11 Dekabr 2024

Çərşənbə, 23:31

GÖYÜN YEDDİNCİ QATINDA

Azərbaycan bayrağı Nepalda dünyanın beşinci ən çətin Makalu zirvəsində qaldırılıb

Müəllif:

01.06.2023

Azərbaycan idmanında alpinizmlə maraqlananlar çox olsa da, bu idmanda uğur qazananlar azlıq təşkil edir. Ölkəmizdə alpinizmin inkişafında İsrafil Aşurlunun böyük xidmətləri var. Bu dəfə Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinistdən danışmaq istəyirik. Azərbaycan Alpinizm Federasiyasının baş katibi olan İsrafil Aşurlu Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.

 

Məqsədə nail olmaq xoşbəxtliyi

Hündürlüyü 8485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkiz minliklər arasında ən çox çətinlik yaradan dağ hesab olunur. Makalu (8485 metr) İsrafil Aşurlunun Everest (8848 m, 2007-ci il), Kançencanqa (8586 metr, 2011-ci il), Lxotze (8516 metr, 2019-cu il), Manaslu (8163 metr, 2019-cu il), Brouddan (8051 metr, 2022-ci il) sonra fəth etdiyi, hündürlüyü səkkiz mini keçən 6-cı zirvədir. Bu zirvəyə çıxmağa çalışan ekspedisiyaların sadəcə 30 faizi uğur qazanır.

Tanınmış idmançı təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb. Zirvəni fəth etməzdən öncə İsrafil Aşurlu səhhətində problem yarandığını söyləyib: “Çox xoşbəxtəm ki, karyeramda fəth etdiyim zirvələrin sayı altıya çatıb. Makalu ümumiyyətlə çox çətin hədəflərdən biridir. Buranı hər kəs fəth edə bilmir. Biz ekspedisiyadan öncə statistikanı bilirdik. Uca zirvəyə yürüşümüz mayın 16-na planlaşdırılırdı. Səhər oyananda belimdə kəskin ağrılar hiss etdim. Ağrıkəsici dərmanlar qəbul etdim ki, yürüşə başlayanda problem yaranmasın. Mayın 16-sı axşam saat 19:00-da zirvəyə yürüş üçün hərəkətə başladıq. 9 saat 30 dəqiqə vaxt lazım oldu. Müəyyən dayanacaqlarda fasilələrlə zirvəyə çatmağı bacardıq. Səhər saat 5:40-da zirvəyə çatdıq. Son məsafələri sürünə-sürünə qət etdik. Hədəfimə çatdığıma görə çox xoşbəxtəm”.

 

İnsan həyatını xilas edəndə

İsrafil Aşurlu dünyanın ən uca beşinci zirvəsi yürüş zamanı bir insanın həyatını xilas etdiklərini söyləyib: “Zirvəyə yüksəldiyimiz məsafələrdə hindistanlı alpinisti gördük. Bir neçə gün idi ki, itkin düşmüş şəxs hesab olunurdu, onun artıq öldüyü düşünülürdü. Biz onu xilas etməyi bacardıq. Allahıma çox şükürlər olsun ki, biz bu işi bacardıq”.

Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu Türkiyədə dəhşətli zəlzələdən sonra insanların dağıntılar altından xilas olunmasında da iştirak edib. Bu işdə də alpinist kimi təcrübəsi ona yardım olub. Özü bu barədə danışmağı sevməsə də, təəssüratlarını bölüşməyə razılaşdı: “Zəlzələ baş verən zaman Azərbaycanın alpinist komandası ilə Türkiyədə idim - Ərzurum Beynəlxalq Buzadırmanma Festivalı üçün gəlmişdik. Türkiyənin bir neçə şəhərində zəlzələnin baş verdiyini öyrəndikdən sonra dərhal türkiyəli alpinistlərindən ibarət könüllü dəstəyə qoşulmaq qərarına gəldim. Komandamızın böyük hissəsi İzmirə getdi, oradan da Bakıya qayıtdılar. Dağ bələdçisi Renat Rəhimxanov və mən türkiyəli həmkarlarımızla birlikdə Hatay vilayətinə getdik. Bir günə təyinat yerinə çatdıq və dərhal xilasetmə işlərinə qoşulduq. Elə ilk gecə bir nəfəri dağıntılar altından çıxara bildik. İkinci və üçüncü günlər də kifayət qədər uğurlu keçdi. Ümumilikdə, qrup 10 nəfəri xilas edə bilib - onlardan 9-u dağıntılar altında idi, biri isə binanın yuxarı mərtəbəsindən çıxarılıb - o, zəlzələ zamanı aşağı enməyə imkan tapmamışdı. Biz onu qaldırıcı kranla aşağı saldıq”.

 

Alpinizmin təbliği ilə bağlı missiya

Azərbaycanda alpinizmin inkişafı imkanlarına toxunan İsrafil Aşurlu gənclərə hər zaman kömək etməyə hazır olduğunu deyib: “Bu, bahalı idman növüdür. Adi idman növü kimi deyil. Alpinizmi sevməlisiniz. Zirvənin fəth edilməsi üçün rəsmi dırmanma icazəsinə görə ödəniş edirik. İcazəsiz ekspedisiyalar qadağandır. 10-15 min dollara başa gələn icazələr olur. Bu, sadəcə dağa yaxınlaşmaq və ora qalxmağa cəhd göstərmək üçündür. Amma zirvəni fəth etdikdən sonra bütün qayğılar unudulur. Çox istərdim ki, Azərbaycanda bu idman kütləvi xarakter alsın. Təlim üçün çoxlu hazırlıq məkanları və məşq yerləri olmalıdır. Alpinizm yalnız dövlətin dəstəyi ilə kütləviləşə bilər. Mənim missiyalarımdan biri də alpinizmi populyarlaşdırmaq, o cümlədən məşq etməyə hazır olan uşaqları yetişdirməkdir. Mən hər zaman gənclərə kömək etməyə hazıram. Çox istəyirəm ki, zirvələri fəth edən alpinistlərimiz çox olsun”.



MƏSLƏHƏT GÖR:

116