Müəllif: İlqar VƏLİZADƏ
Rusiya-Ukrayna müharibəsi dünyanın ən dinamik bazarlarından olan silah bazarında vəziyyəti kökündən dəyişib. Miqyaslı münaqişələr silah istehsalçıları üçün əhəmiyyətli marketinq imkanları yaradır. Dünyanın aparıcı silah istehsalçılarının son aylarda istehsal etdikləri məhsulların satışını əhəmiyyətli dərəcədə artırması da təsadüf deyil. Necə deyərlər, bəzilərinə müharibə anadan da doğmadır.
Dünyada lider
Cəmi bir neçə ay ərzində «HIMARS» və «Javelin» raketləri az tanınan hərbi texnikadan müasir müharibənin məşhur rəmzlərinə çevrilib. Bu reklam kampaniyası artıq divident gətirməyə başlayıb. Bir müddət əvvəl ABŞ Dövlət Departamenti «HIMARS» reaktiv yaylım atəşi sistemlərindən və müvafiq avadanlıqlardan ibarət yeni partiyanın tədarükü üçün Polşa ilə 10 milyard dollarlıq potensial sazişin imzalanmasına «hə» deyib. Ötən il Varşava Amerikadan «Abrams» tankları almaq üçün təxminən 4 milyard dollarlıq sifariş verib. O, bu hərbi texnikanı Kiyevə verdiyi 200-dən artıq «T-72» sovet tankının əvəzinə alır. Eyni addımı Şərqi Avropanın başqa dövlətləri, o cümlədən Estoniya, Finlandiya və Litva da atıblar. Arsenallarında olan sovet istehsalı silahların böyük hissəsini Ukraynaya vermiş bu ölkələr yaranmış boşluğu Qərb silahları hesabına doldurmaq niyyətindədir. Nəticədə, Qərbin aparıcı silah istehsalçılarının sifarişləri əhəmiyyətli dərəcədə artıb və görünməmiş miqyasda silah satışına başlanılıb. Amma bütün bunlar beynəlxalq silah ticarətindəki bumun yalnız bir aspektidir. Söhbət ümumilikdə silah bazarının restrukturizasiyasından gedir.
Hazırkı mərhələdə bu bumdan kimin daha çox qazanacağını söyləmək çətindir. Bu mənada indiyədək Qərbin silah istehsalçıları öndə görünür. Lakin uzaq perspektivdə silah ticarətində «çoxqütblü sistem»in yaranacağı istisna deyil.
Ümumilikdə 2018-2022-ci illərdə beynəlxalq silah ticarətinin həcmi 2013-2017-ci illərlə müqayisədə 5,1% azalıb. Səbəb Afrika və Amerika ölkələrinə silah tədarükünün azalmasıdır. Eyni zamanda Avropada, yeni qeyri-sabitlik zonalarının, potensial münaqişələrin yarandığı Yaxın Şərq və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində silah idxalı xeyli artıb. Müşahidə olunan tendensiya göstərir ki, «soyuq müharibə» dövründə təkliflər 1-2 nəhəng tədarükçünün təkliflərindən gedirdisə, indi bu sahədə şaxələnmə var. Artıq müxtəlif şirkətlər eyni məhsulları müxtəlif modifikasiyada və müxtəlif qiymətlərə təklif edir. Ekspertlərin fikrincə, bunun əsas səbəblərindən biri Rusiya müdafiə sənayesindəki nisbi durğunluqdur.
Dəqiq məlumatların əldə edilməsi praktik olaraq mümkünsüz olsa da, bəzi mənbələr son illərdə Moskvanın silah satışının kəskin azalmasının Birləşmiş Ştatların bu sahədə hökmrana çevrilməsinə yol açdığını bildirir. Onlar deyir ki, indi dünyanın aparıcı silah ixracatçısı məhz ABŞ-dır. Statistikada Vaşinqtonun önə çıxmasının səbəbləri arasında Rusiyanın Qərbin sanksiyalarından yayınmaq üçün silah satışının həcmini və xarakterini gizli saxlaması da yer alır. Son dönəmlərdə Rusiyanın silah satışı ilə bağlı rəsmi statistikası da illik təxminən 15 milyard dollar həcmində «ilişib qalıbsa», digər ölkələrdə bu sahədə ciddi artım müşahidə olunur.
Rusiya-Fransa: ikincilik uğrunda yarış
Proqnozların əksinə olaraq, Rusiya müharibəyədək bağladığı miqyaslı müqavilələrin icrasını davam etdirir. Bu, Rusiya silah bazarının dayanıqlığı ilə izah oluna bilər. Onun sifarişlər portfeli həqiqətən çoxşaxəlidir. Rusiya müdafiə sənayesi istər daxili, istər xarici bazar üçün kifayət qədər geniş çeşiddə məhsul istehsal edir. Müharibənin başlaması ilə isə bütün ölkə üzrə silah zavodları fəaliyyətlərini kəskin şəkildə genişləndiriblər. İndi bir sıra istehsalçılar kəskin artmış tələbatı ödəmək üçün 24 saat çalışır.
Bununla yanaşı, Moskvanın bütün səylərinə baxmayaraq, bəzi ölkələr Rusiyadan silah tədarükünə ehtiyatla yanaşmağa başlayıb. Çünki onun özünün silah-sursata olan tələbatı durmadan artır və demək, xarici bazarlara tədarük imkanları getdikcə azalır. Bu, xüsusilə Hindistanı narahat edir. Məlum olduğu kimi, Hindistan Rusiya silahlarının aparıcı idxalçısı sayılır.
2013-2017-ci illərdə dünyada silah satışının 22%-i Rusiyanın payına düşürdüsə, 2018-2022-ci illərdə bu rəqəm 16%-ə düşüb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, eyni dövrdə ölkədən silah ixracı 31% azalıb. Belə bir vəziyyətdə Rusiyanın «boşaltdığı» yeri Fransa tutmağa çalışır. Ötən dövrdə o, dünya silah bazarında ABŞ-dan sonra ikinci pilləyə yüksəlib. Fransa-Rusiya rəqabəti özünü xüsusilə Hindistan bazarında göstərir. Son illərdə Rusiyadan Hindistana silah tədarükü 47% azalıbsa, Fransa öz göstəricisini 30% artırıb. Lakin bu halda belə, Rusiya Hindistanın əsas silah tədarükçüsü olaraq qalır.
Lokal bazarlarda böyük oyunlar
Eyni vaxtda Hindistan özü də müdafiə sənayesini fəal şəkildə inkişaf etdirir. Bu, ölkə iqtisadiyyatının vacib sektorlarındandır. Hindistan milli təhlükəsizliyi ilə bağlı narahatlıq fonunda bu işə xüsusi diqqət ayırır. Hökumət Silahlı qüvvələrini müasirləşdirmək, xarici amillərdən asılılığı azaltmaq üçün «Hindistan istehsalı» siyasətinin təşviqi istiqamətində bir neçə təşəbbüs irəli sürüb.
Hindistanla yanaşı, Çin də silah istehsalını genişləndirməyə başlayıb. Bu təşəbbüslər uğur qazanarsa, onların Moskvadan asılılığı azalacaq və bəlkə də bu ölkələr silah bazarında Rusiyanın rəqibinə çevriləcəklər.
Hələliksə Rusiya bazarda getdikcə azalan payını qorumağa çalışır, Amerika şirkətləri isə bu yarışda geri qalmamaq üçün əllərindən gələni edir.
Ukrayna və Avropaya artan silah tədarükü regional bazarlarda boşluq yaradır, nəticədə, hərbi sənaye kompleksi daha məhdud olan yerli oyunçular bu boşluğu doldurmağa çalışır. Məsələn, 44 günlük müharibədən sonra Cənubi Qafqazda aparıcı dron istehsalçısı kimi mövqeyini gücləndirmiş Türkiyə bu uğuru Ukraynaya ixracla davam etdirir. Ümumilikdə son onillikdə Türkiyə müdafiə sənayesində muxtariyyətini təmin etmək üçün intensiv işlər görüb. Bu, ölkəyə hərbi təyinatlı məhsulların idxalından asılılığını 70%-dən 30%-ə endirməsinə imkan verib. Məlumata görə, bu gün Türkiyə müdafiə sənayesində müstəqil şəkildə 760-dan artıq layihə reallaşdırır. Onların ümumi dəyəri 70 milyard dollardan çoxdur. Belə bir şəraitdə Türkiyənin müdafiə sənayesi kompleksinin ixrac həcmi ildən-ilə yeni rekordlar müəyyənləşdirir. Yalnız 2022-ci ildə ölkənin hərbi məhsul ixracı 36,9% artaraq, 4 milyard 395 milyon dollara çatıb ki, bu da yeni rekorddur. Satış həcminə görə ilk yeri isə pilotsuz uçuş aparatları tutur. Türkiyənin ümumi hərbi məhsul ixracının 24,5%-ni məhz dronlar təşkil edir. Söhbət 1 milyard dollarlıq ixracdan gedir.
Cənubi Koreyadan Azərbaycanadək
Yəqin ki, sözügedən sahədə ən böyük uğur Cənubi Koreyanındır. Bu ölkənin sürətlə inkişaf edən müdafiə sənayesi hökumət tərəfindən ciddi dəstək görür. Baş nazir bildirib ki, Cənubi Koreyanın hədəfi 2027-ci ildə dünyanın əsas silah ixracatçıları sırasında 4-cü yerə yüksəlməkdir (SIPRI-nin məlumatına görə, bu ölkə 2021-ci ildə qeyd olunan siyahıda 8-ci olub).
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Cənubi Koreya Polşa ilə təxminən 6 milyard dollarlıq saziş imzalayıb. O, tankların, haubitsaların və döyüş sursatlarının tədarükünü nəzərdə tutur. Sənəddə nəzərdə tutulmuş hərbi məhsulların bir hissəsi artıq Polşaya çatıb. Artıq Norveçlə Estoniya da Cənubi Koreya silahlarına maraq göstərirlər.
Qeyd edək ki, Seul silah istehsalçısı kimi bir sıra nadir üstünlüklərə malikdir. Texniki baxımdan ölkənin hələ də Şimali Koreya ilə müharibə şəraitində olduğunu nəzərə alsaq, o, böhran şəraitində tələbatı «nisbətən ucuz qiymətə» ödəmək üçün müdafiə sənayesini genişləndirməyə məhkumdur. Bununla yanaşı, ölkə ABŞ ilə davamlı şəkildə birgə hərbi təlimlər keçirdiyindən, onun silahları NATO sistemlərinə xeyli uyğunlaşdırılıb. Sadəcə, koreyalı podratçılar amerikalı həmkarlarından fərqli olaraq, öz texnologiyalarını başqa ölkələrə daha həvəslə təqdim edir.
Lakin bir böyük fərq də var. Məsələ ondadır ki, Cənubi Koreya Rusiya və Şimali Koreya ilə münasibətləri üzündən Ukraynaya silah satmayacağına söz verib və bu vədindən, çətin ki, imtina etsin. Üstəlik, Seul hər zaman fəal hərbi əməliyyatların keçirildiyi zonalara silah göndərməyin əleyhinə çıxış edib. Amma bu, onun bəzi «yaradıcı» qərarlarına mane olmur. Məsələn, 2022-ci ilin noyabrında Cənubi Koreyanın Birləşmiş Ştatlara 100 min artilleriya sursatı satmağa razılıq verdiyi haqda məlumat yayılmışdı. O zaman Seul həmin sursatların «son mənzil»inin ABŞ olacağını deyir və bunda israr edirdi. Lakin amerikalı rəsmilər mərmilərin Ukraynaya göndəriləcəyini bəyan etdilər.
Müharibə uzandıqca, Avropada silaha tələbat, yəqin ki, artacaq. Çünki Ukraynanın tərəfdarları onu silahlandırdıqca, özləri də yeni silahlar alır və silahlı qüvvələrini müasirləşdirirlər. Üstəlik, silahlanma yarışı çətin ki, müharibənin bitməsi ilə başa çatsın. Çünki silah istehsalçıları uzaq Şərqi Avropadan uzaqda olan müştərilər uğrunda da yarışır.
Artıq müəyyən müddətdir ki, bu prosesə Azərbaycanın müdafiə sənayesi də fəal qoşulub. 44 günlük müharibədən sonra yerli silah istehsalçıları yeni sifarişlər alıb və alır. Məlumdur ki, Azərbaycanda 1000-dən çox adda silah, sursat və hərbi təyinatlı digər məhsul istehsal olunur. 2021-ci ildə bu istehsalın 60%-dən çoxu ixraca yönəldilib. Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə hərbi məhsul ixrac edib. Onların arasında müasir atıcı silahlar, pilotsuz uçuş aparatları, zirehli texnika, o cümlədən aparıcı istehsalçıların lisenziyası ilə istehsal olunan məhsullar var.
Son illər yaxın silah bazarlarındakı payın qorunub saxlanması və artırılması üçün bir sıra regional silah istehsalçıları ilə kooperasiyaya da üstünlük verilir.
MƏSLƏHƏT GÖR: