Müəllif: Nurlanə QULİYEVA
Rusiya-Ukrayna müharibəsi bir çox qlobal iqtisadi proseslərin dəyişməsinə səbəb olub. Xüsusilə, ölkələr arasında ticarət əlaqələrində ABŞ dollarının üstünlük təşkil etməsi ilə bağlı problem yenidən aktuallaşıb. Rusiya dolların hökmranlığına son qoymaq məqsədilə digər ölkələrlə milli valyutalar əsasında qarşılıqlı hesablaşmalar yaratmaq üçün əlindən gələni edən zaman ABŞ valyutası yenidən güclənir.
Eyni zamanda amerikalı analitiklərin fikrincə, dünyanın əsas valyutasının zəifləməsinə ABŞ-ın özü də şad olardı. Belə ki, güclü dollar ticarət əməliyyatlarına mənfi təsir göstərir və onsuz da ölkənin “çox şişən” xarici borcunun daha da artmasına səbəb olur.
Məcburi deqloballaşma?
Dünyanın aparıcı sosioloji agentliyi sayılan “Gallup International”ın 64 ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, bu ölkələrin demək olar ki, hər ikinci sakini 25 ildən sonra ABŞ dollarının dominantlığını itirəcəyinə inanır. Üstəlik, respondentlərin üçdə biri Avropa İttifaqını (Aİ) ölkələrinin iqtisadi tərəfdaşı kimi görmək istəyir.
Eyni zamanda “Əl-Cəzirə”nin məlumatına görə, Rusiya, Çin, Hindistan, Argentina, Braziliya, Cənubi Afrika Respublikası, həmçinin Yaxın Şərq və Cənub-Şərqi Asiya dövlətləri daxil olmaqla, bir çox ölkələr artıq ABŞ dollarından asılılığın azaldılmasına yönəlmiş mexanizmlərin öyrənilməsini sürətləndirib. Lakin analitiklərin fikrincə, dolları “dəfn etmək” hələ tezdir, çünki hazırda onun adekvat əvəzi yoxdur.
Yeri gəlmişkən, SWIFT-in məlumatına əsasən, 2023-cü ilin əvvəlində ABŞ valyutasının beynəlxalq hesablaşmalarda payı ötən ilin sonu ilə müqayisədə 1,77 faiz bəndi azalıb. Lakin dollar beynəlxalq hesablaşmalarda hələ də təsiredici 40,12%-lik paya malikdir.
Beynəlxalq iqtisadi ictimaiyyətdə deqloballaşma və dünyada bir neçə blokun formalaşması ilə bağlı söhbətlər uzun müddətdir ki, gedir. Üstəlik, Beynəlxalq Valyuta Fondu (BVF) artıq xəbərdarlıq edib ki, geosiyasi təlatümlər fonunda dünyanı iqtisadiyyatın fraqmentasiyası gözləyir və deqloballaşma ümumi problemlərin (məsələn, iqlim) həllinə mane olacaq. İsveçrənin “Credit Suisse” bankının “Dünya Monetar Sisteminin Gələcəyi” adlı yanvar hesabatında qeyd edilib ki, hətta geosiyasi və iqtisadi sarsıntılar olmasa belə, perspektivdə ABŞ dollarının qlobal ehtiyat valyuta kimi rolunun zəifləməsi ehtimalı var. Bankın analitiklərinin fikrincə, buna “üzən məzənnə”yə keçid edən ölkələrin sayının artması, mərkəzi bankların sanksiya risklərini azaltmaq istəyi, həmçinin mərkəzi banklar arasında valyuta svop xətlərinin əlçatan olması şərait yaradacaq. Amma “Credit Suisse” bankı hesab edir ki, yeni qlobal hegemon valyutanın yaranması ehtimalı azdır, çünki hər bir ölkənin yeni hegemon valyutaya böyük etimadı olmalıdır.
“Reuters” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb ki, Hindistan Rusiyaya qarşı sanksiyalardan sonra bu ölkənin neftini BƏƏ dirhəmi və rubl ilə alır. Bu səbəbdən, beynəlxalq neft ticarətində ABŞ dollarının uzunmüddətli hökmranlığı zəifləməyə başlayıb. Agentliyin məlumatına görə, son üç ayda Moskva ilə bir neçə yüz milyon dollar ekvivalentində neft sövdələşmələri bağlanıb.
“Reuters”in mənbələri bildiriblər ki, Dubayda fəaliyyət göstərən bəzi treyderlər, o cümlədən “Qazprom” və “Rosneft” son həftələrdə 1 bareli 60 dollardan yuxarı olan Rusiya neftinin müəyyən növlərini qeyri-dollar ödənişləri müqabilində satırlar. Qeyd edilib ki, belə tədarüklər Rusiyanın Hindistana ümumi satışlarının kiçik bir hissəsini təşkil edir və güman ki, sanksiyaları pozmur. Bundan başqa, bəzi Rusiya şirkətləri ABŞ dollarından asılı olmamaq üçün hindistanlı tərəfdaşlarla hesablaşmaları rupi ilə aparmağa başlayıblar.
Lakin bu vəziyyətlə bağlı hər şey ilk baxışdan göründüyü qədər rahat deyil. Belə ki, Hindistan rupisinə keçən neft ixracatçıları artıq problemlərlə üzləşiblər. Belə ki, “Deutsche Bank”ın hesablamalarına əsasən, Rusiyadan Hindistana ixrac ayda 4-5 milyard dollar, idxal isə bir neçə yüz milyon dollar təşkil edir. Eyni zamanda Hindistan Mərkəzi Bankı Moskva birjasında rupi ilə ticarətə icazə vermir. Hazırda rupi ilə ticarət əməliyyatını lazımi həcmdə heç yerdə reallaşdırmaq mümkün deyil. Ekspertlərin fikrincə, Asiya və Afrika ölkələri üçün vahid valyuta meydana gəlmədən dolların əvəz edilməsi ən yaxşı halda uzaq perspektivdə mümkündür.
Güc var, investisiya lazım deyil?
Bütün bunların fonunda ABŞ dolları hesablaşmalar üçün ən populyar valyutaların reytinqində lider mövqedədir. Beynəlxalq sistemə görə, avro 2023-cü ilin yanvarında ikinci yerdə, Böyük Britaniya funtu isə üçüncü yerdə qərarlaşıb. İlk beşliyə Yaponiya yeni və Çin yuanı daxil idi. 2023-cü ilin yanvarında ötən ilin dekabrı ilə müqayisədə avronun payı 36,34%-dən 37,88%-ə, funt-sterlinqin 6,08%-dən 6,57%-ə, yenin isə 2,88%-dən 3,15%-ə yüksəlib. Lakin yuanın payı 2,15%-dən 1,91%-ə düşüb.
Keçən il ABŞ dolları son 20 ilin ən yüksək həddinə çatmasına baxmayaraq, bu göstəricilər qeydə alınıb. Buna ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq siyasəti kömək edib. Üstəlik, bu məsələdə enerji resurslarının qiymətlərinin artması rol oynayıb. Bundan sonra baş verənlər əsasən inflyasiyanın nəzarət altına alınıb-alınmamasından və iqtisadiyyatın nə qədər yumşaq olmasından asılı olacaq.
Bəzi analitiklər bu ilin ikinci yarısında dolların kəskin şəkildə zəifləməyə başlayacağına və bunun qlobal iqtisadiyyata müsbət təsir edəcəyinə əmindirlər. Üstəlik, “Societe Generale”nin bir qrup iqtisadçısının araşdırması göstərir ki, ABŞ dolları dünyanın ən çox ticarət əməliyyatlarının aparıldığı G10 ölkələrinin valyutaları arasında ən zəifi olacaq.
Lakin bir çox ekspertlər deyirlər ki, dollar iqtisadi və siyasi böhran zamanı bütün dünyada insanlar üçün əsas investisiya vasitəsi kimi göründüyü üçün azı 2023-cü ildə də güclü qalacaq. Qlobal investorlar ABŞ dollarına sərmayə qoyarkən digər valyutaları satırlar. Analitiklərin fikrincə, dolları alan zaman onun dəyəri artır. Odur ki, digərlərinin satışı isə onların dəyərini aşağı salır.
Bəs ABŞ dolları ilə bağlı cərəyan edən hadisələr niyə dünya ölkələrində istehsalçılar və istehlakçılar üçün bu qədər vacibdir? Məsələ burasındadır ki, bir çox dövlətlər idxal və ixrac üçün məhz bu valyutadan istifadə edir. Buna görə də dolların gücü birbaşa istehlakçıların ödədiyi qiymətlərə və iş adamlarının gözlədiyi mənfəətin miqdarına təsir göstərir. Məsələn, öz milli valyutası olan, lakin idxalda dollardan istifadə edən ölkə üçün ABŞ valyutasının daha bahalı olması onun xaricdən aldığı məhsulların qiymətlərinin artmasına səbəb olur. Bu o deməkdir ki, ixracı idxaldan çox olan ölkələr daha güclü dollardan faydalanmağa meyillidir və əksinə.
ABŞ-da da bu vəziyyət narahatlıqla izlənilir. Xüsusilə transmilli şirkətlər dolların güclü olmasından narazıdır: “LPL Financial”ın baş qlobal strateqi Kuinsi Krosbinin fikrincə, “S&P”nin siyahısında olan 500 şirkəti gəlirlərinin təxminən 30%-ni ABŞ-dan kənar bazarlarda əldə edir.
“Güclü dolları beynəlxalq qazanc və səhmlərin dinamikası baxımından, ABŞ investorlarının inkişafının qarşısını alan amil olub”, - “Wells Fargo”nun analitikləri düşünürlər.
Ən əsası, onlar hesab edirlər ki, bu, bütün sərhədləri aşan ABŞ-ın milli borcu üçün təhdid yaradır. Əgər amerikalı qanunvericilər borc limitinin artırılması ilə bağlı razılığa gəlməsələr, bu ölkə yayda və ya payızın əvvəlində maliyyə öhdəlikləri üzrə defoltla üzləşə bilər. Bu, potensial olaraq ABŞ-ın kredit reytinqinin çox ciddi şəkildə aşağı düşməsinə və dolların bahalaşmasına səbəb ola bilər, çünki bu halda investorlar ABŞ-dakı səhmlərini satmağa və maliyyə vəsaitlərini daha təhlükəsiz valyutalara köçürməyə başlayacaqlar.
“Bu, şübhəsiz ki, dolların dünya üzrə əməliyyatlarda istifadə olunan ehtiyat valyuta rolunu zəiflədəcək. Amerikalılar - bir çox insan - işlərini itirəcək və təbii ki, onların borcları artacaq”, - ABŞ-ın maliyyə naziri Canet Yellen bu ilin yanvarında CNN-ə bildirib.
Manat istənilən halda sabitdir
Bəs ABŞ valyutası ilə bağlı proqnozlar fonunda Azərbaycan manatını nə gözləyir? Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər ki, bunun da bir sıra mənfi təsirləri ola bilər: “Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər”.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov isə dəfələrlə bəyan edib ki, AMB bu il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq: “2023-cü ilin dövlət büdcəsi hazırlanarkən ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir”.
Bu arada, deputat Vüqar Bayramov hesab edir ki, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya istisna deyil: “Manatın kursuna təsir göstərən əsas iqtisadi amillər ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi amillərdən biridir. Azərbaycanda hələ məzənnə rejimi tətbiq edilməyib. Mərkəzi Bank prosesə birbaşa müdaxilə imkanını özündə saxlayır. Buna görə də bu il manatın məzənnəsi birbaşa olaraq Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır”.
Moskva Birjasının İdarə Heyətinin sədri Sergey Drozdovun fikrincə, məzənnəni uzun müddət sabit saxlamaq üçün güclü iqtisadiyyat və büdcə ilə hər şey qaydasında olmalıdır: “Görünür, Azərbaycanda vəziyyət məhz belədir. Ölkə o qədər də böyük deyil, enerji resurslarını ixrac edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Azərbaycan vətəndaşları üçün də qeyri-sabit manatdansa, sabit məzənnə ilə yaşamaq daha sərfəlidir”.
Qeyd edək ki, xarici ticarət əməliyyatlarında milli valyutalarla qarşılıqlı hesablaşmalar mövzusu artıq bir ildən çoxdur ki, Azərbaycanın dövlətlərarası danışıqlarının gündəmindədir. Xüsusilə Türkiyə və Rusiya ilə belə müzakirələr aparılıb. Bundan başqa, artıq bu il Moskva Birjası valyuta bazarında Azərbaycan manatı ilə ticarətə başlamağı planlaşdırır.
Hər halda, indiyədək bütün bu təklif və layihələr üzrə müzakirə və danışıqlar icra mərhələsinə çatmayıb. Buna görə də, qarşılıqlı ticarət hesablaşmalarında ABŞ dollarının hegemonluğunun tezliklə sona çatması barədə danışmaq hələ tezdir. Odur ki, ABŞ valyutasının qlobal məzənnə siyasətinin perspektivlərinə diqqət yetirmək daha yaxşı olardı.
MƏSLƏHƏT GÖR: