Müəllif: İlqar VƏLİZADƏ
Son aylar beynəlxalq siyasətdə Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, ABŞ və İsrailin İrana mümkün hücumu mövzusu da aktuallıq qazanıb. Üstəlik, hadisələrin bu ssenari ilə inkişafı ehtimalı həftədən-həftəyə artır. Səbəb Tehranın uranı 90%-dək zənginləşdirməyə yaxınlaşdığına dair məlumatlardır – bu, onun nüvə silahı hazırlamaq ehtimalını yüksəldir.
Amerikanın hazırlığı və Ankaranın narahatlığı
ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşma ehtimalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Erik Kurillanın Suriyanın şimalına martın ortalarında etdiyi səfərlə daha da artıb. Burada o, kürdlərin «Suriya demokratik qüvvələri» təşkilatının rəhbərliyi ilə görüşüb. Məlum olduğu kimi, amerikalı hərbçilər Suriyanın şimal-şərqində kürd rejiminə dəstək verir, bununla da, özünə bu ölkədə mövcud olmaq üçün şərait yaradır.
Xatırladaq ki, daha əvvəl – ayın əvvəlində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Maykl Milli də regiona səfər etmişdi. Səfər zamanı o, amerikalıların Suriyanın şimalında yerləşən Et-Tanf bazasında olmuş, Amerika hərbçilərinin döyüş hazırlığı səviyyəsini yoxlamışdı.
Elə bu səfərlərə nəzər yetirmək və buraya Pentaqon rəhbəri Lloyd Ostinin də regiona səfərini əlavə etməklə anlamaq olar ki, bütün bunlar vahid planın tərkib hissəsidir. Görünən odur ki, Vaşinqton nəyəsə ciddi hazırlıq görür və bu, şiddətli döyüş də ola bilər.
Maraqlıdır ki, bütün bunları yalnız İran deyil, Türkiyə də narahatlıqla müşahidə edir. Ankarada hesab edirlər ki, ABŞ generalları əslində danışıqları kürd-ərəb terror təşkilatı olan «Xalq özünümüdafiə dəstələri» (XÖD) təşkilatının rəhbərliyi ilə aparıb və məqsəd onların dəstəyini almaq olub. Bununla əlaqədar olaraq, ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə belə, çağırılıb, ondan müvafiq izahat istənilib. Ankara amerikalıların bu fəallığını Türkiyədə mayda keçirilməli olan parlament və prezident seçkisi ərəfəsində onlara təzyiq cəhdi kimi qiymətləndirir.
Bütün bunların fonunda xatırladaq ki, Vaşinqton Türkiyə ilə Rusiya arasında davam edən əməkdaşlıqdan narazı olduğunu illərdir açıq şəkildə ifadə edir. Belə bir vəziyyətdə Birləşmiş Ştatların bəzi nüfuzlu dairələri Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə Ankarada hakimiyyət dəyişikliyi baxımından «imkan pəncərəsi» kimi baxır. Onlar bu ölkədə Amerikaya loyal qüvvələrin hakimiyyətə gələcəyinə ümid edirlər. Qeyd edək ki, Vaşinqton Ankaradan Moskvaya qarşı aparılan sanksiyalar siyasətinə qoşulmasını, Rusiya ilə əlaqələrin minimuma endirilməsini tələb edir.
Ankara isə öz növbəsində, Moskva ilə intensiv dialoqu davam etdirir, Rusiyaya qarşı sanksiyalara fərdi şəkildə yanaşır. Bununla yanaşı, Türkiyə Rusiya ilə iqtisadi-ticari əlaqələri Moskva ilə dialoqda vacib amil hesab edir. 2022-ci ildə sanksiyalar fonunda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 50 milyard dollara yaxınlaşıb. Doğrudur, Türkiyə martın əvvəlindən Qərb ölkələrinin sanksiyalarına tuş gəlmiş malların Rusiyaya paralel idxalını dayandırıb. Bu, həm ABŞ-ın Türkiyəyə artan təzyiqi, həm də Moskvanın Suriya-İran tandemi tərəfindən çıxış etməyə çalışdığı regional dinamika ilə əlaqələndirilir.
Belə bir vəziyyətdə yaxın zamanlarda Rusiyanın digər regional tərəfdaşı olan İranın prezidenti İbrahim Rəisi Ankaraya səfər edəcək. Qeyd edək ki, Ankara ilə Tehran geniş hərbi-siyasi əməkdaşlıq proqramı reallaşdırır. Səfər zamanı İrana qarşı mümkün hərbi əməliyyatların əsas müzakirə mövzularından olacağı deyilir. Tehranda ümid edirlər ki, Ankara bu qarşıdurmada neytral qalacaq, öz ərazisindən İrana zərbələrin endirilməsinə imkan verməyəcək. Türkiyə üçün isə vacibdir ki, Tehran onun Suriyada və Azərbaycan ətrafında baş verənlərdən narahatdığını qəbul etsin.
Rəisinin Ankaraya martın 17-də edəcəyi səfəri iranlı həmkarı Əmir Abdullahianla müzakirə edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı da aparıb. Azərbaycan-İran gərginliyi mövzusu, o cümlədən bu münasibətdə Azərbaycanla İsrailin fəal şəkildə yaxınlaşmasından yaranan problem də müzakirə edilib. Ankara bu gərginliyi aradan qaldırmağa çalışır, çünki Bakı ilə Tehran arasında qarşıdurmanın qızışması Türkiyənin də cəlb olunacağı münaqişəyə yol aça bilər. Aydındır ki, hadisələrin bu cür inkişafında üç ölkənin heç biri maraqlı deyil. Məhz bu, kompromis axtarışında onların mövqelərinin yaxınlaşmasına imkan verir.
Ərəb monarxiyaları oyundankənar vəziyyətdə
Tehranın Səudiyyə Ərəbistanına da müəyyən ümidləri var. Xatrıladaq ki, onların arasında Pekinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair əlamətdar razılıq əldə edilib. Bu, İranda onun düşmənləri ilə mümkün qarşıdurmaya Səudiyyə Krallığının qarışmayacağı ümidini yaradıb.
İsraildə isə bu hadisələr Səudiyyə istiqamətindəki siyasətin iflası kimi qiymətləndirilir. İsrailin sabiq baş naziri Naftali Bennet bu məsələdə daha bir müxalifətçi Yair Lapidlə eyni fikirdədir: «Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin bərpası İsrail üçün ciddi və təhlükəli hadisə, İranın siyasi qələbəsi, İrana qarşı regional koalisiyanın yaradılması səylərinə öldürücü zərbədir». Sabiq baş nazir deyib ki, «bu, ölkədəki ümumi zəiflik və daxili qarşıdurma ilə diplomatik laqeydliyin birləşməsindən qaynaqlanan Netanyahu hökumətinin böyük uğursuzluğudur».
Yeri gəlmişkən, İsrailin bir neçə il əvvəl diplomatik əlaqələr qurduğu Birləşmiş Ərəb Əmirlikləri də Ər-Riyad-Tehran münasibətlərinin bərpasını dəstəkləyib. Beləliklə, əslində, Əmirlik də Amerika ilə İsrailin İranla mümkün müharibəsində iştirak etməyi düşünmədiyini göstərib. BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri bərpa etməsini regionun sabitlik və çiçəklənməsi istiqamətində atılmış vacib addım kimi qiymətləndirib.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında İran BƏƏ ilə də diplomatik münasibətləri bərpa edib və 6 il sonra bu ölkənin səfiri yenidən Tehrana yollanıb.
Belə bir vəziyyətdə Birləşmiş Ştatlar İranla mümkün müharibəyə ərəb monarxiyalarından real dəstək ala bilməyəcəyini başa düşür. Pentaqon rəhbəri Yaxın Şərqə bu yaxınlarda etdiyi səfər zamanı Fars körfəzinin heç bir ərəb monarxiyasına baş çəkməyib və bu, təsadüf deyil. Halbuki Amerika hərbçilərinin əsas hissəsi məhz bu ölkələrdədir.
Maraqlıdır ki, bu yaxınlaradək belə planlar kifayət qədər aktual idi. Məsələn, fevralın 13-16-da ABŞ ilə Körfəz dövlətlərinin Əməkdaşlıq Şurasının müdafiə məsələləri üzrə işçi qrupu Ər-Riyadda toplanmışdı. Görüşdə Amerika kəşfiyyatçılarının nümayəndə heyətinə Pentaqon rəhbərinin Yaxın Şərq üzrə köməkçisinin müavini Deyna Strul başçılıq edirdi. O zaman amerikalılar əsas diqqəti ABŞ-ın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Körfəzə mümkün inteqrasiyasına yönəltmişdilər. Tərəflərin hansı razılığa gəldikləri tam məlum olmasa da, aydındır ki, hadisələrin sonrakı gedişi və İran-Səudiyyə Ərəbistanı razılaşması Vaşinqtonun planlarına ciddi dəyişiklik edəcək.
Beləliklə, İrana qarşı şərti cəbhə xəttinin çevrəsi ümumilikdə cızılmış sayıla bilər. ABŞ ilə İsrailin qarşıdurmaya İranın potensial düşmənlərinin də cəlb olunacağı ilə bağlı ümidləri isə özünü doğrultmayıb. Səbəb isə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin narahatlığıdır. Onlar İranla aralarında aşılması mümkün olmayan ziddiyyətlərə rəğmən, qarşı tərəfdə yer almaq istəmirlər. Çünki bu halda müharibənin həm də onların ərazisində gedəcəyini, əsas yükü onların çəkməli olacaqlarını anlayırlar. Beləliklə, Ər-Riyadla Əbu-Dabi «kənara çəkilməyə» üstünlük verirlər.
İranpərəst koalisiya?
Bu arada, Suriya prezidenti Bəşər Əsəd martın 14-də Moskvaya səfər edib. Çoxları əmindir ki, İsraillə İran arasında mümkün açıq müharibə halında əsas döyüş meydanı məhz Suriya olacaq. Amerika generallarının bu ölkənin hökumət qüvvələrinin nəzarət etmədiyi ərazilərinə səfərləri də bunu təsdiqləyir.
Məlum olduğu kimi, Suriyada İranpərəst qruplaşmalar var və onlar İsrailin maraqlarına qarşı vuruşur. Nəticədə, həmin qüvvələrin mövqeləri mütəmadi olaraq İsrail tərəfindən raket atəşinə də tutulur. Söhbət açıq müharibədən gedəcəksə, bu ölkə növbəti dəfə açıq döyüş meydanına çevriləcək. İsrailin Hələb beynəlxalq aeroportuna martın 22-də endirdiyi raket zərbəsini müəyyən mənada bu prosesin başlanğıcı da saymaq olar. Nəticədə, İranın adamları hesab olunan 4 nəfər, o cümlədən hərbi komandir həlak olub. Raket zərbəsi İrana məxsus proksi-qüvvələrin silah anbarına endirilib, eyni zamanda aeroportun uçuş zolağını zədələyib. Bununla da, hava limanı fəaliyyətini dayandırmalı olub.
Bəşər Əsəd İranla İsrail arasında Süriya ərazisində savaşın qarşısını almaq üçün kifayət qədər gücə malik deyil. Belə bir vəziyyətdə o, ümidlərini yalnız Rusiyaya bağlaya bilər. İndi İsraillə İran arasında dayana və hər iki tərəfə hansısa formada təsir edə biləcək yeganə qüvvə məhz Moskvadır.
ABŞ-ın Avropa Komandanlığı direktorunun strategiya, planlaşdırma və hazırlıq üzrə müavini, briqada generalı Edvard Voqanın martın 14-də Bakıya etdiyi səfəri də sözügedən hərbi hazırlıq və müəyyən mənada, vəziyyətin qiymətləndirilməsi istəyilə əlaqələndirilir. Yəqin ki, İranın öz qoşunlarını (dronlar, zərbəçi helikopterlər, qırıcılar, tanklar və s.) Azərbaycanla sərhədə məhz həmin günlərdə göndərməsi də təsadüf deyildi. Beləliklə, İran tərəfindən hərbi təhlükənin yaranacağı təqdirdə Bakı ABŞ da daxil olmaqla, tərəfdaşlarının praktik yardımına bel bağlaya bilər.
Bundan başqa, martın 15-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli arasında telefon danışığı da olub və guman ki, onlar da regiondakı hərbi fəallığı müzakirə ediblər. Əlbəttə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı da müzakirələrin aparıldığına şübhə yoxdur. Lakin Əsədin Moskva səfəri və general Millinin Suriyaya bu yaxınlarda etdiyi səfər fonunda diqqətlərin Yaxın Şərqdəki gərginliyə yönəlməməsi mümkün deyil.
İrana hava zərbələrinin endirilməsi planının reallaşdırılacağı təqdirdə bu, Moskva da daxil olmaqla, bir çox oyunçunun maraqlarına toxunacaq. Daha bir qlobal hərbi-siyasi qarşıdurma ocağının yaranmasında nə Moskva, nə də Vaşinqton maraqlıdır. Odur ki, iki ölkənin yüksək rütbəli hərbçiləri arasında dialoq «qırmızı xətt»in müəyyənləşdirilməsinə də yönəlmiş ola bilər – tərəflərin hərbi müdaxilələrin həmin xətti keçməməsinə dair razılığa gəlməsi mümkündür.
Bununla yanaşı, Ərəb dənizinin İranın Çabahar limanı ərazisində martın 16-da başlamış «Dəniz təhlükəsizlik kəməri-2023» adlı üçtərəfli hərbi təlim (Rusiya, Çin, İran) heç də gərginliyin azaldılmasına xidmət etmir. Bu «təhlükəsizlik kəməri»nin yaranmasına qismən İranla Səudiyyə Ərəbistanı arasında ÇXR-in vasitəçiliyi ilə əldə edilmiş razılaşma da səbəb olub. İndi Çin özü regiondakı hərbi-siyasi proseslərə cəlb olunduğunu nümayiş etdirməyə çalışır, bununla da artan maraqlarına təhdid yaranacağı təqdirdə proseslərin gedişinə reaksiya verməyə hazır olduğunu göstərir.
Maraqlıdır ki, İran, Rusiya və Çin arasında hərbi əməkdaşlığın güclənməsi fonunda ABŞ, İsrail və müttəfiqlərinin Tehranla bağlı planlarına qarşı çıxacaq iranpərəst koalisiyanın yaradıldığı haqda ehtimallar da səsləndirilir. Amma bu, çox şübhəli versiyadır. Çünki bu ölkələrin hər birinin məsələlərə öz yanaşması var və onlar strateji olaraq, təkliyə üstünlük verirlər. Düşmənləri kimi, onların da əsas prinsipi birdir: sülh istəyirsənsə, müharibəyə hazır ol.
MƏSLƏHƏT GÖR: