24 Noyabr 2024

Bazar, 22:46

...VƏ ÇOX SAYDA BAŞQA MƏSƏLƏ

EBRD Azərbaycan üzrə strategiyanı şaxələndirir və diqqətini qeyri-neft sektorundakı layihələrə yönəldir

Müəllif:

15.03.2023

Son zamanlar Avropa İttifaqının (Aİ) əsas kredit institutu - Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda qeyri-neft layihələrinin maliyyələşdirilməsində kifayət qədər fəallıq nümayiş etdirir. Enerji sektorunda “yaşıl” təşəbbüslərin kreditləşdirilməsi, iqtisadiyyatın və kommunal sektorun dekarbonlaşdırılmasına dair bir sıra sazişlər imzalanıb. Bu Avropa bankı həmçinin ticarət gəmiçiliyinin inkişafı, regionlarda genişzolaqlı internetin çəkilməsi, infrastruktur layihələri, ticarətin maliyyələşdirilməsinin genişləndirilməsi və bank sektorunun kreditləşdirilməsi üçün vəsait ayıracaq. Odur ki, EBRD-nin ölkədəki fəaliyyətinin bu il daha da güclənəcəyi gözlənilir.

 

Qarşılıqlı faydalı kreditlər

Avropa Yenidənqurma və İnkişaf Bankı uzun illər ərzində ölkəmizdə aparıcı xarici donorlardan biridir: EBRD Azərbaycan ilə bank arasında tam tərəfdaşlıq münasibətlərinin başladığı 1992-ci ildən bu günə kimi ölkəmizdə 187 layihənin maliyyələşdirilməsinə düz 3,8 milyard avroya yaxın vəsait ayırıb. Bu ilin əvvəlinə bankın Azərbaycanda ümumi aktiv portfeli 35 layihə üzrə bölüşdürülmüş 843 milyon avro təşkil edir: 86%-i infrastrukturun, 10%-i sənaye, kənd təsərrüfatı və emal sahələrinin, 4%-i maliyyə sektorunun payına düşür.

Hətta yaxın keçmişdə Aİ-nin əsas kredit strukturunun maliyyə resurslarının əhəmiyyətli hissəsi Azərbaycanda hasilat sənayesinin və neft-qaz nəqli infrastrukturunun inkişafına yönəldilib. EBRD “Şahdəniz-2”, TANAP və TAP üçün 1,7 milyard avroluq maliyyə vəsaiti ayıraraq Cənub Qaz Dəhlizi layihəsinə böyük miqdarda kredit verib.

Sanksiyalara və Rusiyanın enerji resurslarının Köhnə Dünyaya tədarükünün dayandırılmasına səbəb olan Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yaranmış geosiyasi vəziyyət Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da aktuallaşdırıb. Məsələn, 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədlə 2027-ci ilədək Azərbaycan təbii qazının hasilatı və ixracının 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması, həmçinin Cənubi Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Buna görə də təbii qaz nəqli infrastrukturuna sərmayə yatırmaq və Azərbaycan yataqlarında “mavi yanacağ”ın hasilatını artırmaq üçün Aİ-nin maliyyə təşkilatlarının və digər mənbələrin cəlb edilməsi üzrə danışıqlar aparılır. Bütün bunların fonunda Azərbaycanla EBRD arasında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın perspektivləri daha da artıb.

“EBRD-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair layihələrdə iştirakı böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsinə kredit verilməsi üçün EBRD rəhbərliyi ilə danışıqlar aparır. Xüsusilə, gələcək təşəbbüslərin ilkin texniki, iqtisadi və maliyyə qiymətləndirilməsi aparılır. Bunun əsasında bank bu məsələdə iştirak səviyyəsini müəyyənləşdirəcək”, - Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ötən ilin sentyabrında Azərbaycan səfəri zamanı demişdi.

Bu məqamda qeyd edək ki, enerji sektorundakı layihələr EBRD-nin ölkəmizlə bağlı fəaliyyətinin yeganə əsas istiqaməti deyil. Belə ki, 2019-2024-cü illər üçün yeni ölkə strategiyasında bu Avropa bankının əsas diqqəti “yaşıl iqtisadiyyat”, alternativ enerjidə əməkdaşlığa, KOB-lara (kiçik və orta biznes) və startaplara dəstək göstərilməsinə, İT infrastrukturunun inkişafına və digər sahələrə yönəlib. Ümumilikdə 2018-2022-ci illərdə EBRD Azərbaycanda dövlət və özəl sektorda 33 layihənin kreditləşdirilməsi üçün 440 milyon avro ayırmışdı.

Təəssüf ki, 2020-2021-ci illərdə müşahidə olunan mənfi proseslər - pandemiya, qlobal inflyasiya və s. onların icrasının miqyasına və sürətinə müəyyən dəyişikliklər edib. Amma ötən il bunun əvəzini çıxmaq mümkün olub: bankın maliyyələşməsi 2,5 dəfə artaraq 9 layihə üzrə 86 milyon avro təşkil edib.

Bu müsbət tendensiya 2023-cü ildə daha da inkişaf etdiriləcək, çünki EBRD kreditləşdirmə həcmini 3 dəfədən çox artırmağı planlaşdırır. Növbəti 3 il üçün (2023-2025-ci illər) Azərbaycanda gözlənilən investisiya paketi 750 milyon dollar həcmində qiymətləndirilir. EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova bildirib ki, bu məbləğdən 300 milyon dollara yaxın miqdarda kredit artıq bu il imzalana bilər. Onun sözlərinə görə, bu maliyyə həcmlərinin əsasən bərpa olunan enerji, nəqliyyat, KOB, özəl sektor, bank sektoru kimi sahələrə yönəldilməsi planlaşdırılır.

 

Əsas prioritet

Digər məsələlərlə yanaşı, EBRD-nin yeni ölkə strategiyasında enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrində istehsal güclərinin formalaşdırılması ilə bağlı işlərin maliyyələşdirilməsi üçün geniş imkanlar nəzərdə tutulur. Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Gəncə şəhərinin küçələrinin işıqlandırılmasının yaxşılaşdırılması üçün 10 milyon avro məbləğində kreditin ayrılması olub. Buraya enerjiyə qənaət edən işıqlandırma mənbələrinin, avtomatlaşdırılmış işıqlandırmaya nəzarət və monitorinq sistemlərinin tətbiqi, dirəklərin, elektrik kabellərinin dəyişdirilməsi daxildir. Bütün bunlar enerjiyə xeyli qənaət etməyə, şəbəkəyə texniki xidmətlə bağlı xərcləri azaltmağa və hərəkət iştirakçılarının təhlükəsizliyini artırmağa imkan verəcək.

Xatırladaq ki, Gəncədə layihələrin kreditləşdirilməsi kompleks xarakter daşıyır və Aİ-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir. Ötən ilin mayında EBRD ilə kredit müqaviləsi imzalanıb. Bu sənədlə şəhərdə bərk məişət tullantılarının yığılması infrastrukturunun (zibil, küçələrin təmizlənməsi) müasirləşdirilməsi, o cümlədən “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İB-nin əməliyyat və maliyyə səmərəliliyinin artırılması üçün şəhər İcra Hakimiyyətinə 10 milyon avro kredit ayrılıb. Üstəlik, zamanla “Yaşıl şəhərlər” proqramının komponentləri ölkənin digər yaşayış məntəqələrində, o cümlədən Qarabağ bölgəsində də davam etdirilə bilər.

EBRD hesab edir ki, Azərbaycan “yaşıl enerji”yə keçid sahəsində lider mövqeyə sahib olmaq üçün əhəmiyyətli potensiala malikdir, çünki hökumət Paris İqlim Sazişi üzrə öhdəliklərə uyğun olaraq bərpa olunan enerji mənbələrinin imkanlarını və dayanıqlı infrastruktura ehtiyacı yüksək qiymətləndirir.

“Yaşıl enerji” Azərbaycan üçün əsas prioritetdir. Bu baxımdan, EBRD iqtisadiyyat, energetika nazirlikləri ilə çox sıx əməkdaşlıq edir və həm investisiya, həm də siyasi səviyyədə dekarbonizasiya proqramlarını fəal şəkildə dəstəkləyir”, - K.Mahmudova vurğulayıb.

O əlavə edib ki, ötən il bu Avropa bankı Azərbaycanda günəş elektrik stansiyasının tikintisi üçün kredit sazişi imzalayıb (BƏƏ-nin “Masdar” şirkəti tərəfindən həyata keçirilir) və bu il isə Abşeron yarımadasında külək elektrik stansiyasının yaradılmasına dəstək verməyi planlaşdırır.

 

Nəqliyyat və İT

EBRD-nin Azərbaycanla bağlı yeni ölkə strategiyasında nəqliyyat sektoru xüsusi yer tutur: aprel ayında bankın Direktorlar Şurasının beynəlxalq genişləndirmə strategiyası çərçivəsində Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) donanmasının yenilənməsi üçün 60 milyon ABŞ dolları məbləğində kredit ayrılması məsələsinə baxacağı gözlənilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytında yerləşdirilən məlumata əsasən, bu, gəmiçilik şirkətinə yeni gəmilər almağa kömək edəcək və yükgötürmə qabiliyyətinin artırılması və marşrut istiqamətlərinin çevikliyinin yüksəldilməsi hesabına regional və ticarət əlaqələri yaxşılaşacaq. Bu layihə həm də Orta Dəhliz boyu nəqliyyatın həcmini artırmağa və ASCO-nun Xəzər dənizindən kənarda beynəlxalq sularda gəlirlərini artırmağa yardım göstərəcək. Eyni zamanda zaman keçdikcə EBRD ilə ASCO arasında maliyyə əməkdaşlığının daha da güclənməsi mümkündür. Odur ki, maliyyələşmənin həcmi ümumilikdə 100 milyon dollara çata bilər.

Azərbaycan ilə Aİ-nin kredit strukturu arasında əməkdaşlığın digər strateji əhəmiyyətli sahəsi yüksək texnologiyalar istiqamətidir: Buraya startapların inkişafına dəstək, İT infrastrukturunun genişləndirilməsi, kənd yerlərində rəqəmsal fərqin azaldılması və s. daxildir. Xüsusilə EBRD “IT Hub Azerbaijan” layihəsinə 300 min dollar ayıracaq. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) və “StrategEast” ilə birgə həyata keçirilən bu təşəbbüslə ixtisaslı İT mütəxəssislər fondunun yaradılması nəzərdə tutulur. Maliyyə vəsaitinin yarısının Naxçıvan Muxtar Respublikasının payına düşəcəyi, qalan hissəsinin isə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan və Azərbaycanın digər bölgələrindən olan mütəxəssislərin hazırlanmasına yönəldiləcəyi gözlənilir.

EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə İdarəedici Direktoru Matteo Patrone qeyd edib ki, 2022-ci ilin dekabrından bəri İT sektorunda Azərbaycanın telekommunikasiya şirkəti “Aztelecom” ilə daha bir böyük təşəbbüs həyata keçirilir: “Avropa Dayanıqlı İnkişaf Fondunun xətti ilə zəmanətlə təxminən 50 milyon ABŞ dolları məbləğində kreditə dəstək verən Avropa İttifaqından olan tərəfdaşlarımızla birlikdə Azərbaycanın regionlarında rəqəmsal infrastrukturun inkişafının maliyyələşdirilməsində iştirak edəcəyik. Bu işlərin həyata keçirilməsi ölkənin 280 mindən çox kənd sakininin genişzolaqlı internet xidmətlərinə etibarlı çıxışını təmin edəcək”.

 

Yeni mərhələ

EBRD-nin maliyyə yardımı ilə ötən ilin sonunda korporativ sektorda digər perspektivli layihələrə də start verilib. Buraya Ələtdə enerjiyə qənaət edən soyuducu anbarın tikintisi, Salyanda kənd təsərrüfatı istehsalçısına “yaşıl enerji” layihəsi və Sumqayıtda akkumulyatorların təkrar emalı müəssisəsinin genişləndirilməsi ilə bağlı kreditlərin ayrılması daxildir.

Bu trendlər 2023-cü ildə də davam edəcək. Məsələn, EBRD kənd təsərrüfatı sahəsində startaplara dəstək məqsədilə “AgVenture” müsabiqəsinə start verib. Onun qalibləri “Star Venture” proqramı çərçivəsində xüsusi konsaltinq yardımı üçün 80 000 avroya qədər, həmçinin əlavə xidmətlər üçün 10 000 avro qrant alacaqlar. Bunun əsas məqsədi qida sənayesində problemlərin həlli, qida təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması, qənaətcil suvarma texnologiyalarının tətbiqi və digər məsələlərdir.

Güman edilir ki, bu Avropa bankı ilə əlaqələrin inkişafının yeni mərhələsində əsas benefisiar özəl biznes olacaq. Özəl sektora kreditlərin ayrılması məqsədilə Azərbaycan bankları ilə əməkdaşlıq davam etdiriləcək.

“Biz hazırda beynəlxalq ticarətin təşviqi, mikro, kiçik və orta sahibkarlığa dəstək, yaşıl və inklüziv maliyyə kimi əsas strateji məqsədlərimizə uyğun bir neçə layihə üzərində işləyirik. Biz həm də mümkün olduğu qədər yerli valyutada maliyyələşdirməyə diqqət yetiririk ki, bu da çox vacibdir”, - Odil Reno-Basso vurğulayıb.

Bu, çox ciddi məqamdır, çünki son 6 ildə EBRD Azərbaycan bankları üçün məqsədyönlü kreditləşdirmə layihələri həyata keçirməyib. Bu istiqamətdə ilk addım bu bankın 2023-cü ildə Azərbaycanın maliyyə sektorunda fəaliyyətini bərpa etmək qərarı olub: kiçik biznesin dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi, o cümlədən gender balansının təmin edilməsi məqsədilə işgüzar qadınların kreditlərlə təmin olunması üçün 3 yerli banka güzəştli kredit xətti veriləcək.

Bir sözlə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda artan fəaliyyəti göz qabağındadır və iqtisadiyyatın müxətlif sektorları üzrə belə geniş layihələrin həyata keçirilməsi yalnız sevindirə bilər.



MƏSLƏHƏT GÖR:

116