Müəllif: Ağasəf NƏCƏFOV
Azərbaycanla Qazaxıstan arasında nəqliyyat və enerji sahələrində uzun müddətdir davam edən uğurlu tərəfdaşlıq son 2 il ərzində keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. İki dost dövlət logistika, kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı genişləndirərək ticarət dövriyyəsini artırmaq niyyətindədir. Bu səylər yeni prioritet istiqamətlərin müzakirə edildiyi çoxsaylı forumlar, hökumət səviyyəsində danışıqlar, dövlət başçılarının səfərləri ilə müşayiət olunur.
Təkcə aprel ayının əvvəlində həm Qazaxıstanın ticarət missiyası Bakıda olub, həm Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son rəsmi səfərinin proqramında da iqtisadi gündəm üstünlük təşkil edib.
Yeni impuls
“Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar”, - aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə Astanada mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin iki ölkənin hökumət üzvləri ilə birlikdə “Şərq-Qərb” marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmlər və qrafik müzakirə edilib.
Astanada keçirilən görüşün yekunları üzrə Azərbaycan və Qazaxıstan prezidentləri “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar. Ali Dövlətlərarası Şuranın ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcəyi gözlənilir.
Enerji və ərzaq sahələrindəki böhranlar, Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal geosiyasi parçalanma və “Şimal Nəqliyyat Dəhlizi” boyunca onilliklər boyu davam edən nəqliyyat və logistika əlaqələrinin pozulması geniş Avrasiya məkanında işgüzar əməkdaşlıqla bağlı fikirlərin dəyişməsinə səbəb olub.
Hazırda regionda qlobal nəqliyyat marşrutları Orta Dəhlizə doğru istiqamətlənir. Bu isə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin logistik potensialına marağı artırır. Üstəlik, bu tendensiyalar Avropa İttifaqı (Aİ) ölkələri və Çin tərəfindən tam dəstəklənir.
Təəccüblü deyil ki, enerji və nəqliyyat layihələrində uzun müddətdir ki, əməkdaşlıq edən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələri son 1 il yarım ərzində genişlənib və dərinləşib. Xüsusilə, Ukraynadakı müharibə qərb istiqaməti Novorossiysk Dəniz Terminalına birləşən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətinin dəfələrlə dayandırılmasına səbəb olub. Uzunluğu 1511 kilometr olan və ildə 67 milyon ton neft ötürmə qabiliyyətinə malik bu kəmər Qazaxıstan üçün çox böyük əhəmiyyət kəsb edir, çünki Qazaxıstan neftinin ixracının təxminən dörddə üçü məhz onun vasitəsilə həyata keçirilir. Bu neft isə əsasən “Tengiz” və “Kaşaqan” yataqlarından hasil olunur. Xam neftin daşınmasında problemlərlə üzləşən Astana isə enerji resurslarının region ölkələrinə tranzitini şaxələndirməyi qarşısına məqsəd qoyub.
Əsas alternativ
Azərbaycan Qazaxıstan xammalının tranziti üçün əsas alternativ istiqamət hesab olunur. Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ildə təxminən 1,5 milyon tona yaxın neft nəqli planlaşdırılır. Bundan başqa, təxminən 1,2 milyon ton nefti bərələrlə Ələtə və daha sonra dəmir yolu vasitəsilə Qazaxıstan investorlarına məxsus Batumi neft terminalı istiqamətində daşına bilər. Azərbaycan və Qazaxıstan digər variant kimi fəaliyyəti müvəqqəti olaraq dayandırılan Bakı-Supsa kəmərinin potensialından istifadə etməklə bağlı danışıqlar aparıblar. Bu yaxınlarda Qazaxıstanın Baş naziri Alixan Smailov qeyd edib ki, Xəzər dənizi vasitəsilə neft tranzitinin daha da artırılaraq ildə 6-6,5 milyon tona çatdırılması mümkündür.
Bu məqamda qeyd edək ki, “Tengiz” yatağından hasil edilən neftin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb. Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Midstream Operations” və Qazaxıstanın “KazMunayQaz” dövlət şirkəti arasında bağlanmış müqavilələrə əsasən, Qazaxıstan neftinin BTC vasitəsilə nəqlini təşkil etmək üçün 2023-cü ilin sonuna qədər Aktaudan 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
“Bakı-Tbilisi-Ceyhan neft kəməri hazırda 40% yüklənib. Kəmərin hələ də təxminən 20 milyon ton mümkün ötürücülük qabiliyyəti var. Bu, prinsipcə, birgə əməkdaşlıq çərçivəsində hədəflədiyimiz həcmdir”, - Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasında iştirak edən Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cari ilin mart ayında BTC marşrutu ilə 20 min ton yük daşınıb, apreldə isə daha 125 min tonun daşınması planlaşdırılır. Qazaxıstan neftin ilk həcmlərini marşrutu sınaqdan keçirmək məqsədilə pilot layihə kimi nəzərdən keçirir.
Azərbaycan isə Qazaxıstan neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) nəqlinin həcmini artırmağa hazır olduğunu bildirib. Bu məsələlərə yaxın vaxtlarda iki ölkə arasında enerji tranzitinin genişləndirilməsinə həsr olunacaq işçi qruplarının üçüncü iclası zamanı baxılacaq.
Tranzit potensialı
“Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib. Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir”, - aprelin 10-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında bildirib.
Qazaxıstan lideri qeyd edib ki, hazırda qeyri-neft yüklərinin daşınmasında həlledici rol oynayan, “Orta Dəhliz” adlandırılan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, bu məqsədlə Astana və Bakı logistik xidmətlərin təkmilləşdirilməsinə, vahid nəqliyyat operatorlarının yaradılmasına, texniki və tarif şərtlərinin modernləşdirilməsinə xüsusi diqqət ayırır.
Bu təşəbbüslər çərçivəsində artıq ötən il Qazaxıstanda “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının nəzdində konteyner habının yaradılması üzrə işlərə başlanılıb. Qazaxıstanın Xəzər dənizindəki ticarət donanmasına 4 bərə əlavə olunacaq. Üstəlik, 2025-ci ilə qədər Dostık-Moyıntı dəmir yolunun ikinci xəttinin tikintisi və elektrikləşdirilməsi planlaşdırılır.
Bu arada, Çin bu yaxınlarda Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Son nəticədə Xəzər dənizinin limanlarını əhatə edəcək bu marşrut ölkəmiz vasitəsilə əlavə həcmdə yüklərin daşınmasını təmin edəcək.
Ötən ildən Azərbaycan Bakı Beynəlxalq Dəniz Limanının yükaşırma qabiliyyətinin artırılması istiqamətində də işləri sürətləndirib - indiki 15 milyon tondan 25 milyon tonadək. Bunun həyata keçirilməsi üçün artıq maliyyə vəsaiti ayrılıb. Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu infrastrukturunun ötürücülük qabiliyyətinin artırılması üzrə proseslərin maliyyələşdirilməsi planlaşdırılır. Bu xəttin yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılacaq. Həmçinin Marabda-Türkiyə sərhədinin Gürcüstan hissəsinin modernləşdirilməsi üzrə işlərin sürətləndirilməsi, BTQ marşrutunda yerləşən Gürcüstanın Axalkalaki və Türkiyənin Qars şəhərlərində logistik terminalların tikintisinin başa çatdırılması gözlənilir.
Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC tərəfdaşı “Qazaxıstan Dəmir Yolu” (KTZ) şirkəti ilə birlikdə yükdaşımaları haqqında məlumat axınının optimallaşdırılması üçün birgə dispetçer mərkəzi yaradıb. Nəticədə transsərhəd və gömrük prosedurları sadələşdirilib, qeyri-neft yüklərinin keçidinin və dəniz limanlarında emalının optimallaşdırılması üçün “bir pəncərə” sistemi tətbiq edilib. Buraya Orta Dəhliz boyunca Çindən gələn konteyner multimodal qatarları da daxildir. Sənədlərin “bir pəncərə” prinsipi üzrə işlənməsi prosedurunun tətbiq edildiyi Ələt və Aktau dəniz limanlarında yüklərin daşınmasına dair optimal mexanizmlər aşırma və yükləmə/boşaltma müddətini 10-12 saatdan 4 saata qədər azaltmağa imkan verib.
Bütün bu tədbirlər iki ölkə arasında dəmir yolu daşımalarının (Xəzər dənizi üzərindən bərə ilə) artımında özünü göstərib: 2022-ci ildə daşıma əvvəlki ilə nisbətən 4 dəfə çox olmaqla 3 milyon tonu ötüb. Bu müsbət tendensiya 2023-cü ilin birinci rübündə də davam edib - ölkələr arasında TBNM vasitəsilə daşınan məhsulların həcmi 40% artıb.
“Nəqliyyat və logistika əlaqələrinin inkişafı Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya tranzit daşımaların artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində, həmçinin yeni tranzit nəqliyyat imkanları, o cümlədən Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasında çıxışı zamanı bildirib.
Azərbaycanla Qazaxıstan 2022-2027-ci illər üçün Orta Dəhlizin inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsinin səmərəli həyata keçirilməsinə böyük əhəmiyyət verir. Prezident Tokayevin sözlərinə görə, Astana və Bakı bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək barədə razılığa gəlib.
Ticarət dövriyyəsində artım
Bütün bu layihələr həm də Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına kömək edəcək. Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq 598 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə də əhəmiyyətli artım qeydə alınıb.
“Azərbaycan bazarı Qazaxıstan sahibkarı üçün maraqlıdır. Lakin qarşılıqlı ticarət potensialımızın heç yarısı belə istifadə olunmur. Buna baxmayaraq, Azərbaycan bazarında Qazaxıstan mallarına və Qazaxıstanda Azərbaycan məhsullarına tələbat var. Biz üçüncü ölkələrin bazarlarına da birlikdə çıxış əldə edə bilərik”, - Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev qeyd edib.
O vurğulayıb ki, B2B formatında keçirilən görüşlər sahibkarlar arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verir. Belə ki, Bakıda keçirilən ticarət-iqtisadi missiyanın yekunlarına əsasən, Azərbaycan kontragentləri ilə akkumulyatorlar, təbəqə polad, qida məhsullarının tədarükünə dair müqavilələr imzalanıb. Bağlanmış 8 müqavilənin ümumi məbləği isə 55 milyon dollar təşkil edib.
Bu müsbət tendensiyalar yaxın gələcəkdə daha da genişlənəcək: Astana Bakıya potensial əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün təkliflər verib və Azərbaycan bazarına tədarük üçün 300 milyon dollar dəyərində 100 məhsulun siyahısını təqdim edib. Bu işi optimallaşdırmaq üçün “Kazakhexport” dövlət şirkəti uzunmüddətli əsasda ticarət tədarüklərini maliyyələşdirməyə hazırdır və tezliklə bu şirkətin bazasında ixrac krediti agentliyi yaradılacaq. Onun fəaliyyət planlarına Azərbaycan bazarının inkişafı daxildir. Azərbaycanın ixtisaslaşmış strukturları - ticarət nümayəndəlikləri, ticarət evləri də Qazaxıstan bazarına məhsulların tədarükünü genişləndirməyə istiqamətlənib. Məsələn, kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial var.
Yeri gəlmişkən, ötən ilin sonunda kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarətinin həcmi 3 dəfə artaraq 146 milyon dollar təşkil edib. Yəni ümumi ticarət dövriyyəsinin üçdə birindən çoxu kənd təsərrüfatı sektorunun payına düşüb. Azərbaycanla Qazaxıstan həmçinin Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, kosmik əməkdaşlıq, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin birgə startap layihələri vasitəsilə tərəfdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.
“Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır”, - Azərbaycan Prezidenti İlham Əliyev dost ölkə olan Qazaxıstana səfəri zamanı vurğulayıb.
Bir sözlə, hədəf də, ona çatmağın yolu da bəllidir və iki ölkə rəhbərliyinin bununla bağlı siyasi iradəsi var. Odur ki, bütün bunlar ümid etməyə imkan verir ki, biz milyard göstəricisini çox tezliklə hesabatlarda görəcəyik.
MƏSLƏHƏT GÖR: