24 Noyabr 2024

Bazar, 11:30

QABAQLAYICI ZƏRBƏ

“OPEC+”un 8 ölkəsinin neft hasilatını könüllü azaltmaq barədə gözlənilməz qərarı bu il üçün “qara qızıl”ın qiyməti ilə bağlı proqnozların dəyişməsinə səbəb olub

Müəllif:

15.04.2023

Yazın gəlişi qlobal neft bazarı üçün hər zaman əlamətdardır. İş elə gətirib ki, “qara qızıl”ın həm istehsalçıları, həm də istehlakçıları üçün qəfləti və köklü dəyişikliklərin əksəriyyəti məhz bu dövrdə baş verib. 2020-ci ilin martında Rusiya ilə Səudiyyə Ərəbistanı arasında başlayan “qiymət müharibəsi”ni və daha sonra həmin ilin aprelində neft hasilatının sutkada 9,7 milyon barel azaldılmasına dair tarixi sazişin imzalanmasını xatırlamaq kifayət edir.

Bu il də sürprizlərsiz keçməyib. Belə ki, aprelin 2-də “OPEC+”a daxil olan 23 ölkədən 9-u gözlənilmədən neft hasilatını könüllü şəkildə azaldacağını elan edib. May ayından etibarən onlar “OPEC+” ölkələrinin ötən ilin oktyabrında keçirilən iclasında üzərlərinə götürdükləri öhdəliklərə əlavə olaraq neft hasilatını azaldacaq. “Könüllü” ölkələrin nazirləri bunu neft bazarının sabitliyini dəstəkləməyə yönəlmiş qabaqlayıcı tədbir adlandırıblar. Amma ABŞ OPEC-in aprel “zarafatını” xoş qarşılamayıb və bu qərarı uğursuz ideya adlandırıb.

 

“İlkin sözləşməyə əsasən”

“OPEC+” ölkələri sonuncu dəfə 2022-ci ilin oktyabrında neft hasilatının kvotalarını 2022-ci ilin avqust səviyyəsi ilə müqayisədə sutkada 2 milyon barel azaldılması barədə razılığa gəlib. Üstəlik, ABŞ-ın hasilatın artırılması ilə bağlı israrına baxmayaraq, belə bir qərar verilib. O vaxt güman edilirdi ki, dünya bazarındakı vəziyyət dəyişməsə, hasilat kvotaları bu ilin sonuna qədər qüvvədə olacaq. Bu ilin fevralın əvvəlində neft və neft məhsullarının tədarükü ilə bağlı ABŞ və G7 ölkələrinin sanksiyalarına məruz qalan Rusiya mart ayının neft hasilatını ötən ayla müqayisədə könüllü olaraq sutkada 500 min barel azaltdığını bəyan edib, daha sonra bunu daha 3 ay - apreldən iyuna qədər uzadıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, bu qərar Moskvanın sanksiyalara cavabı idi və bazar münasibətlərinin bərpasına kömək edəcək. Onun sözlərinə görə, gələcəkdə bazardakı vəziyyətə uyğun addımlar atacaq.

A.Novakın çıxışdan bir müddət sonra, yəni aprelin 2-də Rusiya neft hasilatını könüllü şəkildə azaltmaqla bağlı qərarının müddətini 2023-cü ilin sonuna qədər uzadacağını elan edib. Eyni gündə daha 8 ölkə may ayından etibarən 2023-cü ilin sonuna qədər neft hasilatını azaldacaqları barədə məlumat verməsəydi, bu, çətin ki, ajiotaj yaradardı.

Nəticədə, may-dekabr aylarında neft hasilatı gündəlik təxminən 1,66 milyon barel təşkil edəcək. Bunun da 500 min bareli sövdələşmənin liderləri olan Rusiya və Səudiyyə Ərəbistanının payına düşəcək. Qazaxıstan hasilatı 78 min, İraq 211 min, BƏƏ 144 min, Küveyt 128 min, Əlcəzair 48 min, Oman 40 min və Qabon 8 min barel azaldacaq.

Qazaxıstan və Səudiyyə Ərəbistanının energetika nazirləri bildiriblər ki, bu, 2022-ci il oktyabrın 5-də “OPEC+” ölkələrinin nazirlərinin 33-cü iclasında qəbul edilən hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.

Bu vəziyyət hər kəs üçün gözlənilməz olub: axı, hələ martın ortalarında Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud əmin etmişdi ki, neft bazarında indi həddən artıq qeyri-müəyyənlik var və o, dəyişkənliyə məruz qalır və buna görə də “OPEC+” üçün belə bir vəziyyətdə yeganə yol 2022-ci ilin oktyabrında bağlanmış sazişi saxlamaqdır. O, “OPEC+” sazişində dəyişikliklə bağlı “hiylə olacağı”nı gözləyən skeptiklərə 2023-cü il dekabrın 29-na qədər gözləməyi təklif etmişdi.

Daha sonra Səudiyyə Ərəbistanının energetika naziri Aleksandr Novakla görüşüb və tərəflər 2023-cü ilin sonuna qədər hasilatın gündəlik 2 milyon barel azaldılması ilə bağlı ötən ilin oktyabrında “OPEC+”un qəbul etdiyi qərara hər iki ölkənin sadiq olduğunu vurğulayıblar. Başqa sözlə, aprelin 2-nə qədər neft hasilatı ilə bağlı dəyişikliyin olacağı ilə bağlı əlamətlər yox idi. Buna görə də neft hasilatının könüllü şəkildə azaldılmasına dair yeni “ittifaq” bazar daxil olmaqla, hər kəsi heyrətləndirib.

A.Novak qeyd edib ki, bu gün dünya neft bazarı ABŞ və Avropada davam edən bank böhranı, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik, enerji sahəsində təxminedilməz və uzaqgörən olmayan siyasətin aparılması

səbəbindən yüksək volatillik və təxminedilməzlik dövrünü yaşayır: “Eyni zamanda dünya neft bazarının təxminedilən olması enerji təhlükəsizliyinin təmin edilməsində əsas elementdir”.

“Könüllülər” neft hasilatındakı azalmanın hansı səviyyədən hesablanacağı barədə məlumat vermirlər. Lakin Rusiya və Qazaxıstandaxil olmaqla, “OPEC+”un üzvü olan bir çox ölkə kvotalarından daha az neft hasil edib.

Beləliklə, formal olaraq “OPEC+” heç kəsi aldatmayıb. Həqiqətən də, razılaşmada heç nə dəyişdirilməyib. Yəni 2022-ci ilin oktyabrında müəyyən edilmiş kvotalar nazirlərin vəd etdiyi kimi heç bir dəyişikliyə məruz qalmayıb. Müəyyən edilmiş səviyyədən daha artıq azaldılacaq neft hasilatı, fərdi və könüllü məsələdir. Doğrudur, bunu əvvəlcədən razılaşdırmaq lazımdır. WSJ nəşrinin mənbələrinin məlumatına görə, danışıqlar ilk növbədə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında aparılıb. Qeyd edilib ki, iqtisadi düşüşlə bağlı risklərin fonunda bu ölkələrə iddialı daxili layihələri maliyyələşdirmək və valyuta ehtiyatlarını artırmaq üçün bu enerji resursunun qiymətinin yüksək səviyyədə saxlanılması lazımdır .

“OPEC+” ölkələri arasında yeni “könüllülər”in meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. Amma onlar artıq yeni “kluba” dəvət olunublar. “Bu günə qədər Rusiya, Səudiyyə Ərəbistanı da daxil olmaqla, 9 ölkə könüllü olaraq neft hasilatının azaldılacağını elan edib. Məlum olduğu kimi, “OPEC+”da 23 ölkə var. Prinsipcə, bu gün biz məsələni müzakirə etdik: digər ölkələr bazarı sabitləşdirmək üçün bunun vacib olduğunu hesab edərlərsə, buna qoşula və əlavə ixtisarlar barədə məlumat verə bilərlər.

Amma bunlar yalnız könüllü qərarlar ola bilər”.

Bu arada, belə bir ehtimal var ki, bu qərarın arxasında dünya bazarını dəstəkləmək üçün iqtisadi səbəblərlə yanaşı, Qərbin Rusiya neftinə dair tətbiq etdiyi yuxarı qiymət həddinə qarşı mübarizədə Rusiyaya yardım göstərmək istəyi dayanır. Eyni zamanda bununla Qərb ölkələrinin zəiflədilməsi, Qərb üçün ağrılı mövzu olan inflyasiyanın daha da sürətləndirilməsi düşünülür. Digər tərəfdən bu, həm də “OPEC+”un vəziyyəti nəzarətdə saxladığının sübutu kimi qiymətləndirilə bilər.

“Bu qərar yaxşı heç nə vəd etmir. Belə görünür ki, başqaları ilə əvvəlcədən razılaşmadan kiçik bir qrup öz işlərini görüblər”, - “Commerzbank”ın əmtəə analitiki Karsten Friç bildirib.

 

ABŞ-ın məyusluğu

Gözlənildiyi kimi, ABŞ-ın bu qərara reaksiyası mənfi olub. Cozef Bayden administrasiyası artıq “OPEC+”a daxil olan ölkələrin neft hasilatını azaltması ilə bağlı narazılığını ifadə edib və bunu “yersiz və irrasional” qərar adlandırıb. Ağ Ev əlavə edib ki, ABŞ amerikalılar üçün benzin qiymətlərini idarə etmək məqsədilə istehsalçılar və istehlakçılarla işləyəcək.

“Bazardakı qeyri-müəyyən vəziyyəti nəzərə alaraq, hazırda neft hasilatının azaldılmasının arzuolunan olduğunu düşünmürük. Bu barədə müzakirələr apardıq. Biz enerji bazarlarının iqtisadi artımı və amerikalı istehlakçılar üçün qiymətlərin aşağı salınmasını təmin etmək üçün bütün istehsalçılar və istehlakçılarla işləməyə davam edəcəyik”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

ABŞ-ın maliyyə naziri Canet Yellen də “OPEC+” üzvü olan bir sıra ölkələrin neft hasilatını qəfil azaltmasının nəticələrindən narahatlığını ifadə edib. C.Yellen bu qərarı “qeyri-konstruktiv” adlandırıb. Onun fikrincə, bu, qlobal artım perspektivlərində qeyri-müəyyənlik yaratmaqla yanaşı, yüksək inflyasiya şəraitində istehlakçıların çiyninə ağır yük qoyacaq. O qeyd edib ki, neftin qiymətini aşağı saxlamaq vacibdir. Lakin əlavə edib ki, bunun gələcəkdə necə təsir göstərəcəyi ilə bağlı danışmaq hələ çox tezdir. Ümumiyyətlə, bu qərarın Ər-Riyad və Vaşinqton arasında onsuz da gərgin olan münasibətlərə yeni zərbə vura biləcəyi ilə bağlı narahatlıqlar da var.

 

Qiymət ssenariləri

“OPEC+” üzvlərinin könüllü olaraq hasilatı azaltmaq qərarı fonunda neftin qiyməti bir gün ərzində 5%-dən çox artıb. “Brent” markalı neftin 1 bareli 84,5 dollara çatıb. WTI markalı Şimali Amerika neftinin 1 bareli 80 dollara qədər bahalaşıb. Əlbəttə ki, hasilatın azaldılmasının təşəbbüskarları çətin ki, bazarın fərqli reaksiya verəcəyini gözləyirdi. Lakin bu addım analitikləri təəccübləndirib və inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları artırıb.

İlk baxışdan artım, həqiqətən də, diqqət cəlb edir. Amma neft dəyəri dekabrın ortalarından martın ortalarına kimi olan qiymət dəhlizinə qayıdıb: 1 barel üçün 80-90 dollar.

Daha sonra ABŞ-ın bank sektorundakı böhran və bunun ABŞ iqtisadiyyatında resessiyaya səbəb olacağı və yanacağa olan tələbata mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar fonunda neftin etalon növlərinin qiymətləri 1 barel üçün 73 dollardan aşağı düşüb.

“OPEC+” qərarı bank sektorundakı çətin vəziyyəti daha da qəlizləşdirir. Bunun kredit şərtlərinin sərtləşdirilməsinə və iqtisadi artımın yavaşlamasına səbəb olacağı gözlənilir”, - “IG Australia”nın analitiki Toni Saykamor bildirib.

Ekspert hesab edir ki, enerji resurslarının qiymətinin artması da iqtisadiyyatı zəiflədəcək amillərdən biri olacaq. Onun fikrincə, “OPEC+” üzvlərinin hasilatı azaltması fond bazarlarına mənfi təsir göstərəcək.

“OPEC-in qərarlarının qabaqlayıcı xarakterini nəzərə alsaq, OPEC-in tələb meyilləri və ehtiyatlar haqqında məlumatlı olduğunu söyləyə bilərik. Bunu tələb və təklifin ümumi balansında hələ tam olaraq aşkar etməliyik”, - “JPMorgan Chase&Co” şirkətinin Qlobal Enerji Strategiyasının rəhbəri Kristian Malek bildirib.

“Fitch Ratings”in analitikləri hesab edirlər ki, xüsusilə Çində istehlakın bərpası tendensiyası nəzərə alınsa, bu, ilin ikinci yarısında bazar kəsirinin yaranma ehtimalını artırır. Agentlik bu il “Brent” markalı neftin orta qiymətinin 1 barel üçün 85 dollar olacağını proqnozlaşdırır. Amma bəzi ekspertlər yaya qədər kotirovkaların 1 barel üçün 100 dollara qədər qalxacağını və ilin sonuna qədər bu səviyyədə qalacağını düşünürlər.

“Rystad Energy”nin ekspertlərinin fikrincə, bir sıra ölkələrin könüllü olaraq hasilatı azaltması neft bazarını daha da kiçildəcək və bu da qiymətlərin iyun ayına qədər 1 barel üçün 100 dollardan yuxarı olmasına səbəb ola bilər. Onlar hesab edirlər ki, yayda qiymət artımı 1 barel üçün 110 dollara çata bilər.

“Goldman Sachs” bankının proqnozlarına əsasən, 2023-cü ilin dekabrına qədər “Brent” markalı neftin qiyməti 95 dollara, 2024-cü ilin dekabrına qədər 100 dollara çata bilər. Bank müsbət amillər arasında Çin iqtisadiyyatının bərpasını və neft emalı sahəsində gəlirlilik göstəricilərinin sabitliyini qeyd edib.

“SberCIB Investment Research”ün hesablamalarına əsasən, “Brent” markalı neftin 1 bareli 80-95 dollar ola bilər. “OPEC+” ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarı nəticəsində neft bazarı ilin ortasında, hətta kəsirdə olsa belə, daha balanslı görünür. Buna görə də hesab edirik ki, dünya iqtisadiyyatı resessiyaya uğramasa, qiymətlər 1 barel üçün 80 dollardan yuxarı qalacaq”, - qrupun baş analitiki Gennadi Suxanov vurğulayıb.

O, həmçinin qeyd edib ki, “Brent” neftinin qiymətinin artması həm də yataqlarda və nəqliyyat obyektlərində baş verən qəzalar, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və s. kimi amillərlə bağlıdır.

Eyni zamanda “Citigroup Inc.”in ekspertləri neftin qiymətinin 1 barel üçün 100 dollara çatacağına şübhə ilə yanaşırlar. “Neft tədarükü ilə bağlı qeyri-müəyyənlik daha ciddi olmalıdır ki, onun qiyməti 1 barel üçün 100 dollara çatsın. Doğrudur, neftin 1 barelinin 100 dollar olacağı ssenarilər də var. Amma hələ ki bunun reallaşması ehtimalının az olduğunu düşünürəm”, - “Citigroup Inc.” əmtəə bazarları üzrə tədqiqatlar şöbəsinin rəhbəri Ed Mors bildirib.

Onun sözlərinə görə, belə bir ssenarinin reallaşması üçün təklif də daha böyük miqyasda azalmalıdır.

İndi “Brent” markalı neftin iyun fyuçerslərinin 1 bareli 85,12 dollara, WTI markalı neftin may fyuçerslərinin 1 bareli 80,7 dollara qədər yüksəlib. “Xəbərlərdə ABŞ iqtisadiyyatının sürətlə zəiflədiyi deyilsə də, görünür, WTI markalı neftin 1 bareli 80 dollar civarında qalacaq”, - OANDA-nın eksperti Edvard Moya qeyd edib.

“Könüllülər” siyahısında olmayan Azərbaycan hazırkı vəziyyətdən kifayət qədər razıdır. Yüksək qiymətlər neft ixracından gələn gəlirlərin artmasına kömək edir. Bəli, heç bir müqavilə bağlamadan neft hasilatını azaltmaq mümkündür. Xüsusən də hər il neft hasilatının təbii şəkildə azaldığı dövrdə.



MƏSLƏHƏT GÖR:

121