Müəllif: Nurlanə QULİYEVA
Beynəlxalq analitik xidmətlər qlobal makroiqtisadi vəziyyətlə bağlı proqnozlarında yekdildir. Onlar yumşaq desək, bədbindirlər. Rusiya-Ukrayna müharibəsi fonunda əlverişsiz geosiyasi vəziyyət, iqtisadiyyatın üzləşdiyi və nəticələrini tam aradan qaldırmaq mümkün olmayan pandemiya şoku, ticarət bazarlarının formatlaşdırılması və bir sıra digər neqativ amillər daxil olmaqla, qlobal iqtisadiyyat ciddi problemlərə tab gətirməyə o qədər də hazır deyildi. Nəticədə, qlobal ümumdaxili məhsulun (ÜDM) təxminən iki dəfə azalacağı, həmçinin inflyasiyanın, işsizliyin və s. artacağı proqnozlaşdırılır.
Azərbaycanda isə 2022-ci ilin sonunda rekord səviyyədə, yəni 80 milyard dollar olan ÜDM-nin 2023-cü ildə daha 2,7% artacağı gözlənilir.
Bədbin qlobal proqnozlar
Qlobal geosiyasi vəziyyət gərgin olaraq qalır. Analitiklər isə əmindirlər ki, Rusiya-Ukrayna müharibəsinin əks-sədaları hələ uzun illər iqtisadi proseslərə təsir edəcək. Əlbəttə ki, enerji bazarındakı ciddi dəyişikliklərin, bank sahəsindəki sanksiyaların, valyuta müharibələrinin makroiqtisadi proseslərə təsir göstərməməsi mümkün deyil.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva CBS-ə müsahibəsində bildirib ki, ressesiya bu il qlobal iqtisadiyyatın üçdə birinə təsir edəcək və bu, geridə qoyduğumuzdan daha ciddi olacaq: “Niyə? Çünki dünyanın üç ən böyük iqtisadiyyatı – ABŞ, Avropa İttifaqı (Aİ) və Çin eyni vaxtda yavaşlayır”.
Fondun analitikləri hesab edirlər ki, qlobal ÜDM 2022-ci ildə 3,2%-lik yüksəlişdən sonra bu il cəmi 2,7% artacaq.
Digər böyük maliyyə institutu olan Dünya Bankı da davamlı yüksək inflyasiya fonunda 2023-cü il üçün qlobal iqtisadiyyatın inkişafı ilə bağlı proqnozunu ciddi şəkildə pisləşdirib. Bu bank qlobal iqtisadi artımın cəmi 1,7% səviyyəsində olacağını gözləyir. Amma Dünya Bankı 2022-ci ilin iyununda bu göstəricinin 3% olacağını proqnozlaşdırırdı.
Reytinq agentlikləri də bu məsələdə həmrəydir. Məsələn, “Fitch Ratings” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu ötən ilin sentyabrında proqnozlaşdırılan 1,7%-dən 1,4%-ə qədər aşağı salıb. Beynəlxalq reytinq agentliyi qeyd edib ki, mərkəzi banklar monetar siyasətini sərtləşdirir və Çin daşınmaz əmlak bazarında əlverişsiz vəziyyət yaranıb: “Qiymət təzyiqləri daha böyük miqyasda olduğuna görə inflyasiyanın cilovlanması gözləniləndən daha çətin olub. Mərkəzi banklar sərt addımlar atmalı olur. Bu, çətin ki, iqtisadi artım üçün müsbət amildir”.
Ümumiyyətlə, ressesiya ən çox münaqişədə iştirak edən Rusiya və Ukraynaya və bu ölkələrlə bağlılığı olan iqtisadi regiona zərbə vuracaq. Dünya Bankının analitikləri isə hesab edirlər ki, Rusiya iqtisadiyyatı 2022-ci ildə 3,5%-lik düşüşdən sonra bu il 3,3% azalacaq. BVF rəhbəri əmindir ki, Ukrayna münaqişəsindən ciddi zərər çəkən Avropa İttifaqının yarısı ressesiya ilə üzləşəcək: “Son 40 ildə ilk dəfə olaraq Çinin 2022-ci ildə iqtisadi artımı qlobal artım səviyyəsində və ya ondan aşağı olacaq. COVID-19 pandemiyasından əvvəl Çin qlobal iqtisadi artımın 35-40%-ni təmin edirdi. Bu, bir daha olmayacaq”.
“Fitch” həmçinin hesab edir ki, Çin ÜDM-i bu il cəmi 2,8% artacaq, çünki COVID-19-a yüksək yoluxma halları yaxın perspektivdə işgüzar fəaliyyətə neqativ təsir göstərəcək.
“İqtisadiyyatları ressesiya ilə üzləşməyəcək ölkələrdə belə, yüz milyonlarla insan sanki ressesiyanın baş verdiyini hiss edəcək”, - BVF rəhbəri bədbin proqnoz verib.
Əsas bəla – inflyasiya
İnflyasiya əsas makroiqtisadi bəla olaraq qalır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ötən il təkcə ərzaq məhsulları üzrə qlobal qiymətlər 2021-ci illə müqayisədə düz 14,3% artıb. Bununla bağlı, “Bloomberg Economics” aparıcı mərkəzi banklar, o cümlədən ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (ECB) tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsini proqnozlaşdırır. Agentlik 23 dünya mərkəzi bankının pul siyasətini təhlil edib: əksər mərkəzi bankların (12) uçot dərəcəsini artıracağı, 9-nun azaltmağa başlayacağı, 2-nin isə uçot dərəcəsini cari səviyyədə saxlayacağı gözlənilir.
Hesab edilir ki, dünyada faiz dərəcələrinin ümumi səviyyəsi üçüncü rübdə 6%-ə çatacaq və 2023-cü ilin sonunda 5,8%-ə düşəcək. Bu, 2001-ci ildən bəri ən yüksək göstərici olacaq. Hazırda dünyada faiz dərəcələrinin ümumi səviyyəsi 5,2% təşkil edir.
Bu arada, “Standard & Poor's” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib ki, dolların möhkəmlənməsi Avropada inflyasiya təzyiqini artıra bilər. Daha çox ABŞ dolları ilə alınan bahalı enerji resursları kontekstində Avropa valyutalarının ucuzlaşması inflyasiyanı artırır və ECB-nin qiymətləri sabitləşdirməsini çətinləşdirir.
S&P analitiklərinin fikrincə, mərkəzi bankların inflyasiyanı azaltmaq səyləri əslində, faiz dərəcələrinin daha da yüksəldilməsinin lazım olduğunu göstərir: “Qiymətlərin son dörd onillikdə ən kəskin artımı davam edən geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji təchizatı məhdudiyyətləri ilə birlikdə kəskin yavaşlamanın, demək olar ki, qaçılmaz olduğunu göstərir”.
Azərbaycana gəlincə, dünya iqtisadiyyatının bir hissəsi olan, Avropa və Rusiya ilə eyni iqtisadi regionda yerləşən ölkəmizə, təbii ki, kənardan güclü mənfi təzyiqlərin göstərilməsi davam edəcək. Aydındır ki, dünya bazarlarında mühüm əmtəə məhsullarının bahalaşması fonunda ölkədə inflyasiya gözləntiləri yüksək olaraq qalır. Açıqlanan statistik məlumatlara əsasən, təkcə ötən ilin 10 ayı ərzində idxal olunan məhsulların illik qiymət artımı 22,1% təşkil edib.
“Dekabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir. Respondentlərin 22,4%-i isə inflyasiya tempinin yüksələcəyini düşünür”, - Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
“Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Dünya üçün bu böhranlı vəziyyəti biz xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirməyə çalışırıq. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir”, - Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
O, həmçinin əlavə edib ki, inflyasiya Azərbaycana idxal edilib və 2022-ci ilin nəticələrinə görə orta illik inflyasiya 13,9% təşkil edib.
Azərbaycan rekordlara imza atır
Qeyd edək ki, bütün bu xarici neqativlər ötən il Azərbaycanın ÜDM istehsalı üzrə rekord göstəriciyə - 134 milyard manat və ya 80 milyard dollara çatmasına mane olmayıb. Beynəlxalq analitiklərin proqnozlarına əsasən, 2023-cü il də bu tendensiya davam edəcək. Məsələn, Dünya Bankının proqnozlarına görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq. Bu da ümumilikdə dünya ölkələri ilə müqayisədə 1,1 faiz bəndi, Avropa və Mərkəzi Asiya ilə müqayisədə isə 2,7 faiz bəndi yüksəkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun sözlərinə görə, 2022-ci ilin iyun ayında açıqlanan proqnozla müqayisədə Azərbaycan 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionunda ÜDM-in real artım dinamikasına görə dörd ölkədən biridir.
“Fitch Solutions” isə proqnozları daha nikbin görünür. Belə ki, agentlik bu il Azərbaycanda ÜDM-in artımını 3,7% səviyyəsində gözləyir. Agentliyin analitiklərinin fikrincə, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının, demək olar ki, 50%-ni təşkil edən enerji sektoruna müəyyən təzyiq göstərəcək.
Bu arada, Londonun ən nüfuzlu iqtisadi və biznes analitik institutlarından biri - İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi əmindir ki, 2023-2027-ci illərdə Azərbaycanın orta illik ÜDM tempi 2,5%-dən aşağı düşməyəcək, eyni zamanda ÜDM-in nominal həcmi 2037-ci ildə 112 milyard dollara yüksələcək. İqtisadi artımın mühüm komponentləri, yəni valyuta ehtiyatlarının, xarici borcların, ixracın həcmi, əslində, proqnozların özünü doğrultduğunu göstərir.
“Xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda bizim xarici borcumuz azalıb”, - Prezident İlham Əliyev bildirib.
Şübhəsiz ki, bu amil qlobal çağırışlar qarşısında milli iqtisadiyyat üçün əlavə təhlükəsizlik yastığı yaradır.
Ölkənin xarici borcu məsələsinə toxunan dövlət başçısı 2022-ci ildə onun 7 milyard dollar həddindən aşağı düşdüyünü vurğulayıb: “Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb”.
Bu məqamda qeyd edək ki, AMB-nin valyuta ehtiyatları il ərzində 1,9 milyard dollar artaraq təxminən 9 milyard dollara çatıb. Ötən il Mərkəzi Bankın ciddi manat təzyiqlərinə qarşı müqavimət göstərdiyini nəzərə alsaq, bu göstəricinin təqdirəlayiq olduğunu söyləyə bilərik.
Qeyri-neft ixracında rekord göstərici əldə olunub. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracı təxminən 3 milyard dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə düz 10,3% çoxdur.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, ölkənin ixrac etdiyi məhsulların sayı 12% artıb və qeyri-neft ixracında sənaye məhsullarının payı 62%-dən çoxdur: “Bu da, çox yaxşı göstəricidir. Qalan 38 % isə kənd təsərrüfatı məhsulları və ondan emal nəticəsində əldə edilən məhsulların ixracı təşkil edib”.
Beləliklə, ekspertlərin fikrincə, sadalanan göstəricilər Azərbaycanın iqtisadi inkişaf modelinin sabitliyindən xəbər verir və bu, milli iqtisadiyyatın xarici şoklara adaptiv və adekvat reaksiyasının bariz nümunəsidir. Bununla belə, bu il ölkə idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirməklə güclü xarici çağırışlara cavab verməyə davam etməlidir. Yalnız bu yolla xarici iqtisadi şokların milli iqtisadiyyata təsirini azaltmaq və dünya üçün qarşıdakı çətin illərdə iqtisadiyyatın sabit artımını dəstəkləmək mümkündür.
MƏSLƏHƏT GÖR: