Müəllif: Elçin HÜSEYNOV
Hər bir kəs İspaniyanın Madriddən sonra ikinci ən böyük şəhəri, bəlkə də, bu ölkənin ən tanınan və turizm istiqaməti olan Barselonaya getmək istəyir. İstənilən mövsümdə, hətta yanvarda belə burada çox sayda turist olur. Hər il on milyonlarla turist bu şəhəri ziyarət edir. Zarafatla deyirlər ki, yayda o qədər turist olur ki, yerli sakinlər hər yerə “soxulan” və çoxlu suallar verən əcnəbilərlə qarşılaşmamaq üçün imkan daxilində hətta öz sevimli şəhərini belə tərk etməyə çalışırlar. Hətta iş o yerə çatıb ki, bir neçə il əvvəl şəhərə gələn və onun əsas görməli yerlərini ziyarət edən səyahətçilərdən öz təəssüratlarını tanışları və dostları ilə bölüşməməyi, sosial şəbəkələrdə Barselonada olduqlarına dair fotoşəkilləri və digər “sübutları” paylaşmamağı xahiş edirdilər. Bu hərəkatın fəalları turistlərdən daha az qonaq gəlməsi üçün Barselonanı reklam etməməyi xahiş ediblər.
Lakin barselonalılar çox qonaqpərvərdir və onlar təcrübəsiz turistə hər zaman kömək etməyə hazırdırlar. Şəhər rəhbərliyi isə infrastrukturun yaxşılaşdırılması və sonsuz turist axınına şərait yaratmaq üçün mümkün olan hər şeyi edib.
Rahat səfər
Nəhayət, Barselona hava limanına çatdıqdan sonra şəhər mərkəzinə və hotelinizə necə çatacağınız barədə düşünəcəksiniz. Amma rahat olun, çünki bu mənada heç bir probleminiz və ya çətinliyiniz olmayacaq. Bununla bağlı bir neçə yaxşı variant var. Birinci ən sürətli və rahat variant “Aerobus” xüsusi ekspress avtobuslarıdır. 5-10 dəqiqəlik intervalla hərəkət edən bu avtobuslarda gediş haqqı 6 avrodur. Onların ilk istiqaməti İspaniya meydanıdır (“Plaça España”. Buradan metroya və digər avtobuslara minmək olar). Ekspress avtobusların növbəti dayanacağı şəhərin əsas meydanı olan Kataloniya meydanıdır (“Plaça Catalunya”). Üstəlik, bu avtobuslardan geri dönüş zamanı hava limanına çatmaq üçün də istifadə etmək olar. Biletlər həm onlayn şəkildə, həm də avtobuslarda satılır. “Aerobus”a hava limanın birinci və ikinci terminallarında minmək olar.
Qeyd edək ki, İspaniya meydanına hava limanının hər iki terminalından 20-23 dəqiqəlik intervalla hərəkət edən TMB şirkətinə məxsus 46 nömrəli marşrut avtobusu ilə çatmaq olar. Bu ictimai nəqliyyat “Aerobus”dan fərqli olaraq daha çox yerdə dayanır. Ümumiyyətlə, bu avtobusla şəhərin mərkəzinə çatmaq üçün daha çox vaxt tələb olunur - 45-50 dəqiqə. Bu marşrutun üstünlüyü ondan ibarətdir ki, “Aerobus”dan fərqli olaraq, burada gediş haqqı 2,20 avrodur. Üstəlik, “T-Casual” adlı xüsusi bilet alsanız (11,35 avroya 10 gediş), bu zaman birtərəfli istiqamətdə gediş haqqı cəmi 1,13 avro olacaq. Bu biletlər bütün kassalarda satılır və bununla avtobuslarda, metroda və qatarlarda səyahət etmək olar.
Barselonanın mərkəzinə çatmağın növbəti üsulu hava limanının ikinci terminalından hərəkət edən RENFE elektrik qatarlarıdır. Hava limanının ərazisində hərəkət edən, gediş haqqının pulsuz olduğu avtobuslar vasitəsilə dəmir yolu vağzalına getmək mümkündür. Buradan isə şəhərin mərkəzinə hər 30 dəqiqədən bir elektrik qatarı hərəkət edir. Bu məqamda qeyd edək ki, şəhərin mərkəzi deyən zaman “Barcelona Sants”, “Passeig de Gràcia” (Kataloniya meydanına ən yaxın olan) və ya “Clot” stansiyaları nəzərdə tutulur. Bu istiqamətlərdən metroya keçə və istədiyiniz yerə gedə bilərsiniz. Qatarlarda da “T-Casual” biletindən istifadə edə bilərsiniz və səfər orta hesabla 25-30 dəqiqə davam edəcək. Ümumiyyətlə, RENFE elektrik qatarları bir məqamla çox rahatdır: onlar vasitəsilə digər qatara və ya avtobusa keçə və İspaniyanın digər guşələrinə səfər edə bilərsiniz.
Əlbəttə ki, şəhərin mərkəzinə çatmağın ən sürətli və rahat yolu taksidir. Barselona Hava Limanının ikinci terminalından şəhərin mərkəzinə taksi ilə 20-25 dəqiqəyə (30 avro), birinci terminaldan isə 25-30 dəqiqəyə (35 avro) çatmaq olar. Taksi seçən zaman bu məqamı unutmayın: həftə sonları, gecə vaxtı, bayram günlərində, hava limanları və ya kruiz terminallarda düşürüb-mindirilmə zamanı əlavə ödəniş olacaq. Bu barədə məlumat sərnişin oturacaqlarının arxasındakı şüşənin üzərində yerləşdirilib. Bu ödənişlər sürücü tərəfindən səfərin sonunda taksimetrdə qeydə alınan məbləğə əlavə edilir.
Qaudi və Barselonanın şah əsərləri
Ekspertlər və turistlər əmindirlər ki, Antonio Qaudinin ərsəyə gətirdi qeyri-adi memarlıq nümunələri Barselonanın bəzəyidir. Hazırda Kataloniyanın paytaxtında modernizm ustadının ziyarət edilə biləcək 14 tikilisi qorunub saxlanılıb. Təbii ki, onların arasında ən məşhurları Saqrada Familia kilsəsi, Quel parkı, Kasa Mila, Balo evi, Quel sarayıdır. Lakin Qaudinin yaradıcılığına baxmağa getməmişdən qabaq vaxtınızı planlaşdırın və büdcənizi yenidən nəzərdən keçirin. Axı, Barselonanın görməli yerləri, o cümlədən Qaudinin əsərləri faktiki olaraq Avropada ən bahalı yerlərdir. Məsələn, biletlərin ən aşağı qiyməti orta hesabla 30-35 avrodur. Üstəlik, bu görməli yerlərin ayrı-ayrı pavilyonlarına giriş üçün əlavə pul ödəmək lazımdır. Audio bələdçi və ya sürətləndirilmiş giriş üçün əlavə ödəniş etməlisiniz. Belə ki, kassadakı növbə və daha sonra Saqrada Familiaya giriş azı 2 saat vaxt apara bilər. Buna görə də bu görməli yerləri ziyarət etmək üçün onlayn bilet almaq, hətta sürətləndirilmiş girişdən istifadə etmək məsləhət görülür. Doğrudur, bu, bilet qiymətinin daha da artmasına səbəb olur.
Amma hər bir turist UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Saqrada Familianı ziyarət etməlidir, çünki bu kilsə Barselonanın rəmzidir. Təsəvvür edin ki, onun tikintisi 1883-cü ildə başlayıb və hələ də davam edir. Qorunub saxlanılan maketlər və rəsmlər kompüterin yardımı ilə Qaudinin yaradıcılığı üzərində işlərin davamına imkan verir. Hər il ianələr sayəsində onun tikintisinə təxminən 30 milyon avro xərclənir. Amma şayiələr dolaşır ki, onun tikintisi bir neçə ildən sonra başa çatacaq.
Memarın mütləq ziyarət edilməli növbəti yaradıcılıq nümunələrindən biri Quel parkıdır. Bura görməli yerlər arasında giriş üçün biletin ən aşağı olduğu məkandır (10-13,5 avro). Park sözün əsl mənasında dahi Antonio Qaudinin əsərləri ilə doludur. Möcüzəvi tikililər artıq parkın girişindən başlayır. Girş hissəni qəribə dalğavari formaya malik “pryanik” evlər bəzəyir. Burada Barselonanın rəmzi olan mozaik kərtənkələ heykəli, sütunlu zal, dalğavari formada olan çox uzun skamya və sair var.
Əlbəttə ki, Barselonada pulsuz ziyarət edə biləcəyiniz maraqlı məkanlar da var. Rambla bulvarı ilə Layetana küçəsi arasında, Kataloniya meydanının yaxınlığında yerləşən Qotik məhəlləni nümunə göstərmək olar. Qotik məhəllə (XIV-XV əsrlər) köhnə şəhərin həqiqi ruhunun hiss edildiyi, dar, qədim küçələrdən ibarət labirintdir. Burada turistlər üçün maraqlı görməli yerlərə nümunə olaraq Müqəddəs Xaume, Reyyal və Del-Rey meydanlarını, həmçinin Kafedral kilsəni və Arxiyepiskop sarayını göstərmək olar.
Onun yaxınlığında Xristofor Kolumbun heykəlinin olduğu Köhnə liman və Kataloniyanın ləzzətli təamlarını dada və ala biləcəyiniz Bokeriya bazarı yerləşir. Dəniz limanından Monjuik təpəsinə funikulyorla qalxmaq olar. Monjuik Barselonanın görməli yerlərinin olduğu çox maraqlı məkandır. Kataloniya Milli İncəsənət Muzeyi, Joan Miro Muzeyi, İspan kəndi, Ümumdünya sərgisinin binası, bir çox park, Botanika bağı, məşhur Sehrli fəvvarə məhz burada yerləşir.
Bundan başqa, Pikasso Muzeyini, Rambla küçəsini, Tibidabo təpəsini, Kataloniya Musiqi Sarayını, Barselona Tarix Muzeyini, akvariumu və bir çox başqa yerləri ziyarət etmək üçün də vaxt tapın. Bu məqsədlə “Hop-on Hop-off” turist avtobusu (28 avro) köməyinizə çata bilər. Bu marşrutun iki xətti (qırmızı və mavi) var. Bunlardan birini seçdikdən və şəhərin görməli yerləri ilə tanış olduqdan sonra gün ərzində növbəti avtobus marşrutuna minmək olar. Bu, turistik obyektlərə sərf ediləcək vaxta və pulunuza qənaət etməyə imkan verəcək.
Qeyd etdiyimiz kimi, Barselonanın görməli yerlərini ziyarət etmək ucuz deyil. Odur ki, onların bəzilərini kənardan gördükdən və şəkil çəkdirdikdən sonra yola davam etmək kifayətdir. Əgər Barselonaya səfərdən əvvəl şəhər haqqında bir çox məlumat tapmaq istəyirsinizsə, “www.visitbarcelona.com” saytına daxil ola bilərsiniz.
“Futbolun Məkkəsi”
“Barselona” klubunun “Kamp Nou” stadionu dünyanın ən böyük (100 min) stadionlarından biri hesab olunur. Üstəlik, bura futbol azarkeşlərinin ən çox ziyarət etdiyi stadionlardan biridir. “Kamp Nou”nu təkcə İspaniyadan olan futbol sevərlər deyil, həm də Barselonanın çoxsaylı qonaqlarının əksəriyyəti ziyarət edir. Burada “Barselona” klubunun böyük muzeyi yaradılıb. Odur ki, hər bir azarkeş hörmət əlaməti olaraq futbol üçün “müqəddəs məkan” olan bu stadionu ziyarət etməyi özünə borc bilir.
Stadiona ən yaxın metrostansiyası (10-15 dəqiqə) “Mariya Kristina” metrostansiyasıdır. Əgər Barselonaya turistik mövsümdə və ya hər hansı futbol oyununun keçirildiyi gündə gəlmisinizsə, təxminən 30 avro olan bileti onlayn almaq daha yaxşıdır. Əks təqdirdə, ilk öncə kassada, daha sonra girişdə böyük növbədə qalacaqsınız. Digər tərəfdən əlavə ödəniş etməklə növbələrin olmadığı ekspress girişlərə bilet almaq mümkündür. Lakin turistik mövsümün olmadığı vaxt növbələr elə də böyük olmur. Odur ki, o dövrdə bileti əvvəlcədən almağa belə ehtiyac yoxdur. Hər halda, “Kamp Nou” stadionunu və buradakı muzeyi gəzmək üçün azı 2 saat vaxt lazım olacaq.
Bəs muzeydə nələr var? Turun əvvəlində və sonunda əlavə ödənişlə sizi stadionun, kubokun qarşısında, hətta “Barsa”nın futbolçuları (virtual) ilə “dostcasına qucaqlaşdığınız” fonda fotolarınızı çəkə bilərlər. Burada sizə “Virtual stadion” adlı 10 dəqiqəlik 3D videorolik göstərəcəklər. Bu, “Kamp Nou” stadionu barədə məlumat əldə etməyə yardım göstərəcək. Stadionun tarixi seksiyasında şüşədən olan interaktiv divarda klubun əsasının qoyulduğu ildən, yəni 1899-cı ildən başlayaraq tarixi ilə tanış ola bilərsiniz. Muzeydə “Barselona” klubunun indəyədək qazandığı kubokların və ya onların nüsxələrinin toplusu var. Ən qiymətli eksponat Çempionlar liqası kubokudur. Kiçik ödəniş etməklə ona toxuna, 13 avroya isə kubokla foto çəkdirə bilərsiniz. “Futbol incəsənəti” kolleksiyasında Salvador Dalinin əsərlərini, o cümlədən idmana həsr olunmuş digər incəsənət nümunələrini görə bilərsiniz. Burada “Barselona”nın məşhur futbolçularına həsr olunmuş və daim yenilənən sərgi də fəaliyyət göstərir.
Daha sonra stadionun azarkeşlər üçün nəzərdə tutulan hissəsinə daxil ola bilərsiniz. Bu hissə stadionun özü kimi yaxşı vəziyyətdə deyil. Bu stadion çox köhnəlib. Odur ki, onun yenidən qurulması barədə xəbərlər dolaşır.
Stadionun ən maraqlı hissələrindən biri futbolçular üçün paltardəyişmə və cakuzinin olduğu masaj otaqlarıdır. Amma bunlar yalnız qonaq komandaların futbolçuları üçün nəzərdə tutulub. “Barselona” klubunun istifadə etdiyi paltardəyişmə otağına daxil olmağa icazə verilmir, çünki orada futbolçuların əşyaları saxlanılır.
Stadionda ziyarətçiləri ən çox valeh edən hissə əfsanəvi futbolçuların meydana daxil olduğu tunel və ehtiyat oyunçular skamyasıdır.
Həddi-hüdudu bilinməyən alış-veriş
Qəribə səslənsə də, İspaniyada paltar, zərgərlik, ev əşyaları, kosmetika almaq Avropanın hər hansı digər ölkəsi ilə müqayisədə daha sərfəlidir. Bu ölkədə bir çox məhsul üçün qiymət səviyyəsi hələ də ən aşağı hesab olunur. Barselonada turist axınının çox olduğu, qiymətlərin artdığı yayda deyil, məhsullara endirimlərin olduğu dövrlərdə alış-veriş etmək daha sərfəlidir. Amma Barselonanın və onun ətrafındakı onlarla ticarət mərkəzi və yüzlərlə butik arasında dolaşan zaman çox vaxt itirə bilərsiniz. Alış-veriş həvəskarlarının işini asanlaşdırmaq üçün şəhər rəhbərliyi “Guia de Compress” (“Barselona alış-veriş bələdçisi”) adlı bələdçi kitabçası dərc edib. Bu kitabça hansı dükandan nə ala və hara gedə biləcəyinizlə bağlı məsələni asanlaşdıracaq və sizə yol göstərəcək.
Bundan başqa, “Barcelona Shopping Line” avtobus marşrutu dükanların cərgəsindən yaranan labirintlərdə azmamağınıza yardım göstərəcək. Bu marşrut xəttinin uzunluğu 5 kilometrdir. Bu marşruta həqiqi şopaqoliklər üçün seçilmiş məşhur məkanlar daxildir: “Port Vell” – “Raval” – “Ramlas” – “Ribera” – “Barri Gotic” – “Placa de Catalunya” – “Eixample” – “Passeig de Gracia” – “Rambla de Catalunya” – “Avinguda Diagonal”.
Hər bir məkanda sizi paltar və zərgərlik əşyalarının satıldığı böyük ticarət mərkəzləri, dəbdəbəli butiklər, həmçinin suvenirlərin olduğu bazar və balaca dükanlar gözləyir. Üzərində “Barcelona Shopping Line” yazılan mavi rəngli avtobuslar bazar ertəsindən şənbə gününə qədər dükanların bağlandığı vaxta, yəni təxminən 21:00-dək işləyir.
Hər birimiz “Zara”, “Mango”, “Oysho”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius”, “Uterquue”, “Terranova”, “Pull&Bear”, “Tous” kimi brendlərlə tanışıq. Lakin onların İspaniya şirkətləri olmasını çox az insan bilir. Bəli, bu brendlərin istehsal etdiyi paltarları bir çox ölkədə əldə etmək mümkündür. Lakin İspaniyada seçim geniş və qiymətlər isə daha aşağıdır.
MƏSLƏHƏT GÖR: