÇXR-i Siyasi Büro və hökumətdəki digər siyasi fraksiyaların nümayəndələrinin də fikrini nəzərə almaqla idarə edirdi. Fraksiyaçılıq və ya rəqib fraksiyalar arasında qüvvələr və ya mövqelərə balansı Çinin siyasətini fərqləndirən məqam idi. Asiya nəhənginin Den Syaopinin dövründəki islahatlara başlaması ilə bu, Çin siyasətinin fərqli cəhəti idi. Lakin Si Cinpin ölkəyə rəhbərliyə başlar-başlamaz, fərqli düşünənlərdən və rəqiblərdən məqsədyönlü şəkildə xilas olmağa başlayıb. O, bu işdə əsas silah kimi, korrupsiya ilə mübarizədən istifadə edib. Son 10 ildə ölkədə ən azı 4,4 milyon nəfər rüşvətxorluqla əlaqədar cinayət məsuliyyətinə cəlb olunub.
Qərbli analitiklərin geniş yayılmış fikirlərinin əksinə olaraq, Si partiyasının XX qurultayında üçüncü müddətə partiya lideri seçilməyə də bilərdi. Rəqibləri Daimi komitə üzvləri arasında kifayət qədər şəxsi Sinin təkrar seçilməsinin lazımsızlığına inandıra bilsəydilər, bu, mümkün idi. Görünür, qurutlaya cəmi bir neçə həftə qalmış bir sıra nüfuzlu məmur və partiya xadiminin həbsi də təsadüf deyildi.
Sentyabr-oktyabr aylarında ictimai təhlükəsizlik nazirinin sabiq müavini Sun Litsyunyu və keçmiş ədliyyə naziri Fu Çjenhua, Çinin «China Unicom» telekommunikasiya nəhənginin sabiq baş direktoru, iki əyalətin vitse-qubernatoru, Şanxayın baş prokuroru, Tibet muxtar rayonunun Xalq hökuməti sədrinin müavini və s. kimi «nəhəng»lər barəsində «şərti» ölüm hökmü və ya uzun müddətli həbs qərarları çıxarılıb.
Proseslərə partiya ağsaqqallarının müdaxiləsi riski də var idi. Onlar ənənəvi olaraq, daxili siyasətdə ciddi nüfuza malikdirlər. Məsələn, 1989-cu ildə Çjao Tszıyan ÇKP-nin baş katibi postu ilə məhz istefada olan elitanın təzyiqi ilə vaxtından əvvəl vidalaşmalı olmuşdu.
Odur ki, Çi əlavə sığorta kimi, pensiyaçıları keçmiş fəaliyyətləri ilə bağlı korrupsiya araşdırmasına başlanıla biləcəyi ilə hədələmişdi. Onların Mərkəzi Komitəsinin siyasətini tənqid etmələri, «mənfi siyasi fikirlər işlətmələri, qeyri-leqal ictimai təşkilatların fəaliyyətində iştirak etmələri, özləri və digərlərinin xeyrinə əvvəlki nüfuzlarından yararlanmağa çalışmaları» qadağan olunmuşdu.
Gələn ilin martında Ümumçin Xalq Nümayəndələri Məclisi Si Cinpini üçüncü dəfə ölkə sədri postuna təsdiqləməli, onun ən yaxın və sadiq silahdaşı olan, hazırda Şanxay Kommunist Partiyasına rəhbərlik edən Li Tsyan isə hazırkı baş nazir Li Ketsyanı əvəzləməlidir.
Analitiklərin fikrincə, bu, Sinin Çin dövləti hakimiyyətinin bütün qanadları, o cümlədən iqtisadi qanad üzərində ciddi nəzarət qura biləcəyi anlamına gəlir. Qeyd edək ki, bu ölkədə iqtisadi qadan ənənəvi olaraq, Dövlət Şurasına başçılıq edən baş nazirin səlahiyyət dairəsində olub.
Nəzərə alsaq ki, Daimi komitənin yeni tərkibində ən cavan üzvün 60 yaşı var və onların hazırkı baş katibin varisi olmaq imkanı yoxdur, Si Xinpin yəqin ki, istefa haqda düşünmür.
İstiqamətdə dəyişiklik
Beş il əvvəl Çin rəhbərliyi beynəlxalq arenada «dərin və çətin dəyişikliklər»in baş verdiyini etiraf edir, lakin Pekin üçün «sevindirici perspektivlər»in olduğunu bildirirdi. İndi isə diqqət daha çox «potensial təhlükələr»ə və «ən pis ssenarilər»ə yönəldilir.
Bundan başqa, Çi bildirir ki, «Çinin qarşısının kəsilməsi, əzilməsi üçün xaricdən cəhdlər hər zaman güclənə bilər». O, öz məruzəsində Çinin işlərinə xarici və ya kənar müdaxilələr fikrini də bir neçə dəfə işlədib. Bu fikirdən 4 dəfə Tayvana münasibətdə, 1 dəfə Honq-Konqla bağlı sanksiyalara, 1 dəfə isə Pekinin xarici siyasətinə münasibətdə istifadə olunub. Partiyanın XIX qurultayının hesabatında bu cür bəyanatlara ümumiyyətlə rast gəlinməmişdi.
5 il əvvəlkindən fərqli olaraq, budəfəki məruzədə ABŞ-ın siyasəti ilə bağlı da sərt ifadələrə rast gəlinir. Bildirilir ki, Vaşinqtonun addımları «Çini şantaj etmək, onun qarşısını kəsmək, əngəlləmək, Pekinə maksimum təzyiq göstərmək cəhdləridir». Pekində hesab edirlər ki, burada məqsəd Çinin inkiqşafının qarşısının kəsilməsidir.
Lakin xarici siyasi vəziyyətin çətinliyinin etiraf olunduğu proqram çıxışında konkret cavab təşəbbüslərinə o qədər də diqqət çəkilməyib. Məsələn, Çin Vaşinqtonla rəqabətin kəskinləşməsinə cavab olaraq bildirir ki, ikitərəfli münasibətlərin yaxşılaşması Pekinin hansısa addımlarına yox, ABŞ-ın öz rəftarını dəyişməsinə bağlıdır.
Maraqlıdır ki, Çinin flaqman sayılan, 2013-cü ildə işə salındıqdan bu yana bütün dünya üzrə infrastruktur layihələrinə 1 trilyon dollar maliyyə ayrılmasına səbəb olmuş «Bir kəmər, bir yol» təşəbbüsündən xarici syasət bölməsində əvvəlkitək danışılmır. Çin borc verdiyi ölkələrdən pulunu geri almaqla bağlı çətinliklərlə üzləşdikcə, xaricə kredit ayrılması işinə daha ehtiyatla yanaşmağa başlayıb. Ölkə daxilində isə «Kəmər və yol»un məhdud versiyası müzakirə olunmaqdadır. Hesab edilir ki, bu zaman əsas diqqət risklərin azaldılmasına və itkilərin yerinin doldurulmasına yönəldilməlidir.
Amma yeni ideyalar da yaranır. Onların arasında Çinin İnkişafı üçün Qlobal Təşəbbüs (GDI) və Qlobal Təhlükəsizlik Təşəbbüsü (GSI) də var.
GDI özündə inkişaf etməkdə olan ölkələr üçün yoxsulluqla mübarizə, ərzaq təhlükəsizliyi və təmiz enerji layihələrini cəmləşdirir. GSI-ı isə Çinin Amerikanın qlobal təhlükəsizlik konsepsiyasına alternativi kimi anlamaq olar.
Hərbi, iqtisadi və ideoloji sahələrdə milli təhlükəsizliyə diqqət Si Cinpinin proqram çıxışında özünü aşkar göstərən xətlərdən olub. Bu, göstərir ki, Pekin yaxın gələcəkdə ABŞ və onun hərbi müttəfiqləri ilə münasibətlərdə hər hansı «yumşalma»ya getməyi düşünmür. Hər halda, müstəqil beynəlxalq təşkilat sayılan «The International Crisis Group»da belə düşünürlər.
Belə çıxır ki, beynəlxalq fond bazarlarında ÇKP-nin qurutlayının səhəri gün baş vermiş təşviş təsadüf və qısamüddətli deyil. Beynəlxalq biznes bu qənaətdədir ki, Çin iqtisadiyyatın liberallaşdırılmasının əksinə hərəkət edir. Pekin indi daha çox onu dünyanın iqtisadi liderləri cərgəsinə yüksəltmiş islahatlara və aşkarlığa deyil, hansısa ideoloji və geosiyasi çağırışların aşılmasına köklənib.
MƏSLƏHƏT GÖR: