Müəllif: İlqar VƏLİZADƏ
Azərbaycanın ərəb dünyası ilə münasibətlərinin dinamikası birmənalı olaraq onu deməyə əsas verir ki, tərəflər arasında əlaqələr tarixdə görünməmiş yüksəlişə keçib. Bu, heç də təsadüf deyil. Çünki beynəlxalq və regional dinamika qarşılıqlı münasibətlərin daha sıx qurulmasını zərurətə çevirib.
Əmirlik öndədir
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə yanvarın ortalarında etdiyi səfər bütün bunları bariz şəkildə ortaya qoyub. Qeyd etmək lazımdır ki, bu, Əmirlikdə 2022-ci ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra Azərbaycan liderinin BƏƏ-yə ilk səfəri idi. Həmin vaxt Xəlifə bin Zayed Al Nahyanın vəfat etməsinin ardından onun kiçik qardaşı prezident seçilib.
İlham Əliyev üçün BƏƏ-nin yeni prezidenti yaxşı tanış olan, zamanla sınanmış tərəfdaşdır. Məsələ ondadır ki, prezident Xəlifə Al Nahyanın insult keçirməsi ilə 2014-cü ildən ölkəsini beynəlxalq danışıqlarda məhz Məhəmməd bin Zayed Al Nahyan təmsil edirdi və nəticədə, liderlər arasında intensiv dialoq yaranmışdı. Azərbaycan Prezidentinin 2016-cı ilin fevralında BƏƏ-yə səfəri, Əmirliyin xarici işlər naziri şeyx Abdulla bin Zayed Al Nahyanın isə 2017-ci ilin mayında Bakıya gəlməsi ilə ikitərəfli əlaqələrin dərinləşməsi xüsusi impuls qazanmışdı.
Bu günədək iki ölkə arasıda iqtisadi, ticari, investisiya, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığa dair 30-dan artıq sənəd imzalanıb. 2022-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) tərəflər arasında ticarət dövriyyəsi bir il əvvəlin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq, 90 milyon dolları ötüb.
Tərəflər ikitərəfli münasibətlərin daha da intensivləşdirilməsi üçün ticarət evlərinin yaradılması haqda da razılığa gəlib. Nəticədə, 2017-ci ildə Dubayda Azərbaycanın ticarət nümayəndəliyi, 2019-cu ildə isə «Azərbaycan Ticarət Evi» fəaliyyətə başlayıb. Burada məqsəd Fars körfəzi ölkələrində Azərbaycan məhsullarının satışının təşkilidir.
Ötən dövrdə Azərbaycan BƏƏ-yə 513 milyon dollar investisiya qoyub. Eyni zamanda BƏƏ-nin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 2,2 milyard dollardır. Vacib enerji layihələrinin reallaşdırılması ilə bu məbləğ davamlı olaraq artır. Azərbaycanda BƏƏ-yə məxsus 233 investisiya şirkəti fəaliyyət göstərir.
Bundan başqa, iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə 2008-ci ildə yaradılmış birgə hökumətlərarası komissiyanın fəaliyyəti də inkişaf edir. Hazırda əməkdaşlığın perspektiv istiqamətləri bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və turizm sahələridir.
Azərbaycanda hesab edirlər ki, BƏƏ-nin biznes dairələri üçün Ələt azad iqtisadi zonasında və işğaldan azad olunmuş Qarabağda həyata keçirilən layihələr də maraqlı olacaq. Üstəlik, hazırda bu ölkə Azərbaycanda «yaşıl enerji» sahəsində miqyaslı layihələrin reallaşdırılmasında Səudiyyə Ərəbistanı ilə ciddi rəqabətə girib.
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində SOCAR ilə «Masdar» şirkəti arasında 2QVt gücündə dənizdə külək və hidrogen layihəsinin birgə işlənməsinə dair razılaşma imzalanıb. Tərəflər 1GVt gücündə günəş fotovoltaik və quruda külək stansiyasının yaradılmasına dair sazişə də imza atıb.
Qeyd edək ki, BƏƏ 2050-ci ilə karbon neytrallığı öhdəliyini üzərinə ilk götürmüş dövlətdir. O, həmin enerjiyə töhfəsini 25%-dən 50%-ə artırmağı planlaşdırır. Ölkə 2050-ci ilə elektrik enerjisi istehsalında «karbon izi»ni 70% azaltmağı da nəzərdə tutur.
Hələ 2021-ci ilin sonlarında Fransanın «Engie» şirkəti ilə «Masdar» Birləşmiş Ərəb Əmirliklərində «yaşıl» hidrogen habının tikintisinə dair saziş imzalayıblar. Bənzər layihə Azərbaycanda da reallaşdırıla bilər.
Prezident Əliyev SOCAR ilə «Masdar» arasında imzalanmış razılaşmadan danışarkən deyib: «4 giqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 giqavata qədər artırılacaq. Nəticədə, «Masdar» ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək».
«İbrahim razılaşması»nın imzalanması və Əbu-Dabinin regional və beynəlxalq siyasətdə fəallaşması ilə Azərbaycan-BƏƏ münasibətləri də yeni dinamika qazanıb. İranla arasında qədimdən ərazi mübahisəsi olan bu ölkə Bakıya Tehranla münasibətlərdə dəstək verə bilər. BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionu ilə bağlı gedən debatlarda BƏƏ hər zaman Azərbaycana dəstək verir. Odur ki, Əbu-Dabi ilə Tehran arasında qarşıdurmanın yaşanacağı təqdirdə, birincinin beynəlxalq dəstəyə ehtiyacı olarsa, o, Bakının dəstəyinə arxayın ola bilər. Belə qarşıdurma isə məsələn, Fars körfəzindəki adalarla bağlı ərazi mübahisəsi ola bilər.
Xatırladaq ki, Fransa ilə Ermənistanın azərbaycanlıların Laçın yolundakı aksiyasını pisləyən təşəbbüsünün BMT TŞ-də əngəllənməsinə BƏƏ də dəstək vermişdi və Azərbaycan Prezidenti İlham Əliyev bunu yüksək qiymətləndirib.
İlham Əliyevin Əbu-Dabidə Dayanıqlı inkişaf həftəsinin açılış mərasimində iştirakı da təsadüf deyildi. Tədbirin təşkilatçısı «Masdar» şirkəti idi. İlham Əliyev mərasimdəki çıxışında BƏƏ ilə əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb. Onun sözlərindən belə məlum olub ki, bu əməkdaşlıq Azərbaycandan Macarıstana çoxdan imzalanmış Rumıniya razılaşması əsasında «yaşıl dəhliz»in yaradılması layihəsinin gerçəkləşdirilməsinə imkan verəcək. Beləliklə, BƏƏ Avropa üçün son dərəcə əhəmiyyətli olan nəhəng bir layihənin reallaşdırılmasının faktiki tərəfdaşına çevrilir.
Səudiyyə maraqları
Bununla yanaşı, Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük maraq göstərən yalnız BƏƏ deyil. Səudiyyə Ərəbistanının (SƏ) xarici işlər naziri Feysəl bin Fərhan al Səud Azərbaycana hələ ötən il sentyabrın 4-də rəsmi səfər etmişdi. SƏ Bakı ilə əməkdaşlığı genişləndirməyə çalışan ölkələr sırasındadır. Səudiyyə Ərəbistanı 44 günlük Vətən müharibəsindən sonra siyasi çəkisi daha da artmış Azərbaycana Qafqaz-Xəzər regionunda vacib tərəfdaş kimi baxır. Ər-Riyad artıq Azərbaycanda enerji sahəsində bir sıra vacib layihələr həyata keçirir və onun ölkəmizlə bağlı digər nəhəng investisiya planları da var. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2022-ci ilin sonlarında Bakıda keçirilmiş 7-ci iclası bir daha göstərib ki, Bakı-Ər-Riyad əməkdaşlığının böyük perspektivləri var. Həmin iclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) ilə SƏ Palatalar Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı birgə biznes şurasının yaradılmasına dair razılaşma imzalanıb. Bu, qarşıdakı dövrdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin özünəməxsus «yol xəritəsi»dir. Əməkdaşlığın perspektivli istiqamətlərindən biri isə turizm və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasıdır. Bunu SƏ-nin İnkişaf Fondunun bəyanatı da təsdiqləyir – o, Azərbaycanın azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzurun bərpasını maliyyələşdirməyə hazırdır. İndiyədək isə «ACWA Power» şirkəti Azərbaycanda külək enerjisi istehsalı qurğularının tikintisinə milyonlarla dollar investisiya yatırıb.
Bundan əvvəl səudiyyəli nazirin dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşlərində beynəlxalq arenada və regional siyasət məsələlərində fəaliyyətin koordinasiyasının vacibliyi də vurğulanıb. SƏ-nin XİN başçısı Ər-Riyadın Azərbaycana tam dəstəyini ifadə edib, onu «qardaş ölkə» adlandırıb. Söhbət məsələn, Bakının BMT, İƏT və hər iki dövlətin təmisil olunduğu digər təşkilatlardakı təşəbbüslərindən gedir.
Regionda baş verən son proseslər fonunda Azərbaycan Səudiyyə Ərəbistanının Zəngəzur dəhlizinin açılması, bütün iştirakçıların maraqlarına cavab verən digər regional layihələrin gerçəkləşdirilməsinə də töhfəsinə bel bağlaya bilər. Eyni zamanda Ər-Riyad süni gərginlik yaradan, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanması prosesini uzadan Ermənistanın əməllərinin pislənməsində də SƏ-yə güvənə bilər. Bakının başqa oyunçuların, məsələn, açıq şəkildə İrəvanın tərəfini tutan İranın mümkün bədxah təşəbbüsləri qarşısında da Səudiyyə Ərəbistanının dəstəyinə arxalanması realdır.
Əlcəzair, Şimali Afrika və…
Təbii ki, Azərbaycanın ərəb dünyası ilə əlaqələri yalnız adı çəkilən iki dövlətlə məhdudlaşmır. 1 noyabr 2022-ci ildə İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədrinin dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci sammitində iştirak edib. Bu, Azərbaycanın bütünlükdə ərəb dünyası ilə yaxınlaşdığının daha bir göstəricisidir. Azərbaycan tərəfi bu səfərlə ərəb dünyası və müsəlman ölkələri ilə yaxınlığı, islam həmrəyliyinin gücləndirilməsi və neomüstəmləkəçilik təzahürləri ilə mübarizə əzmini nümayiş etdirib.
Məlum olduğu kimi, sammit Əlcəzairin milli bayramını – İnqilab Gününü qeyd etdiyi vaxta təsadüf edib. Bu gün 1954-cü ildə başlamış müstəqillik müharibəsinin (Əlcəzair müharibəsi) şərəfinə təsis edilib. Əlcəzair bu imkandan istifadə edərək, bir neçə il davam etmiş daxili problemlərdən və prezident Abdeləziz Buteflikinin devrilməsindən sonra ölkənin böyük siyasətə qayıtdığını və müstəqil inkişaf yolu seçdiyini ortaya qoymağa çalışıb. Hər halda, Əlcəzair diplomatiyası son aylarda Ərəb Dövlətləri Liqasının bütün liderlərini bir araya toplamaq üçün, həqiqətən, ciddi səylər göstərmişdi.
Azərbaycan Prezidentinin tədbirdəki çıxışında islam həmrəyliyi, həmçinin ümumi risklər və çağırışlarla mübarizədə inkişaf etməkdə olan dünyanın birliyi ilə bağlı ismarışlar kifayət qədər aydın səslənib. O, misal kimi, pandemiya ilə mübarizəni, Azərbaycanın inkişaf etmiş ölkələrin nümayiş etdirdikləri «peyvənd millətçiliyi» təcrbüəsi ilə mübarizəyə yönəlmiş səylərini göstərib.
Eyni zamanda sammit, şübhəsiz ki, Azərbaycanın ərəb dünyası ölkələri, məsələn, Əlcəzair ilə əməkdaşlığının aktivləşdirilməsi üçün yaxşı imkan olub. Bir sıra regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeyinin yaxınlaşması onlar arasında dialoqun inkişafına təkandır. Son illər Əlcəzair Ankara ilə də nəzərəçarpacaq dərəcədə yaxınlaşıb və bu, Bakının Şimali Afrika və Aralıq dənizi regionlarının bu önəmli ölkəsi ilə münasibətləri intensivləşdirməsinə imkan verir. Parislə Bakı arasında mübahisələrin artdığı bir vaxtda Azərbaycan-Əlcəzair münasibətləri Fransanın xüsusi maraqlarının olduğu həssas regionda Bakının maraqlarının irəli çəkilməsində vacib amilə çevrilir. Bu isə öz növbəsində, Əlcəzairin (həm də tək onun yox) Azərbaycanla daha fəal əməkdaşlığa marağını artırır.
MƏSLƏHƏT GÖR: