Müəllif: Tatyana İVANAYEVA
Müasir insan sürətlə yeni texniki inkişaf səviyyəsinə keçən “rəqəmsal” dünyada musiqinin rolu haqqında düşünürmü? O, klassikaya və ya necə deyərlər, ciddi musiqiyə qulaq asan zaman məhz özünə kömək etdiyini anlayırmı? Əslində, insan belə musiqi vasitəsilə orijinallığına, köklərinə qayıdır, həmçinin emosional intellektini, ünsiyyəti, sosial əlaqələrini və estetik zövqünü inkişaf etdirir, təkmilləşdirir. Üstəlik, bu yolla insan həyatın harmoniya və gözəlliklə əhatə olunduğu, onun mahiyyətinə yönələn bir dünyaya qərq olur...
Dünyada təkcə pianoçu kimi deyil, həm də tələbatın olduğu bəstəkar kimi tanınan Renara Axundovanın yaradıcılığı məhz bunlardan ibarətdir. ABŞ, Avropa, Rusiya, Asiyadakı konsertlərlə paralel olaraq, teatr tamaşaları, həmçinin audio kitablar üçün musiqi bəstələyir. Onun CD-ləri Rusiya, Avropa, Çin, Sinqapur və Tayvanda satışa çıxarılıb.
O, musiqi əsərlərində müxtəlif üslub və istiqamətləri birləşdirir: Renara həyatını “konveyer məhsulu olmamağa... və bir çərçivəyə salınmamağa” həsr edib. Onun əsərləri Qəlbin canlı musiqisidir. Onun Şərqin mənəvi praktikasından gələn təcrübəsi yaradıcılığına orqanik şəkildə uyğunlaşır və dinləyicilərin qəlbinə hər zaman yol tapır. Pianoçunu fərqləndirən cəhətlərdən biri isə onun konsertlərinin ayrılmaz hissəsinə çevrilən improvizasiyadır. Bu zaman tamaşaçıların gözü qarşısında “musiqi düşüncəsi” yaranır, onu bir növ birgə yaradıcılığa cəlb edir. Nəticədə, individuallıq refleks vasitəsilə kollektiv enerjinin bir hissəsinə çevrilir. Burada səs sözə, musiqi melodiyası təlimə çevrilir.
Beləliklə, Renara AXUNDOVA-nın musiqisi müxtəlif üslub və istiqamətləri özündə birləşdirir: “new age” və “pop-classic”dən tutmuş “relax” və “meditative”ə qədər. Onun musiqisi Rusiyada “Dünya klassik musiqisinin 100 şah əsəri” kolleksiyasına daxil edilib.
- Siz musiqiyə müəyyən fəlsəfi məzmun qoyursunuz. Söhbət “ləng düşüncə”dən gedir. Demək, sizin dinləyici müvafiq bilik bazasına malik olmalıdır. Üstəlik, getdikcə daha çox insanın “klip” düşüncəsinə qərq olduğu indiki dövrdə.
- Burada söhbət bilik bazasından deyil, insanın mental vəziyyətindən, hisslərinə və ehtiyaclarına nə qədər bağlı olmasından gedir: əsl daxili aləmindən. Buna görə də bilik bazası olan insanlar dedikdə, özünü inkişaf etdirən, öz yolunu axtaran “səyyahlar” nəzərdə tutulursa, mən onları bu yolla aparan, “burada və indi” musiqisinə dəvət edən zaman onların daxillərində bu mərkəzlə, bu məkanla müəyyən zaman kəsiyində əlaqə saxlamaları daha asan olacaq. Odur ki, insanın “klip” düşüncəsində olub-olmaması vacib deyil. Musiqi möcüzələr yaradır!.. Bəzən möcüzə baş verməsi üçün bir anın və ya bir səsin bu daxili məkana nüfuz etməsi kifayət edir. Söhbət bir şeyin həqiqi mövcudiyyəti ilə bağlı sehrin “klip” düşüncəsindən yaranmasından gedir... Axı, heç kəs bunun nə vaxt baş verəcəyini bilmir və bilməyəcək də. Bu, zamanı çatınca hər yerdə və hər kəslə baş verə bilər.
- Fikrimcə, musiqiniz müəyyən kinematoqrafiya xüsusiyyətinə malikdir. Yəni onu nəinki dinləmək, həm də vizuallaşdırmaq mümkündür.
- Sizin nədən bəhs etdiyinizi yaxşı başa düşürəm. Bir çox dinləyici mənimlə bölüşüb ki, mənim daxilimdən gələn musiqini dinləyən zaman onlarda fərqli obrazlar, şəkillər yaranır. Məsələn, onların gözləri qarşısına uşaqlıq dövrlərindəki şəkillər gəlir və ya onlar daxillərində nəzər yetirmədikləri müxtəlif məkanlara qərq olurlar...
Uşaqlıqda ən sevdiyim janr kino musiqisi idi. Mən bu musiqilərlə böyümüşəm. Məni müxtəlif filmlərin ilahi musiqiləri heyran edirdi: “Romeo və Cülyetta”, “Xaç atası”, “Sevgi tarixi”, “Kişi və qadın”... Ennio Morrikone, Fransis Ley, Nino Rota... Bu dahilərin musiqisini dərhal təkrarlamaq və unutmamaq üçün kinoteatrdan evə qaçırdım. Odur ki, bu janrda musiqilər bəstələməyim təəccüblü deyil. Mənim üçün bu janr təsnif edilmir.
- Musiqi “hekayələr”iniz Georgi Sviridov, Tofiq Quliyev, Vladimir Kosma, Frans Liszt, Rafiq Babayev və digər bəstəkarların yaradıcılığı ilə bir qədər uyğundur.
- Yəqin ki, uyğun gəlir. Şübhəsiz ki, musiqi sahəsində inkişafımın hansısa mərhələsində onların musiqiləri daim məndə səslənir, əks-səda verirdi. Azərbaycan bəstəkarları çox istedadlı, çoxşaxəli şəxsiyyətlərdir. Xoşbəxtlikdən, uşaqlıqda onları canlı eşitmək imkanım olub.
- Pianoçunun ifası hər zaman pianonun və zalın vəziyyətindən asılıdır. Nəzərə alsaq ki, hər bir konsert yeni alət və platformadır, bu o deməkdir ki, yeni səs, klaviş, məkanla daimi tanış olmaq imkanı yaranır. Bunların hər biri müəyyən yanaşma tapmalı olduğunuz xarakterə malikdir.
- Deməzdim ki, pianoçu pianonun və zalın vəziyyətindən asılıdır. Daha doğrusu, hər bir alət və məkan hər zaman yenidir və konsert başlamamışdan qabaq birincisi ilə əlaqə saxlamaq çox vacibdir. Üstəlik, səhnəyə çıxmamışdan əvvəl məkanla tanış olmaq da çox yaxşıdır. Amma həqiqi tanışlıq musiqili görüş zamanı baş verir. Buna görə də deyə bilərəm ki, ən yaxşı alət əslində çox böyük köməkdir, çünki səslər və alətin vəziyyəti musiqi ilə çatdırmaq istədiyinizi daha incə və daha doğru şəkildə çatdırır. Amma bəzən bu, təxminedilməz olur, çünki alət pis vəziyyətdə ola bilər. Fikrimcə, müəyyən bir yanaşma axtarışında “beyin” çox vacib olsa da, həqiqi görüş “ürək” vasitəsilə baş verir. Bu illər ərzində müəyyən məkanlarda, ölkələrdə, mədəniyyətlərdə, həmçinin bizi onlayn rejimə keçməyə vadar edən COVID-19 pandemiyası dövründə, konsert formatında fəaliyyət göstərdiyimi nəzərə alsaq, iştirakın ən vacib məqam olduğunu söyləyə bilərəm. “Biz eqonu bir kənara qoyub, özümüzü hadisələrin axarına buraxıb qəlbimizin bir küncündə sığınacaq tapdıqda saflaşmış oluruq”.
- Bakıya budəfəki səfəriniz zamanı verdiyiniz konsertdən belə təəsurat yaranırdı ki, sizin musiqi əbru sənətinin canlı texnikası və ya böyük yazıçı və şairlərin əsərlərinin oxunması ilə ecazkar vəhdət təşkil edə bilər.
- Mən bütün yaradıcı işbirliklərinə açığam və bu, heyrətamiz dərəcədə maraqlı bir prosesdir! Bunun inkişafı mümkündür. Odur ki, bu proses bundan sonra da inkişaf etdirilməlidir! Bu, eyni zamanda poeziya, rəsm, musiqi və rəqs ola bilər. Lakin bu prosesin mahiyyəti, katalizatoru və bədii ifadəsi yalnız saf improvizasiya ola bilər.
- Bəzən iddia olunur ki, improvizasiya diqqətlə hazırlanmış hazır əsərdir. Axı, insanlara məhz onların qarşısında musiqinin yarandığını təsəvvür etmək çox çətindir. Odur ki, tamaşaçılar bu məsələyə skeptik yanaşa bilər...
- Bilirsiniz, uzun müddətdir ki, başqalarının iddiaları mənim üçün əhəmiyyət kəsb etmir. Məhz tamamilə “bütöv” olmaq üçün öz üzərimdə işləmişəm və bundan sonra işləyəcəyəm. Bəlkə də, bu, mənim həyatımın tələbatıdır. Əgər kimsə inanmırsa və ailəsinin, məktəbinin, cəmiyyətin onu doldurduğu doqma və düşüncələr həbsxanasında yaşayırsa, demək, bu, onların işi və hekayəsidir. Əslində, kiməsə nəyisə başa salan zaman enerji gedir. Ürəkdən gələn hissləri sadəcə dünya ilə bölüşmək də azadlıqdır. Hafizin çox incə ifadəsi var: “Mən Məsihin hava üfürdüyü fleytada sadəcə bir dəliyəm. Bu musiqiyə qulaq as”. İmprovizasiya da fleytada dəlik olmaqdır...
Güzəşt qəlbin ölümü deməkdir. Canlı improvizasiyaya gəlincə, musiqi daşıyıcılara yazılan zaman əsərə çevrilir. Əgər o, heç bir yerdə qeydə alınmayıbsa, o zaman sükutdan gələm və heç yerdə qalmayan hisslərin ifadəsidir. Odur ki, o, hər kəs üçün məhz həmin anda gəlir və gedir.
- Musiqi universal bir dildir. Bütün əlifbanı əvəz edən cəmi yeddi not. Major və minor sanki ziddiyyətin vəhdətidir. Məhz siz bu Kainata “müdriklik nəfəsi” bəxş edirsiniz. Sünilikdən necə qaçırsınız? Ümumiyyətlə, bundan yan keçmək mümkündürmü? Axı, təsadüfən bir klavişə basaraq dünyaya ahəngsiz bir səs çıxara bilərsiniz.
- İmprovizasiya zamanı, yəni mənim mövcud olmadığım, eqonun işıqda yox olduğu an süni notlar yoxdur, hər şey mükəmməldir. Süni notlar yalnız insanın beynində olur. Kompozisiyanın təmiz şəkildə ifa edilməsinə gəlincə, hamımız sovet musiqi məktəbində təmiz notlar və parlaq texnika ilə bağlı kifayət qədər travma almışıq. Yeri gəlmişkən, indi bunu çinlilər yaxşı bacarır. Mən isə düşünürəm ki, ilk növbədə, tələbəni başa düşmək və onun unikallığını görmək lazımdır. Musiqililik texnikadan daha vacibdir, çünki bu, özünüifadə üçün daha çox azadlıq verir. Marşall Rozenberqin dediyi kimi, “şagirdlərlə təhsildən qabaq ünsiyyət qurmaq lazımdır”.
- Postulatlarınızdan biri belədir: “Özümü sağaldaraq, dünyanı da sağaldıram”. Bu, insanın mahiyyətinə müraciətdir. Ancaq ən çətin məsələ özünüzü tərbiyə etməkdir. Müasir insan, təbiətcə, empatiyaya çox önəm vermir...
- Bəli, ən çətin və ağrılı proses özünü dərk etmək, əsl mənliyinizə aparan yoldur. Bu, məndə Marşall Rozenberq sayəsində başlayıb. O, mənə heç vaxt düşünmədiyim tərəflərdən empatiyanı açıb. M.Rozenberq deyirdi ki, empatiya dünyanı xilas edəcək. Buna görə də özümüzü dərk edərək, həm də dünyanı anlayırıq. 98 faiz insanın öz daxili aləminə nəzər yetirmək istəməməsinin səbəbi qorxudur. Yəni rahatlıqdan çıxmaq, güclü emosiyalar yaşamaq, rədd edilmək qorxusu. Bu, müxtəlif formalarda özünü büruzə verir.
Hər birimiz uşaqlıqda, həyatımızın ilk yeddi ilində aldığımız və formalaşma prosesində inkişaf etdirdiyimiz proqramlar üzündən daxili aləmimizə baxmamağımız üçün strategiya hazırlayırıq. Ən sağlam insan həyatın bütün aspektlərində sağlam olan insandır: fiziki, enerji, mənəvi, emosional, mental baxımından. Fəlsəfə doktoru Klint Rodcersin “Şəfaverici ustadın qədim sirləri” kitabını oxumağınızı tövsiyə edirəm.
- Yaradıcılığınız insanlarla bağlıdır. Konsert fəaliyyətiniz coğrafi baxımdan çox genişdir. Odur ki, müxtəlif ölkələrin tamaşaçılarını müqayisə etmək olar. Yeri gəlmişkən, sizin üçün onların diqqəti, sizi dərk etmə səviyyəsi, yəni ifadə edilən əsərə daxil olmaları hansı əhəmiyyət kəsb edir?
- Uzun müddətdir ki, bir sadə səbəbə görə müxtəlif ölkələrin auditoriyasını müqayisə etmirəm. Bu müqayisə məni həqiqi yoldan çıxara bilər. Təbii ki, tamaşaçılarla əlaqə olan zaman qavrayış, diqqət və sair kimi məsələlərlə bağlı suallar kənarda qalır. Bu əlaqə ya var, ya da ki yoxdur. Ona görə də deyə bilərəm ki, coğrafiya çox genişdir, mədəniyyətlər isə tamamilə fərqlidir. Eqo və “sən-mən-o” anlayışlar zəncirinin olmadığı, tamaşaçılarla tam vəhdətin olduğu an dərhal yaranmaya da bilər. Bu, bəzən ilk notdan yaranır. Bavariyada Bert Hellingerin 85 illik yubileyinə dəvət olunan zaman da oxşar hissləri yaşamışdım. O vaxt zalda 80 ölkədən minə yaxın insan var idi. Onları birləşdirən ümumi cəhət o idi ki, bu insanlar Bert Hellingerin üsulu ilə 10-12 gün ərzində sistemli şəkildə tam bərpaolma prosesində idilər. “İnsan məkanı”nın özü o qədər “təmizlənmişdi” ki, ilk notdan hər şey tək bir bütövlükdə yüksəlmiş və yalnız iştirak üçün yer qalmışdı. Cəlb edilmək məsələsinə gəlincə, insanları birgə yaradıcılıqla məşğul olmağa dəvət etmək mənə çox kömək edir. Bu, elə həmin anda özünü göstərən mövzudan asılı olaraq, zalda olanların hər birinin kiminləsə və ya nə iləsə əlaqəsini nəzərdə tutur. Bu, hər zaman spontan baş verir və burada əvvəlcədən düşünülmüş elementlər yoxdur. Bu əməkdaşlıq yarandıqda isə hər kəs improvizasiya prosesində iştirak edir. Odur ki, zalda olan hər kəs bu anı yaşaya bilər.
- Sizin bioqrafiyanız hadisələrin gələcək inkişafına səbəb olan silsilə görüşlərdən ibarətdir. Yolunuzda olan insanlar sanki sizin şəxsi “solfecio”nuzdur...
- Mənim yolumda olan hər bir insan Tanrının lütfüdür: valideynlərimdən başlayaq onların valideynlərinə qədər. Həyatımda istisnasız olaraq hər kəs mənim müəllimimdir. Onların arasında güclüləri də, çox da rahat olmayanları da var. Amma onların hər biri mənim üçün çox vacibdir və onlara minnətdaram. Mənə müxtəlif ustadlarla rastlaşmaq nəsib olub. Onların hər biri öz yolunun hikmətini mənə öz üsulları ilə çatdırıb. Oğlum mənim ən böyük müəllimimdir. Bakı mənim ən böyük müəllimimdir. Bir sözlə, hər kəs və hər şey mənim müəllimimdir...
- Ətrafımızdakı dünya müxtəlif təzahürlərdə musiqi olsa da, onu eşitməyənlər də var. Bu vəziyyətdə bir dilemma yaranır: belə insanlara bunu eşitməyi öyrətmək, yaxud hər şeyi olduğu kimi saxlamaq...
- Biz heç vaxt “qapalı ürəyə” yol tapa bilmərik. Amma biz ilham verə bilərik. Axı, hər birimiz bir vaxtlar təkamül yolumuzda tamamilə bağlı idik və nələr etdiyimiz hələ də məlum deyil. Lakin bu dünyada heç bir insan, heç bir ölkə taledən qaça bilməyib: nə fərdi, nə də ki kollektiv səviyyədə. Tale nə yaxşıdır, nə də ki pis. Bu hərəkətdir. O, “yaşayan”, “titrəyən” və transformasiyaya ehtiyacı olan köhnə yaddaşa çevrilir. Yeri gəlmişkən, Sadxquru “Karma” adlı kitabında bunu yaxşı izah edib. Hər kəs sözün bütün mənalarında onun olduğu yerdədir. Kimin, nəyin və nə vaxt katalizator olması Tanrı ilə qəlb arasındadır.
- Uşaqlığımda mütaliə və musiqi təhsili ilə bağlı bir kult var idi. Ev kitabxanaları əvəzolunmaz hesab olunurdu və musiqi aləti (ən çox piano) ailənin xüsusi qürur mənbəyi idi. Qacetlər tədricən bu inkişaf sahəsinin əhəmiyyətini azaltdı və psevdo-azadlıq yarandı. Cəmiyyət mənəvi baxımdan nəsə itiribmi?
- Düşünmürəm ki, cəmiyyət mənəvi baxımdan nəsə itirib, çünki bununla bağlı faiz dəyişməyib. Sadəcə planetin əhalisi artıb və virtual həyat insanların real həyatında əhəmiyyətli yer tutub. İnsanlar arasında həyatlarının müəyyən bir hissəsində mənəvi axtarışda olan insanların sayı hər zaman iki faiz olub. İnsanlıq mövcud olduğu dövrdən bəri heç vaxt indiki kimi evdən çıxmadan, yəni qacetlər vasitəsilə dünya kitabxanasına yaxın olmayıb. Yəni artıq sərhədlər yoxdur. Hətta mən əksini söyləyərdim: bu gün cəhalət seçimdir, çünki informasiya hər kəs üçün əlçatandır. Demək, mənəvi baxımdan itki olduğu barədə danışmaq doğru deyil. Keçmişdə əlçatmaz olan daha çox möhtəşəm müəllimlər, seminarlar, kitablar, təlimlər və sair var. Həyatının hansısa mərhələsində buna hazır olan, buna gəlib çatan insan daim özünü inkişaf etdirməklə məşğul olur və bu prosesin geri dönüşü yoxdur. Sadəcə bəzi insanların bununla bağlı vaxtı yetişməyib. Hesab edirəm ki, hər birimiz belə anda olmuşuq və ya bu andayıq. Mən varlığımızı təkcə 3D dünyasında, ümumi zaman- məkan anlayışında dərk etmirəm. Mən kvant fizikasını çox sevirəm. Fikrimcə, bu, Həqiqətə və Tanrıya ən yaxın olan məsələdir. O, zamanın xətti olduğunu sübut edən tamamilə inanılmaz və heyrətamiz təcrübələri ehtiva edir: keçmiş-indiki-gələcək burada və indi baş verir və bu kvant sahəsindədir. Bu, mənim dünyagörüşümdür və bu barədə uzun müddət danışmaq olar.
- Bu gün çox sayda insan mənəvi praktikalara müraciət edir. Bununla sanki “dərk etmə yolları”nı axtarırlar. Amma bu yolun demək olar ki, bir ömür boyu uzandığını az adam düşünür. Axı, “necə xoşbəxt olmaq olar”ın hazır resepti yoxdur. Nəticədə, insanlar məyus olurlar. Belə hallarla tanışsınız? Belə şübhə anlarını necə aradan qaldırmaq olar?
- Bu gün inanılmaz dərəcədə çox cərəyanlar və məlumatlar var. Başa düşməliyik ki, dərk etdiyimizdən kənarda həyat var və ya əksinə. Dərk etdiyin andan sonra “uzatma” anlayışı yox olur. Hər indiki anın dəyərini bilir və belə suallar aradan qalxır. Xoşbəxt olmağın nə demək olduğu anlamaq da yalnız daxili müraciətlə mümkündür. Bu, böyük bir təcrübə təbəqəsidir. Bunu tezislə belə təsvir etmək olar: tam dərk etdikdən sonra məyusluqlar olmur, çünki onlar sadəcə yox olur. Yüksəlişlər və düşüşlər, sinusoidalar, kədər və sevinc kimi müxtəlif hisslər olur. Amma şübhəli anlar olmur. Dərk etməyə gəlmək isə bunlardan qaynaqlanan əməkdir. Azadlıq, bilik, dərk etmə, empati həsrətində olan insanın daxili məkanı isə həyatı ilə bağlı ilk sualla bu prosesə başlayır. İlk vaxtlarda şübhəsiz ki, həm şübhələr, həm də məyusluqlar olur. Amma insan daim öz üzərində işləməyin və tale ilə öz Müəllimlərinin yanına gəlib çatmağın sayəsində maariflənməyə nail olduqda, bir çox şikayətlər və narazılıqlar tamamilə aradan qalxır. Beləliklə, dərk etmə odur ki, istisnasız olaraq həyatda baş vermiş, verən və verəcək hər şeylə bağlı məsuliyyət yaranır. Belə bir anlayış var ki, hər insan fərdi şəkildə paya sahib olmaqla bunu özü yaradıb, yaradır və yaradacaq. Bu zaman insan qlobal, kollektiv və ya dar miqyasda öz iştirakını anlamalıdır. Söhbət onun bu və ya digər şəkildə təkamül prosesindən gedir. Bu, istisnasız olaraq bir insanın həyatında baş verən hər şey üçün məsuliyyətdir. Heç nə elə belə, yəni təsadüfən baş vermir. Bumeranq effekti, tale, dharma və hər şeylə bağlı aydınlıq kimi məsələlər var...
- Canlı ifaya və lentə alınmış əsərlərə toxunduq. Əgər birincidə azadlığın başlanğıcı varsa, “maqnit daşıyıcı” musiqiyə bir növ məhdudiyyət qoyur. Bəlkə də onun lentə alınması musiqinin ruhunu bir az “öldürür”.
- Bütün titrəyişlərin incə səviyyədə və eyni zamanda bütün məkanlarda sehrli vəhdətini heç nə əvəz edə bilməz. Yəni onun “burada və indi” canlı olmasını. Amma lentə alınmanın musiqini “öldürdüyü”nü söyləyə bilmərəm. Studiyada səsyazma prosesinin nə olduğunu bildiyim üçün indi ancaq özümdən danışıram. Musiqiçi səsyazma studiyasında işləyərkən, yəqin ki, ən vacib məsələ hər notda iştirak etmək bacarığıdır. Bu şərt yerinə yetirilərsə, daşıyıcıya “canlı” bir iş yazılır. Bunu təsdiq edən məsələ isə heç vaxt konsertlərimə getməmiş, məni canlı dinləməmiş və yalnız albomlarımı aldıqdan sonra mənə yazan insanların düşüncələridir. Yeri gəlmişkən, eqo olmadan yalnız musiqidə varlığımı nəzərdə tutan improvizasiyalar, səsyazma studiyalarının divarlarından kənarda yazılır. Amma canlı ifanın ab-havası ilə heç nə müqayisə oluna bilməz. Qeyd etmək istərdim ki, canlı ifa etmək və musiqi vasitəsilə Kosmos kimi, bütövün tam vəhdətinə gəlmək mübarək və sakral bir məqamdır. Bu, Tanrının lütfüdür...
MƏSLƏHƏT GÖR: