19 Dekabr 2024

Cümə axşamı, 16:08

KLASSİK “HAND MADE”DƏN RƏQƏMSALA

Sərdarlı ailəsi: “Yeni yanaşmaların öyrənilməsi tətbiqi incəsənəti unikal səviyyəyə çıxarır. Bir-birimizi dəstəkləyərək, bütün ailə üzvləri ilə bunun üzərində işləyirik”

Müəllif:

15.01.2023

İnsanın öz əllərilə yaratdığı hər şey unikaldır. O, müəllifin ruhuna, onun öz əl işinə yatırdığı daxili məzmuna xitab edir. Bəs burada bir sehr varmı? Bu suala hər kəsin öz cavabı var. Bəzən isə insanlar cavab axtarışında bu bəsit dünyaya yaradıcı prizmadan baxmağa başlayır. Bunu son zamanlar özünəməxsus intibah dövrünü yaşayan və tədricən klassik cərəyanlarla bir sırada durmaq haqqını qazanan dekorativ-tətbiqi incəsənət təmsilçilərinə də aid etmək olar. İndi onlar öz əl işləri ilə belə yaradıcılıq nümunələrinə tələbatı geri qaytarırlar.

“Region Plus” jurnalı olaraq İsgəndər və Lalə Sərdarlı cütlüyü barədə hələ 2019-cu ilin may ayında oxucularımıza söhbət açmışdıq. Onlarla görüşümüzdən təxminən 3 il ötsə də, bu ailənin hekayəsi sanki bizə rahatlıq vermirdi. Bu, öz əlləri ilə möcüzələr yaradan insanların hekayəsidir. Onların naxışlarında tarix, çətinliklər, maneələrin dəf edilməsi, sakit fədakarlıq, heyranlıq, sevgi, sədaqət, bir şeyin əldə edilməsi və “fəth edilməsi”nin xoşbəxtliyi var ...

Xatırladaq ki, Lalə və İsgəndər keçmişdə jurnalist olublar. Lakin 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində onlar çətin sınaqlarla üz-üzə qalırlar. İsgəndər xəstələnir. Lalə isə daim ərinin yanında olmaq üçün jurnalistikadan getməli olur. Sərdarlı ailəsi üçün çətin günlər başlayır. Dolanmaq və övladları Toğrulu böyütmək lazım idi. Həyatlarına yeni məna vermək, özgüvən və gələcəyə inam qazandıran nə iləsə məşğul olmaq üçün ailə şəhər kənarına köçür. Nə İsgəndər, nə də Lalə tətbiqi incəsənət sahəsində peşə təhsili almasa da, 2010-cu ildən bu məşğuliyyət onların peşələrinə çevrilir. Bu gün artıq Sərdarlı ailəsinin işləri bir çox beynəlxalq sərgilərdə nümaiş etdirilir. Onların hazırladıqları sandıqça, mücrü, zinət əşyaları incəsənətin bu istiqamətinə dəyər verən insanların şəxsi kolleksiyalarını bəzəyir. İsgəndərin milli motivlər əsasında düzəltdiyi sandıqça isə Kiprdə təsviri incəsənət muzeyinin kolleksiyasında saxlanılır.

- Ötən dövrdə nələr baş verib, nə dəyişib, nə yadda qalıb?

Lalə: - Bir çox hadisələr yaşamalı olduq. Sarsıntılar, qayğılar, stres var idi. Təbii ki, bunlarla yanaşı, qələbə sevinci də yaşadıq. Dünyanı bürüyən koronavirus pandemiyası bizi çox sarsıtmış, həyat yoldaşımın səhhətində ciddi problemlər yaranmışdı. Eyni zamanda 44 günlük müharibədə qazandığımız qələbəmizlə bağlı sözlə ifadə edilə bilinməyəcək qürur hissi vardı. Bunun fonunda bütün ailəmizlə birləşərək xəstəliyə qalib gəldik. Bu, yaradıcı fəaliyyətimizdə ilhamlanmağımız üçün də ciddi stimul verdi. Dünyaya tamamilə başqa bucaqdan baxmağa başladıq. Böyük enerjiyə sahib olduqdan sonra tamamilə başqa səviyyədə yaratmağa başladıq. Hesab edirəm ki, tarixi ədalətin bərpası təkcə bizə deyil, bütün Azərbaycan xalqına təsir edib. Bir çox yaradıcı insanlar da kənarda qalmayıb. Onların hər biri 44 günlük qələbəyə gedən yolu əks etdirərək yaradıcılıqlarında bədii ifadə tapıb. Biz də öz növbəmizdə onun apofeozunu və daha yaxşı gələcəyə inamı əsərlərimizdə ifadə etdik.

Bundan başqa, bu dövr ərzində mütəxəssislərlə ünsiyyətdə olduq. Odur ki, onların rəyləri, məsləhətləri yaradıcılığımızda mühüm yer tutur. Bildiyiniz kimi, biz incəsənət sahəsində akademik təhsil almamışıq. İlk sərgimizi Azərbaycan Mətbuat Şurası keçirmişdi. İndi də jurnalistika bizim üçün doğma sahədir. Bu sərgi bizim – jurnalistlər üçün sanki gözəl İncəsənət dünyasına “putyovka” idi.

- Bəs yaradıcılıq yolunuzda müəllim, ustad olaraq kim vacib rol oynayıb?

Lalə: - Düşünürəm ki, həyat yolunda rastlaşdığımız hər bir insan bizim üçün müəllimdir. Kimsə yaxşı şeylər öyrədir, kimi isə öz hərəkətləri ilə bizə necə davranmamağı göstərir. Biz hamımız insanıq və səhv edə bilərik. Amma hər hansı bir səhv dərs aldığımız təcrübədir. Mən və ailəmin həyat yolunda incəsənət aləminin belə istedadlı insanları ilə qarşılaşdığına görə çox şadam. Hər bir görüş bizim fəaliyyətimizdə önəmli rol oynayıb. Məsələn, Azərbaycanın Xalq rəssamı, professor Sakit Məmmədovla görüş həm həyatımızda, həm də yaradıcılığımızda, demək olar ki, sakral amilə çevrilib. O, bizə çətinliklərin öhdəsindən gəlməyi və hər bir çətinlik qarşısında əzmkarlıq göstərməyi öyrədib. Bu görüşün sehrini sözlə ifadə etmək mümkün deyil, onu hiss etmək və yaşamaq lazımdır...

Növbəti görüş Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında dövlət ekspert komissiyasından keçərək onun mütəxəssislərinin işimizlə bağlı rəyini alan zaman olub. Bu dəfə tale bizi gözəl insanla, öz işinin mahir ustadı ilə qarşılaşdırıb. Azərbaycanın baş bərpaçı-rəssamı, Əməkdar rəssam Natiq Səfərovla tanış olduq. O, çox incə tərzdə (xətrimizə dəyməmək və yaradıcılığımızı davam etdirməkdən çəkindirməmək üçün) bizə rəng, forma və s. haqqında çox düzgün məsləhət və tövsiyələr verib. Yaradıcılıq fəaliyyətimiz zamanı onun məsləhətlərinə əməl etdik. Hər dəfə komissiyaya yeni bir iş təqdim edən zaman onun bizim irəliləyişə nail olduğumuzu qeyd etməsi bizi sevindirirdi. Əməkdaşlığımız bu günə qədər davam edir. Natiq müəllim yüksək səviyyəli mütəxəssis kimi bizə yol göstərir və ona çox minnətdarıq. Fərqli peşə sahiblərinin incəsənət aləminə gəlişi və onlara bələdçilik edən şəxslə - öz sahəsinin mütəxəssisi ilə görüşməsi çox gözəldir.

Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovla da tanış olmuşduq. Əvvəllər işimizdə hazır fiqurlardan istifadə edirdiksə, X.Əhmədovla tanış olduqdan sonra işimizdə yenilik etmək qərarına gəldik. Xanlar müəllim bizə məsləhətlər verib. Üstəlik, o, oğlumuz Toğrula ustad dərsləri keçib. Toğrul əvvəllər də işlərində yeni texnologiyalardan istifadə edirdi. Amma Xanlar müəllimlə görüşdən sonra bu sahədə təcrübə qazanıb və yeni istiqamətlər öyrənib. Toğrul növbəti işlərində müəyyən fiqurları hər bir sandıqçanın məzmununa, mənasına və mövzusuna uyğun yeni keyfiyyətdə tətbiq və istifadə edəcək.

Bu siyahını davam etdirmək də olar. Epizodik görüşlər də olurdu, belə insanların çoxsaylı işləri bizi işimizdə yeni ideyalara ilhamlandırır. Məsələn, Azərbaycan Milli Xalça Muzeyi bizim üçün həm məbəd, həm də ilham mənbəyidir. Rəhbərliyin və şəxsən Şirin xanım Məlikovanın sayəsində onun yaratdığı sistem milli naxışlarımız haqqında ən zəruri bilikləri əldə etməyimizə şərait yaradıb. Bir çox tanınmış rəssamlar bu muzeylə əməkdaşlıq edirlər. Biz onlara minnətdarıq ki, işlərimizin ərsəyə gətirilməsi prosesində onlara müraciət edən zaman bizə informasiya baxımdan böyük yardım göstərirlər. Bizim üçün böyük məktəb Aydın Rəcəbovun fəaliyyətidir. Axı, xalçalarımızın naxışları birbaşa işimizlə həmahəngdir və bizim üçün maraqlıdır. Buna görə də təəccüblü deyil ki, bunları məhsullarımızda böyük istəklə istifadə etmək istəyirik. Biz artıq simvollardan istifadə edəcəyimiz gələcək işlərin variantları üzərində işləyirik. Ona görə də biz professor Məmmədhüseyn Hüseynovun fəaliyyətinə müraciət etmək qərarına gəldik. O da bizim üçün böyük məktəbdir. M.Hüseynov bu mövzuda kitab yazıb, onun təqdimatını səbirsizliklə gözləyirik. O, bizim üçün bir xəzinədir. Doğrudur, biz onunla şəxsən tanış deyilik, lakin simvolların dili ilə gələcək nəsillərə ismarış çatdırmaq üçün bununla bağlı planlarımızı reallığa çevirmək istəyirik. Bir sözlə, bütün bunları sonradan öz işimizdə əks etdirmək üçün biz bu peşəkarların bütün bilik və təcrübələrini tədricən toplayırıq.

- Yaradıcı insanların hər zaman planları çox olur, onlardan biri də sərgilərdir.

Lalə: - Haqlısınız. Əlbəttə ki, sərgi bizim üçün görülən işlərin hesabatı kimidir. Bu, sanki yeni imkanlara, perspektivlərə doğru bir addımdır. Pandemiyadan əvvəl sərgi keçirmək üçün təkliflər almışdıq. Amma təəssüf ki, əvvəlcə pandemiya, sonra həyat yoldaşımın və digər şəxslərin səhhətində yaranan problemlərə görə onları qəbul edə bilmədik və bunu bir müddət təxirə salmalı olduq. Lakin bu il artıq həm xaricdə, həm də doğma Bakıda bir sıra sərgilər keçirməyi planlaşdırırıq.

Bundan başqa, bu müddətdə Türkiyənin TRT telekanalı ailəmizin tarixi ilə maraqlanmağa başlayıb. Bu telekanala bizim jurnalistikadan incəsənət aləminə necə gəlməyimiz maraqlı idi. Belə ki, həyat yoldaşımın xəstələnməsi və həyat şəraiti bizi bu istiqamətə yönəldib. Art-terapiya sayəsində həyat yoldaşım xəstəliyə və depressiyaya qalib gəlib. Bu barədə çox düşünmüşəm. Axı, bir çox insan bundan əziyyət çəkir. Art-terapiya isə bunların müalicəsində və digər məsələlərdə vacib rol oynayır. O, tətbiqi incəsənətlə bağlı nümunə və əsərlər yaratmağı öyrəndi. Odur ki, bir çox insan həyatdakı çətinliklərin öhdəsindən gəlmək üçün bu üsula müraciət etməklə böyük fayda əldə edə bilər. Çətin vəziyyətlərdə təslim olmaq olmaz, həyatı sevməli, ondan bərk yapışmalı, mübarizə aparmalı və xəstəliklərlə mübarizədə qalib gəlməlisiniz. Üstəlik, incəsənət vasitəsilə ilə yalnız özünüzə deyil, həm də yaxınınıza yardım göstərə bilərsiniz. Türkiyə telekanalındakı süjetdən sonra həm ölkəmizdən, həm də xaricdən bizə zənglər gəlməyə başladı. İnsanlar bizim xəstəlik və depressiyaya necə qalib gəldiyimizlə maraqlanırdılar. Məhz o vaxt tətbiqi incəsənət nümunələrinin qorunması və təbliği ilə bağlı ictimai birlik yaratmaq qərarına gəldik. Həyata keçirmək istədiyimiz bir sıra layihələrimiz var: art-terapiya, mədəni irsin öyrənilməsi və qorunması, əhali arasında tətbiqi incəsənətin inkişafı və s.

- İsgəndər bəy, bu gün tətbiqi incəsənət əsərlərinin yaradılmasında müəyyən səviyyəyə çataraq hansı hissləri keçirirsiniz?

İsgəndər: - İlk növbədə, ailəmizə, işimizə olan marağa görə “Region plus” jurnalına təşəkkürümü bildirmək istəyirəm. Bu sizinlə ikinci görüşümüzdür... Çox xoşbəxtəm, özümü əla hiss edirəm. Bir mismar belə vura bilməyən insanı təsəvvür edin. Amma indi o, tətbiqi incəsənətlə bağlı əsərlər yaradır.

Allah mənə həyat və Onun düzgün hesab etmədiklərini düzəltmək imkanı verdi. Mən Ona və ailəmə minnətdaram. Vaxt var idi ölüm mələyindən məni aparmasını xahiş edirdim... Yalnız mənfi məsələlər danışmaq istəmirəm. Bir sözlə, sadəcə düşüncə və həyat tərzimi dəyişdim. Həyatda ən sadə dönüş belə böyük nəticələrə səbəb ola bilər.

Bir gün Lalə məndən zərgərlik qutusu hazırlamağı xahiş etdi. O, uşaqlıqdan nəyisə düzəltməyi sevirdi. Yeri gəlmişkən, o, tikməyi də bacarır və hələ məktəbdə oxuyanda özünə paltar belə tikib. Beləliklə, o dizayn və dekorasiya sahəsində müəyyən təcrübəyə malik idi. Bir gün o, ciddi qərar verdi: sağlamlığıma görə daimi qulluğa ehtiyacım var idi. Nəticədə, həyat yoldaşım çox dinamik bir peşə olan jurnalistika karyerasından imtina etdi. O, məni xəstəliyimlə, depressiya ilə tək qoymamaq üçün ailəni seçdi. Bu, oğluma da aiddir. Onun kifayət qədər perspektivləri var idi. O, təhsilini xaricdə davam etdirə bilərdi. Maraqlı təkliflər çox oldu, amma anasını tək qoymaq istəmədiyi üçün seçimini etdi. Anasına kömək etmək qərarına gəldi – axı, biz bir ailəyik. Lalə və Toğrul bir yerdə mənə kömək etdilər, məni tək qoymadılar... Bir sözlə, ailəm əlindən gələni etdi. Mən isə sadə bir qutunun hazırlanmasından başladım və bu istiqamətdə yoluma davam etdim. Bunun nəticəsidir ki, indi siz mənim tətbiqi incəsənətlə bağlı əsərlərimi görürsünüz. Mənim işlərim xaricdə tanınmış şəxslərin şəxsi kolleksiyalarındadır.

Bu da son deyil. Bütün bunlarla yanaşı, çox sınaqlardan keçməli olduq. Pandemiya dövründə ayaqlarım tutuldu, əllərimdə problemlər yarandı, sonra görmə qabiliyyətimi itirdim (gözümdə 9 əməliyyat aparılıb). Ümidsiz vəziyyətdə düşünürdüm ki, işimə qayıda biləcəyəmmi? Görəsən, bu sondur? Amma bu dəfə də məni xilas edən ailəm oldu. Onlar mənə sağalmağımla bağlı güc və inam verdilər. Onlarla birgə problemlərin öhdəsindən gələ və sağala bildim. İşə qayıtmağımı çox istəyirdim. Bu zaman köməyimə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirən oğlum çatdı. O, işimi asanlaşdırmaq üçün yeni texnologiyalar tətbiq etməyə başladı. Açılan perspektivlərin mənimsənilməsində uğur qazanaraq yeni naxışlar və kompozisiyalar yaratmağa başladıq. Hazırda Toğrul özü bədii işlər yaradır və bu, məni çox sevindirir.

- Toğrul ardıcıl düsturlar və alqoritmlər dünyasından xətlərdəki mürəkkəb naxışlara üz tutub? Çox orijinal dönüşdür...

Toğrul: - Hər şey atamın səhhətində ciddi problemlərin olması ilə başladı: şəkərli diabet onun görmə qabiliyyətini ağırlaşdırdı, əllərinin həssaslığı azaldı. Nəticədə, onun sevdiyi işlə – yaradıcılıqla məşğul olması çətinləşdi. Onun həyata marağının itdiyi görünürdü. Ona necə kömək edəcəyimi düşünməyə başladım. O vaxta qədər bu sənət mənim üçün sırf özünüifadə vasitəsi idi. Sonra anladım ki, o, yüksək texnologiyalara olan çoxdankı marağımla korrelyasiya oluna bilər. Hətta daha çox! Mənə dekorativ-tətbiqi incəsənətlə bu imkanların mükəmməl vəhdətini tapmaq maraqlı idi. Axı, texnologiyalar əl ilə hazırlana bilinməyən əşyaları yaratmağa imkan verir. Əl əməyi hər zaman yüksək qiymətləndirilir. Buna görə də “hand made” məhsullar unikal olduğuna görə onlara tələbat çoxdur. Lakin ustad rəssamın bütün istəyinə rəğmən, insan əli ilə hər şeyi hazırlamaq mümkün deyil: müəyyən mürəkkəb ideyalar, incə kombinasiyalar, formalar mövcuddur. Rəqəmsal texnologiyalar və xüsusi avadanlıq isə yaradıcı təxəyyülün məhsulunu “canlandırmağa” imkan verir.

- Amma belə üsul insanın əl qabiliyyətinin itməsinə səbəb ola bilər

Toğrul: - Çoxları düşünür ki, hansısa texnoloji qurğunun köməyi ilə yaradılan incəsənət əsərləri “hand made” anlayışına xas olmaq hüququnu itirir. Ustad heç bir şərti mexaniki vasitədən istifadə etmədən, çox çətinlik çəkmədən əl ilə edilə biləcək bir şeyi bu üsulla yaradarsa, bu yanaşma ilə qismən razı olaram. Məsələn, ağac üzərində oyma. Amma burada söhbət ondan gedir ki, ilkin ideya o qədər incə və zərifdir ki, onu əli ilə hazırlamaq sadəcə mümkün deyil. Bu, dekorativ-tətbiqi incəsənətin tamamilə fərqli səviyyəyə yüksəldiyi andır. Burada formaların mürəkkəbliyi, üslubların bir-birinə qarışması, xətlərin “aparılması” vasitəsilə qeyri-adi fakturaların ifadəsi və bir sıra digər nüanslar rol oynayır. Bunun insan tərəfindən həyata keçirilməsi praktiki olaraq mümkün deyil. Buna görə də belə məhsulların dəyərini azaltmaq olmaz. Fikrimcə, incəsənətdə ən vacib məsələ mesajınızı ifadə etməkdir. Yəni hər bir əşya, ilk növbədə, unikaldır, öz ideyasını daşıyır, öz tarixi var. Sanki bu əşya nəsə söyləmək istəyir. Bu, fərdi olaraq yaradılan və tək nüsxəsi olan hər şeyə xasdır.

- İlk baxışdan texnologiyadan istifadə xüsusi yanaşmalar tələb etmir: proqramı qurur və yekun nəticəni kənarda gözləyirsən.

Toğrul: - Tətbiqi incəsənətdə belə texnologiyaların tətbiqi üçün, məsələn, təkcə sandıqçalar və mücrülər hazırlamaq üçün deyil, həm də digər məhsullar üçün kifayət qədər böyük təcrübə tələb olunur. Bütün bunların arxasında müvafiq məktəb dayanır. Burada ilk addım bədii təxəyyülün inkişafı, daha sonra ciddi şəkildə fərqlərə malik ola bilən texniki imkanların hazırlanması və tətbiqi üsullarıdır. Bu məsələdə proqramın idarə edilməsi tələb olunur. İşlədiyiniz materiallarla bağlı biliklər də xüsusi rol oynayır. Bu, çoxşaxəli və çox mürəkkəb işdir. Klassik “hand made”dən bir zərrə qədər də yüngül deyil. Razılaşın ki, bu həm də bir növ bədii formatdır, burada müxtəlif yanaşmalarla müəyyən ideyaların həlli yollarının axtarışı komponentə çevrilir. Razılaşın ki, bu da bir növ bədii formatdır. Burada əsas komponent müxtəlif yanaşmalarla müəyyən ideyaların həlli axtarışına çevrilir. Göründüyü kimi, son sandıqçalarımız hazırlanan zaman müxtəlif növ dəzgahlardan istifadə olunub. Məsələn, bəzi detallar lazer avadanlıqları vasitəsilə yaradılır. CNC dəzgahlarından da istifadə edilir. Üstəlik, polimer 3D çapla işləyirik. Bu, bir məmulatın yaradılması məqsədilə müxtəlif sahələrdən istifadə olunduğu kompleks yanaşmadır. Görürsünüz, daha mürəkkəb bir şey yaratmaq, həyata keçirilmə prosesinin çoxtərəfliliyində bədii ismarışı daha ifadəli etmək üçün nə qədər bilik və bacarıq tələb olunur? İnanıram ki, tezliklə bu yanaşma “hand made” sahəsində öz layiqli yerini tutacaq. Bunun populyarlaşdırılması üçün sadəcə sistemli işə ehtiyac var. Bir çox ustad rəssamlar texnologiyanın köməyi ilə yaradıcılıq axtarışlarını genişləndirəcəklər. Bu, onlara semantik yükü artırmağa, istehsalın müəyyən bir mürəkkəbliyini həll etməyə kömək edəcək. Onlar insan əllərinin imkanları ilə bağlı fiziki məhdudiyyətinə görə məhrum olduqlarını təcəssüm etdirə biləcəklər. Müasir texnologiyalar və rəqəmsallaşma kreativlik üçün qeyri-məhdud imkanlar və irəliyə doğru addımlamaq üçün ciddi stimul yaradır. Bu zaman genişlənmək üçün imkanlar olduğuna görə coğrafi daxil olmaqla, bütün sərhədlər aradan qalxır. Yeni yanaşmaların mənimsənilməsi tətbiqi incəsənəti unikal səviyyəyə çatdırır. Bir-birimizi dəstəkləyərək, bütün ailə üzvləri ilə bunun üzərində işləyirik.

- Düşünürəm ki, sizin trionun ən mühüm yaradıcılıq uğurlarından biri “mütləq dəstək düsturu”dur. Bu düstur sizin işlərinizin yayılmasına töhfə verir.

İsgəndər: - Bir zamanlar öz işimə qayıda bilib-bilməyəcəyim haqqında düşünürdüm. Amma indi çox xoşbəxtəm və ruhlanmışam, çünki ailəmin dəstəyi ilə təkcə sevimli işimə qayıtmamışam, həm də biz tamamilə yeni səviyyəyə çatmışıq. Odur ki, əminliklə söyləyə bilərəm ki, indi tamamilə fərqli səviyyəli, əvvəlkindən qat-qat yaxşı tətbiqi incəsənət əsərləri yarada bilirik. Eyni zamanda bu və ya digər şəkildə hərəkətverici qüvvəyə çevrilərək əldə etdiklərimizlə kifayətlənməyimizə imkan verməyən hər kəsi qeyd etmək lazımdır. Əməyimizi yüksək qiymətləndirən bütün incəsənət ustadlarına təşəkkür edirik. Beləliklə, biz dayanmamaq, işimizi getdikcə daha da təkmilləşdirmək qərarına gəldik. Üstəlik, Azərbaycanda bunun üçün bütün imkanlar yaradılıb. Fürsətdən istifadə edərək, gələcək nəsillər üçün firavan, müasir və təhlükəsiz Azərbaycan yaratdığına görə dövlətimizin başçısı, Prezident İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna, ölkəmizin incəsənətinin və mədəniyyətinin qorunub saxlanılması, təbliği və inkişafında böyük xidmətlərinə görə şəxsən Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Fikrimcə, bu sahəyə belə münasibət bütün yaradıcı insanlara çox ciddi təsir göstərib. Bu, həmçinin bizim yaradıcılığımızda da özünü göstərib. Mədəniyyətimizə, incəsənətimizə olan belə münasibət sayəsində “Mənim ailəm”, “Qələbə birliyi”, “Xurşidbanu” kimi incəsənət əsərləri yaratmışıq. Bu əsərlər qəlbimizdən gələn işığı, ab-havanı daşıyır.

- İncəsənət hər zaman insanın qəlbinə hədəflənib...

Lalə: - Hər bir insan öz qəlbinin heykəltəraşıdır. Qəlbdən gələn işıq sevən insanın saçdığı xüsusi bir enerjidir. Bu enerjini fiziki olaraq görmək mümkün deyil. Lakin onu duymaq, ondan gələn sevgini, xeyirxahlığı hiss etmək mümkündür. Hər bir LaTIs (Lalə, Toğrul, İsgəndər adlarının abbreviaturası – müəllif) məhsuluna məhz bu hissləri veririk. Bu, ailə yaradıcılığının, münasibətlərinin keyfiyyətinin göstəricisidir. Odur ki, biz çox şadıq ki, əsərlərimiz ruh halımızı göstərir. İşlərimizdə istifadə etdiyimiz rənglər qəlbimizin işığıdır...



MƏSLƏHƏT GÖR:

141