Müəllif: Samir VƏLİYEV
2023-cü il yalnız Ukrayna üçün deyil, taleyin hökmü və siyasi səbəblərlə Rusiya-Ukrayna müharibəsinə birbaşa və dolayısı ilə cəlb edilmiş hər kəs üçün son dərəcə qorxulu başlayıb. Bu isə beynəlxalq münasibətlər sistemində misli görünməmiş böhranla üzləşmiş dünyanın ən azı, əksər hissəsi üçün də təhlükə deməkdir. . Yeni il və Milad bayramlarına və Moskvanın müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq, hərbi əməliyyatlar bir an belə, dayanmayıb.
Danışıqlar haqda söz-söhbət
Belə bir şəraitdə danışıqların zəruriliyi haqda fikirlər yenidən ortaya atılıb. Yeni ilin ilk günlərində ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Birləşmiş Ştatların hədəfini açıqlayıb: Vaşinqton Moskvanın «yeni regionlarından imtina edərək, Ukrayna münaqişəsinin həlli üçün danışıqlara razılaşmasına nail olmağa» çalışır. Bundan bir neçə gün əvvəl isə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Rusiya lideri Ukrayna problemi ilə bağlı ciddi dialoqa hazır olduğunu bildirib. Bununla yanaşı, o, Rusiyanın ələ keçirdiyi əraziləri boşaltmasının mümkün olmadığını deyib, danışıqların yalnız hərbi əməliyyatların gələcəyi ilə bağlı aparıla biləcəyini söyləyib.
Sülh danışıqları ilə bağlı təkliflərə Ukrayna prezidenti Vladimir Zelenski öz sülh formulunu irəli sürməklə cavab verib. O, 10 maddədən ibarətdir. Ukrayna lideri Krım və Donbas da daxil olmaqla, Ukraynanı tam azad etməyə hazır olduqlarını deyib, bütün əsir və deportasiya olunmuş vətəndaşların azad edilməsinin vacibliyini bildirib, hərbi əməliyyatların bərpa olunmayacağına effektiv zəmanət zərurətindən danışıb.
Aydındır ki, mövqelərin bu qədər kəskin fərqləndiyi şəraitdə hansısa real danışıqlardan bəhs etmək artıqdır. Bütün bu ritorika güman ki, tərəflərin hərbi əməliyyatlardan ilk imkandaca imtina etməyə hazır olduğu görüntüsü yaratmasına hesablanıb. Bu, həm də o deməkdir ki, tərəflər sülh danışıqları istiqamətində addım atmağa hazırdır, lakin onlar bu yola o qədər uzaqdan başlayır ki, «danışıqlar masasına aparan yol» aylarla vaxt ala bilər.
Rusiyanın Kiyev ilə dialoqda iştirak perspektivləri haqda mövqeyinə münasibət bildirən Ned Prays deyib ki, Moskvanın ələ keçirdiyi əraziləri boşaltmaqdan imtinası əslində, onun ədalətli və dayanıqlı sülhə aparacaq dialoqda iştirak etmək istəmədiyini göstərir. «Biz sonda bu yanaşmanın dəyişəcəyinə ümid edirik. Bunadək isə Ukraynaya lazımi hərbi yardımın göstərilməsi davam etdiriləcək», - deyə Prays qeyd edib.
Bahmut istiqaməti
Yanvarın 6-da ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna və onu dəstəkləyən ölkələrə dəyəri 3,75 milyard dollardan artıq olan yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Blinkenin bəyanatından az sonra Pentaqon yeni yardım paketinin detallarını da açıqlayıb. Orada bilavasitə Ukrayna üçün 50 ədəd «Bredli» piyadaların zirehli maşını, 500 tank əleyhinə top və onun mərmiləri, minalara qarşı müdafiə ilə təmin edilmiş 55 ədəd «MRAP» zirehli maşını, 100 «M113» zirehli nəqliyyat vasitəsi, «yer-hava» tipli «Sea Sparrow» zenit raketləri, BUK və bir çox digər silah-sursat var. Bununla yanaşı, Amerika tərəfi bütün bunların Kiyevə Donbas və cənub istiqamətində aparılan hərbi əməliyyatlarla bağlı tələbatlara uyğun ayrıldığını bildirir. Hazırda xüsusilə ağır döyüşlərə Bahmut və Soledar ətrafında gedir. Rusiya tərəfi artıq aylardır ki, strateji əhəmiyyət daşıyan bu nəqliyyat qovşağını ələ keçirməyə çalışır, lakin Ukrayna Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə üzləşir. Ukrayna Silahlı Qüvvələri Bahmut ətrafında Rusiya qoşunlarının böyük bir bölüyünü «sıxıb saxlayıblar», eyni zamanda o, Xerson vilayətində Dneprin sağ sahillərinin azad edilməsi istiqamətində kifayət qədər uğurlu əməliyyat keçirib.
Analitiklər hesab edirlər ki, Ukrayna ordusunun Bahmutu əldə saxlamaq uğrunda səfərbər olması Kiyevin ümumi strategiyasının dəyişdiyini göstərir. Başqa sözlə, Bahmutun müdafiəsi Ukrayna üçün ruslarla milli mübarizənin rəmzinə çevrilib.
Bu yaxınlarda «The New York Times» nəşrində Prezident Zelenskinin Ukrayna tərəfinin Severodonetsk və Lisiçansk uğrunda gedən döyüşlərdə gündəlik 100-ə yaxın hərbçinin itkisi ilə bağlı açıq şəkildə ifadə etdiyi şübhələri oxuculara xatırladan məqalə ortaya çıxdı. Yazıda bildirilir ki, Ukrayna Silahlı Qüvvələri digər istiqamətlərdə uğurlu manevr və Qərbin verdiyi silahlar hesabına birbaşa toqquşmalardan yayına, Rusiyanı geri çəkilməyə məcbur edə bilib. Bu istiqamətdə isə Ukrayna komandanlığı düşmənin təqdim etdiyi yeni reallıqlarla üz-üzə qalıb. Söhbət Rusiya tərəfinin böyük həcmdə canlı qüvvəsi ilə açıq döyüşdən gedir.
Tank çox olmur
Şübhəsiz ki, Ukrayna ordusunun yüksək səviyyədə müqaviməti davam etdirməsi üçün müasir silahlara və iqtisadi dəstəyə ehtiyacı var. Bütün münaqişə boyunca Ukraynaya müasir Qərb tanklarının və özüyeriyən artilleriya qurğularının verilməsi məsələsi aktual olub. Bu strateji silahlardan istifadənin effektivliyinin azlığı isə xüsusilə Ukrayna hərbçilərinin onlarla davranma bacarığının olmaması ilə izah edilib.
İndiyədək Ukraynaya əsasən Şərqi Avropa ölkələri ordularının arsenalındakı Sovet texnikası tədarük edilib. Ukraynalı hərbçilər onlarla əlbəttə ki, yaxşı tanışdırlar. Bu, şəm də keçmiş sosialist düşərgəsi ölkələrinin köhnəlmiş silahlardan qurtulmasına da şərait yaradırdı. İndi isə onların sayı azalır, Ukrayna ordusunun silah-sursata tələbatı isə artır. Belə bir vəziyyətdə Qərb ölkələrinin hərbi-siyasi dairələri Kiyevi müasir silah ixracı haqda daha çox düşünməyə başlayır.
Ukraynaya öz tanklarını ixrac etmək qərarı vermiş ilk ölkə Fransadır. Söhbət 105 millimetrlik topla təchiz edilmiş «AMX-10 RC» tanklarından, həmçinin «Bastion» zirehli trasportyorlardan gedir. Az sonra ABŞ-ın Ukraynaya 25 millimetrlik topla, pulemyot və tank əleyhinə idarə olunan raketlərlə təchiz olunmuş «Bradley» BMP-ləri vermək imkanını nəzərdən keçirdiyi haqda da məlumat yayılıb. Növbədə, Almaniyanın «Leopard 2» tankları və «Marder» zirehli trasportyorlarıdır. Onları Kiyev Berlindən çoxdan istəyib.
Yeri gəlmişkən, Ukrayna prezidenti Fransanın bu qərarını yüksək qiymətləndirərək, Makrona təşəkkür edib: «Bu, bütün tərəfdaşlarımıza ünvanlanmış dəqiq siqnaldır: artıq Ukraynaya hələ də Qərb istehsalı olan tankların verilməməsinin heç bir rasional səbəbi yoxdur», - deyə Zelenski xalqa gündəlik videomüraciətində bildirib.
Berlin isə müvafiq qərarı qəbul etməyə tələsmir. Almanlar əvvəlcə bu addımın əleyhdarlarını onun vacibliyinə inandırmağı, yekun qərarı yalnız bundan sonra qəbul etməyi doğru sayır.
İqtisadi yardıma gəlincə, Ukrayna Milli Bankının məlumatına görə, ötən il Kiyev 30 milyard avro yardım alıb. Ümumi yardımın 40%-i ABŞ-ın payına düşüb. Sonrakı yerləri 25%-dən bir qədər az olmaqla Avropa İttifaqı və 8% ilə BVF tutur. Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, bu, ÜDM-in təxminən 16%-i deməkdir.
Hərbi dövrün iqtisadiyyatı
Ukrayna İqtisadiyyat Nazirliyinin 2022-ci ilin yekunlarına dair elan etdiyi ilkin məlumatlardan məlum olur ki, ölkədə ÜDM-in həcmi 30,4% azalıb. Ekspertlər deyir ki, xüsusilə Rusiya Ukraynanın həyati əhəmiyyətli infrastrukturlarına zərbələri davam etdirərsə, gələcəklə bağlı risklər və qeyri-müəyyənlik yüksək olaraq qalır.
Müharibə kütləvi insan tələfatına, miqyaslı dağıntılara, milyonlarla ukraynalının ev-eşiyini tərk etməsinə, kənd təsərrüfatı ilə bağlı problemlərə, Qara dəniz limanlarına giriş-çıxışın məhdudlaşdırılmasına, həyati əhəmiyyət daşıyan taxıl və metal ixracında problemlərə, müdafiə xərclərinin artmasına səbəb olub.
Ukrayna iqtisadiyyatı hər zaman ixrac yönümlü olub və hərbi əməliyyatların başlamasından sonra onun ixracı kəskin şəkildə azalıb. Ölkənin İqtisadiyyat Nazirliyi bildirir ki, 2021-ci illə müqayisədə nisbi ixrac dəyərləri 2021-ci ilə nisbətən 35%, fiziki həcmlər isə 38,4% azalıb.
Bununla yanaşı, analitiklər iddia edir ki, ölkə iqtisadiyyatı mümkünsüz hesab edilən nəticə göstəir. Yəni o, xarici dəstək səviyyəsində yeni reallıqlarla ayaqlaşır. 2022-ci ilin son aylarında isə Ukrayna iqtisadiyyatında tənəzzül zəifləyib. Bu, Rusiyanın Xerson da daxil olmaqla, Ukraynanın bir sıra cənub rayonlarından çəkilməsindən sonra baş verib.
Ukrayna iqtisadiyyatı və maliyyə sabitliyi üçün xarici yardımlar əvvəlkitək, həlledici əhəmiyyət daşıyır. 2023-cü ildə dövlət büdcəsində 38 milyard dollarlıq kəsir gözlənilir. Hökumət onu xarici yardımlar hesabına qapatmağı düşünür.
Bununla yanaşı, 2023-cü ildə Rusiyanın enerji və digər infrastrukturlara zərbələr endirəcəyi riski də qalır. Xatırladaq ki, eyni səbəbdən oktyabrın ortalarında Ukraynada elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaranmışdı.
Mütəxəssislər daxili tələbatın zəif olması və ixrac logistikasındakı əhəmiyyətli məhdudiyyətlərlə əlaqədar, 2023-cü ildə iqtisadiyyatın bərpası baxımından ciddi nəticələr gözləmir. «Dragon Capital» investisiya bankında hesab edirlər ki, bu il Ukrayna iqtisadiyyatı 5% geriləyəcək.
Amma müharibə aparan və çiyinlərində ciddi hərbi yük olan ölkə üçün bu, qaçılmazdır. İndi Ukrayna iqtisadiyyatı üçün yalnız bir prinsip aktual ola bilər: «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!»
MƏSLƏHƏT GÖR: