Müəllif: Nigar ABBASOVA
Qışın nisbətən isti keçməsi və təbii qazla bağlı qənaət tədbirləri gözlənilən effekti verib: Avropada “mavi yanacağ”ın spot qiymətləri fevralın sonunda 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 450 dollardan aşağı düşüb və yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi ən yüksək göstəriciyə çatıb. Bütün bunlar bu qış Rusiyadan nəql olunan təbii qazın həcminin azalması fonunda baş verir.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri “Qazprom” müxtəlif bəhanələrlə Avropa İttifaqına (Aİ) “mavi yanacağ”ın nəqlini ümumilikdə 80% azaldıb. Havanın mülayim keçməsi, tələbin azalması və alternativ mənbələrdən tədarükün artırılmasına dair uğurlu səylər təbii qaz çatışmazlığının qarşısını almağa yardım göstərib.
Azərbaycan da bu qış Avropanın təbii qazla təmin olunmasına töhfə verib. Avropa dövlətlərinin liderləri hər fürsətdə ölkəmizin rolunu xatırladırlar.
“Avropa İttifaqı vəziyyətə uyğunlaşıb, etibarlı tərəfdaşlara üz tutub və indi ilk uğurlarını görə bilər - Rusiyanın Avropaya neft və qaz satışından əldə etdiyi gəlirlər üçdə iki azalıb, Aİ-də təbii qazın qiyməti hazırda müharibə başlamamışdan əvvəlkindən də aşağıdır və Avropa “yaşıl enerji” və enerji muxtariyyətinə üstünlük edir”, - Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
“Hazırda Azərbaycan Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır”, - Latviya Prezidenti Egils Levits Bakıda səfərdə olarkən deyib.
Latviya lideri Aİ-nin bərpa olunan enerji sahəsində Bakı ilə daha sıx əməkdaşlıq etmək arzusunda olduğunu vurğulayıb.
Test üçün tədarük
“Bruegel” araşdırma şirkətinin hesablamalarına əsasən, enerji böhranı başlayandan bəri Avropa ölkələri bu böhranı aradan qaldırmaq üçün artıq kollektiv şəkildə 768 milyard avro xərcləyib. Bunun 657 milyard avrosu Avropa İttifaqının, 103 milyardı Böyük Britaniyanın, 8 milyard avrosu isə Norveçin payına düşüb. Əhalinin və biznesin dəstəklənməsi üçün müxtəlif tədbirlərə ən çox vəsaiti isə Almaniya ayırıb (264,6 milyard avro). Bu sıralamada növbəti yerləri Böyük Britaniya (103,3 milyard), İtaliya (92,7 milyard), Fransa (92,1 milyard) tutur.
Eyni zamanda analitiklər və sənaye müəssisələrinin nümayəndələri xəbərdarlıq edirlər ki, əgər Avropa ölkələri tələbatı azalda və təbii qaz tədarükünü şaxələndirə bilməsə, enerji böhranının təkcə bu il deyil, ümumiyyətlə, uzun illər ərzində davam etməsi mümkündür. Payız fəslinin mülayim keçməsi və bu qış Avropada yeraltı qaz anbarlarının sürətlə doldurulması Aİ-nin enerji təhlükəsizliyini gücləndirib. Qış mövsümünün mülayim keçməsinə baxmayaraq, yeraltı anbarların doluluq səviyyəsi təxminən 60%-dir. Odur ki, ehtiyatların bu ilin yayına və gələn qışa qədər çatıb-çatmayacağı ilə bağlı narahatlıqlar var.
Avropa Qaz İnfrastruktur Assosiasiyasının (GIE) məlumatına əsasən, “mavi yanacaq” ehtiyatlarının hazırkı səviyyəsi 57,54% təşkil edir və bu da son 5 ilin eyni dövrü üzrə orta göstəricidən 21% çoxdur. Amma “Vitol” enerji treyderinin nümayəndəsi Sida Bambavale xəbərdarlıq edir ki, yeraltı qaz anbarlarındakı ehtiyatların hazırkı səviyyəsi bu mənada təhlükəsizlik baxımından yanlış hiss yarada bilər. Ekspertin fikrincə, təbii qaz böhranı hələ bitməyib və bu, daha 2-3 il davam edə bilər.
Aİ çox aydın başa düşür ki, Rusiyadan təbii qazın tədarükünü bərpa etmək mümkün olmayacaq. Bu isə o deməkdir ki, növbəti qış mövsümünə hazırlıq bu gündən başlamalıdır.
“Biz indi gələn qışa hazırlığa diqqətimizi cəmləşdirməliyik”, - Ursula fon der Lyayen vurğulayıb.
Avropada qazın spot qiymətlərinin davamlı düşməsinə baxmayaraq, yeraltı qaz anbarlarında ehtiyatların kifayət qədər olmaması ilə yanaşı, sıravi Avropa istehlakçıları üçün enerji resurslarının (elektrik və təbii qaz) dəyəri məsələsi çox ciddi problem olaraq qalır. Ötən yay Rusiyanın enerji təchizatını dayandırması nəticəsində enerji böhranının kəskinləşdiyi dövrdə avropalıların işıq və elektrik enerjisi üçün ödənişləri düz 300% artmışdı.
Kanada parlamentində çıxış edən Ursula fon der Lyayen əlavə edib ki, enerji böhranının aradan qaldırılması üzrə tədbirlər çərçivəsində Aİ enerji istehlakını 20% azaltmağa nail olub.
İndi Avropa İttifaqı bu problemi həll etmək və növbəti istilik mövsümü üçün “mavi yanacaq” ehtiyatlarını artırmaq üçün indiyədək misli görünməmiş tədbirlər həyata keçirməyə qərar verib. Aprel ayında dünya praktikasında ilk dəfə olaraq Aİ təbii qaz bazarına “alıcılar karteli” kimi daxil olmağı və bu enerji resursunun alınması üçün tender elan etməyi planlaşdırır. Avropa Komissiyası hesab edir ki, bu, inflyasiya ilə mübarizəyə kömək etməlidir.
Avropa Komissiyasının vitse-prezidenti Maros Şefçoviç isə bildirib ki, ilkin hesablamalara görə, Aİ-nin 27 ölkəsi və 3 qonşu dövlətin növbəti üç il üçün təbii qaza olan tələbatı 24 milyard kubmetr təşkil edəcək. Aİ gözləyir ki, tenderin apreldə elan edilməsindən sonra ABŞ, həmçinin Yaxın Şərq və Afrikaya qədər dünyanın hər yerindən olan tədarükçülərlə ilk müqavilələr təxminən iyun ayında imzalanacaq.
M.Şefçoviç bildirib ki, polad, alüminium, keramika, şüşə və avtomobil sənayesi kimi sahələrin istehlakçıları ortaq alışa maraq göstərirlər. Onun sözlərinə görə, təchizatçılara gəlincə, dünyanın 50-dən çox şirkəti ümumi enerji platforması vasitəsilə Avropa ilə əməkdaşlıqda maraqlıdır. Beləliklə, ilk tenderdən sonra Avropa İttifaqı təşkilata üzv ölkələri kifayət qədər təbii qazla təmin etmək üçün müntəzəm olaraq daha çox ortaq alış təşkil edəcək.
Avropa Komissiyası hesab edir ki, platformanın əsas üstünlüyü ondan ibarətdir ki, qlobal bazar kiçik və orta biznes üçün açılacaq və onlar vasitəçilərə artıq ödənişlər etməyəcək.
“Biz rəqabəti artıracaq, yeni təchizatçıları cəlb edəcək və enerji resurslarının qiymətlərini aşağı salacaq yeni sistem yaradırıq. Biz bu tədbirə başladığımız vaxtdan beynəlxalq təchizatçılar böyük maraq göstəriblər”, - M. Şefçoviç bildirib.
Doğrudur, birinci tender rəmzi xarakter daşıyacaq. Lakin bir məsələ aydındır ki, əgər bu məsələdə uğur əldə olunarsa, səylərin rəmzi şəkildə birləşdirilməsi daha böyük nəticələr verə və Avropa bazarını ciddi şəkildə dəyişə bilər.
Büdcəyə zərbə
Avropanın Rusiya təbii qazından imtina etmək səylərini və sanksiyaların effektivliyini Rusiya büdcəsinə itkilər baxımından qiymətləndirsək, Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsaslanaraq Aİ-nin bu vəzifənin öhdəsindən gəldiyini söyləyə bilərik. Agentliyin məlumatına görə, 2023-cü ilin yanvarında Rusiyanın neft və təbii qaz gəlirləri əvvəlki illə müqayisədə təxminən 40% azalaraq 18,5 milyard dollar təşkil edib.
BEA-nın icraçı direktoru Fatih Birol hesab edir ki, Qərb Rusiyanın enerji resurslarına qarşı sanksiyaları ilə məqsədlərinə nail olub – bunlar neft bazarlarını sabitləşdirib və Rusiyanın neft və təbii qaz gəlirlərini azaldıb: “Rusiyanın neft-qaz gəlirlərinin yaxın aylarda daha ciddi şəkildə azalacağını gözləyirik. Bu gəlirlər texnologiyaya və investisiyalara çıxışın olmaması səbəbindən ortamüddətli perspektivdə daha da azalacaq”.
Bu arada, rusiyalı analitiklər əmindirlər ki, Rusiya yenidən Avropa enerji bazarında lider mövqe tuta bilər: buna Türkiyədə təbii qaz qovşağının inşası kömək edəcək. Doğrudur, son vaxtlar dəhşətli təbii fəlakətlə üzləşən Türkiyədə yaranmış mövcud vəziyyət bu layihənin aktuallığı ilə bağlı ciddi şübhələr yaradır. Hər halda, yaxın gələcəkdə onun həyata keçirilməsini gözləməyə dəyməz. Üstəlik, Türkiyənin layihə ilə bağlı irəli sürdüyü yeni şərtləri nəzərə alsaq, təbii qaz qovşağının yaradılmasının sual altında olduğunu söyləyə bilərik.
Kreml də Türkiyədə güclü zəlzələnin bu ölkədə qaz qovşağının yaradılmasını gecikdirə biləcəyi ehtimalını etiraf edib. Lakin rəsmi Moskva bu layihənin həyata keçiriləcəyinə əmindir.
“Əlbəttə, indi bu layihə Türkiyə Respublikası üçün prioritet ola bilməz və biz bunu anlayışla qarşılayırıq. Buna görə də layihənin həyata keçirilməsinin müddəti ilə bağlı bəzi dəyişikliklər ola bilər. Bəli, bu proses bir az ləngiyə bilər. Amma bu, planların həyata keçirilməsinə təsir etməyəcək”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təklif edib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz əmin edib ki, ölkəsində təbii qaz qovşağının fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması üzrə işlər yekunlaşmaq üzrədir: “İşlər davam edir. Məqsədimiz onu ilin sonuna qədər tam istifadəyə verməkdir. Bəzi qanunlar dəyişdirilməlidir. Bu məsələ yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinin gündəliyinə salınacaq. Bundan sonra hüquqi bazanın formalaşdırılması istiqamətində işlər böyük ölçüdə başa çatacaq”.
Amma təbii qaz qovşağının dəyəri hələ məlum deyil. Türkiyəli rəsmilərin açıqlamalarına əsasən söyləyə bilərik ki, güman ki, bu layihəni məhz Rusiya maliyyələşdirəcək. Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələdən düz 1 ay sonra - martın 6-da Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan Moskvaya təbii qaz qovşağının Rusiya investisiyaları hesabına inşasını təklif edib.
“Qaz qovşağı ilə bağlı danışıqlar dayandırılıb, çünki zəlzələdən sonra Türkiyədə çox şey dəyişib. Yəni bütün prioritetlər dəyişib. Onun inşasını prinsipial şəkildə dəstəkləyirik. Amma indi onun tikintisi üçün pulumuz yoxdur. Rusiya Federasiyasının pulu varsa, qaz qovşağını tikməyə başlaya bilər. Bu məsələdə hər şey investisiyalardan asılıdır”, - Ç.Erhan Rusiya mətbuatına müsahibəsində bildirib.
Əlbəttə ki, silsilə zəlzələlər Türkiyəyə çox ciddi ziyan vurub: 46 mindən çox insan ölüb, çox sayda bina dağılıb. BMT-nin İnkişaf Proqramının məlumatına əsasən, ölkəyə dəymiş ziyan 100 milyard dolları ötür və bu da Dünya Bankının ilkin hesablamalarından (34,2 milyard dollar) təxminən üç dəfə çoxdur. Bu məqamda qeyd edək ki, Brüsseldə keçiriləcək maliyyə donorlarının konfransında əsas mövzu Türkiyə infrastrukturunun bərpası olacaq. Təbii ki, belə xərclər fonunda təbii qaz qovşağının həyata keçirilməsi ehtimalı son dərəcə şübhəli görünür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, qaz qovşağı ölkənin Avropa hissəsindəki Trakya bölgəsində yerləşə bilər. Türkiyəli ekspertlərin fikrincə, oradan “mavi yanacaq” üç istiqamətdə nəql edilə bilər: cənubdan İtaliyaya, mərkəzdən - Bolqarıstana, Albaniyaya, Kosovoya, Şimali Makedoniyaya, Serbiyaya və digər ölkələrə, şimaldan isə Rumıniyaya, Sloveniya, Macarıstan və daha sonra Almaniyaya.
Hər halda, Rusiya Türkiyədə təbii qaz qovşağı ideyasının uğurla həyata keçiriləcəyinə əmin olsa da, sığortalanmaq və səylərini mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının inkişafına yönəltmək qərarına gəlib. O, qarşısına strateji önəm kəsb edən məqsəd qoyub: ortamüddətli perspektivdə LNG hasilatını indiki təxminən 33 milyon tondan azı 100 milyon tona çatdırmaq. Yeri gəlmişkən, mayeləşdirilmiş təbii qaz Rusiyada istehsal edilən yeganə yanacaq növüdür ki, ona hələ də sanksiya qoyulmayıb. Buna görə də Rusiya hökuməti LNG ixracını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib. Lakin o, bunun üçün təbii qazın mayeləşdirilməsi üzrə texnologiyalar hazırlamalı və uğurla tətbiq etməlidir.
Həcmin artırılmasına diqqət yetirmək
Azərbaycanda isə təbii qazın tədarük həcminin artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyev martın 8-də Bakıda Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir: “Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.
İ.Əliyev bəyan edib ki, Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır: “Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq”.
X Qlobal Bakı Forumunda “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda çıxış edən Azərbaycan Prezidenti təbii qazın hasilatı və ixracı ilə bağlı hökumətin yaxın vaxtlarda həyata keçirdiyi planları bölüşüb.
Cari il üçün planda 24 milyard kubmetrdən çox təbii qaz ixracı nəzərdə tutulur və bunun da azı yarısı Avropaya göndəriləcək. Paralel olaraq, Azərbaycan təbii qaz yataqlarının işlənməsinə investisiyaları artıracaq. Yeri gəlmişkən, “Abşeron” yatağında hasilata 2023-cü ildə, “Azəri-Çıraq-Günəşli” blokunun dərin qaz yataqlarında (“deep gas”) isə 2024-cü ildə başlanılmalıdır. Bundan başqa, 2023-cü ildə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində hasilat maksimum gücə çatmalıdır.
Bir sözlə, ölkə rəhbərliyinin fikrincə, hər şey plan üzrə gedərsə, o zaman Azərbaycan yaxın 5-6 il ərzində azı əlavə olaraq 10 milyard kubmetr təbii qaz hasil edəcək. 2026-cı ilə qədər bərpa olunan enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının işə salınması və mövcud elektrik stansiyalarının modernləşdirilməsi 1,5 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu həcmi isə ixraca yönəltmək mümkün olacaq.
Qeyd edək ki, hazırda TANAP kəmərinin ötürücülük qabiliyyətinin 16 milyarddan 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı müzakirələr aparılır. Yeri gəlmişkən, hazırda Avropada Azərbaycan “mavi yanacağı”nın alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. TAP kəməri ilə Aİ ölkələri Azərbaycandan 21,5 milyard kubmetrdən çox qaz alıb və bunun da 18 milyard kubmetri İtaliyanın payına düşür.
2023-cü ilin sonunda Macarıstan da Azərbaycandan təbii qaz almağa başlayacağına ümid bəsləyir. Bu ölkəyə ilkin olaraq 100 milyon kubmetr təbii qaz tədarükü planlaşdırılır. Gələcəkdə bu rəqəm 2 milyard kubmetrə çatdırıla bilər.
Bundan başqa, Serbiya 2024-cü ilin əvvəlində Azərbaycan təbii qazının alınmasına başlayacağını gözləyir. İtaliya, Yunanıstan və Bolqarıstan da Azərbaycandan “mavi yanacaq” tədarükünün artırılacağına ümid edir. Bu ölkələrdən başqa, Albaniya, Moldova, Şimali Makedoniya, Xorvatiya və bir sıra digər dövlətlər də Azərbaycan təbii qazı üçün növbədədir. Demək, bu gün Azərbaycanda təbii qaz hasilatının artırılması üçün hər cür şərait var və bununla bağlı ən əsas məsələ alıcıların olmasıdır.
MƏSLƏHƏT GÖR: