24 Noyabr 2024

Bazar, 05:57

GƏLƏCƏK GƏLDİ

Süni intellektin bəşəriyyətə təsirilə bağlı suallar saysız-hesabsız olsa da, onlara cavab yoxdur

Müəllif:

15.05.2023

Süni intellektin (Sİ) «xaç atası», neyron şəbəkələrinin yaradıcısı, 75 yaşlı Britaniya əsilli kanadalı alim Ceffri Xintonun «Google» şirkətini qeyri-əxlaqi davranışda günahlandıraraq qurumdan ayrılması, dünyaya Sİ təhlükəsi haqda xəbərdarlıq etməsi insanlarda anlaşılan narahatlıq yaradıb. Çünki «ChatGPT», «Google Bard», «Midjorney» və son dövrlərdə informasiya məkanına və ümumiyyətlə, insanların həyatına daxil olmuş digər bu kimi süni intellektli çat-botların inkişafının arxasında faktiki olaraq, bu şəxs dayanır.

 

Təhlükə yaxındadır

2018-ci ildə Xinton «dərin neyron şəbəkələrini hesablamanın təməl daşına çevirən konseptual və mühəndislik nailiyyətlərinə» görə Alan Tyurinq mükafatına layiq görülüb. Bu il mayın 1-də isə o, «The New York Times» qəzetinə sensasion müsahibəsini verib. Alim bildirib ki, çat-botların əsas təhlükəsi ondadır ki, onsuz da kontentinin doğruluğu ilə fərqlənməyən internet getdikcə daha çox saxta məlumatla – fotolar, videolar və mətnlərlə dolacaq.

Bundan əvvəl gücü «GPT-4»dən artıq olan süni intellekt sistemlərinin hazırlanmasını müvəqqəti olaraq dayandırmağın vacibliyi haqda «Twitter», «SpaceX» və «Tesla»nın sahibi İlon Mask, «Apple» şirkətinin yaradıcısı Stiv Voznyak və bu sahənin bir sıra digər nüfuzlu şəxsləri də danışmışdılar. Onların fikrincə, əvvəlcə İİ-nin qarşısının alınması mexanizmləri müəyyənləşdirilməli, yalnız bundan sonra onların inkişaf etdirilməsi yolları haqda düşünülməlidir. Əks təqdirdə, günlərin birincə gec ola bilər və Sİ həddindən artıq müstəqil gücə çevrilə bilər…

Bu, insanlar üçün bir çox risklər yaradır. Belə risklərdən ən yaxın və anlaşılan olanları ilə prinsipcə, internet istifadəçiləri artıq qarşılaşıb: doğru hansıdır, yalan hansı? Reallıq hansıdır, uydurma hansı? Həqiqət marketi nədir? Seçim nəyin əsasında edilməlidir (diş pastasından tutmuş, səs verəcəyin namizədədək)? Bu suallar ilk baxışda göründüyündən xeyli çətin və ciddidir. Çünki indi neyron şəbəkələrinin adi istifadəçiləri onlara əsasən əyləncə üçün müraciət edirsə, onların bütün sahələrdə istifadə olunacağı dövrdə reallığımız necə olacaq? Həyatımızı anlamadığımız alqoritmlər diktə etməyə başladıqda necə davranmalı olacağıq?

Martın sonlarında Roma Papası Fransiskin dəbdəbəli ağ geyimdə olan şəkli bir anda bütün sosial şəbəkələri bürümüşdü. Şəkil dərhal «Twitter»da virusa çevrilmişdi. Əslində, o, «Midjorney» neyron şəbəkəsi vasitəsilə hazırlanıbmış və bu, kifayət qədər asan başa gəlib: botun messencerinə Papanın necə təsvir edilməsinin istənildiyi haqda məlumat göndərilib, vəssalam.

Artıq Donald Trampın saxlanıldığı, Vladimir Putinin Haaqa Beynəlxalq Məhkəməsi qarşısına çıxarılması, həmçinin Putinin guya Si Cinpin qarşısında diz çökməsi kimi bir çox belə saxta şəkillər var. Əlbəttə, bunlar daha çox əyləncə üçündür. Xintonu narahat edən isə Sİ-dən seçkilərin nəticələrinin saxtalaşdırılması, şantaj, yalan, hansısa dövlətin milli təhlükəsizliyinin pozulması, müharibələrə başlanılması üçün istifadə edilə biləcəyi ehtimalıdır…

KİV-in gələcəyi də təhlükə altına düşəcək. Bir yandan, jurnalistlərin özləri və məhsulları ilə manipulyasiya üçün geniş imkanlar açılır, digər tərəfdən mətbuat özü işləmək üçün fantastik alətlər əldə edir. Bəs bu «yeni gözəl dünya»da etibar və ya əxlaq, etika prinsipləri necə olacaq, yaxud ümumiyyətlə olacaqmı? Və əlbəttə ki, bu yerdə bir sual da yaranır: jurnalistlərə ehtiyac qalacaqmı?

Sİ texnologiyalarının əmək bazarına potensial təsiri haqda düşünməyin özü belə, qorxuludur. «Goldman Sachs» tərəfindən hazırlanmış hesabatda deyilir ki, bu, dünyada 300 milyon iş yerini təhlükə altına ata bilər. IBM (Biznes üçün beynəlxalq maşınlar korporasiyası) şirkətinin baş direktoru Arvind Krişna artıq bildirib ki, o, süni intellektin əvəzləyə biləcəyi işçilərin qəbulunu dayandırır. Amma bu, yalnız başlanğıcdır.

 

İnsan beynindən daha kamil

«Bəzi insanlar inanırdılar ki, texnologiyalar bizdən ağıllı ola bilər. Amma əksəriyyət bunu şişirtmə hesab edirdi. Mən də düşünürdüm ki, buna hələ çox var – 30-50 il, yaxud daha çox. Deyəsən, daha belə düşünmürəm», - deyə Xinton müsahibəsinbə bildirib.

Onun fikrincə, neytron şəbəkələri bəzi aspektlərdən artıq insan beynindən daha ağıllıdır: «Biz bioloji sistemlərik, burada isə söhbət rəqəmsal sistemlərdən gedir. Ciddi fərq ondadır ki, rəqəmsal sistemlərdə eyni ilkin komponentlərdən bir neçə surət almaq mümkündür. Onların hamısı bir-birindən ayrılıqda öyrənə, sonda bi randa yeni biliklərini birləşdirə bilərlər. Təsəvvür edin, 10 min insanın hər biri yeni nəsə öyrənir, bir anda həmin biliklərin hamısı 10 min nəfərin hamısında cəmlənir. Bu çat botlar məhz bu üzdən ayrı-ayrı insanlardan dəfələrlə çox şey bilə bilərlər. Bu, intellektin tamamilə başqa formasıdır. Yeni və daha kamil».

Bəli, həqiqətən də, artıq «OpenAI» bir neçə şirkətlə tətbiq olunur, onlar müştərilərlə fəal iş aparır, məlumatlar bazasını strukturlaşdırır və s. Üstəlik, neyron şəbəkələri yüksək səviyyədə imtahan da verir, əksər məzundan qat-qat yaxşı diplom işi yazır. Rusiya Dövlət Humanitar Universitetinin məzunu Aleksandr Jadanın cəmi 1 sutka ərzində «ChatGPT»nin köməyi ilə diplom işi yazıb onu müdafiə etdiyi hər kəsə məlumdur.

Beləliklə, iddia etmək olar ki, Sİ proqramçılar tərcüməçilər, mühasiblər, hüquqşünaslar, müxtəlif assisentlər və sonsultantlar, çağrı mərkəzlərinin əməkdaşları, kontent yaradıcıları, dizaynerlər, hətta tibb işçiləri (məsələn, neyron şəbəkəsi artıq kifayət qədər dəqiq diaqnoz qoyur), hətta bəstəkarlar (!) üçün real təhdiddir. Aprelin əvvəllərində neyron şəbəkəsinin Dreyk və «The Weeknd»in səsi ilə yaratdığı «Heart On My Sleeve» mahnısı sosial şəbəkədə peyda olub və artı qonu milyonlarla insan izləyib. Belə nümunələr çoxdur. Müəllif hüquqları haqda hələ heç kim düşünmür. Lakin əminliklə demək olar ki, neyron şəbəkələrinin yaradıcılıq qabiliyyəti, hətta yumor hissi də var. Yeri gəlmişkən, süni intellekt KİV ilə hesablaşa və ya işsizlər ordusu da yarada bilər – yenə də siyasət və milli təhlükəsizlik sahəsində. Sİ ilə ünsiyyətin milyonlarla insanın psixi sağlamlığına necə təsir göstərəcəyi məsələsi də milli təhlükəsizlik sahəsinə aid məsələ sayıla bilər. Bu kontekstdə bir məqamı xatırlatmaq kifayətdir: əksər istifadəçidə canlı insanla ünsiyyət təsəvvürü yaranır. Beləliklə, tək işsizlər deyil, həm də psixi problemli insanlar ordusunun yaranması istənilən cəmiyyət üçün təhlükəyə çevrilə bilər.

 

Dələduzluq üçün meydan

Baş verənlər fonunda kibercinayətkarların necə ruhlandıqlarını da xatırlatmaq lazımdır. Artıq onlar hər yerdə xoşməramlı olmayan kiberfəallıq üçün «ChatGPT»dən necə istifadə oluna biləcəyini müzakirə edirlər. Söhbət fırıldaqçılıq məqsədilə məktubların yazılmasından, zərərli proqramların kompilyasiya edilməsindən və s. gedir. Üstəlik, daha dil əngəli də olmayacaq – neyron şəbəkəsi məktubu elə yüksək səviyyyədə yaza bilər ki, həmin dilin ən yaxşı bilicisi belə, ortada hiylənin olduğunu anlamaz. O, sosial şəbəkələrdə real profillərdən fərqləndirilməsi mümkün olmayan, paylaşımlarla, mesajlarla, foto və videolarla zəngin saxta profillər də yarada bilir. Beləliklə də, kibercasusluq üçün yeni imkanlar, qlobal və milli təhlükəsizliyə yeni təhdidlər yaranır.

Nəhayət, ən qorxulusu! Xinton düşünür ki, süni sistemlər hədsiz məlumatları təhlil edən zaman təxmin olunması çətin davranışlara da yiyələnə bilər. Demək, insanlar üçün Sİ-nin işləmə mexanizmlərini proqnozlaşdırmaq getdikcə çətinləşəcək. Yəni biz onlardan nə vaxt nəyi gözləməli, nəyə hazırlaşmalı olduğumuzu bilməyəcəyik. Xintonun sözlərinə görə, «ağıllı əşyalar bizdən ağıllı olarsa», bəşəriyyət təhlükə qarşısında qalacaq. Onlar ictimai rəyin idarə olunması ilə bağlı bütün kitabları oxuyarlarsa, yaxud bütün yazışmalardan, sorğulardan nəticə çıxararlarsa və s., çox şey öyrənə bilərlər. Onların bu yollarla nələri öyrənə biləcəkləri bizim ağlımıza belə, gələ bilməz. Ümumilikdə söhbət sivilizasiyaya nəzarətin itirilməsindən gedə bilər və bu, uzaq gələcəkdən yox, yaxın illərdən baş verə bilər.

Bəs bəşəriyyət Sİ-dən istifadənin mümkün zərərini önləmək üçün birgə addımlar atacaqmı? İnsanların yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə, münaqişələrin həlli kimi məsələlərdə necə birgə və «effektiv» davrandıqlarını nəzərə alsaq, cavab məlumdur. Onlar, güman ki, Sİ-dən istifadə ilə bir-biri üzərində üstünlük qurmağa daha çox çalışacaqlar. Bu, ən ehtimal olunan ssenaridir və ola bilsin ki, Sİ artıq bunu da anlayır. O da ola bilər ki, hadisələrin bu cür inkişafı sivilizasiyamız üçün «qırmızı xətt»ə çevrilsin.

Xinton sözügedən müsahibəsindən bildirib ki, o, gördüyü işlərə görə təəssüflənir, lakin özünə təskinlik də verir: «Bunu mən etməsəydim, kimsə edəcəkdi». Bununla yanaşı, alim yaxşı və sahə həll yolunu da arzulayır, lakin bunu bilmədiyini deyir. Üstəlik, o, belə həll yolunun olduğuna əmin də deyil.



MƏSLƏHƏT GÖR:

106