24 Noyabr 2024

Bazar, 09:57

CƏNAB SİNİN SIÇRAYIŞI

Çinlə ərəb dünyası yeni qlobal düzən uğrunda mübarizədə tərəfdaşa çevrilirlər

Müəllif:

15.12.2022

Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun dəvəti ilə dekabrda Ər-Riyada üç günlük dövlət səfəri edib. Səfər çərçivəsində o, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası üzvlərinin liderlərinin görüşündə, həmçinin onlarla ərəb ölkəsi rəhbərinin qatıldığı ilk Çin-ərəb sammitində iştirak edib. Çin rəhbərinin Səudiyyə Ərəbistanına səfərinin nəticəsi Pekinin Yaxın Şərqə iddialı gəlişidir. Bu, yalnız Çinin ərəb dünyası ilə strateji əməkdaşlığının güclənməsinə yox, həm də qlobal siyasət və iqtisadiyyatda Pekinin ümumi rolunun möhkəmlənməsinə təsirini göstərəcək.

 

Ümumi maraqlar uğrunda əməkdaşlıq

ÇXR ilə ərəb dünyası arasında münasibətlərin genişlənməsində lokomativ rolunu ilk növbədə Çin-Səudiyyə dialoqunun uğurlu inkişafı oynayır. Son illərdə Pekin Səudiyyə Ərəbistanı iqtisadiyyatına ən çox investisiya yatıran ölkəyə, onun aparıcı ticarət tərəfdaşına çevrilib. Səudiyyə Ərəbistanı isə 2005-ci ildən başlayaraq, Çin iqtisadiyyatının əsas investorları sırasında yer alır (12-ci yerdədir). Ümumilikdə Pekin-ərəb dünyası münasibətlərində və konkret olaraq Çin-Səudiyyə münasibətlərindəki bu ciddi təkan xüsusilə enerji sahəsində əməkdaşlıq hesabına təmin edilir. Si Cinpinin Ər-Riyada səfəri zamanı Pekinin Səudiyyə Ərəbistanı, həmçinin Fars körfəzinin neft ixracatçısı olan digər ərəb ölkələri ilə enerji sahəsində əməkdaşlığı əsas müzakirə mövzularından olub ki, bu da təsadüf deyil. Lakin bu səfərin nəticəsi yalnız enerji məsələləri üzündən əlamətdar sayılmır.

İki ölkənin birgə bəyanatının məzmunu kifayət qədər diqqətəlayiqdir. Sənəddə bildirilir ki, tərəflər bir-biri ilə münasibətləri prioritet sayır, milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsində bir-birini qəti şəkildə dəstəkləyir. Eyni zamanda, onlar başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipini də birlikdə müdafiə etmək niyyətindədirlər. Ər-Riyad vahid Çin prinsipinə sadiqliyini xüsusi vurğulayıb. Daha bir vacib məqam isə Səudiyyə Ərəbistanının Çinin təşəbbüsü ilə həyata keçirilən «Kəmər və yol» layihəsinə qoşulmağa dəvət olunmasıdır. Bundan başqa, Pekin Ər-Riyadın irəli sürdüyü «Vizyon-2030», «Yaşıl Orta Şərq təşəbbüsü» və «Yaşıl Səudiyyə təşəbbüsü»nə dəstək ifadə edib. Sonuncu məqam o deməkdir ki, Çinlə Səudiyyə Ərəbistanı inkişaf etmiş ölkələr tərəfindən istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə və tez bir zamanda azaldılmasının və onların iqlim problemlərinin həllində inkişaf etməkdə olan ölkələrə səmərəli maliyyə və texnoloji yardım göstərilməsinin tərəfdarıdırlar.

Çin-Səudiyyə münasibətlərinin genişləndirilməsi istiqamətində gözlənilən praktiki addımlar Strateji tərəfdaşlığa dair hərtərəfli sazişdə də əksini tapıb. Onlar «yaşıl enerji», informasiya texnologiyaları, nəqliyyat və logistika, inşaat və daşınmaz əmlak, tibb kimi sahələrdə 34 investisiya sazişi reallaşdırmaq niyyətindədirlər. Pekin Ər-Riyadla əməkdaşlığa özünün Yaxın Şərq və ərəb dünyasına doğru geosiyasi həmləsində vacib element kimi baxır. Si Cinpin Fars körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının (təşkilatda Səudiyyə Ərəbistanı ilə yanaşı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman yer alır) sammitindəki çıxışında deyib: «Biz ümumi Çin-ərəb maraqlarının irəli çəkilməsi üçün hərtərəfli əməkdaşlığa çalışırıq». Çinlə ümumilikdə ərəb ölkələri arasında ticarət dövriyyəsi həcminin 300 milyard dolları aşdığını deyən Cinpin Pekinin «ərəb ölkələri ilə ümumi gələcəyin qurulması» üzərində işlməyə hazır olduğunu deyib. O, şura üzvü olan ölkələrin rəhbərləri ilə Çin-ərəb azad ticarət zonasının yaradılması, Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş qaz idxalının artırılması ilə 5 il sonra tərəflər arasında «miqyaslı enerji əməkdaşlığının yeni modelinin yaradılması» perspektivlərini də müzakirə edib. O, ərəb liderlərə aerokosmik sahədə də əməkdaşlığın dərinləşdirilməsini təklif edib, bildirib ki, ərəb kosmonavtlar birgə elmi eksperimentlərin həyata keçirilməsi üçün Çinin orbital kosmik stansiyasına uça bilərlər.

 

Qərblə Çin arasında

Aydındır ki, Çinlə ərəb ölkələri arasında elan olunmuş yaxınlaşmanın əsasını birincinin Asiyada və ümumilikdə beynəlxalq işlərdə nüfuzunu artırmaq niyyəti təşkil edir. Qarşı tərəf isə Pekin vasitəsilə ərəb dünyasının siyasi və iqtisadi inkişaf perspektivlərini şaxələndirməyə çalışır. Beləliklə, ümumi hədəf «çoxqütblü dünya» düzəninə dəstək verilməsidir və bu, Çin-Fars körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası sammitində açıq şəkildə ifadə olunub.

Bu mənada, ekspertlərin ABŞ və ümumilikdə Qərbin Çin-ərəb dialoqunun güclənməsində maraqlı olmadığına dair fikirləri təsadüfi deyil. Hər halda, Çinin Yaxın Şərqə belə miqyaslı həmləsi Birləşmiş Ştatların bu regiondakı rolunu zəiflədəcək. Bu, ilk növbədə, ticarət, iqtisadiyyat və texnologiya sahələrinə aiddir. Çinin ərəb ölkələrinə neft və qazı Şanxay birjasında yuan ilə satmaqla bağlı verdiyi təklifin reallaşması da eyni nəticəyə apara bilər. Burada söhbət əslində, dünya iqtisadiyyatının dollardan «xilas olması» prosesinə qoşulmağa çağırışdan gedir. Ər-Riyadın özünün də enerji ixracını, o cümlədən Çin hesabına şaxələndirməsi Vaşinqtonun Səudiyyə Ərəbistanının enerji siyasətindən narazılığını artıra bilər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı bir müddət əvvəl ABŞ-ın istər ölkədə, istərsə də «OPEK+» səviyyəsində neft hasilatını artırmaq təklifini rədd edib və bununla da, Vaşinqtonun onun enerji siyasətindən narazılığı pik həddə çatıb.

Pekinlə Ər-Riyadın Səudiyyə Ərəbistanı şəhərlərində yüksək texnologiyalı komplekslərin inşasına dair razılaşmasının da Vaşinqtonu narahat edəcəyi istisna deyil. ABŞ-da düşünürlər ki, bu prosesdə Çinin «Huawei» şirkətinin iştirakı Amerikanın Fars körfəzi regionunda yeni texnologiyalardan istifadənin təhlükəsizliyi ilə bağlı maraqlarına zərbə vuracaq.

Pekin-Ər-Riyad əməkdaşlığında Birləşmiş Ştatların maraqlarına cavab verməyən daha bir məqam onların müdafiə sahəsində əməkdaşlıq və koordinasiyanı genişləndirmək niyyətidir. Üstəlik, Çin-Səudiyyə Ərəbistanı ikitərəfli müdafiə əməkdaşlığı özündə «atom paketi»ni də əks etdirəcək. Söhbət dinc atom və bərpa olunan enerji mənbələrindən birgə istifadə planlarından gedir. Xatırladaq ki, Amerika kəşfiyyatı Səudiyyə Ərəbistanının Çinin dəstəyi ilə nüvə texnologiyaları sahəsində sıçrayış edə biləcəyinə dair xəbərdarlıqları dəfələrlə səsləndirib. Vaşinqton isə bu perspektivi nüvənin yayılmaması rejiminə zidd hal kimi qiymətləndirib. Bu narahatlığı artıran amillərdən biri də Səudiyyə Ərəbistanının qatı düşmən saydığı İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılaşmanın birdəfəlik pozulacağı təqdirdə nüvə silahı əldə etmək düşüncəsidir.

Məsələnin siyasi tərəfinə gəlincə, ABŞ və ümumilikdə Qərbin xoşuna gəlməyən əsas məqam imzalanmış Çin-ərəb sənədlərində yer alan bir fikirdir: insan haqları məsələsinin siyasiləşdirilməsindən, ondan başqa dövlətlərə təzyiq vasitəsi kimi istifadədən, həmçinin başqa dövlətlərin daxili işlərinə müdaxilədən qaçmaq lazımdır. Həmin sənədlərdə «demokratik idarəçiliyin qorunub saxlanması bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasından imtina» çağırışı da yer alır. Bundan başqa, Çin sədri və Fars körfəzinin ərəb dövlətlərinin liderləri Qərbin ikili standartlar və islamofob siyasətini açıq şəkildə pisləyiblər.

Bütün bunlarla yanaşı, Çinin Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə əməkdaşlığının Fars körfəzi ölkələri ilə ABŞ arasındakı ənənəvi tərəfdaşlıq, hətta müttəfiqlik münasibətlərinə tamamilə son qoyacağını demək şişirtmə olardı. Bunda yalnız Vaşinqton yox, ərəb ölkələrinin özləri də maraqlı deyil. Ağ Ev Vaşinqtonun Ər-Riyaddan ABŞ ilə Çin arasında seçim tələb etmədiyini bəyan edər-etməz, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Səudiyyə-Çin əməkdaşlığının ABŞ ilə əməkdaşlıqdan imtina anlamına gəlmədiyini bildirib.

Amma ərəb monarxiyaları ABŞ və ümumilikdə Qərbin hegemonluğuna valeh olmadıqlarını nümayiş etdirirlər və bu, dəqiqdir. Onların birqütblü dünyanın qəbul edilməməsi məsələsindəki əsas müttəfiqi isə Qərbin bir nömrəli strateji düşməni, əsas qlobal güc mərkəzlərindən biri kimi mövqeyini getdikcə möhkəmləndirən Çindir.



MƏSLƏHƏT GÖR:

106