28 Noyabr 2024

Cümə axşamı, 02:51

ÇILĞINLIĞIN BİR ADDIMLIĞINDA

Nüvə silahı çəkindirici amildən qarşıdurma alətinə çevrilir

Müəllif:

15.03.2023

Beynəlxalq təhlükəsizlik aydan aya pisləşir. Bu mənada, fevral ayının əsas xəbəri Rusiyanın ABŞ ilə «Strateji hücum silahlarının azaldılması Müqaviləsi»ndən (SHS-3) çıxmasıdır.

 

Vaşinqtonun «total hibrid müharibəsi»

Rusiya Prezidenti Vladimir Putin bu qərarı hələ Federal Şuraya fevralın 21-də etdiyi müraciət zamanı açıqlamış, onu Ukrayna ətrafında yaşananlarla əlaqələndirmişdi – sanksiyalar, təftiş imkanının olmaması, ABŞ səmasının Rusiya təyyarələrinin üzünə bağlanması. Müqavilənin XIV maddəsinin 3-cü bəndində bildirilir ki, tərəflərdən biri “bu Müqavilənin məzmununun onun ali maraqlarını təhlükə altına atdığı” qərarına gələrsə, razılaşmanı tərk edə bilər. Kreml rəhbəri bildirib ki, «ABŞ və NATO Rusiyanın SHS-3-ü tələblərinə əməl etməsini istəyir, bununla yanaşı, onu «strateji məğlubiyyət»ə uğratmağa çalışır». «İndi isə onlar bizim müdafiə obyektlərimizi yoxlamaq da istəyirlər», - deyə Putin bildirib.

Təbii ki, bu çıxışın səhəri günü müqavilədən çıxmaqla bağlı qanun layihəsi Rusiya parlamentinin hər iki palatası – həm Duma, həm də Federasiya Şurası tərəfindən dəstəklənib. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Qərb Rusiyaya qarşı «total hibrid müharibə»yə başlayır.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev daha sərt danışıb: «Siz strateji sabitlik məsələsində hər şey qaydasında olduğu görüntüsü yaradaraq Rusiya ilə savaşa bilməzsiniz. Sizə belə də lazımdır!»

Maraqlıdır ki, sözügedən müqaviləni 2010-cu ildə Praqada məhz Medvedyev imzalamışdı – Rusiya Prezidenti statusunda. Vaşinqton tərəfdən isə müqaviləyə Barak Obama imza atıb. Sənəd 2011-ci ildə 10 il müddətinə qüvvəyə minmiş, 2021-ci ilin fevralında onun müddəti 2026-cı ilədək uzadılmışdı. Bu müqavilə Rusiya ilə ABŞ arasında silahlanmaya nəzarət etmək imkanı verən yeganə sənəd idi. Digər sənədlər – «Raketdən müdafiə sistemlərinin azaldılması haqqında Müqavilə», «Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilə», «Açıq səma haqqında çoxtərəfli Müqavilə» onsuz da işləmirdi. SHS-3-ün əsas funksiyası isə qitələrarası ballistik raketlərin, sualtı qayıqlar üçün ballistik raketlərin, onların atəş qurğuları və başlıqlarının, həmçinin ağır bombardmançıların və onların nüvə silahlarının azaldılması idi. Bundan başqa, ikitərəfli məsləhətçi komissiya da fəaliyyət göstərir, qitələrarası ballistik raket bazalarında, sualtı qayıqlarda və aviasiya bazalarında qarşılıqlı təftişlər aparılırdı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Rusiya ilə ABŞ qarşılıqlı təftişləri hələ 2020-ci ildə COVID-19 pandemiyası üzündən saxlayıb.

Moskvanın müqaviləni tərk etməsinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi, həmçinin XİN bəyan edib ki, ölkə SHS-3-ün nüvə başlıqlarının daşıyıcılarının sayı ilə bağlı maddəsinin tələbinə riayət edəcək və ballistik raket buraxılışları ilə bağlı Amerika tərəfi ilə məlumat mübadiləsi aparacaq. XİN-dən onu da bildiriblər ki, müqavilədən imtina qərarı dəyişdirilə də bilər. Lakin bunun üçün Vaşinqton «siyasi iradə nümayiş etdirməli, ümumi deeskalasiya istiqamətində xoş məram göstərməlidir». Nə qədər ki, bu baş verməyib, «Moskvanın ABŞ-a tərəf hansısa addım atacağını gözləməyə dəyməz».

Moskvanın müqaviləyə qayıdışı ilə bağlı qərarı prezident qəbul etməlidir. Müşahidəçilər hesab edir ki, indiki mərhələdə bu, Moskva üçün, yəqin ki, Vaşinqtona yeganə təzyiq rıçaqıdır. Başqa sözlə, Rusiyanın qərarı siyasi qərardır və daha çox beynəlxalq auditoriyaya hesablanıb. Müşahidəçilərə, sanki, dünya birliyinin Ukraynadakı müharibəyə görə hansı qiyməti ödəməyə hazır olduğu barədə düşünmək təklif olunur.

İndi elə görünür ki, sanki söhbət yalnız Rusiya ilə ABŞ-dan gedir. Halbuki bu iki ölkənin strateji silah arsenalı ümumilikdə bəşəriyyət üçün təhdid yaradır.

Digər yandan bunun Moskvanın kələyi olması da mümkündür. Dartmut Universitetinin professoru, yayılmama üzrə ekspert Nikolas Miller deyir ki, bu, Putin üçün ABŞ və Qərbə ismarış verməyin daha bir vasitəsidir: «Yəni, o deyir ki, biz sizin bu müqaviləni yüksək qiymətləndirdiyinizi bilirik. Lakin siz Ukraynaya dəstəyinizi hazırda olduğu kimi davam etdirsəniz, müqavilə ilə vidalaşa bilərsiniz».

Yeri gəlmişkən, Putin onu da bildirib ki, Rusiya üçün “Şimali Atlantika Alyansının Fransa və Böyük Britaniya kimi ölkələrin hədəflərinin nə olduğunu” və “onların strateji arsenallarını, yəni birgə zərbə potensialını” anlamaq vacibdir.

Rusiyalı ekspertlər bildirirlər ki, bu bəyanatlar STS-3-ün uzadılması ilə bağlı 2019-2020-ci illərdə aparılmış məsləhətləşmələri xatırladır. O zaman Donald Tramp administrasiyası razılaşmada Çinin də yer almasını tələb etmiş, Pekin bundan boyun qaçırmış, Moskva isə təbii ki, israr etməmişdi. Digər tərəfdən fərq ortadadır. Fransa ilə Böyük Britaniya ABŞ-ın hərbi müttəfiqləridir, Çin isə Rusiyanın hərbi müttəfiqi deyil. O da aydındır ki, sənədlərdə Fransa və Britaniyanın nüvə arsenallarının da qeyd edilməsi faktiki olaraq, yeni sənədin hazırlanması deməkdir.

 

Moskvanın «böyük səhv»i

Vaşinqton Putinin STS-3 ilə bağlı qərarını «məsuliyyətsizlik» və «böyük səhv» sayır. Bununla yanaşı, ABŞ məsələ ilə bağlı Rusiya ilə dialoqa hazır olduğunu da bildirir. Birləşmiş Ştatların prezidenti Co Bayden hesab edir ki, hazırda bütün dünya bu müqavilə ilə bağlı məsuliyyətli addımların atılmasını gözləyir, Rusiya ilə Amerika isə «hər şeyi qaydaya salmağa qadirdir».

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland da deyib ki, Vaşinqton Moskva ilə strateji silahlara dair danışıqlara başlamağa, eyni zamanda təftişə razılıq verməyə hazırdır. Bununla yanaşı, Bayden Moskvanın qərarında nüvə silahından istifadə istəyi əlaməti görmür.

Buna baxmayaraq, bəzi mətbuat orqanları yazır ki, Rusiyanın nüvə silahı ilə silahlanmış sualtı qayıqları ABŞ sahillərində peyda olub. Söhbət o cümlədən «Yasen» atom sualtı qayıqlarından gedir. Məsələn, bunu ABŞ Hərbi-Dəniz Kolleci yanında Rusiyanın Dəniz Tədqiqatları İnstitutunun direktoru Maykl Peterson «Newsweek» jurnalına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, «Sovet İttifaqı dövründə yaşanmış «soyuq müharibə» zamanı sualtı qayıqların mövqelənməsini xatırladır».

Daha əvvəl Şimali Amerikanın Hərbi-Kosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəri general Qlen van Xerk də eyni sözləri demiş, Rusiya sualtı qayıqlarını «yerüstü obyektlərə hücum məqsədi ilə çox sayda qanadlı raket ata bilən daimi və birbaşa təhlükə» adlandırmışdı.

Bununla yanaşı, «The National Interest» nəşri yazır ki, 2019-cu ildə dünyada ən böyük hərbi gəmi qrupuna, o cümlədən sualtı donanmaya malik dövlət ABŞ olub. Ötən ilin dekabrında isə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus «Tennessee» sualtı qayığı («Ohayo» sinfinə aid ballistik raketlərlə silahlanmış) və Böyük Britaniyanın Kral donanmasının «Vanguard» («Avanqard») sinfindən olan atom sualtı qayığı Şimali Atlantikada peyda olmuşdu. «UK Defense Journal» yazırdı ki, onların hər ikisi nüvə başlıqlı «Trident» raketləri ilə təchiz olunubmuş. Bundan başqa, ötən yay məlum olub ki, Ağ Ev strateji əhəmiyyətli sualtı qayıqların inşasına 110 milyard dollar xərcləmək niyyətindədir. Bu, bizi sualtı dronlardan və pilotsuz platformalardan da istifadə ediləcək sualtı savaşın gözlədiyi anlamına gəlirmi?

Onu da qeyd etmək lazımdır ki, Putin çıxışında Amerikanın nüvə silahlarının istifadə müddətinin başa çatmaq üzrə olduğunu da deyib və bildirib ki, «indi Vaşinqtonda bəziləri nüvə silahlarının, xüsusilə onun yeni növlərinin sınağının keçirilməsi haqda düşünür». Kreml rəhbəri deyib ki, ABŞ belə sınaqlara başlayarsa, eyni addımı Rusiya da atacaq. Bu, nəyi göstərir? Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya-Qərb münasibətlərinin artıq həm də silahlara nəzarət müstəvisinə keçdiyini. Başqa sözlə, «stavka» əhəmiyyətli dərəcədə yüksəlir.

NATO-nun baş katibi Yens Stoltenberqin də dediyi kimi, bu qərarla «silahlara nəzarət sisteminin bütün arxitekturası dağılıb». Nəticədə, Rusiya ilə ABŞ arasında qarşıdurma bütünlükdə dünyada silahlanma yarışını qızışdıra bilər. SSRİ ilə ABŞ-ın 1990-cı ildə qəbul etdikləri birgə bəyanatda deyilirdi ki, strateji sabitlik ilk zərbənin endirilməsi stimulunun olmaması deməkdir. Stokholmun Dünya Problemlərinin Öyrənilməsi İnstitutunun məlumatına görə, ABŞ dünyada ən böyük nüvə başlıqları arsenalına malik dövlətdir – 1800 ədəd. Rusiyada isə daşıyıcılara 1625 nüvə başlığı bağlanıb, lakin onların ümumi sayına görə Moskva Vaşinqtonu üstələyir (müvafiq olaraq 6255 və 5550).

Əslində, nüvə silahı geosiyasi gərginliklər zamanı zəmanət rolu oynamalıdır. Lakin indi biz onun faktiki olaraq, qarşıdurma alətinə çevrildiyini görürük. Üstəlik, indi qarşılıqlı təftiş və tərəflərin bir-birinə minimal inamı da yoxdur. Bu isə həqiqətən, qorxulu və təhlükəlidir.



MƏSLƏHƏT GÖR:

108