24 Noyabr 2024

Bazar, 07:32

BAXMUT UĞRUNDA DÖYÜŞ

Rusiya ilə Ukrayna arasında bu strateji şəhər uğrunda döyüşlər aylardır davam edir

Müəllif:

01.04.2023

Son dövrlərdə Rusiya-Ukrayna müharibəsi kontekstində beynəlxalq ictimaiyyətin diqqəti əsasən Baxmut uğrunda gedən döyüşlərə yönəlib. Vacib regional kommunikasiyalar Ukraynanın şərqində yerləşən bu şəhərdə kəsişir. Odur ki, Baxmuta nəzarət istər Ukrayna, istərsə də Rusiya tərəfi üçün eyni dərəcədə əhəmiyyətlidir.

 

Strateji şəhər

Bu şəhər uğrunda 9 aydır davam edən döyüş tarixə Rusiya-Ukrayna müharibəsinin ən uzun savaşı kimi düşə bilər. Həm şəhər, həm onun ətrafı tərəflərin əsas güclərinin əl-qolunu bağlayan, onlarını gücünü tükəndirən tələyə çevrilib. Kiyev iddia edir ki, Ukrayna Silahlı Qüvvələri (USQ) burada əsasını «Vaqner» tərəfindən döyüşlərə cəlb olunmuş məhbusların təşkil etdiyi minlərlə rusu məhv edib. Faktlar isə şəhər uğrunda döyüşdə Ukrayna tərəfinin də ciddi itkilər verdiyini göstərir. Və bu, şəhər üzərində nəzarəti saxlamağın xərcləri və fayda nisbətinin dəyişməsinə səbəb ola bilər.

Hücumda olan Rusiya qoşunları üç istiqamətdən tədricən şəhərə yaxınlaşır – şimaldan, cənubdan və şərqdən. Nəticədə, Ukrayna qoşunları üçün təchizat və ya geri çəkilmək üçün yalnız qərb istiqamətində dar keçid qalıb.

Belə bir vəziyyədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyanatla çıxış edərək bildirib ki, Ukraynanın Baxmutdan çəkilməsi «operativ və ya strateji uğursuzluq» sayılmayacaq. NATO-nun baş katibi Yens Stoltenberq isə bunun müharibədə «dönüş anı» olmayacağına əmindir. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski USQ-yə burada mövqelərin gücləndirilməsi əmrini verməklə, «stavka»nı yüksəldib. O, bildirib ki, Baxmutdan imtina Moskvanın Donetskin qalan hissəsini də ələ keçirməsi üçün ruslara yol açmaq olardı.

Ukrayna tərəfi bildirir ki, Rusiya Kiyevin «Baxmut qalası» adlandırdığı şəhər uğrunda gedən döyüşlərdə daha ağır itkilər verib və verir.

Baxmutun müdafiə perspektivi ilə bağlı ABŞ və Ukrayna hərbi-siyasi rəhbərliyi arasında fikir ayrılıqlarının olduğuna Qərb KİV-i də diqqət çəkir. Məsələn, Amerikanın «Politico» nəşri Ağ Evin yüksəkrütbəli məmuruna istinadən yazır ki, USQ şəhər uğrunda döyüşlərdə saysız-hesabsız canlı qüvvə və sursat itirir, bu isə Kiyevin yaza planlaşdırdığı əks-hücum planının icrasına mane ola bilər.

«The New York Times» isə yazır ki, artıq Ukrayna ilə ABŞ arasında müharibənin başa çatdırılması məsələsində də fikir ayrılığı var. «Amerikalı məmurlar hesab edir ki, Zelenskinin sülh danışıqlarına başlanmamış 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım da daxil olmaqla, bütün ərazilərin Ukraynaya qaytarılması tələbi yalnız müharibənin uzanmasına səbəb olacaq», - deyə yazıda bildirilir.

Digər tərəfdən hərbi ekspertlər bildirir ki, Ukrayna Baxmut uğrunda döyüşdə ötən yay rusların Severodonetsk və Lisiçanska hücumu zamanı əl atdığı taktikanı təkrarlayır. O zaman söhbət Luqansk vilayətinin Kiyevin nəzarətində qalmış son iki iri şəhərindən gedirdi. Bu şəhərlər ətrafındakı şiddətli döyüşlər zamanı Ukrayna ordusu müvəqqəti olaraq geri çəkilmiş, daha sonra Rusiya ordusu və qeyri-nizami qoşunlarına ağır zərbələr endirmişdi. USQ Rusiya qüvvələrinin əldən düşməsindən, kilometrlərlə uzanan cəbhə xətti boyunca səpələnməsindən istifadə edərək, Ukraynanın şimal-şərqindəki ərazilərin azad edilməsi üçün anidən hücuma keçmiş, nəticədə, Xerson şəhərini azad etmişdi.

İndi isə siyasətçiləri və analitikləri bir məsələ maraqlandırır: payız-qış aylarında əhəmiyyətli canlı qüvvə və texnika itirmiş USQ həmin uğrunu təkrarlaya biləcəkmi? Ən azı, itkilər Ukrayna qüvvələrinin yeni müdafiə xəttinə çəkilmə ehtimalını artırır.

 

İtkilər

Hər iki tərəfin itkilərini dəqiq hesablamaq çətindir, çünki döyüşlər davam edir. ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, ötən ilin fevralından bu yana 200 mindən çox Rusiya hərbçisi ölüb və ya ciddi yaralanıb, Ukraynanın itkisi isə bundan təxminən iki dəfə azdır.

NATO iddia edir ki, hər 5 rusiyalıya 1 həlak olmuş və ya yaralanmış ukraynalı düşür. Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov isə bildirib ki, itkilərin nisbəti «yeddinin birə bizim xeyrimizədir». İstənilən halda, bu, o deməkdir ki, Ukrayna tərəfi şəhərin müdafiəsində on minlərlə hərbçi itirib. Bununla yanaşı, Kiyevin tibbi xidməti yüksək səviyyədə təşkil etməsi də Ukraynanın itkilərinin Rusiya ilə müqayisədə proporsional surətdə az olmasına şərait yaradır.

Hərbi mütəxəssislərin fikrincə, indi tərəflər artilleriya sursatı çatışmazlığı ilə üzləşiblər. Ukrayna arsenalını Qərb ordularının anbarları hesabına dolduracağına ümid edirsə, Rusiya Silahlı Qüvvələrinin sursatları ölkənin uzaq regionlarından daşıdığı iddia olunur.

Baxmut istiqamətində hücumun dayandırılması fonunda Rusiya rəhbərliyində fikir ayrılıqlarının yarandığına dair xəbərlər artmaqdadır. KİV artıq özəl hərbi təşkilat olan «Vaqner»in rəhbəri Yevgeni Priqojin ilə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyətlərin yarandığını açıq şəkildə ifadə etməyə başlayıb. Bu, aylardır davam etsə də, Baxmut ətrafında yaranmış vəziyyətlə özünü daha qabarıq göstərməyə başlayıb. Gərginliyin daha da artmasına məhz sursat çatışmazlığının səbəb olduğu bildirilir. Sadəcə olaraq, Baxmut uğrunda döyüşlər o qədər intensiv gedir ki, yaranmış ziddiyyət hərbi əməliyyatlar fonunda nəzərə o qədər də çarpmır.

Ukrayna Prezidenti Vladimir Zelenski qısa vaxt ərzində Ukrayna ordusunun ön xəttinə iki səfər edib, bununla da hərbçilərə əlavə ruh verib. Qarşıdurmanın gedişində Kiyev Rusiya ərazisinə soxulmaq kimi yeni taktikadan istifadə etməyə çalışır. Martın əvvəlində Bryansk beynəlxalq aeroportunda iki partlayış olub. Məlumata görə, guya ərazidə dron vurulub. Əvəzində ruslar qarşı tərəfi şiddətli artilleriya atəşinə tutub. İddialara görə, bu zaman ən güclü silahlardan, o cümlədən «Xəncər» hipersəs raketlərindən istifadə olunub. Rusiya indiyədək HHM sistemlərindən yayına bilən bu raketlərdən istifadə etməmişdi. Ukraynalı hərbçilər isə 34 qanadlı raketin və İran istehsalı olan 4 ədəd «Shahed» dronunun uğurla vurulduğunu bəyan edib. Eyni zamanda onlar 6 «Xəncər» ballistik raketini tuta bilməyiblər. Kiyev daha köhnə silahlar olan gəmi əleyhinə «X-22» raketləri və «S-300»ləri də zərərsizləşdirməyi bacarmayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib ki, «bu, çox miqyaslı hücum idi və düşmən ilk dəfə bu sayda müxtəlif növ raketlərdən istifadə edirdi». Bu hücum zamanı Ukraynanın şimalındakı Xarkovdan tutmuş, cənubundakı Odessayadək, qərbindəki Jitomirədək müxtəlif şəhərlərə zərbələr endirilib. Nəticədə, ölkənin bir neçə regionunda elektrik enerjisi kəsilib. Kiyevdə isə təcili yardım xidmətləri paytaxtın qərb və cənub rayonlarında baş vermiş partlayış yerlərinə axışıblar. Şəhər meri Vitali Kliçko paytaxtda partlayışların olduğunu təsdiqləyib.

Zərbələr nəticəsində Avropada ən böyük Atom Elektrik Stansiyası olan «Zaporojye» AES belə, bir müddət enerji şəbəkəsindən ayrılıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi stansiyanın təhlükəsizliyinin təmini ilə bağlı çağırış edərək bildirib ki, müharibənin başladığı vaxtdan bu yana müşahidə olunan laqeydlik onu təəccübləndirir. «Biz hər dəfə qumar oynayıb bəxtimizi sınayırıq. Bu halın hər dəfə təkrarlanmasına imkan versək, günlərin birində uğur bizdən üz döndərəcək», - deyə Qrossi bildirib. Bir neçə həftə sonra o, Zaporojyedə Ukrayna Prezidenti Vladimir Zelenski ilə bir araya gələrək, raket zərbələrinin fəsadlarını, həmçinin ümumilikdə stansiyanın vəziyyətini müzakirə edib.

Qeyd edək ki, ukraynalılar da öz növbələrində, Rusiya obyektlərini hədəfə alıblar. Belə zərbələrin ən ciddiləri Cankoy və Tula istiqamətində qeydə alınıb. Məlumata görə, hər iki halda söhbət USQ tərəfindən xüsusi planlaşdırılmış və dronlar vasitəsilə həyata keçirilmiş əməliyyatlardan gedib.

 

«Stavka»lar yüksəlir

Bütün baş verənlər fonunda Rusiya Silahlı Qüvvələri Baxmutu ələ keçirmək istiqamətində səylərin intensivliyini azaltmayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu şəhər uğrunda aparılan şiddətli döyüşlərdən danışarkən bildirib ki, Baxmutun ələ keçirilməsi Rusiya ordusuna Ukraynanın dərinliklərinə doğru irəliləmək imkanı verəcək. O, bu şəhərin USQ-nin Donbasdakı əsas müdafiə mərkəzi olduğunu deyib.

Bu arada, Ukrayna Qərbdən silah-sursat tədarükünü davam etdirir. Elə qərbli mütəxəssislərin özlərinin dediyinə görə, söhbət ixrac üçün nəzərdə tutulmuş və müasir texniki sistemə malik olmayan hərbi texnikadan gedir. ABŞ-ın «Politico» nəşri yazır ki, Vaşinqton Ukraynaya «Abrams» tankları göndərməyə hazırlaşır. Bu, zəiflədilmiş urandan istifadə ilə hazırlanmış gizli zirehə malik olmayan köhnə model tanklardır. Belə tanklardan Misir, Səudiyyə Ərəbistanı və İraqda istifadə olunur. Eyni şey artıq Norveç, Polşa və bir sıra digər dövlətlərin Ukraynaya verdikləri «Leopard 2A4» tanklarına da aiddir.

Amma istisnalar da var. Məsələn, Böyük Britaniyanın müdafiə naziri Annabel Qoldi hələ martda Londonun Kiyevə «Challenger» tankları, həmçinin zəiflədilmiş urana malik nisbətən yeni nəsil mərmilər vermək planını açıqlamışdı. Daha sonra məlumatı ölkənin xarici işlər naziri Ceyms Klaverli də təsdiqləmişdi. Bununla yanaşı, o, zəiflədilmiş urana malik sursat tədarükünün nüvə eskalasiyası olmadığını demişdi. Qərb ekspertləri bu mərmilərin ağır texnika ilə mübarizədə effektiv vasitə olduğuna xüsusi diqqət çəkir, onların nüvə silahına aidiyyətinin olmadığını deyirlər. Bundan başqa, zəiflədilmiş urana malik sursatlar Rusiya ordusunda da var.

Lakin Moskva bu məlumatı özünəməxsus şəkildə dəyərləndirib və məhz nüvə eskalasiyası istiqamətində atılmış addım kimi qiymətləndirib. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın planına cavab olaraq bildirib ki, onlar Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməyə hazırlaşırlar. Dövlət başçısının sözlərinə görə, o, artıq bu haqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə razılıq əldə edib. Kremldə bildirirlər ki, bu iş nüvə silahlarının yayılmaması rejimi pozulmadan görüləcək, çünki Belarus ərazisinə yerləşdiriləcək raketlərə nəzarət Moskvada qalacaq.

Avropa İttifaqı isə indi yalnız Rusiyaya deyil, Belarusa da yeni sanksiyalar tətbiq edə bilər. Bunu qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib. Borrelin sözlərinə görə, bu qərar Moskvanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək istiqamətində praktik addımlar atacağı təqdirdə qəbul olunacaq. «Belarus hələ ki, bunun qarşısını ala bilər. Bu, onların seçimidir. Aİ buna yeni sanksiyalarla cavab verməyə hazırdır», - deyə Borrel «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb. O, bildirib ki, Belarusda Rusiyaya məxsus nüvə silahının yerləşdirilməsi «məsuliyyətsiz eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid» anlamına gələcək.

Bununla belə, qərar artıq qəbul olunub və yeni sanksiyaların tətbiqi uzaqda deyil. Demək, Avropa qitəsini və ümumilikdə dünyanı yeni beynəlxalq gərginlik dalğası gözləyir. Bununla da, tezliklə sülhün gələcəyinə onsuz da az olan ümidlər getdikcə daha da sönür, ayrı-ayrı siyasətçilərin düşmənləri bir masa arxasına əyləşdirmək cəhdləri isə siyasi ritorikadan o tərəfə keçmir.

Belə bir vəziyyətdə Baxmut uğrunda savaş özünəməxsus dönüş nöqtəsinə, müharibə çarxının sülh, yoxsa hərb tərəfə əyiləcəyini göstərən lakmus vərəqinə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

107