Müəllif: İlqar VƏLİZADƏ
Son bir ildə, xüsusən də Ukraynada müharibənin başlaması ilə postsovet məkanında siyasi proseslər xüsusi inkişaf istiqaməti qazanıb. Bu, özünü regiondaxili inteqrasiya proseslərinin spesifik dinamika qazandığı Mərkəzi Asiya regionunda xüsusilə göstərir. Bununla yanaşı, bu bölgə üçün daha xarakterik olan iki inteqrasiya səviyyəsi xüsusi diqqət çəkir. Bu, Özbəkistan prezidenti Ş.Mirziyoyevin təklifi ilə dövlət başçıları səviyyəsində keçirilən məşvərətçi görüşlər və Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderlərinin getdikcə daha fəal qatıldıqları türk xətti üzrə inteqrasiyadır.
Bu regionun dövlətləri Azərbaycanın aparıcı siyasi və iqtisadi tərəfdaşlarıdırlar. Odur ki, bölgədə yaşananlar Bakı üçün də xüsusi maraq kəsb edir.
Xarici və daxili maraqlar balansı
Qeyd edilməlidir ki, bu prosesdə Özbəkistan tərəfinin təşəbbüskarlığı daha çox nəzərə çarpır. Özbəkistanın dövlət başçısı 2021-ci ilin dekabrını da nəzərə alsaq, son 1 ildə Qazaxıstan, Qırğızıstan və Türkmənistana rəsmi səfərlər edib. Bununla yanaşı, bu il Tacikistan və Türkmənistan liderlərinin Daşkəndə səfərləri olub. ŞƏT-in Səmərqənddə keçirilmiş (15-16 sentyabr) sammiti də öz yerində – orada bütün qonşu dövlətlərin liderləri iştirak etmişdilər. Üstəlik, son 2 ildə Özbəkistan bütün region dövlətləri ilə ikitərəfli münasibətlərin bazasını yeniləyib və müasirləşdirib.
Qazaxıstan region ölkələrinin xarici aktorlarla əməkdaşlığı üçün platforma kimi çıxış etməklə, regional əməkdaşlığın səviyyəsini də yüksəldib. Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin oktyabrın 12-13-də Astanada keçirilmiş sammiti isə istər Mərkəzi Asiya ölkələrinin öz aralarında, istərsə də onların Asiya siyasətinin aparıcı aktorları ilə dialoqu intensivləşdirməsi üçün yaxşı imkan olub. Buna ən parlaq nümunə kimi, Rusiya plyus Mərkəzi Asiya formatındakı sammiti göstərmək olar. Tədbir kifayət qədər açıq şəkildə keçirilib və müşahidəçilərin əksəriyyəti Mərkəzi Asiya liderlərinin çıxışlarında özlərinə inamın və müstəqillik əlamətlərinin artdığını hiss edib. Qazaxıstan və Tacikistan prezidentləri regionda uzaq perspektivə hesablanan planlarını icra edən ölkələrin regional siyasətin iştirakçılarının maraqlarına etinasız yanaşmalarının yolverilməzliyinə diqqət çəkiblər. Mərkəzi Asiyanın artıq heç vaxt əvvəlki region olmayacağını söyləyənlərin fikirləri kifayət qədər ağlabatan səslənir.
Bu iddianın obyektiv səbəblərdən ədalətli olduğunu söyləmək mümkündür. Konkret desək, beynəlxalq siyasətdə baş verən dəyişikliklər, şübhəsiz ki, regional siyasətə də öz təsirini göstərir. Regionda Çin, Türkiyə, ərəb monarxiyaları, hətta Hindistan və Pakistanın mövcudluğunun artması Qərb ölkələrinin ənənəvi maraqları ilə birlikdə yeni maraqlar balansının möhkəmlənməsinə səbəb olur.
İnteqrasiya parametrləri
Mərkəzi Asiya dövlətlərinin inteqrasiyasının «onurğa»sını bölgə dövlətləri liderlərinin məşvərətçi görüşləri təşkil edir. Bu mənada, iyulun 21-də Çolpan-Atada keçirilmiş IV Məşvərətçi görüş nümunə sayıla bilər. O zaman forumun əsas mövzuları su resursları, təhlükəsizlik və iqtisadiyyat olmuşdu. Görüşün yekununda Qazaxıstan Özbəkistan və Qırğızıstan prezidentləri XXI əsrdə Mərkəzi Asiyanın inkişaf etdirilməsi məqsədilə Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilə də imzalamışdılar.
Maraqlıdır ki, prezidentlər Qasım-Jomart Tokayev, Şavkat Mirziyoyev və Sadır Japarov sammitdən bir gün əvvəl ayrılıqda da görüşmüşdülər və bu, region çərçivəsində regional əməkdaşlığın drayveri olan «türk qrupu»nun formalaşdığının göstəricisidir. Bu qrupu ona görə «türk qrupu» adlandırmaq olar ki, bu dövlətlərin hər üçü daha bir birlik – Türk Dövlətləri Təşkilatının (TDT) da fəal üzvləridirlər və bu strukturun gündəliyinin formalaşmasında ciddi rola malikdirlər. Bu məsələlər, şübhəsiz ki, TDT-nin noyabrın 11-də Səmərqənddə keçiriləcək sammitində də diqqət mərkəzində olacaq.
Daha bir maraqlı məqam hətta iyul sammiti ərəfəsində də üç prezidentin qeyri-formal görüş keçirmələri, konsert proqramına qatılmalarıdır. Konsertdə bu ölkə xalqlarına məxsus musiqilər ifa olunmuşdu və Qazaxıstan prezidentinin mətbuat xidmətində hesab edirlər ki, bu, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın «birliyinin, mədəni yaxınlığının növbəti göstəricisi sayılmalıdır».
Artıq yaxınlaşma ilə bağlı daha konkret razılaşmaların təməli adlandırılan razılaşmanın mətninin də bu qrupun üzvləri arasında əməkdaşlıq nəticəsində ortaya çıxdığını demək olar.
Razılaşmaya əsasən, tərəflər üzərlərinə bir sıra öhdəliklər götürüblər:
- müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə təhdidlərin qarşısının alınmasında qarşılıqlı olaraq hərtərəfli dəstəyin və yardımın göstərilməsi;
- öz aralarındakı dövlətlərarası münasibətlərdə güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinilməsi, razılaşmanı əldə etmiş dövlətlərə qarşı olan hər hansı hərbi ittifaqlara, bloklara və digər dövlətlər birliyinə qoşulmamaqla bağlı öhdəlik götürülməsi, həmçinin tərəflərdən hər hansı birinə qarşı yönəlmiş əməllərdə iştirak edilməməsi;
- mübahisəli məsələlər yaranan zaman razılaşmanı əldə etmiş ölkələr onu qarşılıqlı hörmət, anlaşma ruhunda, birmənalı olaraq dinc, diplomatik dialoq yolu, həmçinin ehtiyac yaranacağı halda müvafiq əməkdaşlıq mexanizmlərinin yaradılması ilə çözməlidir və s.
Qeyd etmək lazımdır ki, Türkmənistan və Tacikistan liderləri sənədin imzalanmasından imtina edib, onu «dövlətdaxili prosedurların başa çatmasından sonra» imzalayacaqlarını bildiriblər.
Ola bilsin ki, Türkmənistan lideri Sərdar Berdıməhəmmədovun mövqeyinə sənəddə formulun çox dəqiq olması təsir göstərib. Bu, onun tərəfindən davamlı neytrallıq siyasətindən imtina kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, onun ölkəsi doxsanıncı illərdən bu siyasətə sadiqdir. Prezident Emoməli Rahmona gəlincə, Qırğızıstanla sərhəd münaqişəsinin yaşandığı indiki şəraitdə bu formul Tacikistan tərəfinin əl-qolunu ciddi şəkildə bağlaya bilərdi, bunun isə həll olunmamış sərhəd mübahisələri fonunda zəiflik kimi qiymətləndiriləcəyi istisna deyil.
Qırğızıstan XİN-nin rəsmisi Avazbek Ataxanovu sənədi şərh edərkən bildirib ki, bu, baza razılaşmasıdır və inteqrasiya haqda danışıqlar onun əsasında aparılacaq.
Dezinteqrasiya təhlükəsi
Doğrudur, ayrı-ayrı oyunçular, məsələn, Qırğızıstanla Tacikistan arasında anklav ərazilərlə bağlı ciddi ziddiyyətlərin olduğu şəraitdə tam inteqrasiya haqda danışmaq çətindir. Bundan başqa, Qırğızıstanın müdafiə naziri bu yaxınlarda açıq şəkildə bildirib ki, qonşu ölkələrin sərhəd problemlərinin həllində «münsiflər məhkəməsi, məsələn, KTMT iştirak etməlidir». Hesab olunur ki, regionda kənar təsirlərə ən çox məruz qalan paytaxt Bişkekdir. Məsələn, burada regionun digər ölkələri ilə müqayisədə, Rusiyanın təsiri daha çox hiss edilir. Yardım mexanizmi kimi KTMT-yə müraciət də bununla izah oluna bilər. Daha əvvəl – yanvarda isə Qazaxıstanda daxili sabitliyin bərpasında iştirak etmişdi.
Məlumdur ki, bir müddət əvvəl Qırğızıstana ABŞ-dan olan hərbi nümayəndə heyəti də səfər edib. Onlar ölkənin Tacikistanla sərhədində yerləşən Batken vilayətinə baş çəkmişdilər. O zaman Qırğızıstan müdafiə nazirinin müavini tərəfindən müşayiət olunan amerikalı hərbçilərə son insidentlər haqda məlumat verilmişdi.
Qırğızıstan tərəfi bildirir ki, səfərə zərurət texniki yardım, o cümlədən FHN üçün texniki yardımların əldə edilməsi üzündən yaranmışdı. Lakin bunun həm də son hadisələrlə, həmçinin Bişkekin hərbi məqsədlərini həyata keçirmək üçün Vaşinqtondan hərbi-texniki yardım almaq istəyilə bağlı olduğunu da inkar etmək mümkün deyil.
Sərhəd mübahisələrinin çözülməmiş qalması bilavasitə Qazaxıstanın iştirakı ilə təşkil edilmiş MDB-nin oktyabr toplantısının, həmçinin «Rusiya-Mərkəzi Asiya» sammitinin də əsas müzakirə mövzularından olub. Qazaxıstan tərəfinin bu sammitləri təşkil etməklə, gündəmi müəyyənləşdirməyə çalışdığı istisna deyil. Məqsəd, yəqin ki, sərhəd problemlərinin əsas müzakirə mövzusu olaraq qalmasına nail olmaq idi. Məsələn, «Rusiya-Mərkəzi Asiya» sammitində bu məsələni qaldıran Qazaxıstan prezidenti bildirib ki, sərhəd problemlərinin həlli yalnız sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsinə riayət olunmaqla tapılmalıdır. Son zamanlar bəzi rusiyalı siyasətçilər regionda SSRİ-dən qalma ərazi bölgüsü ilə razı olmadıqlarını açıq şəkildə dilə gətirirlər. Şimali Qazaxıstanın tarixən Rusiyaya məxsusluğunu deyənlər də var.
Qazaxıstan tərəfi isə bu yolla Mərkəzi Asiya regionunda sərhədlərin təftişinə istənilən cəhdin Astana tərəfindən qəbul olunmayacağını, onun müqaviməti ilə qarşılaşacağını açıq şəkildə ortaya qoyub.
Əlbəttə, hamı üçün ümumi olan risklər və çağırışlarla mübarizə üçün yanaşmalar eyni olmalıdır. Hələlik isə bu, müşahidə edilmir. Üstəlik, ayrı-ayrı dövlətlər regional problemlərin həllində hələ də kənar yardımlara üz tutmağa meyillidir. Bu halda sırf regional problemlərin yalnız daxili əməkdaşlıq mexanizmləri vasitəsi ilə çözülə biləcəyindən danışmaq tezdir. Güman ki, tərəflər bunu anlayır və yaxın perspektivdə öz güclərinə əsaslanan daha dayanıqlı təhlükəsizlik sistemi yaratmağa ümid edir.
Bu, tez və asan başa gəlməyəcək. Amma görünən odur ki, prosesə start verilib.
MƏSLƏHƏT GÖR: