Müəllif: Ağasəf NƏCƏFOV
Yaxın gələcəkdə Azərbaycanda mülkiyyətin dövlətsizləşdirilməsinin daha bir mərhələsi həyata keçirilə bilər. Bu, iqtisadiyyatın strateji sahələrini –
enerji, telekommunikasiya, kommunal xidmətləri, həmçinin bir sıra iri sənaye və infrastruktur obyektlərini əhatə edəcək. Ötən ilin yekunlarına həsr olunmuş forumda dövlət əmlak xidmətinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iri dövlət əmlakının idarə olunmasının səmərəliliyinin artırılması və onların özəlləşdirilməsi perspektivlərindən bəhs ediblər.
Keçmiş səhvlərdən nəticə çıxarmaq
Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra, yəni 1995-ci ildə başlanılmış dövlət əmlakının genişmiqyaslı özəlləşdirilməsinin birinci mərhələsi ölkədə təkcə istehsalın artmasına deyil, həm də sahibkarlar sinfinin formalaşmasına, həmçinin iqtisadiyyatda özəl sektorun payının artmasına səbəb olmuşdu.
Xatırladaq ki, həmin dövrdə əsasən kiçik obyektlər özəlləşdirilib. 2000-ci illərdə start verilən ikinci mərhələ isə orta müəssisələri və bir sıra infrastruktur obyektlərini əhatə edib. O vaxt hökumətin əsas məqsədi sovet dövründə tikilmiş obyektlərin sürətlə dövlətsizləşdirilməsi, onların mümkün qədər tez bir zamanda yeni bazar şəraitinə uyğunlaşması və işə düşməsi üçün investisiyaların və müasir texnologiyaların cəlb olunması idi. Dövlət çox vaxt bu sənaye və xidmət obyektləri üçün mümkün olan ən yüksək qiyməti almağı qarşısına məqsəd qoymurdu. Üstəlik, çox vaxt onlar nisbətən balans dəyərindən aşağı qiyməyə özəlləşdirilirdi.
Qeyd edək ki, oxşar vəziyyət təkcə Azərbaycanda deyil, əksər postsovet ölkələrində də müşahidə olunub. Təəssüf ki, mülkiyyətin dövlətsizləşdirilməsi prosesində hər zaman yüksək səmərəliliyə nail olmaq mümkün olmayıb. Belə ki, bir çox mülkiyyətçilər sənaye müəssisələrinin modernləşdirilməsini gecikdirib, onlardan başqa məqsədlər üçün istifadə edib və ya bu ərazidə ticarət və xidmət obyektləri yaradıb, çoxmərtəbəli yaşayış binaları tikib və sair.
Amma sonrakı illərdə bu və digər neqativ hallar nəzərə alınıb. Qanunvericilik bazası və inzibati mexanizmlər dəyişdirilib, elektron resursların tətbiqi sayəsində Əmlak Məsələləri Dövlət Xidmətinin işində şəffaflıq təmin edilib. Nəticədə, özəlləşdirmə hərraclarının işini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, investisiya müsabiqələri zamanı əldə edilmiş əmlaka investisiya qoymaq məsələsində yeni mülkiyyətçilərin öhdəliklərinə əməl olunmasına nəzarəti gücləndirmək, modernləşdirmə proqramının bundan sonra da həyata keçirilməsi mümkün olub. Xüsusilə investisiya müsabiqələri müəssisənin fəaliyyətinin bərpasına maksimum dərəcədə zəmanət verir. Belə ki, heç bir müsabiqə qalibi üzərinə götürdüyü investisiya öhdəliklərini yerinə yetirmədən müəssisənin faktiki sahibi ola bilməz. Bundan əlavə, potensial investor öhdəliklərini yerinə yetirmədikdə, dövlət investisiya müsabiqəsinin nəticələrini ləğv edə bilər. Bu vəziyyət dövlət mülkiyyətinə sahib olan yeni investorların öhdəliklərini yerinə yetirmək baxımından marağını nəzərəçarpacaq dərəcədə artırıb.
Ümumiyyətlə, Azərbaycanda yaradılmış 1566 səhmdar cəmiyyətindən ötən ilin sonunadək 1476-sı özəlləşdirilib. Yəni mövcud səhmdar cəmiyyətlərin 94%-i dövlətsizləşdirmə prosesindən keçib. Bu gün özəlləşdirilməyən 90 səhmdar cəmiyyətdən 23-ə yaxını birbaşa dövlətin, qalanları isə digər təsərrüfat subyektlərinin balansındadır. Dövlətsizləşdirmənin belə yüksək tempinə baxmayaraq, etiraf etmək lazımdır ki, sovet dövründən qalan obyektlərin heç də hamısı bazar transformasiyalarına cəlb olunmayıb, müasirləşdirilməyib və təyinatı üzrə istifadə edilməyib.
“Təcrübə göstərir ki, Azərbaycanda özəlləşdirilən dövlət müəssisələrinin təxminən 55%-i fəaliyyətini bərpa etməyib. Bunun bir çox səbəbləri var. Əsas səbəblərə köhnəlmiş texnika və texnologiyalar, işgüzar əlaqələrin itirilməsi, müvafiq olaraq, dövlət müəssisələrinin əksəriyyətinin zamanın tələblərinə cavab verməməsi və satış bazarlarını itirməsi daxildir”, - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Qeyd edək ki, hazırda özəlləşdirilən səhmdar cəmiyyətlərin təxminən cəmi üçdə biri öz profilinə uyğun fəaliyyət göstərir və ya modernləşdirilmə prosesindən sonra onu dəyişdirib. Yerdə qalanları isə binalarını, torpaq sahələrini və istehsalat obyektlərini icarəyə verir.
Perspektivləri yaxınlaşdırmaq
Amma qeyd edə bilərik ki, bu gün də özəlləşdirmə prosesi dövlət büdcəsinin gəlirlərinin artırılması ilə yanaşı, sahibkarlığın inkişafına ciddi təkan verir, həmçinin səmərəsiz dövlət aktivlərinin azalmasına və yeni iş yerlərinin açılmasına xidmət edir. Xüsusilə ötən il biznes investisiya fəaliyyəti sahəsi daxil olmaqla böhranın olduğu pandemiya dövrünün ətalətini aradan qaldırmaq mümkün olub.
2022-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın büdcəsinə 115,4 milyon manatdan çox vəsait daxil olub. Bu da əvvəlki illə müqayisədə 1,2 % çoxdur. Müqayisə üçün qeyd edək ki, hər baxımdan uğurlu olan 2019-cu ildə dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 88 milyon manatdan bir qədər çox olub.
Amma son illər dünyada müşahidə olunan böhranlar Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artırılmasının zəruri olduğunu göstərir. Beləliklə, gələcək inkişaf üçün özəl investorların cəlb edilməsinə əsaslandırılmış sənaye və digər dövlət obyektlərinin bazar cəlbediciliyini və səmərəliliyinin artırılması məqsədilə əlavə tədbirlər görmək lazımdır.
“Azərbaycanda xarici və yerli investorlar üçün şərait yaradılıb. Bu da son iki ildə dövlət şirkətlərinin idarəetməsində baş verən dəyişikliklərlə bağlıdır. Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən şirkətlərin fəaliyyətinin yekunlarına nəzər yetirərkən onların yüksək inkişaf dinamikasını qeyd etmək olar. Belə ki, 2020-ci ildə dövlət şirkətlərinin portfelinin ümumi aktivləri 50 milyard manat təşkil edirdisə, ötən il bu göstərici 120 milyard manata çatıb”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir məlumat verib ki, holdinqin idarəçiliyində olan şirkət və bankların EBITDA-sı (əməliyyat gəlirləri) 2020-ci ildəki 4 milyard manatdan 2022-ci ildə 14 milyard manata yüksəlib. Söhbət Azərbaycan İnvestisiya Holdinqinin nəzarətində olan, ölkə iqtisadiyyatının strukturunda mühüm paya malik strateji əhəmiyyətli dövlət şirkətlərindən gedir. Son iki il yarım ərzində dövlət şirkətlərinin işinin təhlili göstərir ki, sağlamlaşdırma və kapitallaşmanın artırılması prosesindən ən böyük effekt Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı əldə edilib. Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO), “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” (AZAL) kimi iri qapalı səhmdar cəmiyyətlərinin göstəriciləri də yaxşılaşır.
“Bu sahədə atılan bütün addımlar iqtisadiyyatın bəzi strateji sahələrində uzun müddətdir danışılan, lakin hələ həyata keçirilməyən özəlləşdirmənin yaxınlaşması baxımından bizim üçün əhəmiyyətlidir”, - M.Cabbarov qeyd edib.
Ən əsası səmərəlilikdir
Eyni zamanda maliyyə sektorunda vaxtilə dəfələrlə müzakirə olunan özəlləşdirmə islahatları bu gün bir sıra amillər nəzərə alınmaqla bir qədər fərqli aspektdə nəzərdən keçirilir. Söhbət ölkənin kredit strukturunun sistemini formalaşdıran Azərbaycan Beynəlxalq Bankının dövlətsizləşdirilməsi planlarına dair yanaşmaların dəyişdirilməsindən gedir.
“Azərbaycan hökuməti hazırda Azərbaycan İnvestisiya Holdinqinin balansında olan ölkənin ən böyük bankını – ABB-ni özəlləşdirməyi planlaşdırmır”, - Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, İnvestisiya Holdinqinin əsas məqsədi ona daxil olan təşkilatların sabitliyini və gəlirliliyini təmin etməkdir. Yəni əgər hər hansı dövlət qurumu mənfəətlə fəaliyyət göstərirsə, onun özəlləşdirilməsinə ehtiyac yoxdur. ABB-nin 2022-ci ildə xalis mənfəətinin 21,8% artımla 254,4 milyon manatı ötdüyünü nəzərə alsaq, bunun özünü doğrultduğunu söyləyə bilərik.
İqtisadiyyatın digər sahələrinə gəlincə, bir neçə il əvvəl hökumət mülkiyyətin dövlətsizləşdirilməsi proseslərinin ən çox ehtimal olunduğu prioritet sahələri müəyyən edib. Belə ki, elektrik, istilik, su, təbii qaz təchizatı, məişət tullantılarının utilizasiyası, yolların istismarı kimi iri kommunal obyektlərin və paylayıcı şəbəkələrin özəlləşdirilməsi nəzərdə tutulur. Zaman keçdikcə telekommunikasiya sektoru – “Aztelekom” və “Bakı Telefon Rabitəsi” istehsalat birliklərinin tərkibinə daxil olan bir sıra obyektlər sağlamlaşdırma və sonradan özəlləşdirmə prosesinə cəlb olunacaq. Onların dəyəri milyardlarla manat qiymətləndirilir. Buna görə də özəlləşdirmə prosesi mərhələli şəkildə və real bazar dəyəri əsasında həyata keçiriləcək.
Doğrudur, hökumət böyük özəlləşdirmənin üçüncü mərhələsinin miqyası və üsulları barədə hələ tam qərar verməyib. Amma bu istiqamətdə işlər davam etdirilir. Bir neçə il əvvəl yeni özəlləşdirmə proqramının hazırlanmasına dörd aparıcı audit şirkətinin – KPMG, PwC, EY və “Deloitte”nin mütəxəssisləri cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin dekabrında yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC vasitəsilə dövlət əmlakının sağlamlaşdırılması və idarə olunmasının səmərəliliyinin artırılması, o cümlədən onların özəlləşdirməyə hazırlanması üzrə fəal proseslər həyata keçirilir. Azərbaycan İnvestisiya Holdinqi kimi strukturun, o cümlədən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin yaradılması və onların apardığı islahatlarla dövlət şirkətlərinin lüzumsuz xərclərinin azaldılması və qeyri-neft sektoru üçün daha yüksək ixrac imkanlarının yaradılması nəzərdə tutulur. Bu hədəflərə dövlət əmlakının idarə edilməsi mexanizmlərinin optimallaşdırılması yolu ilə nail olunmalıdır.
Bu arada, aqrar-sənaye kompleksinin səyləri onun balansında olan 29 dövlət müəssisəsinin bazar dəyərinin artırılmasına, modernləşdirilməsinə, sertifikatlaşdırılmasına, korporativ idarəetmə üsullarının və qabaqcıl idarəetmənin tətbiqinə yönəlib. Xatırladaq ki, indiyədək 6 obyekt özəlləşdirilib, 7 obyekt isə hərrac vasitəsilə dövlətsizləşdirməyə çıxarılıb.
Oxşar proseslər “Aqrarkredit” QSC-nin balansında olan obyektlərin özəlləşdirilməsi istiqamətində də həyata keçirilir. 2022-ci ilin son günlərində Azərbaycan dövlət başçısı metal konstruksiyaların, tikinti materiallarının, tekstil məmulatlarının və s. istehsalı üzrə ixtisaslaşmış 8 iri müəssisənin investisiya hərracları vasitəsilə özəlləşdirilməsi haqqında fərman imzalayıb.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, nəzarət səhm paketi dövlətə məxsus olan obyektlərin özəlləşdirilməsinə hazırlıq hökumət üçün son məqsəd deyil. Ən böyük dövlət şirkətlərində idarəetmə proseslərinin sağlamlaşdırılması, həmçinin korporativ idarəetmə mexanizmlərinin, müxtəlif innovasiyaların tətbiqi, rəqəmsallaşma istiqamətində görülən işlər ilk növbədə kapitallaşmanın, istehsalın və gəlirliliyin artırılmasına yönəlib.
Gələcəkdə bu tədbirlər dövlət şirkətlərinin kredit reytinqlərinin artmasına da töhfə verəcək, portfel investorlarını cəlb etmək imkanlarını yaxşılaşdıracaq. Buraya birgə müəssisələrin yaradılması, nəzarət payının dövlət tərəfindən saxlanıla biləcəyi digər əməkdaşlıq formalarının inkişaf etdirilməsi daxildir.
MƏSLƏHƏT GÖR: