Müəllif: İrina XALTURİNA
Aprelin 4-də ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı 34 maddə üzrə rəsmən cinayət ittihamı irəli sürülüb. Bu, Amerika tarixində ilkdir. Sabiq dövlət başçısının bu haqda düşüncəsi isə vəziyyəti daha da qəlizləşdirir: Tramp əmindir ki, baş verənlərdə məqsəd onun 2024-cü ildən yenidən prezident seçilməsinin əngəllənməsidir.
Seçici hesabına «hush-money»
Trampa qarşı irəli sürülmüş əsas ittiham maliyyə sənədlərinin saxtalaşdırılmasıdır. Onların arasında ən ciddi epizod isə «pornoaktrisa Stormi Deniels işi»dir. İttihama görə, aktrisa susması üçün siyasətçidən 130 min dollar alıb («hush-money»). Prinsipcə, «hush-money» kriminal sayılmır. Lakin eks-prezidenti bunun üçün seçki fondunun vəsaitindən istifadə etməkdə təqsirləndirirlər. Həmin fonda vəsait siyasətçinin tərəfdarlarının ianələri hesabına toplanır. Üstəlik, o, vergi də ödəməyib (ABŞ-da ən ciddi cinayətlərdən sayılır!), ödənişi isə hüquqi xidmət qarşılığı kimi həyata keçirib.
İttiham sənədində söhbət iş sənədlərinin saxtalaşdırılmasından gedir. Amma bu, o halda cinayət sayılır ki, başqa pozuntuları gizlətmək üçün edilmiş olsun. Dairə prokuroru Elvin Breqq bildirib ki, sənədlər «2016-cı ildə Trampı seçicilərin gözündən salacaq informasiyanın yayılmasının qarşısının alınmasına hesablanmış qanunsuz əməllərin ört-basdır edilməsi üçün» saxtalaşdırılıb. Amma bu, sübut olunmalıdır. Tramp kimi zəngin şəxsin sevgilisinə ödənişi niyə öz cibindən etmədiyini, belə riskə niyə getdiyini anlamaq çətindir…
Məhkəmə binasına gələn Tramp bir neçə saatlığına həbs də edilib – onun barmaq izləri götürülüb, anfas və profildən şəkilləri çəkilib. Daha sonra hakim ittihamları səsləndirib, həbs qərarını ləğv edib və növbəti məhkəmə prosesinin vaxtını təyin edib. Bundan sonra məhkəmə binasını tərk edən Tramp birbaşa aeroporta gedib, oradan şəxsi təyyarəsi ilə Floridadakı iqamətgahına yollanıb.
Amerika KİV-i yazır ki, Ağ Evin 45-ci sahibi ilə bağlı böyük məbləğdə cərimə qərarı da çıxarıla bilər, düz 136 il həbs qərarı da. Bu, hakimin sabiq prezidenti bütün ittihamlar üzrə günahkar sayması və onların hər biri ilə bağlı ən ağır cəzanı çıxarması halında mümkündür. Lakin hadisələrin məhz bu ssenari üzrə inkişaf edəcəyi ehtimalı, təbii ki, yüksək deyil. Donald Trampın vəkilləri bütün ittihamları «heç bir fakta söykənməyən şablon» hesab edir. Onlar qələbə uğrunda sonadək mübarizə aparacaqlarını bildirirlər.
Maraqlıdır ki, Tramp məhkəmədən sonra jurnalistlərlə söhbətləşməyib və fikirlərini sosial şəbəkələr vasitəsilə açıqlamağa üstünlük verib. O, baş verənləri surrealist əməl, sifariş və siyasi təqib adlandırıb. «Nə vaxtsa Amerikada bunun baş verə biləcəyi ağlıma gəlməzdi. Mənim yeganə cinayətim xalqımızı onu məhv etmək istəyənlərdən qorxmadan qorumağımdır. Ölkə cəhənnəmə yuvarlanır», - deyə Tramp qeyd edib. O, Amerika demokratlarının ənənəvi şəhəri olan Nyu-Yorku «ədalətsiz məhkəmə meydanı» da adlandırıb.
Amerika ədaləti
Bütün bunlarla yanaşı, məsələ, əlbəttə ki, ittihamların məğzində yox, Amerikanın məhkəmə sisteminin çox sevdiyi presedentin özündədir. Bunu onun təməl daşı da adlandırmaq olar. Üstəlik, bu, eks-prezidentə qarşı irəli sürülən ilk ittiham deyil. Məlum olduğu kimi, Kapitoliyə 2021-ci il yanvarın 6-da edilmiş hücum, 2020-ci il seçkisinin nəticələrinin dəyişdirilməsi üçün Trampın Corciya ştatı hökumətinə təzyiq göstərməsi ilə bağlı da istintaq gedir. Daha bir istintaq isə Mar-a-Loqo iqamətgahında məxfi sənədlərdən istifadə ilə bağlı davam edir.
Daha bir presedent isə başqa siyasətçilərin baş verənlərə münasibətidir. Məsələn, Trampın keçmiş tərəfdarı Con Boltonun keçmiş rəhbərinin həbsinə münasibəti kifayət qədər maraqlıdır: «Hər kəs üçün maddə (cinayət – red.) tapmaq olar». Xatırladaq ki, bu ifadə sovet tarixinin Lavrenti Beriya kimi məşhur personajına aiddir. Söhbət 1937-ci il repressiyasının rəmzi sayılan şəxsdən gedir. Nəzərə alsaq ki, Boltonun Trampa münasibəti o qədər də yaxşı deyil və o, keçmiş rəhbərini mütəmadi olaraq tənqid edir, bu fikir xüsusilə maraqlı görünür. Yəni Bolton buna baxmayaraq, Trampın tərəfini tutub. Eyni sözləri Mayk Pensə (sabiq vitse-prezidentin də Trampla münasibətləri yaxşı deyil), həmçinin Floridanın qubernatoru Ron Desantisə (sabiq prezidentlə mübahisələri olub) aid etmək olar. Məsələn, Pens açıq şəkildə bildirib ki, istintaqdan «siyasi təqib qoxusu gəlir».
İndi məsələ bütün bunların milyarderin siyasi taleyinə necə təsir göstərəcəyindədir. Bu mənada maraqlı məqamlar çoxdur. Birincisi, Amerika qanunları dövlət başçısının səlahiyyətlərinin icrasını həbsxanada da davam etdirməsini qadağan etmir. Baş verənlər Trampın seçki kampaniyasını davam etdirməsinə də mane olmur. Üstəlik, məhkəmə hadisəsindən sonra onun reytinqi xeyli artıb. Çoxları üçün Donald Tramp artıq siyasi opponentlərinin təqiblərinə məruz qalan siyasətçidir. İnsanlar indiyədək heç bir prezidentin bu vəziyyətlə üzləşmədiyinə diqqət çəkirlər.
Hamımız Trampıq!
Vəziyyət o yerə çatıb ki, Trampı İsa Peyğəmbərlə müqayisə etməyə başlayıblar. «İsa Peyğəmbər Roma hökmdarları tərəfindən həbs olundu və öldürüldü. Tarixdə radikal, korrupsiyalaşmış hökumətlər tərəfindən təqib edilmiş, həbsə atılmış çox insan olub. İndi eyni şey Nyu-Yorkda yaşanır», - deyə Trampın tərəfdarı Marcori Teylor Qrin bildirib. Senator Coş Xouli isə deyib ki, «Trampa qarşı aparılan bu iş yalnız hakimiyyətlə, demokratların hakimiyyəti nəyin bahasına olursa olsun, qorumaq istəyi ilə bağlıdır».
«The American Spectator» nəşri isə «İndi biz hamımız Trampıq!» başlığı ilə çıxıb. Nəhayət, Bayden administrasiyasının əsas tənqidçisi, «Fox News» telekanalının jurnalisti Taker Karlson bildirib ki, seçkiyə bundan miqyaslı müdaxilə, demokratiyaya bundan aqressiv hücum mümkün deyil və baş verənlər «prezidentliyə namizədin ağzını bağlamaq cəhdidir».
İndi baş verənlər getdikcə amerikalıların çox sevdikləri şouya çevrilir. Məsələn, artıq satışa üzərində Trampın şəkli əks olunmuş və «Günahsızdır!» yazılmış köynəklər çıxıb. Qiyməti 47 dollar olan köynəklərin satışından əldə olunan gəlir Trampın seçki qərargahının xəzinəsinə yönləndiriləcək. Sabiq prezidentin bu dəfə ondan təyinatı üzrə istifadə edəcəyinə ümid etmək qalır. Yaxud Tramp Nyu-Yorkda məhkəməyə gələn zaman «Beşinci avenyu»da yerləşən, onun mənzilinin də olduğu göydələn tam mühasirəyə alınmışdı, Manhetten üzərində isə bütün gün ərzində vertolyotlar uçuşurdu.
Əgər sən cəmi bir neçə saatlığına saxlanılmısansa və dərhal dünya KİV-nin gündəminə çevrilirsənsə, yarım il sonra məhkəməyə gələcəyini vəd edərək şəxsi vertolyotunla şəxsi mülkünə uçursansa, sənin prezident ofisinə daxil olmaq şansın da az deyil. Bu, Trampın siyasi rəqiblərinin onu irəli sürülmüş ittihamlardan istifadə etməklə oyundankənar vəziyyətə salmağa çalışmalarına, yəni respublikaçıların praymerizində qalib gəlməsini əngəlləmək cəhdlərinə rəğmən, belədir. Bir sadə faktı diqqətə çatdıraq: Manhettenin dairə prokuroru Elvin Breqq hakim Xuan Marşandan sabiq prezidentin məhkəmə prosesinin 2024-cü ilin yanvarında - Ayovada kokus ərəfəsində keçirilməsini istəyib. Xatırladaq ki, ölkədə seçki prosesi fevralın 5-də məhz burada başlayacaq.
Ölüm-qalım məsələsi
Nə baş verməsindən asılı olmayaraq, yaşananlar bir şeydən xəbər verir – qalmaqallı və xarizmatik Tramp yalnız ABŞ siyasətində deyil, ümumilikdə beynəlxalq arenada önəmli fiqur olaraq qalır. Onun «Twitter» sosial şəbəkəsində yazdığı fikirlər dünya KİV-nin böyük hissəsində yayılır, bəzən isə təhlil olunur. Eks-prezident inadkarlıqla bildirir ki, Demokratlar Partiyası 2020-ci il seçkisinin nəticələrini saxtalaşdırıb. O, ABŞ-ın hazırkı administrasiyasını dayanmadan tənqid edir. Məhkəmə təqibinə bu nöqteyi-nəzərdən yanaşsaq, Trampın rəqibləri üçün əsas təhlükə olaraq qaldığını və onunla hesablaşıldığını söyləyə bilərik. İndi Tramp respublikaçı namizədlər arasında böyük fərqlə liderdir. O, populyarlığına görə ikinci olan Ron Desantisi xeyli qabaqlayır. Bəs respublikaçıların özləri onu növbəti dəfə prezident görmək istəyirmi? Bu, kifayət qədər ciddi sualdır. Respublikaçılar Partiyası daxilində bununla bağlı yekdil rəyin olmadığı dəqiqdir. Belə bir vəziyyətdə həmin respublikaçılarla demokratların maraqları üst-üstə düşə bilərmi? Əlbəttə ki, bilər!
Bu aradan, demokratlar da yarışa ciddi hazırlaşır. KİV-də milyarder Corc Sorosun 37 yaşlı oğlu Aleksandr Sorosun Vaşinqtonda davamlı fəallıq göstərməyə başladığına dair xəbərlər yayılır. Yeri gəlmişkən, Sorosun demokratların uğuru üçün hər şeyə hazır olduğu yaxşı məlumdur. 2024-cü ildə keçiridəcək prezident seçkisinə qatılmaq niyyətini 69 yaşlı vəkil, kiçik Robert Kennedi də açıqlayıb. Amerika lideri Con Kennedinin qardaşı oğlu olan Robert Kennedi artıq niyyətini rəsmən elan edib. Maraqlıdır ki, sabiq prezidentin cinayət məsuliyyətinə cəlb olunmasının nə qədər doğru olduğuna dair müxtəlif sorğular göstərir ki, bu məsələdə sadə amerikalılar tam yarıya bölünüb. Məsələn, «Reuters/Ipsos» tərəfindən keçirilmiş sorğuya görə, amerikalıların 49%-i ABŞ prezidenti və ya sabiq prezidentinə qarşı cinayət işinin açılmasını doğru sayır. Trampın şəxsinə və əməllərinə bağlı olmadan, çox xarakterik göstəricidir. Odur ki, ABŞ-da növbəti prezident seçkisi ölkənin müasir tarixinin ən yaddaqalan seçkisi ola bilər. Həm yaddaqalan, həm də taleyüklü. İstər amerikalılarn özləri, istərsə də bütünlükdə dünya üçün.
MƏSLƏHƏT GÖR: