26 Dekabr 2024

Cümə axşamı, 09:46

İRANSAYAĞI DİPLOMATİYA

Tehran nüvə kartı ilə ikinci dəfə də uğur qazana biləcəkmi?

Müəllif:

01.01.2023

İran İslam Respublikası və Avropa İttifaqı (Aİ) Vyana danışıqları çərçivəsində 2015-ci ildə İran ilə “altılıq” ölkələri arasında imzalanmış nüvə sazişinin bərpasına dair razılığa gəlib. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel dekabrın 20-21-də İordaniyanın paytaxtı Əmmanda keçirilən Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq sammiti zamanı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşündən sonra deyib.

Görüşdə Aİ-nin nüvə danışıqları üzrə koordinatoru Enrike Mora və İranın nüvə danışıqları üzrə əsas təmsilçisi Əli Baqiri də iştirak edib. J.Borel yaydığı açıqlamada görüş zamanı İran XİN rəhbərindən Tehranın Rusiyaya hərbi dəstəyini və ölkə daxilində etirazlarda zor tətbiqini dayandırmağı tələb etdiyini əlavə edib. Həmçinin qeyd olunur ki, hər iki tərəf daha əvvəl Vyanada əldə edilmiş razılaşma əsasında rabitə kanallarını açıq saxlamaq və nüvə danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Əmman görüşündən 3 gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərdən ibarət nümayəndə heyəti İrana səfər etmişdi. İki günlük səfərin əsas məqsədi İranın gizli fəaliyyət göstərdiyi ehtimal olunan 3 nüvə mərkəzi ilə bağlı müzakirələr aparmaq idi. Çünki İranın 3 nüvə mərkəzində gizli fəaliyyətlər həyata keçirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur.  

Üstəlik, o da məlumdur ki, müfəttişlərin səfərindən bir neçə gün əvvəl İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi rəsmi şəkildə bəyan edib ki, ölkəsi artıq uranı 60% zənginləşdirməyə nail olub.

Amma İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Kamal Xərrazi Üçüncü Tehran Dialoq Forumundakı çıxışında bildirib ki, müvafiq imkanların olmasına baxmayaraq, İran nüvə silahı istehsal etmək niyyətində deyil. O, bunu iki səbəblə izah edib. Birincisi, kütləvi qırğın silahlarının yaradılması dini baxımdan qadağandır, çünki bu, günah (haram) hesab olunur. İkincisi, Xərrazi izah edib ki, buna hər hansı cəhd regionda kütləvi qırğın silahlarının yaradılması yarışına səbəb ola bilər.

BAEA müfəttişlərinin Tehrana səfərini işıqlandıran Qərb KİV-ləri məlumat verib ki, agentlik İranın gizli nüvə fəaliyyətindən narahatdır və səfər də məhz buna hesablanıb. Bununla belə, Tehranla BAEA arasında davam edən fikir ayrılıqları fonunda ekspertlərin narahatlığını aradan qaldırmaq, çətin ki, mümkün olacaq.

 

Əmman görüşünün “şifrəsi”

Aİ və İran təmsilçilərinin nüvə danışıqlarını davam etdirmək barədə bəyanatı bir sıra mətləblərdən xəbər verir. Əvvəla, bu o deməkdir ki, İranda davam edən iğtişaşlar və sonradan siyasi rejimin dəyişdirilməsi ilə bağlı mediada başlanan kampaniya hər iki tərəfin siyasətçilərinin müzakirələrinin gündəmində deyil. Brüssel 2023-cü ildə nüvə problemi ilə bağlı Tehranla danışıqları davam etdirmək niyyətindədir. Əlbəttə, bu zaman Rusiyaya hərbi dəstəyin dayandırılması və etirazçılara qarşı zorakılığın azaldılması ilə bağlı Tehranın qarşısında qoyulan şərtləri də nəzərə almaq lazımdır.

Amma aydındır ki, Əmmanda verilən bəyanat Aİ-nin istənilən şəraitdə hazırkı İran hökuməti ilə dialoqu saxlamaqda maraqlı olduğunu göstərir. Yeri gəlmişkən, dekabrda İran etirazçılarının təmsilçiləri ilə görüşən Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, rəsmi Parisin İranda rejimi dəyişmək kimi bir məqsədi yoxdur. Başqa sözlə desək, Avropa Paris vasitəsilə İran hökuməti ilə diplomatik əlaqələri davam etdirəcək. Bu mənada Aİ-nin, xüsusən də Fransanın siyasəti ABŞ və Böyük Britaniyanın siyasəti ilə ziddiyyət təşkil edir.

Təbii ki, bu prosesdə Fransanın roluna xüsusi diqqət etmək lazımdır. İranla yaxınlaşmağa cəhd edən Fransa dövlət başçısı, görünür, Yaxın Şərqdə yeni “siyasi hücum” planlaşdırır. Bu səbəbdən də, indiki mərhələdə Paris ən azı Tehranın regional güc mərkəzi olaraq qalmasında maraqlıdır.

Bu məqamda qeyd edək ki, Fransanın 2017-ci il Səudiyyə Ərəbistanı, 2020-ci il Livan siyasətindəki uğursuzluqlar Makron hökumətini Yaxın Şərq siyasətində çox ciddi yenilənmə aparmağa sövq edir. Parisin yeni hücum strategiyası həyata keçirəcəyi bundan əvvəl də proqnozlaşdırılırdı. İndi Fransa üçün İran Yaxın Şərq siyasətində yeni alternativ rolunu oynayır. Sentyabrda Nyu-Yorkda İran prezidenti İbrahim Rəisi ilə görüş zamanı Emmanuel Makron Tehrana geniş ikitərəfli və regional əməkdaşlıq təklif edib.

Görünür, Makronun İranla yaxından çalışmaq siyasəti sadəcə bəyanat deyil, real işə transfer olacaq. Təbii ki, bu məsələdə Aİ də indi nisbətən müstəqil fəaliyyət göstərərək ABŞ-ın İran siyasətinə qarşı alternativ yol təqib etməyə çalışacaq.

 

Nüvə danışıqlarında hazırkı vəziyyət

Xatırladaq ki, 2018-ci ildə prezident Donald Trampın qərarı ilə ABŞ-ın 2015-ci ildə Cenevrədə İran və “altılıq” ölkələri arasında imzalanmış sazişdən çəkilməsi ümumilikdə sazişin iflası ilə nəticələnib. Bundan sonra Tehran BAEA-nın İrandakı nüvə fəaliyyətlərini izləməsi imkanlarını məhdudlaşdırıb, eyni zamanda uranın zənginləşdirilməsi səviyyəsini sazişdə nəzərdə tutulan mövcud 4%-dən artırmaq istəyini bəyan edib. Qeyd olunduğu kimi, artıq Tehran rəsmiləri uranı 60% zənginləşdirməyə nail olduqlarını elan ediblər. Bu isə silah əldə etmək üçün lazım olan 90%-ə çox yaxındır.

Hər halda, ABŞ müqavilədən çıxsa da, “altılıq” üzvü olan digər ölkələr sazişdə qalıb. Eyni zamanda Rusiya və Çin İranın nüvə proqramına qarşı heç bir ciddi addım atmayıb. Böyük Britaniya, Fransa və Almaniya isə uranın zənginləşdirilməsinə nəzarət etmək üçün Tehranla razılaşmanı bərpa etməyə və diplomatik kanalları saxlamağa çalışıb. Lakin son aylarda davam edən aksiyalar və Tehranın zorakı metodları Aİ ilə İran arasında əlaqələrə ciddi ziyan vurub. Lakin Böyük Britaniya və Almaniyadan fərqli olaraq, Fransa qarşılıqlı siyasi ittihamlara baxmayaraq, Tehranla danışıqları davam etdirməyə daha çox meyilli görünür. Yəqin ki, bu, nüvə problemindən daha çox Fransanın regional ambisiyaları ilə bağlıdır.

 

ABŞ-İran dialoqunun perspektivləri

Xüsusən də Məhsa Əmini ilə bağlı faciəli hadisədən sonra görünür ki, Vaşinqton-Tehran münasibətləri ciddi şəkildə zədələnib. Rəsmi Tehran ABŞ hakimiyyətini birtərəfli siyasət aparmaqda, İrana qarşı təzyiq vasitələrindən istifadə etməkdə ittiham edib. İranın BMT-dəki daimi təmsilçisi Əmir Səid İrəvani bildirib ki, Vaşinqton təzyiq yolu ilə istədiyinə nail ola bilməyəcək.

Həmçinin iranlı diplomat BMT-də keçirilən toplantıda qeyd edib ki, nüvə sazişinin bərpası müzakirələrində əsas həlledici məsələ ABŞ-ın 2018-ci ilin mayında müqavilədən çıxması olmalıdır: “Vaşinqton nüvə sazişinə geri dönmək istəyirsə, yalnız diplomatiyaya bel bağlamalıdır”.

Qeyd edək ki, prezident Tramp İranla nüvə sazişindən çıxarkən əsas səbəb kimi müqavilənin ABŞ-ın maraqlarını müdafiə etmədiyini, əksinə, İran üçün daha əlverişli şərtlərdə imzalandığını iddia edirdi. Amma o zaman da aydın idi ki, İranın nüvə silahı əldə etmək riskindən əlavə, Vaşinqton daha iki böyük problemlə üzləşib: Tehranın ballistik raket proqramları və Yaxın Şərqdəki silahlı qruplara dəstək. Vaşinqton hesab edirdi ki, İran nüvə silahı istehsalının dayandırılması ilə yanaşı, ABŞ-ın regional müttəfiqlərini təhdid edən silahlı qruplara dəstəyi dayandırmalı və İsrail üçün təhlükə yaradan ballistik raketlərin istehsalı proqramlarının həyata keçirilməsini ört-basdır etməlidir. Təbii ki, İran bununla razılaşmır. Üstəlik, Tehran artıq İsrailə çata biləcək raketlərin və pilotsuz uçuş aparatlarının (“Arash-2”) yaradılmasına nail olduğunu bəyan edib.

İndi isə buraya daha iki problem əlavə olunub: iranlıların Ukrayna müharibəsində Rusiyaya PUA və raketlər göndərməsi, həmçinin ölkə daxilində baş verən etirazların zorakılıqla yatırılması və edamlar. Hazırda Ukrayna məsələsi Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Qərb ölkələri hesab edir ki, İranın raket və PUA-ları rusiyalıları Ukraynada düşdükləri çətin vəziyyətdən çıxarır. Buna görə də Vaşinqton BMT vasitəsilə İrana təzyiqləri artırıb.

BMT-də İranın hərəkətləri və nüvə danışıqlarının gedişi ilə bağlı dinləmələr göstərir ki, Tehran yaxın gələcəkdə Vaşinqtonla nüvə məsələsində ümumi dil tapmağa ümid etmir. Digər tərəfdən hazırkı şəraitdə Rusiya qədər Vaşinqtonun da Ukraynada “ilişib qalması” İranın maraqlarına uyğundur. Belə ki, İran artıq neft hasilatını gündəlik 3 milyon barelə yüksəldib, qaz hasilatını isə ötən illə müqayisədə 10% artırıb. Digər tərəfdən diplomatik mənbələrə əsasən, Tehran daha əvvəl Çinlə imzalanmış hərtərəfli sərmayə və enerji müqaviləsinin oxşarını Asiyanın ikinci iqtisadi nəhəngi Hindistana təklif edib.

 

Danışıqlar naminə danışıqlar

Görünən odur ki, iranlı diplomatlar indi Avropa və ABŞ arasında fikir ayrılığından istifadə edərək nüvə danışıqlarını davam etdirmək və Qərblə danışıqlarda əsas “kozır” kimi nüvə məsələsindən istifadə edərək ən azı Avropanın İrana qarşı yeni sanksiyalara imza atmasına mane olmağa çalışacaq. Söhbət İranın qlobal enerji bazarına girişinə qoyulan məhdudiyyətlərdən gedir. İrana qarşı tətbiq edilən sanksiyalar üzündən yaranan ödəniş problemi dekabrda taxıl və şəkərlə yüklənmiş azı 40 yük gəmisinin, yəni təxminən 2 milyon ton məhsulun İran limanlarında “ilişib qalmasına” səbəb olub.

Buna görə də indi Tehran nüvə mövzusunu sanksiyaları yumşaltmaq üçün əlində yeganə kart olaraq istifadə etməyə çalışacaq. Bu məsələdə ABŞ və Aİ arasında fikri ayrılığı Tehran üçün xüsusi fürsətə çevrilə bilər.

Hər halda prosesin gedişatı göstərir ki, nüvə məsələsində yekun razılaşma əldə olunması uzaq ehtimaldır. Üstəlik, hazırda sazişin bərpası üçün uyğun şərtlər mövcud deyil.



MƏSLƏHƏT GÖR:

134