Müəllif: NURANİ
Diplomatlarla siyasi ekspertləri bir-birlərindən hər zaman skeptiklik, bəzən isə hətta sinizmlə fərqləndirir. Burada lazımsız illüziyalar, qum üzərində şüşə qəsrlər və s. ciddi qəbul edilmir. Amma yenə də, bəzən siyasi ekspertlərlə diplomatların spesifik «məclis»lərində «böyük ümidlər» peyda olur.
Türkiyədə baş vermiş faciəvi zəlzələ və Ankaraya beynəlxalq yardım kampaniyası buna nümunədir. Qardaş Türkiyəyə köməyə ilk çatan Azərbaycan olub. Bakı oraya böyük sayda xilasedici, modul evlər, səyyar hospitallar və böyük həcmdə humanitar yüklər göndərib. Bu işə Azərbaycanın «Silk Way» aviaşirkətinin, demək olar ki, bütün təyyarələri cəlb edilib. Yeri gəlmişkən, o, regionda ən nəhənc karqo-daşıma şirkətlərindəndir və böyük aviaparka malikdir.
Türkiyəyə İsrail, ABŞ, Qətər kimi ölkələr də ciddi yardımlar edib.
Maraqlıdır ki, yardıma bu anadək Türkiyə ilə dost olmayan ölkələr də yetişib. Beləliklə, Türkiyə Cümhuriyyəti gözlənildiyi kimi, beynəlxalq ekspertlərin diqqət mərkəzinə düşüb. Aİ tərəfdən Ankaraya kömək kampaniyası təşəbbüsü İsveçdən gəlib. Halbuki “Quran”ın yandırılması kimi biabırçı aksiyadan sonra bu iki ölkə arasında münasibətlər son dərəcə pisləşmişdi. İlk yardıma çatanlar sırasında Yunanıstan da olub. Türkiyənin onunla münasibətləri də son illər çox gərginləşib. Belə bir vəziyyətdə ekspertlər 1999-cu ildə Türkiyə və Yunanıstanda baş vermiş silsilə zəlzələləri də yada salıb. O zaman tərəflərin bir-birinə yardım etməsi münasibətlərdəki gərginliyin xeyli yumşalmasına imkan vermişdi. Beləliklə, dillərdə «zəlzələ diplomatiyası» kimi ifadə yaranıb ki, onu da humanitar diplomatiya adlandırmaq daha doğru olardı.
Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə Ermənistan da humanitar yardım və xilasedicilər göndərib. Bundan təxminən bir həftə sonra isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib. Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparan Mirzoyan daha sonra Adıyaman şəhərində olub, Ermənistandan humanitar yardım gətirmiş yük maşınlarının qapılarını şəxsən açıb, ermənistanlı xilasedicilərlə görüşüb.
«Humanitar diplomatiya» - ümidlər və reallıqlar
Ermənistandan humanitar yardım gətirən yük maşınlarının Türkiyə ilə on illərdir bağlı olan sərhədi keçməsi görüntüsü gözlənildiyi kimi, jurnalistlərin, diplomat və siyasətçilər tərəfindən böyük diqqətlə qarşılanıb. USAID rəhbəri Samanta Pauer «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Onilliklər ərzində davam edən düşmənçiliyin ciddi ehtiyac duyan insanlara yardım göstərilməsi üçün kənara qoyulduğunu görmək çox təsirlidir. Ermənistan-Türkiyə sərhədi zəlzələdən əziyyət çəkən insanlara yardım göstərilməsi üçün 35 il sonra ilk dəfə açılıb».
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə «Twitter»də Mirzoyanın Türkiyəyə səfərini çox yüksək qiymətləndirib: «Bu, yardıma ehtiyacı olan qonşunun dəstəklənməsi qərarının ardından edilmiş tarixi səfərdir. Ümid edirik ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının əlamətidir».
Çavuşoğlu ilə Mirzoyan da öz növbələrində, kifayət qədər nikbin fikirlər səsləndiriblər. Ermənistanlı nazir bildirib ki, onun ölkəsi regionda sülh yaratmağa, sərhədləri açmağa, diplomatik münasibətləri bərpa etməyə hazırdır. Çavuşoğlu isə Mirzoyan ilə münasibətlərin normallaşdırılması prosesi üzərində işləri davam etdirmək barədə razılığa gəldiklərini açıqlayıb.
Ən əsası, indi Türkiyə ilə Ermənistanın münasibətlərinə mane olan amil – sonuncunun Azərbaycana təcavüzü və Azərbaycan torpaqlarının işğalı faktı yoxdur. Azərbaycan iki il əvvəl öz torpaqlarını hərbi yolla geri qaytararaq, Ermənistan üzərində inamlı qələbə qazanıb. İndi İrəvanın iddiasına görə «qədim Ermənistanın paytaxtı (növbəti – red.)» olan Ani xarabalığı yaxınlığında «İpək yolu körpüsü»nün təmirinə dair də razılıq var. Bu, əlbəttə ki, tarixi irəliləyiş deyil. Lakin məlum olduğu kimi, «ən uzun yol da ilk addımdan başlayır».
Gələcəyə aparan, yoxsa… heç nəyə yaramayan körpü?
Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına təxminən 30 il mane olan əsas səbəb ermənilərin Azərbaycana təcavüzü idi. 15 keçmiş sovet respublikasının müstəqillyini hamıdan əvvəl tanımış Ankara məhz bu üzdən İrəvanla diplomatik münasibətlər qurmur, sərhədlərini açmırdı. İrəvan ötən illər ərzində buna nail olmaq üçün nə qədər cəhdlər etsə də, Türkiyə münasibətlərin qurulması üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsini gözləyəcəyini nümayiş etdirirdi.
İndi, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra regionun bütün ölkələri ilə münasibətlərin normallaşdırılması prosesinə start verib, hətta «3+3» kimi əməkdaşlıq formatı belə, təklif edib. Ekspertlər isə düşünür ki, Türkiyə ilə Ermənistan arasındakı əsas ziddiyyətlər və problemlər hələ indi – Qarabağ münaqişəsinin başa çatmasından üzə çıxa bilər. Belə ziddiyyətlər isə kifayət qədər çoxdur. Onların ən məşhuru 1915-ci il hadisələridir – İrəvan həmin hadisələrin «erməni soyqırımı» kimi qəbul edilməsini istəyir. Türkiyə yaşananların araşdırılması üçün arxivlərini açıb və Ermənistana tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını təklif edib. Lakin İrəvan heç nə eşitmək istəmir və Türkiyədən heç bir araşdırma aparılmadan «təqsirini boynuna almasını» tələb edir. Bununla yanaşı, Ermənistanda türk diplomatları qətlə yetirmiş terrorçuları milli qəhrəman sayırlar, «birinci nəsil» erməni terrorçularına heykəllər ucaldır, onların adlarını küçələrə, təhsil ocaqlarına verirlər. Bu mənada, Monte Melkonyanı xatırlatmaq kifayətdir.
Ən təhlükəli məqam isə şübhəsiz ki, ərazi məsələsidir – Ermənistan Türkiyənin 6 Şərqi Anadolu əyalətinə iddialarını davam etdirir. Doğrudur, rəsmi İrəvan bu tələbini beynəlxalq arenada dilə gətirmir, daxildə isə bu, adi haldır. Başqa sözlə, sülhün, münasibətlərin normallaşdırılmasının vacibliyi haqda danışılanlara baxmayaraq, İrəvan Türkiyənin mövcud sərhədlərini tanımağa tələsmir.
Hələ 1991-ci ildə keçmiş sovet respublikalarının müstəqilliyini ilk tanıyan dövlət olaraq, Ermənistanın ona qarşı ərazi iddiaları irəli sürə biləcəyindən narahatlığını ifadə etmişdi. Razılaşdırılmamış sərhədlər hər zaman potensial müharibə səbəbidir. Ermənistanla bağlı bu təhlükə lap aşkar idi. Doğrudur, kiçik və yoxsul Ermənistan Türkiyə üçün, çətin ki, təhlükə yaratsın. Amma o, KTMT üzvü idi, Türkiyə isə NATO. Odur ki, Birinci Dünya müharibəsinin qalıqları Üçüncü Dünya müharibəsinə yol aça bilərdi.
Bu gün isə Türkiyə-Ermənistan dialoqunun uğuru, ilk növbədə, İrəvanın Ankaraya qarşı irəli sürdüyü ərazi iddialarından əl çəkməyə hazır olub-olmadığına bağlıdır.
Xatırladaq ki, bu «ərazi minası» özünü hələ 2008-2009-cu illərin «futbol diplomatiyası» zamanı da göstərmişdi. O zaman söhbət görünməmiş hadisələrdən gedirdi. Türkiyə Prezidenti Abdullah Gül futbol üzrə Ermənistan və Türkiyə millilərinin qarşılaşmasını izləmək üçün İrəvana yollanmış, cavab oyunu zamanı isə Ermənistanın dövlət başçısı Serj Sarqsyan Türkiyəyə gəlmişdi. İki ölkənin xarici işlər nazirləri isə Sürixdə münasibətlərin normallaşdırılmasına dair protokol belə, imzalamışdılar. Lakin… «futbol diplomatiyası» nəticəsiz bitdi və bunun əsas səbəblərindən biri Ermənistan Konstitusiya Məhkəməsinin qərarı oldu: İrəvan Sürix protokollarını imzalasa da, «erməni soyqırımı»na görə Ankaradan «ərazi təzminatı» almaq haqqını özündə saxlayırmış…
Keçmişin kölgəsindən qurtulmaq vaxtı
Artıq XXI əsrdir, Ermənistan SSRİ-nin bir hissəsi yox, müstəqil dövlətdir. İndi ona lazım olan əsas məsələlərdən biri qonşularla münasibətlərin normallaşdırılmasıdır. İlk baxışdan düşünmək olar ki, məhz indi Ermənistan rəhbərliyi keçmişin kölgəsindən qurtulmaq, yüz il əvvələ aid ideya və arzularla yaşamaqdan imtina etmək, Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaq imkanı qazanıb.
Lakin birincisi, bunun üçün ictimai rəyin dəyişdirilməsi istiqamətində miqyaslı işlər aparılmalı, üstəlik, buna yalnız Ermənistanda yox, erməni diasporu arasında da nail olunmalıdır. Məsələ ondadır ki, indi Ermənistan rəhbərliyi zaman-zaman müsbət mesajlar versə də, erməni diasporu hələ də Qarsın, Ərdəhanın, Bitlis və Diyarbəkirin kimə məxsus olduğunu mübahisələndirir, bu iddiaların kiçik və zəif Ermənistan üçün hansı hərbi, iqtisadi və insan itkiləri hesabına başa gələ biləcəyini düşünmür.
İkincisi, İrəvan unutmamalıdır ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi Ermənistanla Azərbaycan arasında postmüharibə sülhünün inkişafı prosesi ilə paralel getməlidir. Bunu hər imkanda Ankara da xatırladır.
Belə bir vəziyyətdə erməni ictimaiyyətinin və diasporunun kompleksləri aşması, həmçinin maraqlı xarici qüvvələrin təsirinin minimuma endirilməsi üçün Ermənistanın özündə nüfuzlu hakimiyyətə ehtiyac var. Bu isə problemdir və bu problem özünü Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda təhlükəsizliyə dair təşkil olunmuş panel müzakirəsi zamanı da göstərib. İlham Əliyev ilə Nikol Paşinyanın da iştirak etdikləri diskussiyada Türkiyədən söhbət getmirdi. Lakin Paşinyan 2020-ci ildəki debatda olduğu kimi, bu dəfə də mövcud reallıqla ayaqlaşmağa hazır şəxs təsiri bağışlamayıb. Görünən odur ki, o, erməni xalqının türk torpaqlarını ələ keçirməsi ilə bağlı arzularının üzərindən xətt çəkəcək müqaviləni imzalamaq məsuliyyətini üzərinə götürməyəcək. Demək, Ermənistan-Türkiyə sərhədindəki körpü yenə də heç nəyə yaramayacaq.
MƏSLƏHƏT GÖR: