24 Noyabr 2024

Bazar, 12:52

XERSONU TƏRK ETMƏK

Yeganə vilayət mərkəzinin itirilməsi münaqişənin hərbi-siyasi məcrasını ciddi şəkildə dəyişəcək

Müəllif:

15.11.2022

Ukrayna ordusunun Rusiya ilə müharibənin başlamasından bu yana rus qoşunlarının nəzarətdə saxladığı yeganə vilayət mərkəzini azad etməsi bütünlükdə müharibə kampaniyasının dönüş nöqtəsi sayıla bilər. Bu hadisədən sonra Ukraynada vətənpərvərlik ruhunun yüksəlməsi və ölkənin beynəlxalq nüfuzunun artması ilə yanaşı, artıq bunun Ukraynanın ərazi bütövlüyünün tam bərpasına aparan yolun başlanğıcı olduğuna dair fikirlər daha ucadan eşidilməyə başlayıb.

 

Xersondan Krıma

Ukrayna Silahlı Qüvvələrinin (USQ) cənub istiqamətində əks-hücuma hazırlaşdığı haqda söhbətlər çoxdan – yaydan etibarən gedirdi. Lakin Kiyev hadisələri sürətləndirməyə tələsmir, yəqin ki, bu istiqamətdə hücumun şərq cəbhəsində mövqeləri zəiflətməməsi üçün vəziyyəti detallı şəkildə təhlil edirdi. Ümumilikdə artıq payızda bütünlükdə cəbhə xətti sabitləşmişdi. Müşahidəçilər yekdilliklə bildirirdilər ki, Ukrayna qoşunlarının hazırlıq səviyyəsi, texniki təchizatı artıb və bu, şübhəsiz ki, döyüşlərin nəticələrinə də öz təsirini göstərir. Beləliklə, Qərbin Ukraynaya miqyaslı hərbi və siyasi dəstəyi artıq nəticələrini verməyə başlamışdı. Bu gün artıq Ukrayna ordusu istər imic, istərsə də hərbi hazırlıq səviyyəsinə görə Rusiya qoşunlarından xeyli güclü və uğurlu təsir bağışlayır.

Ukrayna ordusunun Rusiya qoşunlarının mövqelərinə şərqdə, xüsusilə də cənubda etdiyi davamlı hücumlar burada hərbi-strateji vəziyyətin ciddi şəkildə dəyişməsinə yol açmışdı. Dnepr çayının sağ sahilini müdafiə edə bilməyən və Ukrayna ordusunun miqyaslı əks-hücuma hazırlaşdığını nəzərə alan Rusiyanın hərbi-siyasi rəhbərliyi, nəhayət, Xerson və ətraf rayonlardan geri çəkilmək qərarına gəlib.

Kiyevdə əvvəlcə Moskvanın bu niyyətinə skeptik yanaşır, insanları yayılan bu xəbərlərə inanmamağa çağırırdılar. ABŞ isə öz növbəsində, artıq Rusiya qoşunlarının Xersonu tərk etməyə başladığına dair ilk əlamətlərin müşahidə olunduğunu bildirirdi. Bu prosesin bir neçə həftə çəkə biləcəyi də proqnozlaşdırılırdı. Amma bu proqnoz özünü doğrultmayıb və cəmi 1 sutka sonra Ukrayna ordusu şəhərə daxil olub. Orada qalan sakinlər USQ-ni alqışlarla qarşılayıb.

Xersonu məcburi şəkildə tərk etməklə yanaşı, Rusiya qoşunlarının vəziyyətini göstərən daha bir vacib məqam Krımın müdafiəsinə hazırlıq haqda xəbərlərdir. KİV məlumat verir ki, Krımın şimal hissəsində artıq səngərlərin qazılmasına başlanılıb. Məsələn, Krımla Xerson vilayəti arasında, Or bərzəxindəki Armaynsk şəhəri yaxınlığındakı «Cankoy» nəzarət-buraxılış məntəqəsində yeni istehkamlar peyda olub. Fəal şəkildə yeni müdafiə qurğularının yaradılmasına Xerson vilayətində, məsələn, Qeniçesk şəhərinə aparan yolun üzərindəki Novotroitskoe kəndi yaxınlığında da rast gəlinir.

 

Danışıqlardan söhbət gedə bilməz

Görünən odur ki, rusiyalı hərbçilər Ukrayna ordusunun cənub istiqamətində uğurları davam etdirərək, ilk imkanda Krıma nəzarəti bərpa etməyə çalışacağını düşünür. Ümumilikdə USQ əks-hücumlarla rusların ələ keçirdikləri ərazilərin yarısını geri qaytarıb. Analitiklərin məlumatına görə, hazırda Rusiya tərəfi Ukrayna ərazisinin 124 min kvadrat kilometrdən böyük hissəsinə nəzarət edir. Bununla yanaşı, noyabrın 6-na olan məlumata görə, Ukrayna hərbçiləri 75 min kvadrat kilometr ərazini azad edib. Bu, Ukraynanın 2014-cü ildən Rusiyanın nəzarətində olan ərazisinin 37%-i və ya 24 fevral 2022-ci ildən sonra Moskvanın nəzarətinə keçmiş ərazilərin 50%-idir.

Lakin bu uğurlar Kiyevə asan başa gəlmir. Müharibənin ağırlığı əsasən Ukraynanın çiyinlərindədir. Ölkənin şəhər və kəndləri hər gün miqyaslı şəkildə atəşə tutulur, kritik infrastruktur məhv edilir. Oktyabrın 10-dan Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu da bombalayır və nəticədə, ölkə enerji gücünün 30%-dən çoxunu itirib. Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətlərindən birində bildirib ki, ölkədə 4,5 milyondan artıq insan elektrik enerjisindən məhrumdur. Onun sözlərinə görə, bu mənada ən ağır vəziyyət Kiyev şəhərində və Kiyev vilayətində müşahidə olunur.

Müşahidəçilər hesab edir ki, cəbhədə Ukrayna tərəfinə adekvat və effektiv cavab verə bilməyən Moskva onun infrastrukturunun və USQ-nin arxa cəbhədən təchizatının zəiflədilməsinə çalışır. Lakin görünən odur ki, insanlar ölkə hakimiyyətinə dəstəyi davam etdirir, üstəlik, Rusiyanın əməllərinə etiraz, Moskvaya nifrət gündən-günə artır.

Rusiyanın Xersonu tərk etmək qərarı ilə praktik olaraq eyni vaxtda Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova rusların Kiyev ilə «hazırkı reallıqlar nəzərə alınmaqla» danışıqlara hazır olduğunu bəyan edib. Ona Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko cavab verib. Nikolenko bildirib ki, Moskva Ukrayna ilə danışıqlar haqda bəyanatlarla sadəcə, manipulyasiya edir. Bu üzdən də Kiyev Rusiya ilə danışıqları növbəti dəfə rədd edib.

Danışıqlar mövzusunu növbəti dəfə Fransa prezidenti Emmanuel Makron qaldırıb. Qahirədə noyabrın 8-də keçirilən ekoloji sammitdə bu haqda danışan Makron bildirib ki, müzakirələr Kiyevin müəyyənləşdirdiyi şərtlərlə, lakin «radikal şərtlər olmadan» aparılmalıdır.

Daha əvvəl isə İtaliyanın «La Repubblica» qəzeti yazırdı ki, Ukraynanın avropalı müttəfiqləri onun Xerson vilayətini geri qaytardıqdan sonra Rusiya ilə danışıqlara başlamasını mümkün sayır. NATO-nun baş katibi Yens Stoltenberq isə Ukraynanın Rusiya ilə danışıqlarda mümkün uğurunun döyüş meydanındakı vəziyyətdən asılı olduğunu bildirib.

Bir müddət sonra məsələyə V.Zelenski də münasibət bildirib. Onun sözlərinə görə, ruslar Ukraynanın işğal olunmuş ərazilərindən çəkilər və «dəhşətli yanlışlığa yol verdiklərini» etiraf edərlərsə, Kiyev Moskva ilə dialoq formatı tapa bilər.

Yeri gəlmişkən, Qərb ölkələri arasında bu məsələ ilə bağlı fikir ayrılıqları var. Aİ-nin belə demək mümkünsə, «köhnə üzvləri»nin rəhbərləri Kiyevlə Moskva arasında real danışıqların başlanmasına meyillidirlər. Şərqi Avropa ölkələri kimi «yenilər», həmçinin ABŞ ilə Böyük Britaniya isə indiki mərhələdə dialoq ideyasını dəstəkləmirlər.

 

ABŞ-da seçki: Ukraynaya dəstək müzakirə olunmur

Bu arada, Birləşmiş Ştatlarda aralıq seçki keçirilib. Onun nəticəsi Ukraynadakı vəziyyətə də təsir göstərə bilər. Söhbət ilk növbədə, bu ölkəyə maddi yardımın göstərilməsi perspektivindən gedir.

Zelenski seçki ərəfəsində ABŞ-ı respublikaçıların mümkün qələbəsinin yaratdığı narahatlıqlar fonunda Ukraynaya dəstək məsələsində vahid mövqedən çıxış etməyə əbəs yerə çağırmayıb. Kiyevdə düşünürlər ki, demokratlar Nümayəndələr Palatası və Senata nəzarəti itirərlərsə, ABŞ-ın Ukraynaya göstərdiyi miqyaslı maddi və hərbi yardım azala bilər.

Bununla yanaşı, çoxları bu narahatlığın əbəs olduğu qənaətindədir. Çünki respublikaçıların əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Hətta bu, demokratlarla respublikaçıların maraqlarının üst-üstə düşdüyü azsaylı mövzulardandır. Lakin aralıq seçki ərəfəsində Respublikaçılar Partiyasının bəzi görkəmli nümaynədələri, xüsusilə Donald Tramp qanadının təmsilçiləri Kiyevə maliyyə yardımının davam etdirilməsinin məqsədəuyğunluğunu şübhə altına alan fikirlər səsləndiriblər. Sağçı populist-respublikaçı Marcori Teylor Qrin Trampın Ayovada oktyabrda keçirilən mitinqində bildirib ki, seçkini respublikaçıların qazanacaqları təqdirdə «Ukraynaya bir qəpik də çatmayacaq», çünki ABŞ-ın maraqları birinci sırada olacaq. Nümayəndələr Palatasındakı respublikaçı azlığın lideri, çoxlarının spiker postunda gördüyü Kevin Makkarti isə deyib ki, Ukraynanın dəstəklənməsi vacib olsa da, Konqresə respublikaçıların nəzarət edəcəkləri təqdirdə əvvəlki qeyd-şərtsiz yardımdan söhbət getməyəcək. Amma başqa respublikaçılar bu bəyanatı tənqid ediblər.

Bütün bunların fonunda Trampın havadarları (söhbət 15-dək respublikaçının birləşdiyi MAGA (Make America Great Again) qrupundan gedir) məğlub olub, çoxları isə gözlənildiyindən az səs qazanıb. Ukraynaya hazırkı yardımı tənqid edən əsas simalar isə məhz bu şəxslərin sırasında yer alır. Qeyd edək ki, Kiyevə yardım tempi və miqyasının qorunub saxlanılmasına tərəfdar olan siyasətçilər daxildə Trampçılara ciddi müxalifətçilik edirdi. Sabiq vitse-prezident Mayk Pens is Ukrayaya fəal dəstək çağırışı belə, etmişdi. Bu da son deyil. Nümayəndələr Palatasının silahlı qüvvələrlə iş komitəsinin üzvü Maykl Uolts respublikaçıların əksəriyyətinin Ukraynaya yardımı dəstəklədiklərini deyirdi. Bu mövqeyi respublikaçılardan olan bir neçə əsas senatorlar, o cümlədən onların Senatdakı lideri Mitç MakKonnell də dəstəkləyirdi.

ABŞ şübhəsiz ki, Ukraynanın ən nəhəng maliyyə sponsorudur. Müharibənin başlamasından sonra Vaşinqton Kiyevə 18,9 milyard dollarlıq yardım göstərib ki, bu da Ukraynanın avropalı müttəfiqlərinin ayırdığı yardımdan təxminən 2 dəfə çoxdur.

Amma respublikaçıların qələbə 4 ilə Ukraynaya yardım əlavə razılaşdırma prosedurları və vəsaitlərin istifadəsinə daha ciddi nəzarətlə müşahidə oluna bilər. Məsələn, yuxarıda adını çəkdiyimiz konqresmen Kevin Makkarti bildirib ki, respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ alarsa, qanunvericilər əvvəlkitək Ukraynaya yardımla bağlı yeni qanunları «ağına-bozuna baxmadan» dəstəkləməyəcək. Nəzərə alsaq ki, daha mühafizəkar deputatların bəziləri ümumiyyətlə, yardımın dayandırılmasını istəyir, bu, prezident Baydenin Ukraynaya yardımın artılırması ilə bağlı yeni tələbi ətrafında qızğın mübahisələrə yol aça bilər. «Mən Ukraynanı çox dəstəkləyirəm», - deyə Makkarti bildirib: «Lakin düşünürəm ki, gələcəkdə ciddi hesabatlarımız olmalıdır. …Biz hər zaman əmin olmalıyıq ki, vəsait lazım olan yerə gedir. Əmin olmaq lazımdır ki, Konqess və Senat açıq müzakirə etmək imkanına malikdir».

Moskvada isə ABŞ Konqresi və Senatında çoxluğun respublikaçılara keçəcəyi təqdirdə belə, Vaşinqtonun Ukraynaya yardımının zəifləyəcəyini gözləmirlər. Demək, Ukrayna ordusunun əks-hücumları dayanmayacaq.

Ukrayna prezidenti Volodimir Zelenski Xersonu nazad olunması ilə bağlı videomüraciətində bildirib ki, bundan sonra Ukrayna ordusunu Donbass və Krımda da qarşılayacaqlar, demək, artıq Kiyev üçün ərazi bütövlüyünün tam bərpası zaman məsələsidir.



MƏSLƏHƏT GÖR:

121