Müəllif: Cahangir HÜSEYNOV
Ukrayna müharibəsi ona gətirib çıxarıb ki, Avropa İttifaqı cənub-şərq cinahının Rusiyanın, eyni zamanda Çinin təsirindən qorunması üçün təcili tədbirlər görməyə başlayıb. Bu isə öz növbəsində, Aİ-nin genişlənmə səylərinə müəyyən impuls verib. Halbuki, birliyin aparıcı dövlətləri bu yaxınlaradək yeni üzvlərin qəbuluna o qədər də həvəs göstərmirdilər. Bu mənada, ölkələrin iqtisadi inkişaf səviyyəsinin, institutlarının keyfiyyətinin fərqliliyi ilə əlaqədar, «genişlənməkdən yorulmaq» termini belə, gündəmə gəlmişdi. Bəzi Aİ üzvləri yeni üzlərin qəbulundan əvvəl ittifaqın özündə islahatların həyata keçirilməsinin vacibliyini də bildirirdilər.
Qərbi Balkan ölkələri – Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın quruma üzvlüyü məsələri illərdir faktiki olaraq, «ölü nöqtə»dən tərpənmirdi. Hulbuki, məsələ artıq 20 ildir ki, Aİ-nin gündəmindədir. Bir sözlə, Aİ-də yeni üzvlərin qəbulu heç zaman təcilli həll edilməli olan əsas məsələ sayılmayıb. Avrozonada 2010-cu illərin əvvəli və ortalarında yaşanan böhran, 2014-cü ilin Rusiya-Ukrayna münaqişəsi, 2015-2016-cı illərin qaçqın axını problemi, koronavirus pandemiyası və iqtisadi problemlər daha vacib məsələlər hasab olunub və «Avropanın həyəti»ni qurumun təxirəsalınmaz işləri siyahısında daha aşağı sıralara itələyib.
Emmanuel Makron 2017-ci ildə Fransa prezidenti seçildikdən sonra ilk dəfə Qərbi Balkan ölkələrinin Aİ-yə tezliklə qəbul olunması məsələsinin vacibliyindən danışmağa başlayıb, lakin bu məsələdə İspaniya, Yunanıstan və digər dövlətlərin müqaviməti ilə üzləşib. Həmin vaxt Angela Merkelin də məsələyə marağının azaldığı özünü hər addımda göstərirdi. Lakin bir müddət sonra Fransanın guya Avropaya müsəlman axınının çox olduğunu car çəkən sağçı siyasətçilərin çağırışları fonunda o, qəflətən Albaniyanın Aİ-yə qəbuluna mənfi yanaşmağa başlayıb.
Bundan başqa, üzv və namizəd ölkələr arasında ikitərəfli mübahisələr də var ki, bu da vəziyyəti daha da qəlizləşdirir. Məsələn, Bolqarıstanla Şimali Makedoniya arasında tarix, dil və milli kimliklə bağlı münaqişə, Serbiya-Kosovo, Sloveniya-Xorvatiya, Yunanıstan-Şimali Makedoniya gərginliyi buna misal sayıla bilər. Üstəlik, İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Kipr hələ də Kosovonun müstəqilliyini tanımadqdan imtina edirlər.
Məsələ o həddə çatıb ki, regionda artmaqda olan məyusluğu azaldacağı düşünülən son Aİ-Qərbi Balkanlar sammitində iştirakçılar yekun bəyannamədə «genişlənmə» sözünün yer alıb-almaması ətrafında mübahisə belə, ediblər.
Aİ – ən böyük tərəfdaş
Ümumi ÜDM-i təxminən 127 milyard dollar təşkil edən Qərbi Balkan ölkələri Aİ ilə çoxdan sıx inteqrasiya ediblər. Onların ən böyük ticarət tərəfdaşı məhz Aİ-dir (regio ilə ticarətin üçdə ikisindən çoxu). Bundan başqa, bölgənin ən nəhəng xarici investisiya və digər maliyyə axınları mənbəyi də Avropa İttifaqıdır, xarici miqrasiya üçün əsas təyinat nöqtəsi olması da öz yerində...
Regionun malyuta-maliyyə sistemi avrodan ciddi şəkildə asılıdır. Kosovo ilə Montoneqro artıq tam olaraq avroya keçib, Bosniya və Herseqovinanın valyuta fondunda avro hakim mövqedədir, Makedoniya denarı isə avroya bağlıdır. Bu ölkələrin hər birinin bank sistemi əsasən xarici investorlara məxsusdur, onların arasında isə Aİ təmsilçiləri üstünlük təşkil edir.
Bu sıx iqtisadi münasibətlər bir də Aİ ilə assosiasiya sazişi ilə daha da möhkəmlənib. Bu sənəddə isə dərin və hərtərəfli azad ticarət zonası haqda da maddə var.
Bununla yanaşı, Aİ üfiqi azad ticarət şəbəkəsini də fəal şəkildə inkişaf etdirir. İttifaqın qonşuları Qərbi Balkan dövlətlərinin hər biri ilə ciddi ticari əlaqələrə malikdir. Bu, onların ümumi ticarət dövriyyəsinin ən azı 70%-ni təşkil edir.
Rusiyaya qarşı sanksiyalara veto
Qərbi Balkan ölkələrinin digər iqtisadi tərəfdaşları arasında Rusiya xüsusi seçilir. Onların, xüsusilə Serbiya, Makedoniya, həmçinin Bosniya və Herseqovinanın enerji resursları ilə təchizatında Rusiya önəmli rola malikdir. Moskva ilə ən sıx əlaqələrə malik olanı isə yəqin ki, Serbiyadır. Ölkənin əsas neft şirkəti olan «NIS»in nəzanət səhm paketi «Qazprom»a məxsusdur. Ötən il bu iki ölkə Belqrad yaxınlığında birgə hərbi təlim də keçirib. Serbiya 2014-cü ildə olduğu kimi, bu gün də Rusiyaya ticari və maliyyə sanksiyalarının tətbiqinə qarşıdır. Avropa Komissiyasının Rusiyadan təbii qaz idxalının azaldılması cəhdlərinə baxmayaraq, Serbiya «mavi yanacağ»ı məhz Moskvadan alır, bu yaxınlarda isə onunla qaz tədarükü ilə bağlı yeni müqavilə imzalayıb. Belqrad milli aviasiya şirkəti olan «Air Serbia»nın Rusiyaya və əksinə uçuşlara da davam etdirir və reyslərin dayandırılması çağırışlarını rədd edir. Bu ilin yayında keçirilmiş sorğu isə göstərib ki, referendum olarsa, serblərin 51%-i Aİ-yə üzvlüyün əleyhinə səs verir. Üstəlik, respondentlərin 40%-i Rusiya lideri Vladimir Putini yüksək qiymətləndirir.
Bununla yanaşı, Serbiya lazım gəldikdə Rusiyanın bəzi əməllərini pisləməklə, «balans»ı qorumağa da çalışır. Məsələn, BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməsini Belqrad da dəstəkləyib, hətta Belarusa, həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ailəsinə rəmzi də olsa, sanksiyalar tətbiq edib.
İnzibati olaraq iki hissədən – Serb Respublikası ilə Bosniya və Herseqovina Federasiyasından ibarət Bosniyanın siyasi elitasında Rusiyanın ölkənin daxili işlərinə qarışmapsı ilə bağlı ciddi parçalanma var. Hər halda, Almaniyanın «Deutsche Welle» nəşri belə yazır. Rusiya həm Bosniya serblərinin lideri Milorad Dodikə, həm də Bosniya xorvatlarının rəhbəri Draqan Çoviçə dəstək verir.
Dodik Vladimir Putinə hörmət etdiyini bildirir və Rusiyanın Ukraynaya hərbi müdaxiləsini açıq şəkildə dəstəkləyir. Bundan başqa, Serb Respublikasının prezidenti hesab edir ki, onlar Ukraynada Rusiyaya birləşməklə bağlı keçirilən «referendum»ların təcrübəsini öyrənməlidirlər.
Milorad Dodik də öz növbəsində, Vladimir Putin ilə mütəmadi görüşlər keçirir. Sentyabrda o, ölkəsində rusiyalı sahibkarların iştirakı ilə biznes-forum da təşkil edib. Məhz onun səyləri nəticəsində «Qazprom neft» və «Zarubejneft» praktik olaraq, Serb Respublikasının enerji sektoruna nəzarət edir.
Bosniya və Herseqovina Aİ-nin Moskvaya tətbiq etdiyi sanksiyalara formal olaraq dəstək versə də, bu qərar təcrübədə tətbiq edilmir. Çünki Dodik faktiki olaraq, Rusiyaya qarşı istənilən cəza tədbirinin görülməsinə veto qoyub.
Çin alternativi
Çinin regionda artan fəallığı Aİ-ni narahat edən daha bir məqamdır. Son illər Pekin özünün miqyaslı «Kəmər və yol» investisiya proqramı çərçivəsində Qərbi Balkanlara daxil olur, Aİ-yə üzvlüyü gözləməkdən yorulmuş dövlətlərə cəlbedici alternativ yaradır. Ümumilikdə Balkan Jurnalist Araşdırmaları Şəbəkəsinin (BIRN) qiymətləndirməsinə görə, 2009-2021-ci illərdə Çin ümumi dəyəri 32 milyard avronu aşan 136 nəhəng regional layihədə iştirak edib.
Amma Çin yalnız pul və investisiy yox, həm də çoxsaylı problem gətirir. Məsələn, Montoneqro mübahisəli avtomobil yolu layihəsinin icrası üçün Çindən 2014-cü ildə götürdüyü krediti qaytarmaqda çətinlik çəkir. Üstəlik, layihənin icrası hələ də başa çatmayıb. Bu, Çin investisiyaları ilə bağlı şərtlərin sərfəli olmadığınını göstərən amillərdəndir. Üstəlik, Motoneqro bu borcu qaytarmaq üçün məhz Aİ-dən yardım istəyir.
Əsas nailiyyət
Bütün bunların fonunda yayda Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verən Brüssel gözlənildiyi kimi, Qərbi Balkan ölkələri liderlərinin etirazı ilə qarşılaşıb. Amma son aylar Aİ-nin «Avropanın daxili həyəti» ilə münasibətlərində irəliləyiş müşahidə olunmaqdadır. Əsas nailiyyət isə tarixdə ilk dəfə Aİ və Qərbi Balkan liderlərinin sammitinin keçirilməsidir. O, dekabrın 6-da Albaniya paytaxtı Tiranada baş tutub.
Görüşdə Aİ ölkələrinin liderləri kiçik tərəfdaşlarına onların zəngin iqtisadi blok çərçivəsində yaxşı gələcəklərinin olduğunu nümayiş etdirmək üçün əllərində gələni edib, sadəcə vədlər verməklə kifayətlənməyərək, onlara işarə verir ki, mütlək ittifaqa qoşulajaqlar.
Danışıqlarda Aİ-nin xarici və təhlükəsizlik siyasətinin daha sıx şəkildə razılaşdırılması, o cümlədən Qərbin Moskvaya tətbiq etdiyi sanksiyaları dəstəkləmələri üçün Serbiya ilə Bosniyaya təzyiqin göstərilməsi məsələlrinə də diqqət çəkilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qərbi Balkan ölkələri liderlərinə onların əsl tərəfdaşının kim olduğunu kifayət qədər qəti şəkildə xatırladaraq, bu ölkələrdən kimin yanında dayandıqlarını dəqiqləşdirmələrini tələb edib.
Sammitin sonunda qəbul edilmiş Tirana bəyannaməsində, nəhayət, «genişlənmə» terminindən yenidən istifadə olunub. Sənəddə Aİ Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyü perspektivinə tam sadiqliyini birmənalı şəkildə təsdiqləyib.
Barışıq layihəsi
Son onilliklərdə Avropanın birləşdirilməsi layihəsi sanki əsasən iqtisadi sahədə inkişafa əsaslanıb. Lakin uzaq 1952-ci ildə Avropa kömür və polad birliyinin yaradılmasının məğzi Avropada sülhün dəstəklənməsi üçün transsərhəd əməkdaşlığının gücləndirilməsinə əsaslanırdı. O zaman layihənin yaradıcıları ortaya həqiqətən də uğurlu barılıq layihəsi qoya bilmişdilər.
Bəs Rusiya-Ukrayna müharibəsi hazırkı Aİ-ni və onun genişlənməsi prosesini yenidən formalaşdıra, Avropa İttifaqını həqiqətən sülh naminə birliyə çevirə biləcəkmi? Bunu zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: