Müəllif: Sənan ŞƏFİZADƏ
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı Azərbaycan güləş komandası üçün uğurlu alınıb. Güləşçilərimiz ötən il olduğu kimi növbəti dəfə qitənin ən güclü komandası olduğunu sübut edib.
Altı qızıl
Yunan-Roma güləşi üzrə milli yarışın ilk günlərində 4 medal qazanaraq, faktiki olaraq ümumi medal sıralamasında əla nəticə göstərib. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Daha sonra estafeti qəbul edən qadın güləşçilər – Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.
Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulub. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Ümumilikdə 140 toplayan yığma həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, millimiz ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Nəhayət, ümumi sıralamada Azərbaycan 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada 1-ci yeri tutub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.
Qitə birinciliyində güləşçilərin çıxışını sözün əsl mənasında parlaq adlandırmaq olar. Qazanılan medalların tam yarısı – 6 medal ən yüksək əyarlıdır. Gənclərin yarışında əldə olunan 6 qızıl medal əsas milli komandanın gələcəyinə inamla baxmağa imkan verir. Ardıcıl ikinci il qitədə ən güclü komanda kimi mükafat qazanmaq stabil nəticənin göstəricisidir. Gənclər komandasında yeni adların olmasına baxmayaraq, məşqçilərin işini düzgün həyata keçirdiyini əminliklə söyləmək olar. İslam İlyasov ikinci dəfə Avropa çempionatında qızıl medala layiq görülməklə uğurlarının təsadüfi olmadığını sübut edib.
Maraqlıdır ki, ötən il gənclərdən ibarət komandanın heyətində dəyişiklik olub. Əksər güləşçilər əsas komandaya yollanıb. Gənclər komandasına isə yeni güləşçilər dəvət olunub. Yeni heyətin Avropa çempionatında uğur qazanacağını proqnozlaşdırmaq çətin idi. Bununla belə, seleksiya işlərinin düzgün aparıldığı aydın görünüb.
Sevindirici məqam odur ki, uğur qazanan əksər güləşçilər Bakını deyil, regionları təmsil edir. Heyətdə Gəncə, Xızı, Kürdəmiri təmsil edən güləşçilərin olması regionlarda da güləşin böyük məktəbə sahib olduğunu göstərib. Medal qazanan idmançılardan Qurban Qurbanov (Kürdəmir), Murad Əhmədiyev (Balakən), Turan Bayramov (Gəncə), İslam İlyasov (Siyəzən), Rəşid Babazadə (Masallı), Səbuhi Əmiraslanovu (Qazax) xüsusi qeyd etmək lazımdır.
Hədəf olimpiadadır
Gənclərdən ibarət millinin məşqçisi Emin Əhmədov komandanın çıxışını yüksək qiymətləndirib: “Nəticələr uğurlu çıxış etdiyimizi göstərir. Bu yaş qrupu elədir ki, heyət həm gənclərdən, həm də böyüklərdən formalaşır. Bu il U-23 Avropa çempionatında tam heyətlə çıxış etdik. Ötənilki nəticəni daha da yaxşılaşdırdıq. Əlbəttə ki, bundan da yaxşı nəticə gözləyirdik. Ancaq idmanda belə hallar olur. Bəzən yarış günündə güləşçi istənilən səviyyədə olmur, bəzən müəyyən səhvlər sözünü deyir. Hər xırda detalın öz rolu var. Həm biz məşqçilər, həm də güləşçilər bu səhvlərin üzərində işləməliyik. Bu yaş qrupunda fərqlənən idmançıların əksəriyyəti böyüklər arasında da Avropa və dünya çempionu olur. Ona görə də bu yarışda uğur qazanan güləşçilərimizdən böyüklər arasında da yüksək nailiyyətlər gözləyə bilərik”.
Avropa çempionatının qalibi Turan Bayramov 2023-cü ildə əsas hədəflərini açıqlayıb: “Qitə çempionatında məqsədimə çatdığımız üçün sevinirəm. Amma bizim daha böyük məqsədlərimiz var. Məşqləri dayandırmamalıyıq. Gərgin hazırlığımız davam etməlidir. Bir neçə ay sonra böyüklər arasında dünya çempionatı olacaq. Böyüklərin mundialında çempion olmağı arzulayıram. Bu mənim karyeramın ən böyük hədəflərindən biridir. Uğurlu çıxış etməklə həm də gələn il Parisdə keçiriləcək olimpiadaya vəsiqə qazanacağam. Fransadakı olimpiadada iştirak etməyi çox istəyirəm”.
Səhvləri başa düşmək
Finalda məğlub olduğuna görə gümüş medal qazanan Xasay Həsənli həlledici görüşdə səhv etdiyini etiraf edib: “Bura çempion olmağa gəlmişdim. Çıxışım məni tam qane etməyib. İkinci yeri tutdum. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynayıb. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə əsas komandası fevral ayında Xorvatiyada təlim-məşq toplanışı keçirib. İndi Gürcüstanda qarşıdan gələn Avropa çempionatına hazırlıq davam edir. Belə ki, Bakurianidə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerli komanda ilə birgə məşqlər keçirilir. Milli 2 həftəlik toplanışdan sonra Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanacaq.
MƏSLƏHƏT GÖR: