26 Dekabr 2024

Cümə axşamı, 08:17

QIZIL XƏYALLAR

Rusiyalı qaçaq oliqarx Ruben Vardanyan konkret olaraq nədən qorxdu?

Müəllif:

01.01.2023

Azərbaycanın mülki fəallarının, ilk növbədə, ekoloqların Laçın-Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya siyasətçilərin və ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Ermənistan təmsilçilərinin «Artsax»da (burada və hər yerdə dırnaq işarəsi bizə məxsusdur – red.) «humanitar fəlakət»in yaşandığına dair ağlağan isterikası da öz yerində.

Bununla yanaşı, etiraz aksiyasının kəskinliyi tədricən azalır. Hər halda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri, «təcili yardım» maşınları, sülhməramlıların təchizat maşınları, Ermənistandan humanitar yardım daşıyan yük maşınları aksiyanın davam etdiyi ərazidən rahat şəkildə keçə bilir. Amma bu, Ermənistan rəhbərliyinin və onların müxtəlif «vəkil»lərinin fəallığını qətiyyən azaltmır – onlar Azərbaycandan bağlı olmayan yolun açılmasını tələb edirlər.

 

Feyklər, feyklər…

Bu kampaniya Ermənistan tərəfinin bitmək bilməyən saxta təbliğatı ilə müşayiət olunub və olunur. «Artsax»ın «dövlət naziri» Ruben Vardanyanın «melodram tamaşaları» və Nikol Paşinyanın xanımı Anna Akopyan tərəfindən belə, qəzəblə qarşılanıb. Xankəndidə onun fondu tərəfindən uşaqların Yeni il şənliyi üçün qurulmuş çadırların necə söküldüyünü xatırladan Akopyan sosial şəbəkə hesabında yazıb ki, «Artsaxda uşaqlar Laçın dəhlizinin açılması tələbilə keçirilən aksiyalarda iştiraka məcbur edilir. Böyüklər onları göz yaşına səbəb olan mətnlər səsləndirməyə məcbur edir, bunu lentə alır, onların iştirakı ilə müxtəlif aksiyalar keçirir və görüntüləri mərhəmət yaratmaq, çadırların sökülməsinə nail olmaq üçün bütün dünyaya yayırlar».

«Humanitar fəlakət»lə bağlı fəal şəkildə yayılan saxta xəbərlər lap başdan qəzəblə qarşılanıb. Məgər Vardanyan «hökumət»i Laçın dəhlizinin təbii səbəblərdən nə qədər «etibarsız» olduğunu anlaya bilmirdi?! Necə ola bilər ki, Xankəndidə bir neçə həftəlik ərzaq ehtiyatı olmasın? Axı söhbət aqrar zonadan gedir. Bunlar, əlbəttə ki, ritorik suallardır. Üstəlik, bir daha təkrar edirik ki, azərbaycanlı piketçilər humanitar yük daşıyan avtomobillərin hərəkətinə mane olmur.

Xankəndi və İrəvanda Azərbaycanın guya nə az, nə çox – düz 120 min insanı «blokadada saxladığı»nı deməkdən yorulmurlar. Halbuki Qarabağda heç 44 günlük müharibəyədək də 120 min əhali olmayıb. Bu gün müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə elə sülhməramlıların məlumatına görə, təxminən 50 min insan yaşayır. BMT-nin məlumatına görə isə söhbət 20-30 min nəfərdən gedir. Bununla yanaşı, Qarabağdan axın davam edir: insanları «ümidsizlik», yeni müharibə təhlükəsi qorxudur, Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini pozmaq cəhdləri isə bu qorxunu daha da artırır.

Belə bir vəziyyətdə mitinq müharibəsi aparmamaq daha yaxşı olardı. Amma Ruben Vardanyan sonadək getmək qərarına gəlib.

 

İflasdan iflasa

Laçın dəhlizində keçirilən piketə Xankəndidə növbəti mitinqin təşkili ilə cavab veriləcəyi gözlənilən idi. Separatçılar Xankəndidə mitinq texnologiyasının bərpasına bu ilin payızından, məşhur Ruben Vardanyanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peyda olmasından sonra başlayıblar. Qalmaqallı rusiyalı oliqarx burada Xankəndi miqyasını aşan fiqurlardan «hökumət» qurmaqla kifayətlənməyərək, «Qarabağ hərəkatı»nın ilk dalğasının yaxşı, daha doğrusu, pis ənənələrinə uyğun mitinqlərin təşkilinə də başlayıb. Bununla yanaşı, ekspertlər hələ onda bildirirdilər ki, aksiya iştirakçıları heç də «döyüşkən» əhvalda deyillər. Aksiyaları «məhkumların mitinqi» də adlandırırdılar. Bundan başqa, KİV və sosial şəbəkələrdə mitinqlərə insanların İrəvandan gətirildiyinə və buna görə onlara benzin paylandığına dair xəbərlər də yayılıb.

Nəhayət, Laçın dəhlizindəki piket fonunda Ruben Vardanyan dekabrın 17-nə Xankəndidə daha bir mitinq elan etmək qərarına gəlib. Bəlkə də, onun komandasında ayın 17-dək azərbaycanlı piketçilərin dəhlizdən çəkilməyə məcbur ediləcəklərinə çox inanırdılar. Lakin onların gözləntisi özünü doğrultmayıb və bu, Vardanyanı çox pis vəziyyətdə qoyub. Mitinqin təxirə salınması azərbaycanlı ekspertlərin haqlı olduğunun etirafı olardı, üstəlik, ilk mitinqə iştirakçılar İrəvandan gətirilmişdisə, bu dəfə bu, alınmayacaqdı. Belə bir vəziyyətdə mitinqin keçirilməsi qərarı qüvvədə qalıb, amma o, gözlənildiyi kimi, tam iflasla nəticələnib: aksiyaya cəmi min nəfərdən bir qədər artıq adam qatılıb.

Dekabrın 25-də separatçılar daha bir mitinq keçirmək qərarına gəliblər. Oraya yerli «hərbçilər» və «polis»lər də səfərbər olunub – onlara aksiyaya mülki geyimdə qatılmaq və ailə üzvlərini də özləri ilə gətirmək tapşırılıb. «Büdcə təşkilatları»nda çalışanlar, «dövlət müəssisələri»ndə işləyənlər də öz yerində… Bu dəfə təşkilatçılar aksiyaya güclə də olsa, 10 mindən artıq insan toplaya bilib. Lakin KİV-ə verilən açıqlamalarda 60 min nəfərdən bəhs olunur!

Əslində isə məsələ heç də Xankəndi meydanına nə qədər insanın yerləşməsində deyil. Bütün bunlar nəyə lazımdır? Sual budur. Bakıda dəfələrlə qeyd edildiyi kimi, dəhlizdə piketin keçirilməsinə səbəb «Qızılbulaq» və «Dəmirli» mədənlərində razılaşdırılmış monitorinqin keçirilməsinə imkan verilməməsidir.

 

Unudulmuş talan

Vardanyan və komandası Azərbaycanın təbii sərvətlərini, ilk növbədə, qızılını talamaq üçün əlindən gələni edir. Bu haqda çox danışılıb. Amma biz bir daha xatırladaq: «Qızılbulaq» Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən yeganə qızıl mədəni deyil. Uzun illər Zod və ya Söyüdlü mədəni, Zəngilandakı «Vecnəli» yatağı da işğal altında olub. Söyüdlü Rusiyanın «GeoProMining» şirkətinə qismət olubsa, «Vecnəli»nin talanında «Vallex Group» maliyyə investoru (yataqda işləri məhz bu qrup aparıb) və İsveçrə vətəndaşı Vartan Sirmakes bilavasitə iştirak edib. Sonuncu İsveçrənin dünyaca məşhur saat markası olan «Franck Muller Group»un baş direktorudur. Qarabağdan və Şərqi Zəngəzurdan oğurlanan qızıldan saat istehsalında da istifadə olunub. Azərbaycanın Baş Prokurorluğu tərəfindən aparılan istintaq işində «Vallex Group» erməni şirkətinin rəsmi rəhbəri olan Valeri Meclumyanın, «Base Metals» şirkətinin icraçı direktoru Artur Mkrtumyanın və Vardan Sirmakesin də adları keçir.

44 günlük müharibədən sonra Ermənistan Azərbaycanın bir çox qızıl yatağına nəzarəti itirib. Nəticədə, Ermənistandan qızıl ixracı iki dəfə azalıb. Lakin məlumatlı şəxslər bunun yalnız rəsmi ixrac olduğuna diqqət çəkir. Ermənistanın kriminal dairələri beynəlxalq qızıl və qiymətli daşlar qaçaqmalçılığı sistemində kifayət qədər ciddi mövqeyə malikdir. «R+» beynəlxalq erməni qaçaqmalçıları şəbəkəsi haqda məlumatları çoxdan dərc edib.  Ötən əsrin 60-70-ci illərində «valyutçiklər»lə bağlı cinayət işlərində adı keçən erməni-repatriantları da unutmamışıq. Onların arasında Rusiyanın Maqadan vilayətinin qubernatoru Svetkovun qətli ilə bağlı iş də var. Məlum olduğu kimi, Maqadan Rusiyanın ən çox qızıl hasil olunan bölgəsidir. Bu işdə əsas iştirakçılar milliyyətcə məhz ermənilərdir.  Beləliklə, Qarabağdan «qara biznes» kanalları ilə nə qədər qızıl oğurlanaraq daşındığını təxmin etmək olar.

Araz çayı boyu uzanan məhsuldar torpaqlara, Zəngilan və Kəlbəcərdəki qızıl yataqlarına nəzarətin itirilməsindən sonra separatçıların rəhbərliyi üçün heç kimin tanımadığı «hökumət»in «büdcə»sini və öz ciblərini doldurmaq üçün az qala yeganə mənbə «Qızılbulaq» və «Dəmirli» yataqlarıdır. Ruben Vardanyan, əlbəttə ki, daha ciddi rəqəmlərə və dövriyyəyə öyrəşib, lakin sanksiyalar şəraitində o, özünəməxsus olan, «çirkli pullaryın yuyulması»nı həyata keçirən «Troyka dialoq» bankının ənənəvi fəaliyyətindən yararlana bilmir. Odur ki, Vardanyanın seçimi yoxdur. Xankəndidəki separatçılar Qarabağdakı mədənlərdən məhz bu səbəbdən «ikiəlli» yapışıblar.

Amma onlar artıq nəyisə dəyişə bilməyəcəklər. Azərbaycan əminliklə oyun qaydalarını dəyişir, hazırda müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə də tam suverenliyini bərpa etmək kursu yürüdür. Bakı təbii resurslarının talanına son qoyulması üçün 2025-ci ili gözləmək niyyətində deyil. Odur ki, Vardanyan özünü yalançı xülyalarla sakitləşdirməyə çalışmasın.



MƏSLƏHƏT GÖR:

109