19 Dekabr 2024

Cümə axşamı, 16:41

DÜNYA KUBOKUNDA GÜMÜŞ

Azərbaycan milli komandası Bakıda keçirilən Dünya kubokunda ikinci olub

Müəllif:

15.11.2022

Uzun fasilədən sonra Azərbaycan paytaxtı növbəti dəfə güləş üzrə beynəlxalq yarışa ev sahibliyi etdi. Bu dəfə Bakı yunan-Roma güləşi üzrə Dünya kubokunu qəbul etdi. Dünya çempionatından sonra əksər ölkələr titullu idmançılarına istirahət verdiyinə görə turnirdə cəmi 5 komanda iştirak etdi.

Dünya kuboku uğrunda yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan və dünya yığması mübarizə apardı. Turnirdə iştirak etməli olan Serbiya yığması güləşçilərin kütləvi şəkildə koronavirusa yoluxması səbəbindən yarışa gələ bilmədi. A və B qrupunda baş tutan ilk mərhələdən sonra Azərbaycan və İran komandaları finala vəsiqə qazandı. Bürünc medal uğrunda yarış isə Türkiyə və Dünya yığması arasında oldu. Bürünc medal uğrunda görüş bərabər səviyyədə keçdi. Yekun hesab 5:5 oldu. Lakin fərdi görüşlərdə dünyanın müxtəlif ölkələrindən seçilən pəhləvanlar daha böyükhesablı qələbələr qazandıqları üçün bürünc medala sahib oldular.

 

Gərgin şəraitdə

Final gözlənildiyi kimi, olduqca gərgin mübarizə şəraitində baş tutdu. Güləşçilərimizin ilk görüşləri uğurlu alındı. İkiqat dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) Puya Dad Marza 4:1 hesabıyla qalib gəldi. Nihat Məmmədli (60 kq) çox çalışsa da, Mehdi Necada minimal hesabla məğlub oldu - 4:5. Təəssüf ki, Taleh Məmmədov (63 kq) İman Məhəmmədiyə müqavimət göstərə bilmədi - 0:8.

Həsrət Cəfərovun Seyid Söhrabi ilə görüşü azarkeşlərin böyük marağına səbəb oldu. Gənc güləşçimizin gözəl fəndlə 4 xal qazandığı epizodda tribunalardakı coşqunu görməyə dəyərdi. Onun qələbəsi (5:1) ümumi hesabı bərabərləşdirdi - 2:2. Ülvi Qənizadə (72 kq) minimal fərqlə Məhəmmədrza Rüstəmini üstələdi - 4:3. Sənan Süleymanov (77 kq) növbəti dəfə gözəl güləş nümayiş etdirərək azarkeşləri sevindirdi. Ciddi zədəsi olmasına baxmayaraq, Sənan Süleymanov Arif Həbibullahi üzərində inamlı qələbə qazandı - 7:1. Təcrübəli Rafiq Hüseynov (82 kq) Məhəmmədhüseyn Mahmudidən güclü oldu - 5:1.

Artıq ümumi hesab 5:2 idi və Azərbaycan millisinə yekunda kuboku qazanmaq üçün cəmi 1 qələbə qazanmaq kifayət idi. Təəssüf ki, ağır çəkilərdəki təmsilçilərimiz bu missiyanın öhdəsindən gələ bilmədi. Murad Əhmədiyev Əbülfəzl Çobaniyə minimal fərqlə (1:2) məğlub oldu. Digər iki çəkidə uğur qazanmaq ümid yaratsa da, sonda pəhləvanlarımız qələbə xalını əldə edə bilmədi. Həm Arif Abdullayev (97 kq), həm də Beka Kandelaki (130 kq) görüşə çox yaxşı başlamasına baxmayaraq, yekunda qələbə qazanmağa gücləri çatmadı. Görüş İran yığmasının qələbəsi ilə yekunlaşdı. Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün (görüşlərdəki nəticələr toplanaraq ümumi hesaba təsir edir) komanda qızıl medala yiyələndi.

Beləliklə, millimiz Dünya kubokunu gümüş medalla başa vurdu. Finalda həlledici görüşlərdə məğlubiyyəti psixoloji hazırlıqda olan problemlərlə əlaqələndirmək olar. Uzun müddətdir ki, beynəlxalq yarışlarda iştirak etməyən yığmada hazırda nəsil dəyişikliyi prosesi gedir. Gənclər psixoloji cəhətdən məsuliyyəti üzərlərinə götürməkdə çətinlik çəkirlər. Bu, məşqçiləri ciddi düşündürməlidir. Eyni problem Serbiyada keçirilən Dünya çempionatında da özünü göstərib. Problemlərin həll olunmaması pəhləvanlarımızı Paris Olimpiadasında medalsız qoya bilər.

Digər mühüm səbəb ağır çəkidə yüksək səviyyəli güləşçimizin olmamasıdır. Federasiya problemi legionerləri dəvət etməklə həll etməyə çalışsa da, istəyinə çatmadı. Əksər idman növlərində olan ağır çəki problemi güləşdə də həll olunmayıb.

 

Rəqabət olmayan yerdə qalibiyyət yoxdur

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanovun sözlərinə görə, ilin sonuna kimi zədəli güləşçilərin sayı artıb və bu, onların çıxışlarına təsir göstərib: “Aşağı çəkilərdə rəqabət yaxşıdır. Bunun nəticəsində onlarda inkişaf var. Güvəndiyimiz, nəticə gözlədiyimiz çəkilərdəki güləşçilər yaxşı çıxış etdilər. Bu komanda Avropa çempionu oldu, Dünya çempionatının mükafatını qazandı, bu yarışda isə finala çıxdı”.

O vurğulayıb ki, Dünya yığmasının heyətində ən güclü güləşçilər yer almışdı: “Dünya yığmasını məğlub etdik, amma finalda İrana məğlub olduq. Düşünməli, nəticə çıxarmalı, analiz etməli bir çox məsələlər var. Məşqçilərlə birlikdə bunun üzərində işləyəcəyik. Yüngül çəkilərdə rəqib qarşısında üstünlük qursaq da, sonradan bu üstünlüyü əldən verdik. 97 kq-da Arif Niftullayevdən qələbə gözləyirdik. Amma o elə səhvə yol verdi ki, belə xətaları bu kimi yarışlarda bağışlamırlar. Dünya çempionatında o, əla mübarizə aparmışdı və üçüncü yeri tutmuşdu. Orada, demək olar ki, bütün rəqibləri Dünya çempionatının və Olimpiadaların mükafatçıları idilər. Burada isə ola bilsin ki, psixoloji olaraq nəsə çatmadı. Bir az dincəlib özümüzə gələndən sonra bir daha aydınlaşdıracağıq”.

Onun sözlərinə görə, Beka Kandelaki görüş ərzində önə keçsə də, sonradan bu üstünlüyünü qoruyub saxlaya bilmədi və rəqibinə hansısa fəndlə deyil, sadəcə dəfələrlə xalçadan kənara çıxarılmaqla məğlub oldu: “Belə yarışlarda qalib gəlmək üçün superağır çəkidəki idmançılarımız məşqlərdə daha çox çalışmalıdırlar. İdmançı gərək qələbə qazanmaq, uğur əldə etmək üçün cəhd etsin, iddialı olsun. Doğrudur, yunan-Roma güləşçisi gərək fiziki cəhətdən də güclü olsun, amma fəndlərdən istifadə etmək də önəmlidir. Məşqlərdə kim ki çalışır, əziyyət çəkir, mübarizə aparırsa, məhz o, nəticə əldə edir. Kiçik çəkilərdə belə rəqabət var deyə nəticə də var. Ağır çəkilərdə isə bu aqressiya, bu əzmkarlıq yoxdur. Məşq prosesini yaxşı səviyyədə keçirmirsənsə, yarışda da istədiyin nəticə alınmayacaq”.



MƏSLƏHƏT GÖR:

147