Müəllif: Nurlanə QULİYEVA
«Mən fəxr edirəm ki, azərbaycanlıyam!» Bu, görkəmli azərbaycanlı, vacib siyasi, sosial-iqtisadi islahatların əsasını qoymuş, ən nəhəng layihələrin əsas ideoloqunun məşhur fikridir. O, ölkəsini postsovet xarabalığından ayağa qaldıraraq dirçəltmiş lider, nəticələrindən hələ bir çox nəsillərin yararlanacağı qərarların müəllifidir. Dəmir iradə, nəhəng erudisiya, inanılmaz yaddaş. Və… gözlərində «Qarabağ» adlı kədər, ürəyində «Qarabağ» adlı ağrı…
Heydər Əliyev – 2023-cü il mayın 10-da bütün ölkə onun anadan olmasının 100-cü ildönümünü qeyd edib. Yubiley tədbirlərinin apofezi azad, bərpa olunmuş, xarıbülbüllərlə dolu Şuşadakı tədbir idi. Həmin anın əzəmətini ən yaxşı Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın sözləri ilə ifadə etmək olar: «Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz. Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır».
Müstəqilliyin və bütövlüyün əsası
«Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa Şuşadan etdiyi müraciətində bildirib.
Birinci Qarabağ müharibəsinin ən qızğın dövrləri idi, Ermənistan heç bir cəza görmədən kəndləri, rayonları bir-birinin ardınca işğal edirdi, hazırlıqsız ordu düşmənə müqavimət göstərmək gücündə deyildi. Bütün ölkədə sosial-iqtisadi vəziyyət yoxsulluq həddində idi, yaşamaq uğrunda mübarizə gedirdi. Yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirmək, saxlamaq mümkünsüz idi. Bütün bu dəhşətlərin fonunda ölkədə kriminal, separatçılıq baş alıb gedir, silahlı dəstələr vətəndaş müharibəsinə hazırlaşırdı. Bu, həqiqətən də, qorxulu xaos, ümidsizlik dövrü idi və sanki, artıq ölkəni parçalanmaqdan xilas etmək mümkün deyildi.
Azərbaycanın ərazi bütövlüyünün təmininə, tam iqtisadi müstəqilliyə, sabitliyə, regioal liderliyə gedən uzun və keşməkeşli yolu məhz belə başlayıb.
Hakimiyyətə qayıdan Heydər Əliyevin gördüyü ilk iş Qarabağda atəşkəsə nail olmaq olub – Azərbaycanı gücləndirməyə başlamaq üçün bu lazım idi. O, bilirdi ki, güclü iqtisadiyyat, ordu, möhkəm beynəlxalq mövqe olmadan, bütün «vasitəçilik» səylərinə, «sülh danışıqları»na, qətnamələrə, qanunlara və s. baxmayaraq, torpaqların geri qaytarılması alınmayacaq.
Danışıqlar prosesində ərazi bütövlüyü, Azərbaycanın əzəli torpağı olan Qarabağ üzərində suveren hüquq prinsiplərini bir an belə, gündəmdən çıxmağa qoymayan Heydər Əliyev paralel olaraq, bütün gücünü, imkanlarını, beynəlxalq arenadakı siyasi nüfuzunu Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsinə yönəldib.
Bu mənada, onun ən böyük xidmətlərindən biri yeni neft strategiyasının hazırlanması olub və bu gün milli iqtisadiyyatın inkişafının əsasını məhz həmin strategiya təşkil edir. Strategiyanın zirvəsi isə əlbəttə ki, 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi»dir. «Azərbaycan dövləti «Əsrin kontraktı»nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün «Əsrin kontraktı»nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır, bunu da biz kontrakt imzalayarkən şərt kimi qoymuşduq», - deyə İlham Əliyev Şuşadakı çıxışında bildirib. O, həmin dövrdə xarici investorlarla razılaşmaların hansı çətin şəraitdə əldə edildiyini xatırladıb.
«Əsrin müqaviləsi»ndən sonra «Şahdəniz» qaz-kondensat yatağı ilə bağlı müqavilə imzalanıb (1996). O zaman bütün dünyanın diqqəti neftə yönəlmişdi və əksər «ekspert»lər «qaz vaxtıdırmı?» sualını verirdilər. Tənqidlərin, maneələrin, intriqaların arası kəsilmirdi. Heydər Əliyev isə qarşıya qoyduğu hədəfə doğru hərəkət edir, geri çəkilmirdi. İndi həmin hadisələrin üzərindən 25 ildən artıq vaxt keçdikdən sonra biz onun hər bir qərarında nə qədər haqlı olduğunu bir daha görürük.
«Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır», - deyə İlham Əliyev bu haqda danışarkən bildirib.
İslahatlar və dəyişikliklərin təşəbbüskarı
Heydər Əliyevin prezidentliyi dövrü (1993-2003) Azərbaycan dövlətçiliyinin güclənməsi, ölkədə siyasi sabitliyin təmini və bütün sahələrdə islahatlara başlanılması ilə yadda qalmış tarixi onillikdir. İqtisadiyyatın müxtəlif sahələrini bir-birinin ardınca dirçəldən Heydər Əliyev miqyaslı layihələrin reallaşdırılması üçün resursların çatışmadığına baxmayaraq, Azərbaycan Dövlət Neft Fondunun yaradılmasına qərar verib, bununla da, neft gəlirlərinin toplanmasını, onun müəyyən hissəsinin gələcək nəsillərə saxlanılmasını təmin edib.
Rasional siyasət nəticəsində neft satışından əldə olunan maliyyə vəsaitləri ictimaiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinin inkişafına yönəldilib. Bütün bunların nəticəsidir ki, son 20 ildə dünyada Azərbaycan qədər inkişaf etmiş ölkə yoxdur. Bu dövrdə ölkədə ÜDM 3 dəfədən çox artıb, valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici borc 6 milyard dollardan bir qədər artıqdır ki, bu da ÜDM-in 10%-i etmir. Halbuki «bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox», - deyə İ.Əliyev qeyd edib.
Bununla yanaşı, Heydər Əliyevin neft strategiyasının məqsədi yalnız Azərbaycanın iqtisadi perspektivlərinin reallaşdırılması yox, həm də dövlət təhlükəsizliyinin müdafiəsinə yönəlmiş etibarlı, güclü siyasi xəttin yaradılması idi. Bu yerdə bir daha qeyd edilməlidir ki, daxili sabitliyə, Qarabağda müvəqqəti atəşkəsə nail olunmasaydı, heç bir nəhəng layihəni reallaşdırmaq mümkün olmazdı. Hər halda, hər hansı iri şirkət müharibənin getdiyi ölkəyə investisiya yatırmır. Bu mənada, məhz Heydər Əliyevin düşündüyü xarici siyasət nəticəsində sanki vəziyyətdən zahiri qalib kimi çıxmış Ermənistan uzun illərdir regionun iqtisadi izqoyuna çevrilib. İşğal ona nə qazandırıb? Azərbaycanın davamlı zənginləşməsi və güclənməsi fonunda ildən-ilə artan yoxsulluqdan başqa heç nə.
Bu gün Azərbaycan bütün regional layihələrin mərkəzində yer alır, özünün həmin layihələrdə iştirakını maliyyələşdirə, onları fiziki olaraq reallaşdıra bilir.
Bu gün «Orta dəhliz» adlandırılan layihənin (Avropa-Qafqaz-Asiya) də əsası məhz Heydər Əliyevin prezidentliyi dönəmində qoyulub və nəticədə, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu da illər sonraya hesablanmış addım idi – enerji resursları tükənəcək, etibarlı nəqliyyat yollarına isə hər zaman ehtiyac olacaq.
Bundan başqa, Sovet İttifaqı illərindən qalmış inzibati-komanda idarəçiliyi üsuluna əsaslanan sistemi əvəzləyən köklü institusional yenidənqurma, bazar iqtisadiyyatının formalaşmasına hesablanmış məqsədyönlü siyasi addımlar, dövlət əmlakının özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin qurulması, torpaq islahatlarının aparılması da icrasına həmin illərdə start verilmiş işlərdəndir. Məhz həmin illərdə qeyri-neft sektorunun strateji əhəmiyyətli sahələrinin inkişafı kursu götürülüb və bu iş, təbii ki, bazar iqtisadiyyatı prinsipləri əsasında görülüb. Bu zaman aqrar-sənaye sektorunun inkişafına xüsusi diqqət ayrılıb və təşəbbüslərin nəticəsində artıq uzun illərdir ki, statistika məlumatları davamlı olaraq müsbətə doğru dəyişir.
Bütün sadalananlar, təbii ki, çoxsaylı sosial problemlərin həllinə imkan verib və bu iş bu gün də davam etdirilir. Azərbaycanın maliyyə resursları, maddi vəziyyəti ölkənin daxili resurslar hesabına yaşamasına imkan verir, Azərbaycan yaşayır, üstəlik, Qarabağı, Zəngəzuru da daxili resurslar hesabına bərpa edir.
«Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda güclü imkanlarımız var», - deyə İlham Əliyev qeyd edib.
Güclü ordu – Qələbəyə aparan yol
Güclü ordu – Heydər Əliyevin bütün iqtisadi islahatlarında əsas hədəf məhz bu olub. Çətin idi, çünki hər şeyə praktik olaraq, sıfırdan başlanılmalı idi. Söhbət heç də yalnız maddi-texniki bazadan getmir. 1990-cı illərin əvvəllərində Azərbaycanda insanlar ruhdan düşmüş, məğlub əhvalı orduya münasibətə də öz təsirini göstərmişdi – gənclər nəinki ordu sıralarına qoşulmağa çan atmır, əksinə, bundan yayınmağa çalışırdılar. Odur ki, ideoloji təbliğata da başlanılmalı, vətənpərvərlik, milli dəyərlərə sevgi ruhunda yeni gənc nəsil yetişdirilməli idi. Odur ki, gənclərlə, uşaqlarla böyük işlər görüldü. «Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər», - deyə İ.Əliyev bildirib.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin qorunması istiqamətində də ciddi addımlar atılıb, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis olunub, xaricdəki Azərbaycan diasporu ilə işə başlanılıb. Nəhayət, ölkədə yaşayan bütün xalqlar azərbaycançılıq ideyası ətrafında birləşib, bütün daxili çəkişmələrə, separatçılığa son qoyulub.
Beləliklə, nizami ordunun əsası qoyulub, o, ildən-ilə böyüyüb və güclənib, müasir texnika və silah-sursat alınıb, doğma torpaqların azadlığı uğrunda canından keçməyə hazır olan gənclər ordu sıralarına axışmağa başlayıb.
«Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» deyirdi Heydər Əliyev. Bu, onun hədəfi, arzusu və vəsiyyəti idi.
«İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır», - deyə Prezident İlham Əliyev bildirib. Dövlət başçısının atası Heydər Əliyevin əsas arzusu məhz onun Ali Baş Komandanlığı altında həyata keçib. Şuşanı azad edildiyinə dair 8 noyabr 2020-ci ildəki raportdan sonra İlham Əliyevin ilk baş çəkdiyi məkanın Ümummilli Liderin məzarı olması da təsadüf deyildi: «…Ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev! Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı».
İlham Əliyevin də dediyi kimi, Ulu Öndərin əziz xatirəsinə hörmət edərək, biz bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə: «Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək».
Qoy Şuşa səmasında hər zaman məğrur qartallar qanad çalsın!!!
MƏSLƏHƏT GÖR: