28 Noyabr 2024

Cümə axşamı, 01:41

PƏRDƏNİ ARALAYARKƏN

Səudiyyə Ərəbistanı regionda potensialını tam nümayiş etdirmək üçün iddialı planlar həyata keçirir

Müəllif:

15.03.2023

Səudiyyə Ərəbistanı fevralın sonunda tarixində ikinci dəfə yeni bayramı - Dövlətin Qurulması Gününü qeyd edib. Bu bayram 2022-ci ilin yanvarında Kral Salman bin Əbdüləziz Əl Səudun xüsusi fərmanı ilə təsis edilib. 1727-ci ilin fevralı ilk Səudiyyə dövlətini yaradan Məhəmməd bin Səud Əl Muqrinin hakimiyyətinin başladığı tarix hesab olunur.

Rəsmi bayramın qeyd edildiyi həmin gün ölkənin hər yerində mədəniyyət, incəsənət və folklor tədbirləri, yarmarkalar, krallığın adət-ənənələri və irsindən bəhs edən tarixi fotosərgilər keçirilir. Bir qrup azərbaycanlı jurnalistin bəxti gətirib - onlar bu bayram ərəfəsində Ər-Riyada gəlib və ölkənin onu necə qeyd etdiyini gözləri ilə görə biliblər...

 

Səudiyyə Media Forumu

Ərəb və digər ölkələrdən media sahəsini təmsil edən 1500 lider, ekspert, analitik və mütəxəssisin, o cümlədən Azərbaycan mətbuatının nümayəndələrinin iştirak etdiyi İkinci Səudiyyə Media Forumu Ər-Riyadda keçirilən milli bayrama təsadüf edib.

İki gün davam edən forumda bu sahənin inkişafı və gələcəyi ilə bağlı vizual, audio, çap və rəqəmsal daxil olmaqla, müxtəlif formalarda 60-dan çox müzakirə aparılıb. Forumda həmçinin dünyada medianın sosial, siyasi və iqtisadi rolu məsələsinə toxunulub. İştirakçılar rəqəmsal media, məzmun marketinqi, mobil jurnalistika və yeni platformaların əhəmiyyətini də müzakirə ediblər.

“Dünya KİV-ləri bir çox çətin problemlərlə üzləşir və bizim media bu dünyanın bir hissəsidir”, - Səudiyyə Yayım İdarəsinin baş direktoru Məhəmməd Əl Harti forumda deyib.

O bildirib ki, bu forum KİV-lərdə çalışanlara və ziyalılara müxtəlif aktual məsələlərin müzakirəsi üçün məkan təqdim edir. Onun iştirakçıları “ChatGPT” (böyük dil modeli) daxil olmaqla, mediada metavers və süni intellekt kimi immersiv texnologiyalarda yeni inkişafları nəzərdən keçirirlər. Əl Harti vurğulayıb ki, forum krallığın “misli görünməmiş bum” yaşadığı bir vaxtda keçirilir və bu, Səudiyyə məzmununun bütün dünyada yayılmasına təkan verir.

Bağlanış mərasimində “Ən yaxşı jurnalist dialoqu”, “Ən yaxşı xəbər reportajı”, “Ən yaxşı məqalə” və digər nominasiyalar üzrə mükafatların qaliblərinin adları açıqlanıb. Bu, media məzmununun inkişafı, rəqabətin stimullaşdırılması və müəlliflərin mükafatlandırılması məqsədi daşıyan forumun təşəbbüslərindən biridir.

“Ərəb dünyası informasiya texnologiyaları və infrastruktur sərmayələrində yeni imkanları araşdırdıqca, regionun media sənayesi sürətli dəyişikliklərə məruz qalır. Medianın əhəmiyyəti gündən-günə daha da artır”, - Səudiyyə Media Forumunun yaydığı bəyanatda deyilir.

Görünür, buna görə də forumda energetika naziri Şahzadə Əbdüləziz bin Salman, investisiya naziri Xalid əl-Falih, informasiya naziri Məcid bin Abdulla Əl Qəsabi və digərləri iştirak ediblər.

 

Əlaqələrin aktivləşdirilməsi axtarışında

Forumda qeyd edilib ki, Səudiyyə Ərəbistanı bütün ölkələrin mediası ilə güclü tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir. Azərbaycan isə bu baxımdan, təkcə istisna deyil, həm də prioritetdir.

“Biz Azərbaycanla media sahəsində əməkdaşlığın gücləndirilməsinin tərəfdarıyıq”, - Ər-Riyadda Azərbaycan KİV nümayəndələri ilə görüşdə Səudiyyə Ərəbistanının informasiya nazirinin beynəlxalq media ilə əlaqələr üzrə müavini Xalid əl-Həmdi deyib.

O etiraf edib ki, bu gün iki ölkənin mediası arasında əlaqələr hələ də zəifdir: “İstəyirik ki, əməkdaşlığımız ölkələrimizə səfərlə məhdudlaşmasın, daha da inkişaf etsin. Media əlaqələrini gücləndirmək üçün növbəti addımlarımızı müəyyən etməliyik. Televiziya və çap mediası sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik”.

Xalid əl-Həmdi qeyd edib ki, dini məkanlara - Ümrə və Həcc ziyarətlərinin təşkili sahəsində də təkliflərə ehtiyac var: “Çox istərdim ki, ziyarətlə bağlı qəbul etdiyimiz nümayəndə heyətlərinin tərkibində ziyarətin məqamlarını işıqlandırıb Azərbaycan tamaşaçısına çatdıracaq jurnalistlər də olsun”.

Nazir müavini həmçinin məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu əlavə edib. Onun sözlərinə görə, bəzən Səudiyyə Ərəbistanı mətbuatında, məsələn, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı qeyri-dəqiq məlumatlar dərc olunur.

O, Azərbaycan diplomatik korpusunun nümayəndələri ilə müzakirələrdən sonra belə problemlərin aradan qaldırıldığını vurğulayıb: “Bizim aramızda birbaşa əlaqələr olmalıdır ki, nə sizin, nə də bizim KİV-lərdə belə səhvlərə yol verilməsin”.

 

Görüşdə iştirak edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid media sahəsi daxil olmaqla, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

İntensivləşməyə doğru kurs

Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. 1992-ci il fevralın 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. Azərbaycanın Ər-Riyadda səfirliyi 1994-cü ildən fəaliyyət göstərir, krallığın Bakıda diplomatik nümayəndəliyi isə 1999-cu ildə açılıb.

“Ölkələrimiz arasında əlaqələrin inkişafı 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Səudiyyə Ərəbistanı həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir”, - Azərbaycanın Krallıqdakı səfiri Şahin Abdullayev “Region plus” jurnalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzü ilə bağlı BMT, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin digər beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləyir və hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Onun sözlərinə görə, ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər böyük rol oynayır. Təkcə 2022-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 5 yüksək səviyyəli səfər olub. 2023-cü ildə isə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Səudiyyə Ərəbistanına səfər ediblər. İki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr xüsusi yer tutur. Milli Məclisdə və Krallığın Məşvərət Şurasında dostluq qrupları fəaliyyət göstərir, onlar vaxtaşırı iki ölkənin paytaxtlarına səfər edir, səmərəli danışıqlar aparırlar.

Hazırda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 24 sənəd imzalanıb.

“Siyasi əlaqələrin yüksək səviyyədə olması digər sahələrdə də əməkdaşlığın inkişafına töhfə verir. Son illər Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında xüsusilə turizm və enerji sahəsində səmərəli əməkdaşlıq mövcuddur.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin icrasına başlayıb. Bu şirkət Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də fəaliyyət imkanlarını nəzərdən keçirir”, - Ş.Abdullayev qeyd edib.

 

Gələcəyin turizmi

Ər-Riyad dünyanın ən isti şəhərlərindən biri hesab olunur. Buna səbəb şəhər tropik səhra iqlimində yerləşməsidir. Yaz aylarında temperatur 45 dərəcə isti, hətta daha yuxarı olur. Ən sərin aylar isə dekabr, yanvar və fevral aylarıdır. Həmin mövsümlərdə temperatur əsasən 20-24 dərəcə isti olur. Odur ki, bu şəhərə səfər üçün ən yaxşı vaxt qış mövsümüdür.

8 milyona yaxın insanın yaşadığı krallığın paytaxtının bir hissəsinə o biri hissəsinə məsafə 50 kilometrdir, çünki yerli əhali öz evlərində yaşamağa üstünlük verir. Turistlər arasında şəhərdəki 15 rayondan cəmi bir neçə populyardır. Məsələn, “Al Batha” ticarət rayonuna alış-veriş etmək üçün getməyə dəyər. “Ad Dirah” isə zəngin tarixi olan rayondur. Ultramüasir və qlamur rayonlara misal olaraq, “Al Oliya” və “As Sulimaniyah”ı göstərmək olar. Xarici səfirliklərin yerləşdiyi diplomatik məhəllə (“Old square”) müasir səudiyyəlilər arasında çox populyardır. Dəbli və müasir rayon Kral Abdullah adına maliyyə rayonu hesab edilir.

Bəs Ər-Riyadda nə ilə məşğul olmaq və hansı yerləri ziyarət etmək olar? Burada çoxlu sayda maraqlı görməli yerlər var. Birincisi, Ər-Riyadı “quş baxışı” ilə görmək üçün şəhərin ən hündür hissəsinə - “Kingdom Center” göydələninə qalxın. Bu qeyri-adi bina 300 metrə qədər yüksəlir və 99 mərtəbədir.

Səudiyyə Ərəbistanının Milli Muzeyini mütləq ziyarət edin. O, ölkənin ən böyük və ən maraqlı muzeyi hesab olunur. Burada qədim dövrlərdən müasir tarixə qədər eksponatları görmək olar, bəzi ekspozisiyalar tez-tez dəyişir. Qədim şəhərin mərkəzində yerləşən “Masmac” qalasını da mütləq ziyarət edin. O, 1902-ci ildə Əmir Əbdüləziz ibn Səud tərəfindən ələ keçirildikdən sonra səudiyyəlilərin birləşməsinin və krallığın yaranmasının şahidi olub. İndi bu qədim tikilidə ölkə tarixi barədə məlumatlar əldə edə biləcəyiniz muzey yerləşir.

Ər-Riyaddan 25 kilometr məsafədə tikililəri gildən olan qədim Əd-Diriya şəhəri yerləşir. Bu şəhər 15-ci əsrin ortalarında hakim Səudiyyə sülaləsinin əcdadları tərəfindən yaradılmış və sonralar Birinci Səudiyyə dövlətinin paytaxtı olmuşdur. 2010-cu ildən bu açıq səma altında muzey UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Güman ki, Səudiyyə Ərəbistanının paytaxtına səfər edən turistləri ən çox “Ər-Riyad Siti” bulvarı valeh edəcək. 900 min kvadratmetrlik bulvarda parlaq rəngləri ilə heyrətləndirən nəhəng ekranlar, həmçinin “rəqs edən” fəvvarə, dünyanın ən böyük süni gölü var. Burada canlı tamaşalar da nümayiş etdirilir. Bulvarda ən maraqlı məkanlardan biri səyahət etməyi, araşdırmağı və oynamağı sevən ailələr və ayrı-ayrı şəxslər üçün uyğun olan “Blvd World”dür. Burada ABŞ, Yaponiya, Yunanıstan, İspaniya, Çin, Fransa, İtaliya daxil olmaqla, dünyanın ən populyar turizm ölkələri haqqında 10-dan çox böyük tematik pavilyon-şəhərcik var. Bütün günü burada keçirə, “Blvd World”ün ab-havasına və təklif olunan əyləncəyə heyran ola bilərsiniz.

Turizm sahəsinin ekspertləri orijinal interyeri ilə tanınan məşhur “Najd Village” restoranında möhtəşəm ənənəvi Səudiyyə mətbəxindən həzz almağı təklif edirlər. İnstaqram üçün fotoları isə şəhərin məşhur Koreya kafelərindən birində - maraqlı 2D dizaynlı “Greem Cafe”də çəkə bilərsiniz. Ən böyük ticarət və əyləncə mərkəzi isə “Riyadh Park Mall”dur. Burada bütün günü ailənizlə birlikdə keçirə bilərsiniz.

Bu məqamda xatırladaq ki, Səudiyyə Ərəbistanı 2021-ci ildə 100 ölkə arasında 33-cü yerdə olmaqla dünyada turizmin və yeni turizm istiqamətlərinin inkişafı indeksində ikinci yerdə qərarlaşıb. 2022-ci ildə isə o, ərəb ölkələri arasında ən çox turist qəbul edən dövlət olub. Ümumdünya Turizm Təşkilatı qeyd edib ki, Səudiyyə Ərəbistanı son illərdə məqsədyönlü şəkildə turizm sənayesini inkişaf etdirməyə başladığı üçün ərəb dünyasında turizmdə ən böyük artım məhz bu ölkədə müşahidə edilib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyasının işə düşməsindən bəri bu ölkə turistlərin sayını iki dəfə artıra bilib. Böyük investisiyalar sayəsində turizm sektoru sürətlə inkişaf edir. Üstəlik, elektron viza xidmətinin işə düşməsi sayəsində bu ölkəyə daxil olmaq üçün tələb olunan sənədlər cəmi bir neçə dəqiqəyə verilir. Bundan başqa, xarici turistləri cəlb etmək üçün ölkədə qalmaq üçün bir vaxtlar qəbul edilmiş kifayət qədər sərt qaydalar xeyli yumşaldılıb.

Beləliklə, Səudiyyə Ərəbistanı hazırda iqtisadiyyatını modernləşdirmək və neft asılılığından qurtulmaq üçün turizm sektorunun ÜDM-dəki payını 3%-dən 10%-ə çatdırmağa çalışır. Bu yaxınlarda “Euromonitor International” tədqiqat şirkəti proqnozlaşdırıb ki, bu ölkənin 2025-ci ilə qədər turizmdən əldə edəcəyi gəlir 25,3 milyard dollara çatacaq.

 

Səhra ekoturizmi

Əsasən neft sərvətləri ilə tanınan Səudiyyə Ərəbistanı hazırda ekoturizmin inkişafı üçün layihələr həyata keçirir. “Baxış 2030” – turizmin inkişafı yolu ilə ölkənin neftdən asılılığını qismən azaltmaq üçün həyata keçirilən iddialı plandır. Qeyd etdiyimiz ki, bununla turizm sektorunun ÜDM-dəki payı 3%-dən 10%-ə çatdırılmalıdır. Bu plana dayanıqlı inkişaf istiqamətində həyata keçirilən ekologiya sahəsi ilə bağlı təşəbbüslər də daxildir: genişmiqyaslı böyük layihələrdən tutmuş ağacəkmə kampaniyalarına qədər. Məsələn, “Qırmızı dəniz” layihəsi dəbdəbəli turizmi təşviq etmək məqsədi daşıyır. Layihə ölkənin qərb sahilində və Tabuk vilayətinin sahilindəki 90 adadan ibarət arxipelağı əhatə edir. Genişmiqyaslı layihə beynəlxalq turizmi ekoloji baxımdan təmiz adalara cəlb etmək və Qırmızı dənizin ekosistemini qorumaq məqsədi daşıyır.

Bundan başqa, “Baxış 2030” proqramına daxil edilən “Yaşıl Ər-Riyad” layihəsi isə adambaşına düşən yaşıllıq sahəsinin payını 1,7 kvadratmetrdən 28 kvadratmetrə qədər artırmaq, havanın keyfiyyətini yaxşılaşdırmaq, temperaturu aşağı salmaq, həmçinin sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. NEOM layihəsi isə “yeni gələcək” deməkdir.

Bu innovativ meqalayihənin yaradıcıları Tabukun dayanıqlı inkişafı üçün çalışırlar, çünki “Baxış 2030” proqramının əsas hissəsini təşkil edir. Ümumiyyətlə, açıqlanmış məqsədlər sırasında “ağıllı şəhərlər”in, tədqiqat mərkəzlərinin, biznes parklarının və əyləncə zonalarının yaradılması var. Layihənin missiyası dünyanın hər yerindən 1 milyondan çox sakini, həmçinin turistləri cəlb etməkdir.  

Bu arada, turizmin inkişafı və turistləri cəlb etmək üçün krallığın hakimiyyəti bu yaxınlarda Ər-Riyadda yeni beynəlxalq hava limanının tikintisinə başlandığını elan edib. Təşkilatçılar planlaşdırır ki, yeni hava limanı dünyanın ən böyük hava limanlarından birinə çevriləcək və təxminən, 57 kvadratkilometr ərazini əhatə edəcək. Buraya altı uçuş zolağı, həmçinin dizaynları Səudiyyə mədəniyyətini əks etdirəcək yaşayış və əyləncə obyektləri daxil olacaq. 2030-cu ilə qədər hava limanının 120 milyona qədər, 2050-ci ilə qədər isə 185 milyon sərnişin və 3,5 milyon tona qədər yük qəbul edəcəyi gözlənilir. Yeni hava limanı həm də krallığın 2030-cu ilə qədər əhalisinin 15-20 milyona çatması ehtimalı olan Ər-Riyadı dünyanın ən yaxşı 10 şəhəri sırasına daxil etmək planlarını inkişaf etdirməyə yardım göstərəcək.

 

Müqəddəs Məkkədə

İndiyə qədər Səudiyyə Ərəbistanında turizm hələ də böyük ölçüdə dini ziyarətlərlə bağlıdır. Belə ki, Məkkəyə hər il Zilhiccə ayında Həcc üçün orta hesabla 3 milyondan çox, Ramazan ayında isə Ümrə üçün təxminən 2 milyon zəvvar səfər edir. İl boyu müqəddəs Kəbəni saysız-hesabsız müsəlmanlar ziyarət edir. Lakin buraya başqa dinlərə etiqad edənlərin daxil olmasına icazə verilmir. BBC-nin məlumatına görə, turizm hər il Səudiyyə Ərəbistanının ÜDM-ə 22,6 milyard dollar töhfə verir və bu məbləğin yarısından çoxu Həcc və Ümrə ziyarətlərinin payına düşür. Görünür, buna görə də analitiklər Həcc ziyarətini krallıq iqtisadiyyatının neft və təbii qazdan sonra ikinci mühüm sektoru adlandırırlar.

Zəvvarlar üçün əsas çətinliklərdən biri temperaturun yüksək olmasıdır. Belə ki, qış aylarında Ciddə, Məkkə və Mədinədə temperatur 35 dərəcəyə qədər olsa da yayda temperatur 40-45 dərəcəyə qədər artır. Üstəlik, həm qadınlar, həm də kişilər üçün geyimlə bağlı tələblər kifayət qədər sərtdir. Bir sözlə, Həcc ziyarətində qadınlar şəriətə əsasən icazə verilən istənilən gündəlik geyimi geyinə bilər, lakin üzləri açıq olmalı, əllərində əlcək olmamalıdır. Kişilərə bədənin formasını vurğulayan hər hansı paltar geyinməsi, eləcə də papaq taxması qadağandır. Həcc və Ümrə üçün kişilərə lazım olan iki böyük ağ dəsmal izar adlanır. Onun ölkənin hər yerində almaq mümkündür. Lakin ən baha izar (140 real – təxminən 65 manat) hava limanlarında satılır.

Zəvvarlar Kəbə ətrafında yeddi dövrə vurmalı, həmçinin Səfa və Mərvə təpələri arasında yeddi dəfə qaçmalı və bir neçə dəfə namaz qılmalıdırlar. Bütün bunlar nəinki çoxlu sayda olan yaşlı insanlar üçün, hətta gənc zəvvarlar üçün asan deyil. Məscidin ərazisində ayinlərin həyata keçirilməsini asanlaşdırmaq üçün həm böyük kondisionerlər (mümkün olduqda), həm də sərin su səpən böyük ventilyatorlar quraşdırılıb. Bir neçə yerdə həm içmək, həm də dəstəmaz almaq üçün müqəddəs Zəmzəm suyu mənbələri var.

Zəvvarlar adətən günün istənilən vaxtında insanların çox olduğu Məscidül-Həramın ərazisində mümkün qədər çox vaxt keçirməyə meyillidirlər. Amma Ümrə ziyarətini tamamladıqdan sonra vaxtınız qalarsa, tarixi şəhəri araşdırın. Bu, bölgənin ruhunu hiss etməyə və islamı daha dərindən dərk etməyə yardım göstərəcək. Məkkə heyrətamiz muzeylərlə zəngindir. Bu muzeylər islamın yarandığı məkan və əsrlər boyu dünyanın hər yerindən zəvvarları toplayan şəhərin tarixinə işıq salır.

“İki müqəddəs məscid” sərgisi Məkkədəki Məscidül-Həram və Mədinədə yerləşən Məscid ən-Nəbəvi məscidlərinin tikintisi və tarixinin müxtəlif mərhələlərindən bəhs edir. Ziyarətçilər mərmər tağları, bərpa edilmiş taxta qapıları və müxtəlif dövrlərdə məscidlərdə istifadə olunmuş digər elementləri görəcəklər. Doğrudur, yaxınlıqdakı Kisva Muzeyini ziyarət etmək üçün icazə almaq asan deyil. Buranı ziyarət edə bilsəniz, muzeyə daxil olmaq üçün əbəs yerə səy göstərmədiyinizi başa düşəcəksiniz. Bu muzeydə Kəbə üçün qara ipəkdən, əl əməyi ilə 670 kiloqramlıq örtüyün hazırlandığı emalatxananı görəcəksiniz. Onun üzərinə yazıların tikilməsi üçün əsl qızıl və gümüşdən hazırlanmış saplardan istifadə olunur. Dəbdəbəli Əl-Zaher Sarayında yerləşən Məkkə Muzeyinin ekspozisiyası isə bölgənin islamdan əvvəlki tarixindən bəhs edir. Burada qayaüstü rəsm nümunələri, Bizans imperiyası, Abbasi və Əməvi sülalələrinə, yəni erkən islam dövrünə aid sikkələr, həmçinin yüzlərlə illik nadir “Quran” nüsxələri və digər müqəddəs mətnlər sərgilənir.



MƏSLƏHƏT GÖR:

115