Müəllif: Nadir SƏNANOĞLU
Azərbaycanın ən qocaman futbol klubu “Neftçi”də ciddi dəyişikliklər baş verib. Əslində, ağ-qaraların rəhbərliyində yeni adın gəlişi gözlənilən idi. Sadəcə mövsümün ortasında reallaşan istefa bir qədər şok effekti yaşadıb.
Dəyişiklik mövsümü
Sirr deyil ki, sovet dövründən əfsanəvi və populyar olan bu Azərbaycan klubu sadəcə olaraq ictimaiyyətin diqqət mərkəzində olmağa məhkumdur. Onun azarkeşləri hər zaman yalnız birinci yer – yəni çempionluq tələb edirlər. Son illər “Neftçi”nin “Qarabağ”ın uğurlu çıxışı fonunda kölgədə qalması bu klubun sadiq azarkeşlərinin narazılığına səbəb olub. Üstəlik, Bakı klubunun uzun müddət avrokubokda nəticə qazanmaması islahatları qaçılmaz edirdi. Sıravi azarkeşlər uğursuzluqda (“Neftçi” çempion olmadıqda mövsüm klub üçün uğurlu sayılmır) məşqçini və rəhbərliyi günahlandırır. Sadalanan məsələlər fonunda klub rəhbərinin dəyişməsi an məsələsi idi.
“Neftçi” klubunun Müşahidə Şurasının növbəti iclasında dəyişikliyə start verilib. Toplantıda növbəti dövr üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında məlumat verilib. Əsas yenilik Müşahidə Şurası ilə bağlı olub. Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin fəaliyyətinə rəsmən son verilib. Kluba Müşahidə Şurasının yeni sədri seçilib: bu post SOCAR prezidenti Rövşən Nəcəfə həvalə edilib.
Bundan başqa, şuranın tərkibi də yenilənib. Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov klubdan ayrılıblar. Bundan sonra “Neftçi” ilə bağlı qərarları Emin Əmrullayev, Orxan Sultanov, Zaur Qəhrəmanov, Elnarə Məmmədova, Hafiz Zeynalov və Səməd Qurbanovdan ibarət heyət verəcək. Onların əksəriyyəti yenidir. Xüsusilə elm və təhsil naziri Emin Əmrullayevin adını bu siyahıda görmək maraqlıdır. Klubun bir sıra rəhbər şəxslərinin də postundan ayrıldığı, yenilərin təyin olunduğu deyilir.
Büdcə məsələləri
Kuluarlarda “Neftçi”nin büdcəsi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Məsələn, SOCAR-ın “Neftçi”yə ayrılan vəsaiti artırmaq niyyətindən bəhs edilir. Son illərdə flaqmanın maliyyəsi yay aylarında təsdiqlənirdi. Bu da transfer prosesinin gec başlamasına səbəb olurdu. İndi isə büdcə yanvarda, yəni dövlət şirkətlərinin hesabat təqdim etdiyi vaxtda təsdiqlənəcək.
Amma “Neftçi” klubunun mətbuat departamentinin rəhbəri Rüstəm Allahverdiyevin fikirləri bu mənada narahatlıq yaradır: “Bizdə klubun büdcəsinin təsdiqlənməsi ilə bağlı hansısa məlumat yoxdu. Bu proses həmişə mayda gerçəkləşir”.
Bundan başqa, hazırda yeni sponsorların cəlb olunması üçün müzakirələr aparılır. “Neftçi”nin maliyyə cəhətdən daha güclü və özünü təmin edən kluba çevrilməsi üçün onun inkişafına SOCAR-dan başqa daha iki sponsorun cəlb olunması nəzərdə tutulur.
Baş məşqçinin taleyi
Əmin olmaq olar ki, yeni rəhbərlik klubun sabit şəkildə çempionluğa oynamasına və avrokubokların qrup mərhələsində mübarizə aparmasına çalışır. Eyni zamanda ağ-qaraların uşaq futboluna böyük önəm verəcəyi gözlənilir. Klubun Bakının qəsəbələrində və rayonlarında filialları olacaq. Buna görə də “Neftçi”nin şəhərin futbol üzrə əsas brendi olması planlaşdırılır.
“Neftçi” Müşahidə Şurasının qış transfer dönəmində yenidən toplaşacağı və növbəti 2 il müddətinə yeni hədəflərin müzakirə ediləcəyi gözlənilir. Konkret olaraq ağ-qaraların baş məşqçisi Laurentsiu Regekampfın işindən narazı olan rəhbərlik yeni adlar barədə düşünür. Məşqçi dəyişikliyinin mövsümün sonunda reallaşacağı gözlənilir. Müşahidə Şurası “Neftçi”nin loqosunu da yeniləməyi düşünür. Bununla bağlı yekun qərar 2023-cü ildə veriləcək.
Azərbaycan Premyer Liqasının 16-cı turunda əsas rəqibi “Qarabağ”a 0-4 hesabı ilə uduzan “Neftçi”nin cari mövsüm çempionluq şansı real deyil. Belə halda rəhbərlik məşqçi heyətindən Azərbaycan Kubokunu qazanmağı tələb edib. Mövsüm titulsuz başa çatacağı halda heyətdə və məşqçi korpusunda dəyişiklik qaçılmaz olacaq.
Xatırladaq ki, 1937-ci ildə yaranan “Neftçi” 9 dəfə Azərbaycan çempionatında qızıl medala layiq görülüb. Son çempionluq 2020/2021 mövsümünə təsadüf edir. “Neftçi” Azərbaycan futbol tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk komanda kimi tarixə düşüb.
MƏSLƏHƏT GÖR: