26 Dekabr 2024

Cümə axşamı, 09:19

HƏR ŞEY YENİ BAŞLAYIR

Başa çatan 2022-ci il görünməmiş hadisələrlə zəngin oldu, 2023-cü ilə dair proqnozlar isə o qədər də sevindirici deyil

Müəllif:

01.01.2023

Dünya miqyaslı hadisələrlə zəngin keçən 2022-ci il yaddaşlarda çətin ki, xoş il kimi qalsın. Görünməmiş iqlim çağırışları, hələ də davam edən pandemiya, Ukrayna müharibəsi, iqtisadi inkişafdakı ləngimələr, ərzaq və enerji böhranları, nüvə müharibəsinin başlaya biləcəyinə dair söhbətlər, eyni zamanda BMT və onun əsas institutlarının, o cümlədən Təhlükəsizlik Şurasının nüfuzunu getdikcə daha da itirməsi bu il ərzində baş vermiş əsas hadisələrdəndir. Bütün bunlar bizdə 2023-cü ildə təxminən hansı problemlərin yaşana biləcəyi haqda dəqiq təsəvvür formalaşdırır.

 

Qazaxıstanda iğtişaşlar

2022-ci il gözlənilmədən, Qazaxıstanın gündəmə çevrilməsi ilə başlamışdı. Ölkədə qazın qiymətinin artırılmasına etiraz olaraq keçirilən aksiyalar sonradan hökumətin istefaya göndərilməsi tələbi ilə keçirilən mitinqlərə çevrilmiş, bir çox şəhərlərdə kütləvi iğtişaşlar başlamışdı. Almatıda xüsusilə ağır vəziyyət yaranmışdı – qazaxların Yeni il bayramı sonrası hələ yorğunluğunu atmayan qonşuları bu dinc, çiçəklənən şəhərin küçələrində gəzməyin, ən yaxınlıqdakı mağazaya getməyin həyat üçün necə təhlükəli olduğu haqda xəbərləri heyrətlə izləyirdilər.

Baş verənlər fonunda KTMT-yə məxsus hərbi qüvvələrin Qazaxıstana yeridilməsi dünyada və regionda heç də birmənalı qarşılanmayıb. Təşkilat missiyasını ümumilikdə uğurla həyata keçirsə də, ümumilikdə ili onun üçün, çətin ki, uğurlu saymaq mümkün olsun.

Hadisələr Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının sədri postundan uzaqlaşdırılması ilə davam edib. Yayda Qazaxıstanda Elbaşı  titulu da ləğv edilib, payızda isə növbədənkənar prezident seçkisi keçirilib. Seçkidə qələbəni ölkənin mövcud prezidenti Kasım-Jomart Tokayev qazanıb, bununla da, istər özünün, istərsə də tərəfdarlarının mövqelərini xeyli gücləndirib. Ölkə bir çox daxili çağırışları aşıb və indi o, xarici siyasətdə Nazarbayevin dövrü ilə müqayisədə daha fəaldır.

 

Ukrayna müharibəsi

Fevralın sonlarında dünya mətbuatında əsas xəbər başlıqlarını Ukrayna mövzusu tutmağa başlayıb. Bu, bütün il boyu davam edib və yəqin ki, 2023-cü ildə də belə olacaq. Rusiya prezidenti Vladimir Putinin qərarı «soyuq müharibə» dövründən bu yana Moskva ilə Qərb arasında münasibətləri ən pis həddə çatdırıb, beynəlxalq geosiyasi reallıqları tamamilə dəyiişib. Bunun nəticələrini dünyanın bir çox bölgəsi hiss edir və bu, özünü yalnız siyasi deyil, həm də ərzaq, enerji və yanacaq təchizatı kimi məsələlərdə göstərir. Müharibə artıq on minlərlə insanın həyatına son qoyub, milyonlarla dinc sakin qaçqına çevrilib (BMT-nin qiymətləndirməsinə görə, 2022-ci ilin mayına təxminən 8 milyon ukraynalı daxili köçkünə çevrilib, 7 milyondan artıq şəxs isə ölkəni tərk edib). Ukraynanın bəzi şəhərləri, demək olar ki, tam dağılıb.

VVS-nin məlumatına görə, 10 ay ərzində rusiyapərəst qüvvələrin ümumi itkisi yaralılar da nəzərə alınmaqla, 117 min nəfəri ötüb. Üstəlik, 2022-ci ildə Rusiya görünməmiş xarici sanksiyalarla da qarşılaşıb. Bundan başqa, ölkənin minlərlə sakini qismən səfərbərliyə düşməmək və ya sadəcə, Kremlin siyasətinə etirazını nümayiş etdirmək üçün ölkəni tərk edib.

Ukraynada baş verənlər müasir müharibənin simasını bir daha ortaya qoyub– indi pilotsuz uçuş aparatları, kosmik kəşfiyyat, etibarlı məxfi rabitə və radioelektron mübarizə sistemləri və s. daha böyük əhəmiyyət daşıyır. Bütün bunlar öz növbəsində, hərbi sahədə müasir texnologiyaların tətbiqinin vacibliyi məsələsini gündəmə gətirir.

İndi informasiya müharibəsi də yeni səviyyəyə yüksəlib və o, mediadan sosial şəbəkələrə keçir. Əksər müşahidəçilər hazırkı böhranı Rusiya ilə NATO arasında «hibrid müharibə» kimi qiymətləndirir, onun eskalasiya mərhələsində olduğunu düşünür və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini söyləməyin çətinliyini bildirir. Həqiqətən, 2022-ci il ərzində taktiki nüvə silahından mümkün istifadə, hətta tammiqyaslı Üçüncü Dünya müharibəsi kimi ən müxtəlif ssenarilər gündəmdə olub.

 

İlin seçkiləri

2022-ci ilin hadisələrindən danışarkən Türkmənistanda martda keçirilmiş və Sərdar Berdıməhəmmədovun qələbə qazandığı prezident seçkisini, Fransada Emmanuel Makronun ikinci müddətə dövlət başçısı seçilməsini, İsraildə növbədənkənar parlament seçkisinin təşkilini, nəticədə, Benyamin Netanyahunun siyasi arenaya qayıdışını (həmçinin ölkə tarixinin ən qatı sağçı hökumətinin formalaşdırılmasını) da qeyd etmək lazımdır. Çin Kommunist Partiyasının Pekində keçirilmiş XX qurultayı da öz yerində. Məlum olduğu kimi, qurultayda Si Cinpin üçüncü müddətə partiyanın Mərkəzi Komitəsinin baş katibi seçilib. Ən gözlənilməz seçki isə yəqin ki, ABŞ-da noyabrda keçirilmiş aralıq seçkisidir. Bu seçkidə konqresin Nümayəndələr Palatası (435 konqresmen) tam şəkildə, Senatın üçdə biri (35 senator) və qubernatorların yarıdan çoxu yenidən seçilib. Seçkinin nəticələrinə görə, respublikaçılar Nümayəndələr Palatasına nəzarəti geri qaytarsa da, onların qələbəsi gözlənildiyi qədər inamlı olmayıb. Proqnozların əksinə olaraq, «qırmızı dalğa» baş verməyib. Nəticədə, prezident Co Bayden «etimad rəyi»ndən qaça bilibsə, 2024-cü ildə keçiriləcək seçkidə onun potensial rəqibi sayılan Donald Tramp çoxlarının fikrincə, qeyri-formal məğlubiyyətlə üzləşib. Eyni zamanda, Respublikaçılar Partiyasının parlamaqda olan ulduzu da var. Bu, Floridanın qubernatoru Ron Desantisdir. Son dövrlərdə Desantisin reytinqi durmadan yüksəlir.

 

İranda etirazlar

Böyük ehtimalla davam edəcək daha bir vacib hadisə İranda sentyabrın ortalarında başlamış etiraz aksiyalarıdır. Əvvəlcə ona çoxları fikir vermirdi, çünki bu ölkədə narazıların küçələrə axışması nadir hadisə deyil. Lakin bu dəfə aksiyalar getdikcə görünməmiş şəkil alıb və onun İranı tammiqyaslı böhrana sürükləyəcəyi istisna deyil. Bu isə öz növbəsində, İranla ABŞ və ya İsrail arasında silahlı münaqişə ehtimalını dəfələrlə artırır. İranla nüvə razılaşması hazırda işləmir və onun tamamilə ləğv ediləcəyini düşünənlər az deyil. Bundan başqa, Qərb dövlətləri ötən il ərzində Tehranla Moskva arasında o cümlədən hərbi sahədə əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən qəzəbini gizlətmir.

 

İlin geosiyasi dəfnləri

2022-ci ildə 70 il – 1952-ci ildən Böyük Britaniya monarxı olan II Yelizaveta vəfat edib. Kraliça dünyasını sentyabrın 8-də, 96 yaşında Şotlandiyanın Balmoral qəsrində dəyişib. O, ölkəsinin rəmzi, idarəçiliyi isə əsl tarix idi. Yalnız onu xatırlatmaq kifayətdir ki, II Yelizaveta  Uistin Çörçill, Con Kennedi, Yuri Qaqarin, Nikita Xruşşov və keçmişə aid bir çox digər əfsanəvi siyasətçilərlə, görkəmli şəxslərlə görüşlər keçirmişdi. Kraliçanın belə uzunmüddətli idarəçiliyi heç də tam rəvan keçməsə də, britaniyalıların əksəriyyəti onu həqiqətə çevirdi. Yeni kral III Karl, keçmiş şahzadə Çarlz haqda isə eyni fikirləri söyləmək mümkün deyil. Yeri gəlmişkən, o, şahzadə statusunda rekorda imza atıb – düz 70 il!

Kraliçanın gedişi ilə Britaniyanı siyasi böhranlar da bürüyüb. Boris Consonun istər kadr siyasəti, istərsə də ümumxalq «lokdaun»u zamanı Dauninq-striitdəki hökumət iqamətgahında təşkil edilmiş ziyafətlə bağlı silsilə qalmaqallardan sonra istefa verməsinin ardından Liz Trass da «özünü göstərməyə» macal tapıb. İqtisadiyyata dəstək planı ilə Trass hökumət başçısı postunda qalmaq üzrə «rekord» müəyyənləşdirib – 44 gün. Yeni baş nazir isə Mühafizəkarlar Partiyasının lideri, 42 yaşlı Rişi Sunak seçilib. O, 1812-ci ildən bu tərəfə Britaniyanın ən gənc baş naziri və ölkə tarixinin ilk Hindistan əsilli hökumət başçısıdır.

2022-ci ildə dünyasını dəyişmiş önəmli siyasi fiqurlar sırasında SSRİ-nin ilk və son prezidenti Mixail Qorboçovun və rusiyalı siyasətçi Vladimir Jirinovskinin də adlarını çəkmək olar. Onlar istər qatı tərəfdarları, istərsə də əleyhdarları olan ziddiyyətli şəxslər idilər. Bu şəxslərin dünyadan köçmələri ilə müəyyən mənada XX əsrlə vidalaşma rəmzi də sayıla bilər.

 

Təhlükəli Koreya yarımadası

Koreya yarımadası ətrafında vəziyyət də çətin olaraq qalır. 2022-ci ilin əvvəlindən KXDR qanadlı raketlər də daxil olmaqla, 30-dan artıq raket, həmçinin ortamənzilli ballistik raket sınağı keçirib. Sentyabrın əvvəlində isə ölkədə dərc olunmuş dekretdə Şimali Koreyanın nüvə dövləti olduğu elan edilib. Sənəddə bildirilir ki, nüvə silahı ilə bağlı istənilən qərarın verilməsi hüququ yalnız ölkə lideri Kim Çen Ina aiddir. Bununla yanaşı, Pxenyan raket sınaqlarının ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin artması fonunda baş verdiyini bildirir. Ekspertlər Kim Çen Inın ən azı Şimal ilə Cənub arasında toqquşmaya aparacaq təxribatlara gedə biləcəyindən narahatdırlar.

 

Çin ABŞ-a qarşı

2022-ci ildə ABŞ ilə Çin arasında gərginlik artıb. Bununla yanaşı, amerikalılar Hind-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulması istiqamətində uğurla işləyiblər. Onlar buna ilk növbədə «dördlük» (Avstraliya, Hindistan, Yaponiya və ABŞ), AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) formatları, həmçinin Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığın intensivləşdirilməsi yolu ilə nail olublar. Əksər mütəxəssisin fikrincə, indi dünya Çin ilə ABŞ arasında texnoloji müharibə təhlükəsi ilə qarşı-qarşıyadır. Vaşinqton-Pekin münasibətlərindəki ən çətin problem isə Tayvan məsələsidir. Adanın de-fakto müstəqil, de-yure isə Çinin ayrılmaz hissəsi olduğu indiki status-kvo tərəflərdən heç birini qane etmir. Bu kontekstdə ötən ilin ən kəskin anı ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri olub. Avqustda baş tutmuş səfər 1997-ci ildən sonra bu cür yüksək ranqlı məmurun adaya ilk səfəri idi. Amma bütün bunlara baxmayaraq, yaxın vaxtlarda eskalasiya gözlənilmir. Buna heç kim hazır deyil və bu, heç kimə lazım da deyil. Lakin Tayvan, təbii ki, ciddi qıcıq amili olaraq qalacaq.

 

«Əlvida, COVID», ya yox?

2022-ci ilin əvvəlində koronavirus hələ də gündəmdə idi və artıq dünyanın bir çox ölkəsində karantin tədbirləri etirazlara yol açmağa başlamışdı. Məsələn, Kanadada peyvənd pasportlarına qarşı təşkil olunan «Azadlıq konvoyu» kimi. Fevralın 9-da dünyada COVID-19-a yoluxmuş insanların sayı 400 milyonu keçmişdi. Belə bir vəziyyətdə Çində fevralın 4-20-də qış olimpiya oyunları keçirilib, artıq noyabrda ölkədə karantin tədbirlərinə qarşı etirazlar başlayıb. O ana demək olar ki, bütün dünyada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılmışdı. Artıq insanlar konsertlərə, idman yarışlarına, sərgilərə və s. sərbəst şəkildə qatıla bilirdilər. Lakin dekabrda Çində yoluxanların sayının kəskin artdığı məlum olub. Çinli məmurların qiymətləndirməsinə görə, dekabrın ilk 20 günündə – Pekinin təxminən üç illik karantini gözlənilmədən ləğv etməsindən sonra – təxminən 250 milyon insan, yaxud Çin əhalisinin 18%-i yenidən koronavirusa yoluxub. Odur ki, 2022-ci il ilə birlikdə koronavirus tarixinin də başa çatıb-çatmayacağını söyləmək çətindir.

 

İqlim çağırışları

Noyabrın 15-də Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb. Bununla yanaşı, indi iqlim riskləri isə daha aydın hiss olunmağa başlayıb. Bəşəriyyət iqlim dəyişikliklərinin nəticələri ilə effektiv, ən əsası isə birgə mübarizənin yollarını hələ də tapa bilməyib. Bu mənada, 2022-ci il məyusedici (xüsusilə beynəlxalq COP27 sammiti) və eyni dərəcədə də qorxulu olub. Artıq yalnız yoxsul Asiya ölkələri deyil, Qərbi Avropa ölkələri də davamlı quraqlıqdan, yağıntıların azalmasından əziyyət çəkməyə başlayıb. Onların əhalisi suyu sürətlə azalan çayları, məhv olan məhsulları, seyrələn meşələri heyrət içərisində seyr edir. Dünyanın bir çox hissəsində, məsələn, Kaliforniyada meşə yanğınları ara verməyibsə, digər bölgələrdə, məsələn, Nigeriyada, Pakistanda daşqınlar baş verib, nəticədə insanlar ölüm, əkin sahələri və məhsullar məhv olub. 2019-cu ildən bu yana kəskin ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı 135 milyondan 345 milyonadək artıb. Bundan başqa, 2022-ci ildə inkişaf etməkdə olan ölkələrin (dünya əhalisinin 18%-i) borc böhranı kimi problemi də baş qaldırıb. Ümumiyyətlə, dünyada borcun məbləği sürətlə artır.

 

Biz yolun başlanğıcındayıq

Bəs bizi 2023-cü ildə nə gözləyir? Təəssüf ki, əksər proqnozlar sevindirici deyil – Ukrayna müharibəsinin davamı, yeni lokal insidentlər ehtimalı, həmçinin tammiqyaslı beynəlxalq münaqişə təhdidi, iqlim «sürpriz»ləri, bəlkə də yeni viruslar, iqtisadi problemlər, ərzaq və enerji çatışmazlığı. 2023-cü ildə inkişaf etməkdə olan dünya, yəqin ki, daha ciddi yoxsulluqla, təhsilsizliklə üzləşəcək, inkişaf etmiş ölkələr isə yeni şəraitə uyğunlaşmağa çalışacaq. Belə bir vəziyyətdə dəyişməkdə olan dünya düzəni ilə bağlı təxmini də olsa proqnoz vermək mümkün deyil. Çünki biz, yəqin ki, çətin bir yolun başlanğıcındayıq. Hər şey yeni başlayır.



MƏSLƏHƏT GÖR:

121