Müəllif: Nadir SƏNANOĞLU
Azərbaycan taekvondosu islahatlar dövrünü yaşayır. Uzun illər ərzində nüfuzlu yarışlardan medallarla qayıdan taekvondo üzrə milli komandamız cari mövsüm yenilənməyə başlayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan yığması ilin əsas yarışında zəif nəticə ilə yadda qalıb.
Qvadalaharada təşkil olunan Dünya çempionatında 122 ölkədən 755 idmançı mübarizə aparıb. 8 taekvondoçu ilə təmsil olunan milli komandamızda titullu idmançılar yer almayıb. Qadın taekvondosunda əsas ümidlərdən sayılan Fəridə Əzizova zədə səbəbindən mundiala qatılmayıb. İkiqat dünya çempionu, Rio Olimpiadasının qalibi Radik İsayev və olimpiya mükafatçısı Milad Beiqi Harçeqani də heyətə cəlb olunmayıb. Son aylar intizam qaydalarını pozan titullu taekvondoçularımız məşqçilər korpusu tərəfindən cəzalandırılıb. Ardıcıl qaydalara riayət etməyən idmançıların gələcək karyerası da sual altındadır. Belə ki, hər iki taekvondoçunun karyerasını başa vuracağı gözlənilir.
Dünya çempionatına yollanan səkkiz idmançıya gəlincə, onlar da ümidləri doğrultmayıblar. Olimpiya oyunlarının bürünc mükafatçısı Patimat Abakarova, İslam Oyunlarının gümüş medalçısı Minaya Əkbərova, İslam Oyunlarının bürünc mükafatçısı Həşim Məhəmmədov, yığmada debüt edən Sədri Həmidrza, Səyyad Dadaşov, Eltac Qafarov və Taleh Süleymanov Vətənə medalsız qayıdıblar. İdmançıların əksəriyyəti erkən mərhələdə uduzmaqla Dünya çempionatına hazır olmadığını göstəriblər.
Ağayevə ümidlər
Azərbaycan millisi ilin əsas yarışında cəmi 1 mükafat qazanıb. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev bürünc medala sahib çıxıb. O, ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Çonu üstələyib. Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb. Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub. Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub. Bu medal mundialda tək sevincimiz kimi yadda qalıb. Qeyd edək ki, ötən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl və 1 bürünc medal əldə etmişdi.
Yığma komandanın mundialda zəif çıxışını qənaətbəxş saymaq olmaz. Amma əsas səbəb kimi millidə başlanan islahatları göstərmək mümkündür. Azərbaycan Taekvondo Federasiyası millinin baş məşqçisinə güvənir və onun qərarlarını dəstəkləyir. Məhz ona görə titullu idmançılar millidən kənarlaşdırılanda məşqçi heyəti tutarlı səbəblərin olduğunu bildirmişdilər.
Radik İsayev və Milad Beiqi Harçeqaninin pandemiyadan sonra məşqlərdə görünməməsi artıq müəyyən suallara səbəb olmuşdu. Bəziləri İsayevin karyerasını başa vurmağı düşündüyünü, digərləri isə Miladla hər ikisinin məvacibin artırılmasını tələb etdiyini bildirirdilər. Hələ 2018-ci ildə başlayan problemlər son 4 ildə həll olunmayıb. Görünür, Radik, Milad və digər taekvondoçular “ulduz” xəstəliyinə tutulublar. Məşqlərə qeyri-ciddi münasibət, idman rejiminin pozulması sonda bu vəziyyətin yaranmasına səbəb olub. Hazırkı məqamda məşqçi heyəti hər ikisini kənarlaşdırmaqla yığmada heç kimin əvəzolunmaz olmadığını göstərib.
Həll edilməli olan problemlər
Kişi taekvondoçularından ibarət Azərbaycan millisinin baş məşqçisi Rza Mehmandost Dünya çempionatının nəticələrinin təhlil olunduğunu və lazımi qərarların veriləcəyini söyləyib. Onun sözlərinə görə, hazırda millinin müəyyən zamana ehtiyacı var. Federasiya və məşqçi heyəti komandanın Bakıdakı Dünya çempionatına tam hazır olması üçün lazımi addımları atacaq.
Böyüklərdən fərqli olaraq yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi son yarışda sevindirici nəticələr əldə edib. Komandamız Maltanın paytaxtı Vallettada start götürən Avropa çempionatının ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb. Qızlardan 29 kq-da çıxış edən Zəhra İsayeva qızıl, 37 kq-da yer alan Xuraman Cavadzadə gümüş medala layiq görülüb.
Taekvondo üzrə Azərbaycan milli komandasının vəziyyəti düzəltmək üçün zamanı çox deyil. Növbəti Dünya çempionatı 2023-cü ildə Azərbaycan paytaxtı Bakıda təşkil olunacaq. Mötəbər yarışda doğma şəhərdə təşkil olunduğuna görə azarkeşlər yığmadan daha ciddi nəticələr gözləyirlər. Bu mənada islahatları sürətləndirmək və konkret addım atmaq vacibdir. Bütövlükdə millinin gəncləşməsi başa düşülən və gələcəyə hesablanmış qərardır. Gələn il Dünya çempionatı, iki il sonra isə Paris Yay Olimpiadası keçiriləcək.
Hazırda mötəbər taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək güclü idmançının olmadığı dəqiqdir. Gələcəkdə necə olacağını Bakıdakı Dünya çempionatı göstərəcək.
MƏSLƏHƏT GÖR: