Müəllif: Ağasəf NƏCƏFOV
İkinci Qarabağ müharibəsində qələbədən iki ildən bir qədər çox vaxt ötür. Bu nisbətən qısa müddət ərzində Azərbaycan işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirir. Ölkə hökuməti yaxın 5 ildə Qarabağ regionuna 35 minə yaxın ailənin köçürülməsini təmin etmək üçün bu prosesi sürətləndirməyə çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin Sərəncamı ilə idarələrarası əlaqələndirmənin və dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi üzrə kompleks tədbirlərin nəzərdə tutulduğu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”təsdiq edilib.
Əsas donor dövlətdir
Azərbaycan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinin dirçəldilməsi üçün genişmiqyaslı proqram həyata keçirir. Bu proqram çərçivəsində lazımi işlərin görülməsinə təkcə Azərbaycan şirkətləri deyil, həm də Türkiyə, Böyük Britaniya, Aİ ölkələrindən, İsraildən, postsovet ölkələrindən onlarla podratçılar və avadanlıq tədarükçüləri cəlb olunub. Bu işlər, demək olar ki, tamamilə dövlət büdcəsindən maliyyələşdirilir. Birgə səylərlə nəqliyyat, energetika, kommunal infrastruktur bərpa olunur, istehsalat obyektləri inşa edilir, şəhər və kəndlər yenidən qurulur.
Region üçün misli görünməmiş iri “Qarabağ quruculuğu layihəsi”nin miqyası həm aparılan infrastruktur işləri, həm də kapital qoyuluşlarının həcmi ilə dərin təəssürat yaradır. Yeri gəlmişkən, Azərbaycanın maliyyə naziri Samir Şərifovun bu yaxınlarda qeyd edib ki, azad edilmiş ərazilərin bərpası məqsədilə 2021-2023-cü illər üçün ümumi xərclər 9,7 milyard manat təşkil edəcək. Buraya təkcə büdcənin birbaşa maliyyə vəsaitləri deyil, həm də dövlət idarələrinin və şirkətlərinin vəsaitləri, həmçinin özəl investisiyalar daxildir.
Bu məqamda qeyd edək ki, bu gün azad edilmiş ərazilərdə yüzlərlə kilometr yol çəkilib, onlarla körpü və tunellər, elektrik xətləri və yarımstansiyalar tikilib, su, kanalizasiya, qaz və digər kommunal sistemlər bərpa olunur. Eyni zamanda mobil rabitənin, internetin, radio-televiziya yayımının yenidən qurulması ilə bağlı işlər görülür. Üstəlik, beynəlxalq əhəmiyyətli avtomobil yolları, dəmir yolu xətləri və hava limanları da inşa edilir. Məsələn, son iki ildə Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib. 2024-cü ildə Laçın rayonunda da hava limanı tikiləcək. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda avtomobil yollarının və dəmir yolu infrastrukturunun tikintisi üzrə kapital tutumlu proqram həyata keçirilir. Bütün bunlar gələcək Zəngəzur dəhlizinin əsasını təşkil edəcək. 124 kilometr uzunluğa malik olan, Ermənistanla sərhədə qədər uzanan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda işlərin 60%-i həyata keçirilib. Onun istismara verilməsi 2023-cü ilin sonuna planlaşdırılır. Horadiz-Ağbənd dəmir yolunda (110 kilometr) işlərin 40%-i tamamlanıb. Bu dəmir yolunun isə təxminən 2024-cü ildə istismara verilməsi planlaşdırılır.
Ümumiyyətlə, yaxın 5 ildə nəqliyyat kommunikasiyalarının çəkilməsi üzrə əsas işlərin başa çatdırılması planlaşdırılır. 2026-cı ilədək yaşayış məntəqələrində avtovağzalların layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Bundan başqa, Ağdam şəhərinin daxili yolları çəkiləcək, Qarabağda avtonəqliyyat vasitələrinə texniki qulluq və xidmət göstərilməsi üçün obyektlər yaradılacaq.
Eyni zamanda Ağdam, Zəngilan, Cəbrayıl rayonlarında sənaye zonalarının, aqroparkların tikintisinə başlanılıb. Şuşada isə yaşayış və turizm obyektləri tikilir. Bu biznes təşəbbüslərində təkcə yerli investorlar deyil, həm də xarici şirkətlər iştirak edir. Gələcəkdə beynəlxalq donor strukturların da bir çox layihələrdə iştirakı nəzərdə tutulur. Təkcə bu ilin yekunlarına görə, Qarabağa özəl investisiyaların ümumi həcminin 300 milyon manat olacağı gözlənilir.
Hər halda, Azərbaycan dövləti Qarabağ regionunun yenidən qurulmasının əsas donoru olaraq qalır. Azad edilmiş ərazilərdə əsas kapitala (sosial və yaşayış binalarının, infrastrukturun, sənaye obyektlərinin tikintisinə) büdcə investisiyalarının həcmi uzun müddət ərzində azalmayacaq. Bu vəsaitlər milyardlarla dollar həcmində qiymətləndirilir. Məsələn, 2023-cü ilin dövlət büdcəsi layihəsində bunun üçün dövlət əsaslı vəsait qoyuluşları yenidən artırılaraq 3 milyard manat səviyyəsində nəzərdə tutulub.
“Ağıllı” həllər
I Dövlət Proqramında qeyd edilib ki, təxminən, 2 il əvvəl qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ölkənin inkişafının uzunmüddətli məqsədlərinin 5 bəndindən biri kimi işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi nəzərdə tutulur. Məsələn, 2027-ci ilə qədər azad edilmiş ərazilərdə 3500-ə yaxın mənzil və fərdi yaşayış binasının tikintisi planlaşdırılır. Bu mənzil və fərdi yaşayış binalarına isə 34,5 min məcburi köçkün ailəsi mərhələli şəkildə köçürüləcək. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Bu ilin iyulundan indiyədək Zəngilan rayonunda yerləşən “ağıllı kənd”də - Ağalıda 66-ya yaxın ailə (325 nəfər) məskunlaşıb. Burada 87 ev istifadəyə verilib və yaxın bir-iki ildə onların sayı 200-dən çox olacaq. Ağalıda yaşayış obyektlərinin əksəriyyəti ekoloji cəhətdən təmiz materiallardan və “IoT” texnologiyalarından (“ağıllı ev”) istifadə etməklə inşa olunur. Bu kənddə, həmçinin yüksək texnologiyalı kənd təsərrüfatı kompleksinin formalaşdırılması istiqamətində işlər davam etdirilir, İT idarəetməsi ilə kommunal infrastruktur yaradılıb, günəş panelləri quraşdırılıb və bu istiqamətdə, digər işlər həyata keçirilib.
Bu məqamda qeyd edək ki, 2022-ci ilin oktyabrında Zəngilan rayonunda Azərbaycan və Türkiyənin birgə kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark” istifadəyə verilib. Burada “ağıllı” texnologiyalardan fəal istifadə olunur. Aqroparkda artıq 3,5 min baş mal-qaranın saxlanması üçün şərait yaradılıb, yem bazası təşkil olunub.
Bu da son deyil. Yüksək texnologiyalı yaşayış məntəqələrinin yaradılması sahəsində qabaqcıl təcrübənin tətbiqi üçün əsas sınaq meydanına çevrilmiş Zəngilan rayonunda yaxın vaxtlarda daha böyük layihə həyata keçiriləcək. Məsələn, Zəngilan “ağıllı şəhəri”nin baş planının 2023-cü ilin mayında Azərbaycan hökumətinə təqdim edilməsi planlaşdırılır. Bu layihə ilə nəqliyyat, yanğın təhlükəsizliyi, təbii fəlakətlər barədə xəbərdarlıq sistemində, hüquq-mühafizə orqanları və digər dövlət xidmətləri sektorlarında “ağıllı” texnologiyaların tətbiqi nəzərdə tutulur. Üstəlik, şəhərin nəqliyyat sisteminin, park yerlərinin, avtobus dayanacaqlarının inteqrasiya olunmuş idarəetmə mərkəzləri yaradılacaq.
Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd” yaradılır və tezliklə buraya yeni sakinlər köçürüləcək. Turizm infrastrukturunun formalaşdırılacağı Şuşada isə mənzil fondunun müasirləşdirilməsi və binaların tikintisi ilə bağlı layihələr həyata keçirilir. Kəlbəcər, Tərtər rayonlarında, Suqovuşan qəsəbəsində də turizm klasterləri yaradılacaq. Buranın sakinlərinin biznes fəaliyyəti daha çox turizm və istirahət sahəsinə cəlb olunacaq.
Bu məqamda qeyd edək ki, Ağdama xüsusi rol verilir. Bu şəhər Qarabağ regionunun sənaye mərkəzinə çevriləcək. Bu il ilk rezidentlər Ağdam sənaye zonasında investisiya layihələrinə başlayıb, təxminən 10 yeni müəssisənin tikintisinə başlanılıb. Növbəti illərdə Ağdam rayonunun sənayeləşməsi prosesi daha da genişlənəcək. Dövlət proqramı ilə gələcək sakinlər üçün minlərlə iş yerinin yaradılması nəzərdə tutulur. Təkcə sənaye zonasındakı sənaye obyektlərinə 100 milyon dollara yaxın investisiya qoyulacaq. Paralel olaraq bu rayonun bir sıra yaşayış məntəqələrində su anbarları inşa ediləcək, müxtəlif su obyektləri istifadəyə veriləcək, onlarla artezian quyusu qazılacaq, kanalizasiya, qaz, elektrik enerjisi infrastrukturu, o cümlədən sosial, kommunal obyektlər yaradılacaq və evlər tikiləcək.
2027-ci ilədək sadalanan rayonlarla yanaşı, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalıda mənzil, sosial və kommunal obyektlərin tikintisi ilə bağlı proqramlar mərhələli şəkildə həyata keçiriləcək. Təbii ki, bu vaxta qədər bütün yaşayış və sosial obyektlər lazımi işıq, qaz və su kommunikasiyalarına qoşulmalıdır. Xüsusilə SOCAR-ın səyləri ilə 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərini çəkiləcəyi gözlənilir.
Bundan başqa, sənəddə “yaşıl enerji zonası”nın yaradılmasına xüsusi diqqət yetirilir. Bərpa olunan enerji mənbələri sahəsində layihələr ciddi şəkildə təşviq ediləcək. Belə ki, 2026-cı ilə qədər Britaniyanın BP şirkəti ilə birlikdə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının və Laçın və ya Kəlbəcər rayonlarında isə təxminən, 400 MVt gücündə külək elektrik stansiyasının tikintisi planlaşdırılır. “Azərenerji” ASC onlarla kiçik su elektrik stansiyasını bərpa edəcək və istifadəyə verəcək. 2025-ci ilə qədər “Xudafərin” (100 MVt) və “Qız qalası” (40 MVt) su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Sosial aspektlər
Dövlət Proqramının digər, bəlkə də ən mühüm məqsədi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin sürətləndirilməsidir. Bu problem həll olunmasa, vətəndaşların köçürülməsi prosesi və rayonun aqrar-sənaye dirçəlişi xeyli ləngiyəcək. Müharibə başa çatdıqdan sonra 268 nəfərin minaya düşməsini bu məsələnin əhəmiyyətini sübuta yetirir. 2020-ci ilin noyabrından indiyədək 59 min hektardan çox sahə minalardan təmizlənib. Bu dövr ərzində 76 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. “Böyük Qayıdış” proqramının bəndlərinə əsasən, 2026-cı ilədək 280 min hektar ərazi minalardan və digər hərbi sursatlardan təmizlənməlidir.
“Qarşıya qoyulan vəzifələrə uyğun olaraq qarşıdakı illərdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin kadr və texniki potensialı artırılacaq: zəruri avadanlıq, alət və texnikaların alınması nəzərdə tutulub. Agentliyin əməkdaşlarının sayı da artırılır, yeni istehkamçıların, komanda rəhbərlərinin Göygöldəki regional təlim mərkəzində təlimlər davam edir. İstehkamçı işi üzrə də təlimlər keçirilir”, - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib. O, azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz qayıtması üçün bütün lazımi addımların atılacağını vurğulayıb.
Bu arada, Qarabağdakı doğma evlərinə qayıtmağa hazır olan gələcək sakinlərin seçilməsi üçün artıq hazırlıqlara başlanılıb. “Hazırda əhalinin məlumatlandırılması istiqamətində işlər aparılır, qarşıdan gələn “Böyük Qayıdış”ın təşkili ilə bağlı texniki məsələlər həll edilir”, - Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Bu məqsədlə regionda təhsil, tibb, idman və digər sosial infrastrukturların yaradılmasının sürətləndirilməsi nəzərdə tutulur. Məsələn, 2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa olunacaq. Burada 2027-ci ilə qədər isə 1 universitet filialı fəaliyyətə başlayacaq. Qarabağda ambulatoriya- poliklinika müəssisələri də yaradılacaq. Bundan başqa, 2023-2024-cü illərdə olimpiya idman komplekslərinin, universal idman zallarının, o cümlədən 2026-cı ilə qədər Ağdamda “İmarət” stadionunun tikintisinə başlanılacaq.
Bundan əlavə, bir neçə “ASAN xidmət” mərkəzi yaradılacaq, “Təhlükəsiz şəhər” xidməti təşkil olunacaq, “DOST” mərkəzlərinin 7 filialı açılacaq. Bölgənin əhalisi və əmək ehtiyatları ilə bağlı rəqəmsal məlumat bazası yaradılacaq.
Beləliklə, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nı haqlı olaraq həm nəzərdə tutulan məqsədlərin əhatə dairəsinə, həm də dəyərinə görə Azərbaycan tarixində ən böyük proqram sənədlərindən biri adlandırmaq olar. Şübhəsiz ki, biz qısa müddətdən sonra müharibə və dağıntılar nəticəsində yerlə-yeksan olmuş torpaqlarda misli görünməmiş dəyişikliklərin şahidi olacağıq və bu ərazilər ölkənin sosial-iqtisadi həyatının tamhüquqlu “iştirakçısı”na çevriləcək.
MƏSLƏHƏT GÖR: