Müəllif: Nərgiz BAĞIROVA
Bu il Bakı Xoreoqrafiya Akademiyasının yubileyidir: balet kadrlarının hazırlandığı təhsil ocağının 100 yaşı tamam olur. Bir vaxtlar xoreoqrafiya məktəbi və hətta balet studiyası olan bu akademiya mövcud olduğu müddətdə çoxlu sayda istedadlı, görkəmli rəqqas və baletmeysterlər yetişdirib.
Azərbaycan xoreoqrafiya məktəbinin ötən əsrin 20-ci illərində yaranması qürurverici faktdır. 1922-ci ildə Əli Bayramov adına Mərkəzi Klubun nəzdində Balet Studiyası açılıb. Azərbaycan professional musiqisinin baniləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin təşəbbüsü və Azərbaycan SSR Xalq Maarif Komissarlığı kollegiyasının qərarına əsasən, 1923-cü il avqustun 18-də Bakıda 4 illik təhsil müddətini əhatə edən ritm və rəqs studiyası açılıb. Bundan bir neçə il qabaq, yəni 1920-ci ildə Bakıda Azərbaycan Dövlət Teatrının (sonralar Opera və Balet Teatrı) truppası təsis edilib. Buna görə də rəqqaslar üçün peşəkar fundamental təhsil ocağının yaradılması təkcə dövrün diktəsi ilə deyil, həm də zərurətdən irəli gəlirdi.
Təşəkkül dövrü
Təhsil müəssisəsinin yaradılması üçün ilkin şəraitdən danışarkən qeyd etmək lazımdır ki, həmin dövrdə konsert proqramlarına çox vaxt xalq rəqsləri də salınmağa başlanılıb. Bakıya qastrollar gəlməyə başlayıb və gənc nəsildə rəqs studiyalarına getməyə, yəni peşəkar şəkildə rəqs etməyi öyrənmək həvəs yaranıb.
Qeyd edək ki, akademiyanın şanlı tarixi ərzində onun adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1933-cü ildə studiya balet məktəbinə, 1936-cı ildə xoreoqrafiya texnikumuna, sonra isə 9 illik təhsil müddətini əhatə edən Bakı Xoreoqrafiya Məktəbinə çevrilib. Əvvəlcə məktəbin pedaqoji heyətinə Sankt-Peterburqdan olan mütəxəssislər daxil idi.
Əlbəttə ki, 1923-cü ilə qədər Azərbaycanda səhnə xoreoqrafiyasının olmadığını söyləyə bilmərik. Ancaq o, yalnız kiçik xoreoqrafik nömrələr şəklində təqdim edilib. Buraya 1920-ci ildə Bakıda nümayiş etdirilən, Üzeyir Hacıbəylinin musiqisinə yazılmış “Azərbaycan” və “Dağıstan” miniatürləri, həmçinin bəstəkar Müslüm Maqomayevin yarımçıq qalmış “Dəli Muxtar” baleti daxildir. Opera tamaşalarında rəqs epizodlarını da unutmaq olmaz.
Əgər əvvəllər bakılı tamaşaçıların (təkcə onların yox!) yalnız Moskvadan, Sankt-Peterburqdan və xarici ölkələrdən dəvət olunmuş rəqqasların ifasında balet tamaşalarına baxmaq imkanı vardısa, ötən əsrin 20-30-cu illərdə vəziyyət dəyişib. Teatr səhnəsində “Qu gölü” (1923), “Qırmızı lalə” (1928, 1936), “Karmanyola” (1933), “Don Kixot” (1934), “Korsar” (1936) və başqa baletlər tamaşaya qoyulub. Maraqlıdır ki, ovaxtkı məktəbin məzunlarının sayı çox az idi. Məsələn, 1931-ci ildə klassik şöbəni cəmi iki (!) balet artisti bitirib. İlk məzunlar arasında daha sonra uzun onilliklər ərzində xoreoqrafiya məktəbinə rəhbərlik etmiş balet ulduzumuz Qəmər Almaszadə də var idi. Azərbaycan balet sənətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Q.Almaszadə “Azərbaycan SSR-in Xalq artisti”, “SSRİ-nin Xalq artisti” adına, dövlət mükafatlarına və xoreoqrafiya professoru elmi adına layiq görülüb.
Korifeylər
Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti Təranə Muradovanın sözlərinə görə, xoreoqrafiya məktəbi mövcud olduğu uzun müddət ərzində bir neçə çox görkəmli rəqqas nəsli yetişdirib və onlar təkcə Bakı Akademiyasında deyil, həm də bütün dünyada dərs deyir və təcrübələrini bölüşürlər.
Təranə xanım fəxr edir ki, akademiyada Leyla Vəkilova, Xumar Zülfüqarova, Valentina Zeynalova, Əlibaba Abdullayev, Əminə Dilbazi, Roza Cəlilova, Afaq Məlikovanın dərs dediyi dövrün şahidi olub: “Bu korifeylər xoreoqrafiya sənətimizin çiçəklənməsi üçün çox işlər görüblər və biz belə böyük ulduzlardan dərs aldığımıza görə fəxr edirik”.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbində K.Bataşov, R.Axundova, M.Məmmədov, Y.Kuznetsov, V.Çiqnadze, İ.Mixayliçenko və s. parlaq baletmeysterlər yetişib. Bakı Xoreoqrafiya Akademiyasının məzunları – Maqsud Məmmədov və Rəfiqə Axundova görkəmli baletmeysterlər olublar. Onlar Opera və Balet Teatrının səhnəsində “Xəzər balladası”, “Qobustan kölgələri”, “İldırımlı yollarla”, “Yeddi gözəl” tamaşalarını, “Azərbaycan süitası”, “Yallı” və “Muğam” xoreoqrafik miniatürlərini səhnələşdiriblər.
Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbənin məzunları çox vaxt Opera və Balet Teatrının balet truppasına, xalq rəqsləri şöbəsinin məzunları isə Dövlət Mahnı və Rəqs Ansamblına daxil olurlar. Bundan başqa, akademiyanın məzunları Rus Dram və Azərbaycan Akademik Musiqili teatrlarının balet truppalarında çalışır, bir çoxları pedaqoji, təşkilati fəaliyyətlə məşğul olur, uşaqlar və gənclər üçün rəqs, teatr studiyaları açır, ansambllar yaradırlar.
O vaxt milli incəsənətin demək olar ki, bütün sahələrində yaranmış və bir çox təcrübəli balet ustalarının vətənlərini tərk etməsinə səbəb olan çətin vəziyyətə baxmayaraq, akademiya Azərbaycan teatr səhnəsinin gələcək ulduzlarının yetişdirilməsi istiqamətində işləri dayandırmamışdı. Xatırladaq ki, xüsusilə 1980-ci illərdə balet sahəsində böhran baş vermişdi. Həmin dövrdə artistlərin əməkhaqları hətta yaşayış minimumundan belə aşağı idi. Amma zaman keçdikcə vəziyyət dəyişib. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə balet artistlərinin əməkhaqları artırılıb. Himayəçilər Şurasının, aparıcı iqtisadi strukturların və şirkətlərin xeyriyyə yardımları bu sahəyə real kömək göstərib. Nəticədə, 1997-ci ildə ovaxtkı xoreoqrafiya məktəbinin məzunları iki premyera - P.Çaykovskinin musiqisi ilə “Romeo və Cülyetta” və Q.Donizettinin musiqisi ilə “Arlekinada” baletlərini hazırlayıblar. Bu iki premyera Azərbaycan xoreoqrafiya məktəbinin və balet sənətinin tarixində yeni bir dövrün başlanılması demək idi.
Qafqazda yeganə xoreoqrafiya strukturu
Məhz məktəbin məzunları olan gənc artistlər yeni teatral tamaşalarda obrazlar yaradıblar. Bu tamaşalar indiki dövrdə Azərbaycan baletinin klassikasına çevrilib. Buraya modern tamaşalar da daxildir: Xəyyam Mirzəzadənin “Ağ və qara” baleti, Qara Qarayevin simfonik qravürlərinin musiqisi ilə “Don Kixot”, “Leyli və Məcnun” (Qara Qarayev) baletləri. Artıq özünü təsdiqləmiş tamaşalar da aparıcı solistlərin köməyi ilə bərpa edilib. Onlara məhz Bakı Xoreoqrafiya Akademiyası dəstək verib.
Bəs Bakı Xoreoqrafiya Məktəbi niyə akademiyaya çevrildi? Məsələ burasındadır ki, məktəb yalnız orta ixtisas təhsili verirdi. Odur ki, ali təhsil almaq istəyən məzunlar başqa təhsil müəssisələrində oxumalı idilər. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.
İndi burada musiqişünas, konsertmeyster, xoreoqraf, musiqi ifaçısı, sənətşünas, teatrşünas, rejissor, səhnə rəssamı, pedaqoq kimi ixtisaslar üzrə ali təhsil almaq mümkündür. Məzunlar magistraturada, doktoranturada təhsillərini davam etdirə və hətta elmi işlə məşğul ola bilərlər.
Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova vurğulayıb ki, milli xoreoqrafiya məktəbinin zəngin tarixinin olmasına baxmayaraq, akademiya Qafqazda yeni və yeganə struktur kimi ən yüksək səviyyədə fəaliyyət göstərməlidir - bura artıq studiya və ya məktəb deyil: “Qəmər Almaszadə, Əlibaba Abdullayev kimi korifeylərimizin irsi və ustalığı xatırlanaraq və ehtiram göstərilərək akademiyanın divarları arasında milli xoreoqrafiya məktəbinin ənənələrini qoruyub saxlayan yeni müasir proqramlar yaradılır, yeni rəqslər səhnələşdirilir”. Onun sözlərinə görə, elmi sahədə də səmərəli işlər aparılır, xalq rəqsləri sənətinə, Azərbaycan baletinin tarixinə dair kitablar nəşr olunur.
İndiki şəraitdə milli baletimizə həsr olunmuş kitabların, o cümlədən “Qız qalası”, “Min bir gecə”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi” kimi tamaşalarla bağlı kitabların nəşri Azərbaycan xoreoqrafiyasının əsasının və tarixinin qorunub saxlanılması üçün çox vacibdir. Gələn il artıq dördüncü dəfədir ki, dünyanın hər yerindən rəqqasları bir araya gətirən Q.Almaszadə adına beynəlxalq müsabiqə keçiriləcək.
Bir sözlə, Bakı Xoreoqrafiya Akademiyası 100 illik yubileyinə böyük nailiyyətlər və milli balet sənətinə ciddi töhfəsi ilə daxil olur. Akademiya uzun, şərəfli yol keçib. Məhz onun sayəsində Azərbaycanın əfsanəvi, əməkdar və xalq artistləri mədəniyyət üfüqündə parlayıblar. Onlar üçün musiqi və xoreoqrafiya ilə bağlı şah əsərlər yaradılıb və məhz onlar öz böyük müasirlərinin - rejissorların, bəstəkarların, rejissorların ideyalarını təcəssüm etdiriblər. İnanırıq ki, başlanğıcını Xoreoqrafiya Akademiyasından götürən Azərbaycan balet məktəbinin əvəzsiz ənənələrini yeni məzunlar, solistlər, xoreoqraflar davam etdirəcək və əbədiləşməsinə vəsilə olacaqlar.
MƏSLƏHƏT GÖR: