Müəllif: Ağasəf NƏCƏFOV
Qlobal ərzaq böhranı və bununla bağlı olan idxal inflyasiyasının artması Azərbaycana da çox mənfi təsir göstərib. Gələcəkdə belə risklərin qarşısının alınması isə aqrar-sənaye kompleksinin keyfiyyətcə transformasiyasını tələb edir. Bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi istehsalın bütün mərhələlərində xərclərin azaldılması və rentabelliyin artırılmasıdır. Hesab edilir ki, burada optimal həll yolu aqroparklar və iriləşdirilmiş təsərrüfatlar şəbəkəsinin genişləndirilməsi, aqrar-sənaye kompleksində vahid sahibkarlıq ekosisteminin yaradılması, həmçinin sektoral klasterləşmə və rəqəmsallaşma prosesinin sürətləndirilməsidir.
Problemlər və boşluqlar
Ümumiyyətlə, ötən il ərzaq və kənd təsərrüfatı xammalı, o cümlədən kənd təsərrüfatı istehsalında istifadə olunan gübrələr, müxtəlif kimyəvi və bioloji komponentlər daha da bahalaşıb. Eyni zamanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) araşdırmalarına əsasən, hazırkı böhran ərzaq idxalının əvəzetmə strukturunun zəif olduğu inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı xammalının istehsalı və emalı sahəsində bir sıra texnoloji boşluqları üzə çıxarıb.
Azərbaycanda da bununla bağlı müəyyən problemlər var. Ölkənin bir sıra istiqamətlər üzrə idxalı əvəzetmə məsələsində təxminən 80%-də uğur əldə etməsinə baxmayaraq, qlobal ərzaq böhranı yerli kənd təsərrüfatı sənayesinin strukturunda dünya bazarlarında qeyri-sabitlik dövründə bu sahənin inkişafına mane olan və müxtəlif növ risklər yaradan “zəif nöqtələr”in olduğunu bir daha təsdiqləyib. Belə ki, fermer təsərrüfatları hələ də bitkiçilik sahəsi üçün gübrə və pestisidlərin idxalından, quşçuluq təsərrüfatları və heyvandarlıq kompleksləri isə kombinə edilmiş yem, yem əlavələri, vitamin məhsulları və vaksinlərin xaricdən tədarükündən asılıdır. Emal kompleksinin və qablaşdırma, qablama materialları, komplektləşdirici hissələr, xüsusi avadanlıq və xammal idxal edən müəssisələrin fəaliyyəti də idxal qiymətlərindən kifayət qədər asılıdır. Aydındır ki, inflyasiya amili sadalanan bütün istiqamətlərə güclü zərbə vurub və nəticədə, xaricdən xammal və komponentlər alan yerli istehsalçıların xərcləri artıb.
Bundan başqa, aşağı əmək məhsuldarlığı hələ də kənd təsərrüfatı istehsalının rəqabət qabiliyyətinə mənfi təsir göstərən ciddi problem olaraq qalır. Azərbaycanda işləyən əhalinin üçdə birindən bir qədər çoxunun kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, bu sahənin ölkə iqtisadiyyatındakı payı uzun illərdir ÜDM-də 5% səviyyəsindədir. Üstəlik, son illərdə bununla bağlı vəziyyət bir az dəyişib.
Xatırladaq ki, 2022-ci ilin nəticələrinə əsasən, Azərbaycanda ümumi ÜDM artımı 4,6% təşkil edib və onun həcmi rekord göstəriciyə - 134 milyard manata yaxınlaşıb. Lakin hesabat dövründə ÜDM-nin ümumi strukturunda kənd və meşə təsərrüfatının, o cümlədən balıqçılığın payı cəmi 4,8%-ə yaxın olub. Azərbaycan əkinçilərinin məhsuldarlığının aşağı olmasının əsas səbəbi təsərrüfatların əksər hissəsinin orta hesabla 5-7 hektardan böyük olmamasıdır. Buna görə də əkinçilər üçün müasir aqrotexniki və suvarma həllərini tətbiq etmək texniki və maliyyə cəhətdən çətindir. Bunlar olmadan isə məhsuldarlıq azalır, məhsulların maya dəyəri isə artır. Müxtəlif hesablamalara görə, hələ də təxminən 200 000 kiçik fermer təsərrüfatı hər zaman tələb olunan keyfiyyət standartlarına cavab verə bilmir, həmçinin maliyyə və qabaqcıl texnologiyalara çıxışda problemlər yaşayır.
Maliyyə dəstəyini gücləndirmək
Bu yaxınlarda Bakıda keçirilən II Aqrobiznes Forumunda da kiçik fermer təsərrüfatlarının maliyyələşdirilməsi ilə bağlı problemlər müzakirə olunub. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edib ki, Azərbaycanda mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil: “Kənd təsərrüfatı məhsulları istehsalçılarının öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmaları üçün böyük həcmdə dövriyyə vəsaitlərinə ehtiyac var”.
“Eyni zamanda son illərdə aqrar sahəyə investisiya qoyuluşu, xüsusilə qeyri-dövlət mənbələri hesabına artıb. Bu sahəyə investisiya qoyuluşunda qeyri-dövlət mənbələrinin payı dövlət sektorunun payını üstələyib”, - o vurğulayıb.
İ.Qədimova əlavə edib ki, aqrar-emal sahələrinə ayrılan kreditlərin əsas hissəsini dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər təşkil edir.
Qeyd edildiyi kimi, yaxın dövrə qədər aqrar sahənin güzəştli maliyyələşdirilməsinin əsas həcmi dövlət hesabına həyata keçirilirdi. Bu, maliyyə vəsaiti həmçinin Kənd Təsərrüfatı Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə müvəkkil kredit təşkilatları üzrə, o cümlədən Sahibkarlığın İnkişafı Fondunun (SİF) agentləri olan banklar vasitəsilə və qismən də beynəlxalq donor proqramları çərçivəsində verilib. Kommersiya banklarının bu məsələyə dair fəallığının zəif olması isə bir neçə amillərə bağlıdır. Buraya əsasən sektoral risklərin (iqlim, suvarma və s.) yüksək səviyyədə olması, həmçinin kiçik fermerlər üçün sığortanın və banklar üçün likvid, cəlbedici girovun olmaması daxildir.
Buna baxmayaraq, aqrar təsərrüfatların bank maliyyələşdirilməsi ilə bağlı vəziyyət tədricən dəyişir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) layihəsinin həyata keçirilməsi ilə avtomatlaşdırılmış informasiya sistemi qaydaya salınıb və 600 minə yaxın azərbaycanlı fermerin subsidiyalaşdırılması sahəsində sui-istifadə hallarının qarşısı alınıb. Üstəlik, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli kreditləşdirilməsi mexanizminin genişləndirilməsində EKTİS sisteminin məlumat bazası da mühüm rol oynayıb, kiçik fermer təsərrüfatlarının sığorta riskləri və bank təminatına dair problemlərini xeyli azaltmaq mümkün olub.
Yeri gəlmişkən, forumun iştirakçısı, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinovun məlumatları da bunu təsdiqləyir: “Ötən il Azərbaycanda toplanan aqrar sığorta haqlarının məbləği 13,699 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 18% çoxdur. 2022-ci ildə bitkiçilik üzrə 8,773 milyon manat məbləğində sığorta haqqı yığılıb. Bu, 2021-ci illə müqayisədə 41% çoxdur”.
Üstəlik, ən böyük intensivlik arpa və buğdanın sığortasında müşahidə olunub - bu strateji əhəmiyyətli məhsullar bütün sığorta haqlarının təxminən 2/3 hissəsini təşkil edib. Bu gün ölkədə sığorta olunan fermerlərin ümumi sayı 385 min nəfərdir. Bu da bir neçə il əvvəlki göstəricidən xeyli çoxdur.
Kommersiya banklarının aqrar-sənaye kompleksinin kreditləşdirilməsinə münasibətinin tədricən dəyişməsində fermerlərin sığorta müdafiəsinin gücləndirilməsi və digər amillər əsas rol oynayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonuna 22,5%-ə çatıb. Ümumilikdə, aqrar sektora verilən biznes kreditlərinin təxminən 2/3-i kommersiya banklarının vəsaiti, qalan hissəsi müxtəlif dövlət fondlarının iştirakı ilə formalaşıb.
Lakin bu, heç bir halda kənd təsərrüfatının maliyyələşdirilməsində dövlətin iştirakının azalması demək deyil. Əksinə, etibarlı və dayanıqlı ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə 2023-cü ildə bu sahəyə büdcədən ayrılan vəsait 1,2 milyard manata çatdırılıb. Bu da ötən illə müqayisədə düz 20,5% çoxdur. Odur ki, cari və sonrakı illərdə aqrar sahədə məhsuldarlığın artırılması layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi genişləndiriləcək. Söhbət aqroparkların, həmçinin iri taxılçılıq təsərrüfatlarının gələcək inkişafından, klasterləşmənin təşviqindən və kooperativ təsərrüfatçılıq formalarının dəstəklənməsindən, qənaətcil suvarma sistemlərinin tətbiqindən gedir. Belə ki, yaxın gələcəkdə müasir suvarma həlləri vasitəsilə torpaq sahələrinin 50 min hektardan 200 min hektara qədər genişləndirilməsi nəzərdə tutulur.
Aqroparkları inkişaf etdirmək
Bu gün ölkənin aqrar sektorunun müasirləşdirilməsi istiqamətində dövlətin səylərinin əsas vektorunu aqroparkların inkişafı təşkil edir. Qeyd edək ki, xüsusən də onların reyestrinin yaradılması istiqamətində işlər yekunlaşıb. Ümumilikdə, son 8 ildə Azərbaycanın 32 rayonunda 239,3 min hektar sahədə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
“Hazırda 44 aqroparkda artıq istehsala başlanılıb və bu layihələrə 1,4 milyard manat investisiya yatırılıb: 4600-dən çox insan daimi işlə təmin olunub, 5200-dən çox insan mövsümi işlərə cəlb edilib. Gələcəkdə bu klasterlərdə 9,3 mindən çox insanın daimi əsaslarla məşğulluğunun təmin edilməsi nəzərdə tutulur”, - bu yaxınlarda Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O qeyd edib ki, aqroparklar taxıl və yem bitkilərinin istehsalında mühüm rol oynayır: “2022-ci ildə aqroparklarda 152 min ton buğda, 71 min ton arpa, 128 min ton qarğıdalı, 2,7 min ton soya, o cümlədən 55 min ton silos və 14 min ton qarayonca yetişdirilib”.
Bu gün aqroparklar ərzaq buğdası istehsalının 25%-dən çoxunu da təmin edir. Bu göstəricilər onunla izah olunur ki, bütün pivot və digər qənaətcil suvarma sistemlərinin təxminən 80%-i, bütün elevatorların təxminən dörddə biri, həmçinin soyuducu anbarlar, səpin buğda və digər bitkilərin yüksək məhsuldar toxumlarının istehsalı müəssisələri məhz burada cəmləşdirilib.
Bu tendensiyalar davam edəcək: 2023-cü ildə aqroparklarda 145 min ton ərzaq buğdasının yetişdiriləcəyi proqnozlaşdırılır. Bu da son deyil. Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki fərmanına əsasən, müasir suvarma sistemlərindən istifadə olunmaqla, taxılın Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilməsi üçün müvafiq müqavilələr bağlanmaq şərtilə taxılçılıqla məşğul olan təsərrüfatlara 5 il müddətində əlavə subsidiyalar veriləcək. Beləliklə, alınan pivot və digər suvarma sistemlərinin təxminən 40%-nin dəyərinin dövlət tərəfindən subsidiyalaşdırılacağı, qalan vəsaitin isə güzəştli kreditlər hesabına təmin ediləcəyi gözlənilir.
E.Nuriyevin sözlərinə görə, daha bir yenilik qabaqcıl texnologiyalardan istifadə etməklə genişləndirilmiş təsərrüfatlara və aqrokomplekslərə aqropark statusunun verilməsi olacaq. Bu, onlara dövlət tərəfindən güzəştli kreditlər və müvafiq infrastruktur dəstəyi almaq hüququ verir. Sonuncu mühüm əhəmiyyət kəsb edən məqam odur ki, Sahibkarlığın İnkişafı Fondu 25 aqroparkın yaradılmasına 195 milyon güzəştli kredit ayırıb. Bundan əlavə, investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib.
Ətlik və südlük istiqamətli aqroparkların fəaliyyətinin genişləndirilməsi prosesi də sürətləndiriləcək: 2022-ci ildə 10 ixtisaslaşdırılmış aqroparkda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub. İri heyvandarlıq klasterlərinin inkişafı Qarabağ regionunun aqrar-sənaye kompleksinin əsas istiqamətlərindən biri olacaq. Oxşar təşəbbüslərə Zəngilan rayonunda Azərbaycan-Türkiyə “Dost Aqropark”ı daxildir. Burada birinci mərhələ çərçivəsində ötən il 3,5 min baş mal-qaranın saxlanması üçün təsərrüfatlar istifadəyə verilib və yem bazası yaradılıb.
Bir sözlə, son nəticədə sənaye klasterlərinin yaradılması onun iştirakçıları arasında qarşılıqlı əlaqəni gücləndirəcək. Buraya yeni texnologiyalara əlçatanlıq, risklərin bölüşdürülməsi, xarici bazarlara çıxış, elmi biliklərdən kollektiv şəkildə istifadə edilməsi və əsas istehsal vasitələrinə çıxış kimi məsələlərdə əlaqələrin gücləndirilməsi daxildir. Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun qeyd etdiyi kimi, məhz bu yola kənd təsərrüfatı istehsalının ildə orta hesabla 4% artım tempinə nail olmaq mümkün olacaq.
MƏSLƏHƏT GÖR: