Müəllif: NURANİ
Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə keçirilmiş görüş Bakı ilə İrəvan arasında cərəyan edən son hadisələrin yekun nöqtəsi statusuna iddia edə bilər. Brüsseldə formal olaraq nə qoşunların geri çəkilməsi, nə strateji yüksəkliklərə nəzarət məsələləri müzakirə olunmasa da, Qarabağda və Azərbaycanla Ermənistanın şərti sərhədlərində hadisələrin gedişatını məhz bu görüşün müəyyənləşdiricəyinə şübhə yoxdur. Gəlin, yaşananlara ardıcıllıqla nəzər yetirək.
Brüssel görüşü: kadr arxasında nə var?
Azərbaycan-Ermənistan münasibətlərinin ümumilikdə normallaşması prosesini və Avropanın bu işdəki vasitəçilik cəhdlərini diqqətlə izləyənlər Şarl Mişelin görüşün yekunlarına dair bəyanatında əvvəlki tezislərin təkrarlandığını diqqətdən qaçıra bilməzlər. Bu tezislərin Azərbaycanın xeyrinə olduğuna isə şübhə yoxdur.
Brüsseldə Azərbaycanın ərazi bütövlüyünün tanındığı bir daha vurğulanıb, üstəlik, bu dəfə onun tanınan ərazisi rəqəmlərlə də ifadə olunub – 86 900 kvadrat kilometr. Söhbət Azərbaycanın Qarabağı da əhatə edən ərazisindən gedir və artıq İrəvan nəzəri baxımdan belə, «Artsaxın müqəddəratını təyin etməsi» və s. kimi fikirlərin arxasında cizlənə bilməz. Ermənistanın yekun bəyanatın mətninə 1975-ci il xəritəsi ilə bağlı formul əlavə etmək cəhdi də alınmayıb, çünki Azərbaycan buna etiraz edib. Yalnız bunun özü Ermənistan üçün böyük diplomatik iflasdır.
İrəvan üçün daha bir məyusluq «humanitar gündəlik» olub. Ondan Azərbaycanın iki əsgərni geri qaytarması tələb edilib, lakin Azərbaycanın bu yaxınlarda sərhəd buraxılış məntəqəsi qurduğu Laçın yolu haqda heç nə danışılmayıb.
Silahlı təxribat işə yaramadı
Brüssel danışıqlarının bu cür alınması Paşinyan və komandası üçün gözlənilməz idimi? Bir yandan, son həftələr və aylar ərzində Ermənistan Fransa ilə «eksklüziv» münasibətlərinə üstünlük verərək Avropa İttifaqına açıq şəkildə «flört edir», Aİ-nin müşahidə missiyasının piarı ilə məşğul olurdu. Digər tərəfdən isə məhz Brüssel görüşü ərəfəsində o, Azərbaycanla şərti sərhədin Kəlbəcər istiqamətində – Söyüdlü qızıl yatağı («Zod yatağı») yaxınlığında növbəti təxribata əl atmışdı.
Təcrübəli şəxslər bilir ki, «əsəblər savaşı» şəraitində atəşkəs rejiminin planlaşdırılmadan pozulması riski hər zaman var. Amma bu dəfə məsələ bir qədər fərqli olub. Mayın 10-da Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa başlayıb. Ölkə rəhbərliyinə informasiya çatdırılıb və təxribata son qoyulması çağırışı edilib. Lakin səhəri gün atəş nəinki davam edib, istifadə olunan silahların çapı daha da böyüyüb. Üstəlik, təxribata əl atılan əraziyə əvvəlcədən (!) snayperlər də yerləşdirilibmiş. Bu, təsadüfi və planlaşdırılmayan məsələ ola bilməz. Bakıda ekspertlər diqqəti həm də erməni tərəfinin press-relizlərinin yayılması sürətinə və təxribatın Paşinyanın sədrliyi ilə keçirilən hökumət iclası ilə eyni vaxta təsadüf etdiyinrə çəkiblər. Baş nazir belə toplantılarda ənənəvi olaraq, səs-küylü bəyanatlar verir.
Ermənistan hökumətinin məqsədləri bəlli idi. Belarus görüşü onlara lap əvvəldən yaxşı heç nə vəd etmirdi. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqton danışıqları da öz yerində. Mətbuata sızan çoxsaylı informasiyalara görə, ABŞ tərəflər arasında tezliklə sülh müqaviləsinin imzalanması üçün xüsusi fəallıq göstərməyə başlayıb. Belə bir vəziyyətdə Ermənistanın ümid edə biləcəyi yeganə məsələ Qarabağ ermənilərinə azlıq statusunun verilməsi ilə bağlı ola bilərdi. Amma ABŞ azlıqların hüquqlarından danışarkən, hər iki tərəfdən olan azlıqları nəzərdə tutub – söhbət hazırkı Ermənistanın ərazisindən qovulmuş azərbaycanlılardan da gedir. Odur ki, İrəvanın Brüssel danışıqlarını hərbi təxribatların köməyi ilə pozması üçün səbəbi var idi.
Onu da qeyd edək ki, atəş sərhədin birincisi, Azərbaycanın artıq dəqiqləşdirdiyi hissəsində açılıb. İkincisi, Ermənistan Silahlı Qüvvələri bu zaman qızıl yatağına nəzarətin ələ keçirilməsinə də çalışıb. Üçüncüsü isə İrəvan hələ də yeni ərazilərin ələ keçirilməsi xəyalları ilə yaşayır və bu mənada görünən odur ki, məhz Kəlbəcər istiqamətini özü üçün daha perspektivli sayır.
Fransasız qalmış Ermənistan
Beləliklə, İrəvan qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb. Azərbaycana güc yolu ilə təzyiq göstərmək alınmayıb. Komanda-qərargah maşınının məhv edilməsi isə Ermənistan üçün yeganə acınacaqlı hərbi reallıq deyil. O, Brüssel danışıqlarını pozmağı da bacarmayıb. Nəhayət, Şarl Mişelin yekun bəyanatında qoşunların geri çəkilməsi ilə bağlı bir kəlmə də yer almayıb, əvəzində sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyi xüsusi vurğulanıb.
Ermənistan hökumətinin səyləri sirr deyil. Brüssel görüşü isə İrəvana lap əvvəldən yaxşı nəsə vəd etmirdi. Açıq desək, Brüssel danışıqlarının baş tutması faktının özü Avropa diplomatiyasının böyük uğurudur. Bu, xüsusilə Ermənistanın onu pozmaq cəhdləri fonunda belə qiymətləndirilə bilər.
Praqa danışıqlarından sonra Avropanın vasitəçiliyi «ipdən asılı» vəziyyətə düşmüşdü. Səbəb Fransa ilə Ermənistanın destruktiv mövqeyi idi. İrəvan israrla danışıqlarda Parisin də iştirakını tələb edir, Bakı isə buna qəti etiraz edirdi. Bu da nəticə: Brüssel danışıqları Fransanın hər hansı formada iştirakı olmadan keçirildi ki, bu da tamamilə qanunauyğundur.
Fransa Prezidenti Emmanuel Makron özünə istədiyi qədər «Napoleon planları» ilə təskinlik verə, Avropa meydanında özünə xüsusi status tələb edə bilər. Reallıqda Parisin siyasi və diplomatik nüfuzu kəskin şəkildə azalır və bu, özünü Avropada da göstərir.
«Beşinci respublikası»nın hazırkı rəhbəri ölkə daxilində də ciddi etirazçı kütlə ilə qarşı-qarşıyadır – əvvəlcə bu, «sarı jiletlilər» idisə, indi pensiya islahatlarına etiraz edənlərdir. Makronun son təşəbbüsü xalqda o qədər qəzəb yaradıb ki, Fransa xalqı az qala bütünlüklə küçələrə axışıb. Bununla yanaşı, Parisin nüfuzuna xarici siyasətdəki uğursuzluqlar da ciddi zərbə vurub. O, Afrika müstəmləkələrindəki nüfuzunu sürətlə, bəzən biabırcasına itirir. Belə bir vəziyyətdə Avropa liderləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini Fransada yerli ermənilərin səsi uğrunda aparılan mübarizədən asılı vəziyyətə salmaq istəmir. İndi Cənubi Qafqazda, həmçinin elə Avropanın özündə «stavka»lar çox yüksəkdir. Bu, həm neftdir, həm qaz, həm «Orta dəhliz». Belə bir vəziyyətdə Paris İrəvanla birlikdə ümumilikdə Avropanın maraqlarına qarşı gedirsə, «Köhnə qitə» buna lazımi diqqəti göstərəcək və müvafiq nəticələri çıxaracaq. Hətta artıq həmin nəticələrin çıxarıldığını da söyləmək olar.
İrəvanın nəticə çıxarmadığı dərslər
İrəvanın diplomatik iflasını və məğlubiyyətini təhlil edənlər ilk baxışdan bunun əsas səbəblərini görməyə bilər. Bu gün diplomatiyada baş verənlər Azərbaycanın 44 günlük müharibədəki hərbi qələbəsinin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa Şuşadan ünvanladığı müraciətdə deyib: «Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir. İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir».
Bu gün bu qələbənin nəticələri Azərbaycanın diplomatik uğruna konvertasiya olunur. Ermənistanın özünü guya Şuşa və Zəngilanı hələ də işğal altında saxlayırmış kimi aparması isə İrəvan üçün yaxşı qurtarmayacaq.
MƏSLƏHƏT GÖR: