Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2023-cü il mayın 17-dən etibarən Azərbaycanın ən köklü kommersiya banklarından birinin - “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. Qərar ekspertlər arasında dejavü effekti yaradıb. Belə ki, 2020-ci ilin mayında Mərkəzi Bank 4 yerli bankla – “Atabank”, “Amrahbank”, “AGBank” və “NBCBank”la bağlı oxşar qərar verib. Bunun səbəbləri də eynidir: kapitalla bağlı problemlər, aşağı ödəmə qabiliyyəti.
AMB daha sonra verdiyi ilk açıqlamada həm bu bankın keçmiş müştərilərini, həm də digərlərinin müştərilərini sakitləşdirməyə tələsib – “Günay Bank” ASC-nin lisenziyasının ləğvi bank sektorunun maliyyə sabitliyinə təhlükə yaratmır.
“Günay Bank”ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, öhdəliklərində isə 0,5% təşkil edir”, - AMB-nin açıqlamasında qeyd edilib. Eyni zamanda, tənzimləyici orqan “Günay Bank”ın törəmə şirkəti olan, eyniadlı bank kimi 1992-ci ildə yaradılan “Günay Sığorta”nı da yoxlamağa başlayıb.
Beləliklə, hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Bəs bu say hansı dövrə qədər qalacaq?
Rəqəmlər və faktlar
AMB-nin bəyanatına əsasən, “Günay Bank”ın lisenziyasının ləğv edilməsinə səbəb bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən, məcmu kapitalının adekvatlıq əmsalının isə 3%-dən az olması, həmçinin cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.
Maraqlıdır ki, bankın maliyyə hesabatlarında 2023-cü il aprelin 1-nə onun məcmu kapitalı təxminən 68 milyon, nizamnamə kapitalı 65 milyon manat, məcmu kapitalının adekvatlıq əmsalı 29% səviyyəsində göstərilib. Eyni zamanda AMB məcmu kapitalının həcminin 50 milyon manat olmasını norma hesab edir. Belə çıxır ki, bank tənzimləyiciyə yalan məlumat verib və bu, AMB-nin yoxlamaları zamanı üzə çıxıb.
Maliyyə hesabatlarına əsasən, 2023-cü ilin yanvar-mart aylarında bank aktivlərini 2,5% azaldaraq 274,3 milyon manata, martın sonuna kredit portfeli 201 milyon manata, öhdəlikləri isə 206,3 milyon manata endirib. Üstəlik, bank, ilk növbədə, kredit təşkilatları qarşısında 90,1 milyon manat məbləğində öhdəliyi yerinə yetirməlidir.
Fərdi əmanətçilərə gəlincə, “Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvüdür və bu bankda sığortalanan fiziki şəxslərin əmanətləri üzrə kompensasiya qanunvericiliyə uyğun olaraq ödəniləcək. Məhkəmənin qərarı ilə bankın ləğvedicisi təyin edilən ADIF kompensasiyaların ödənilməsinə iyunun 19-dan etibarən başlanılacağını açıqlayıb. AMB-nin bəyanatında vurğulanıb ki, bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir: “Bankın əmanətçilərinin say etibarilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq”.
Bu bəyanata ilk reaksiya belədir: kompensasiya olunacaq əmanətlər rekord göstəriciyə malikdir! Amma daha yaxından nəzər yetirdikdə maraqlı detallar ortaya çıxır.
Əvvəllər dərc olunmuş məlumatlara əsasən, 2023-cü il aprelin 1-nə “Günay Bank”da əmanətlərin ümumi həcmi 108 milyon 566 min manat olub. Bu göstəricidə əhalinin əmanətləri 73,5 milyon manat təşkil edir. Belə çıxır ki, əmanətçilərin 99,9%-i pulun qaytarılmasından danışılsa da, fiziki şəxslərin 35 milyon manata yaxın əmanəti buraya daxil deyil. Bəs bu, necə olur?
Milli Məclisin deputatı Vüqar Bayramov bunu “Günay Bank”da bir neçə nəfərin hər birinin milyonlarla manatlıq əmanət saxlaması ilə izah edib: “Hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. ADIF qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər”.
Qəribə bir vəziyyət yaranıb. Əslində, “Günay Bank”ın lisenziyasının ləğvinin onun rəhbərliyi üçün tamamilə gözlənilməz olduğunu söyləmək düzgün olmazdı.
AMB-nin bəyanatından dərhal “Günay Bank” ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev “Report”a açıqlamasında mövcud problemlər, məcmu kapitalın az olması səbəbindən xəbərdarlıq aldıqlarını etiraf edib. O əlavə edib ki, bununla əlaqədar iyulun 5-də səhmdarların növbəti ümumi yığıncağının keçirilməsi nəzərdə tutulurdu və orada nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunacaqdı.
Digər tərəfdən statistikaya əsasən, AMB onun mövqeyini qeyri-stabil hesab etdiyi bir vaxtda belə bu bankda əmanətlərin qəbulu prosesi aktiv şəkildə davam edib.
Qeyd edək ki, tənzimləyicinin bu barədə yekun qərar qəbul etməzdən əvvəl kommersiya bankının çatışmazlıqlarının ciddiliyi ilə bağlı açıqlama verilib-verilməməsi məsələsi 3 il əvvəl müzakirə olunub, lakin bununla bağlı konsensus əldə edilməyib. Bankın müştərilərinin nöqteyi-nəzərindən onların risklərdən xəbərdar olmaq hüququ var. Amma Mərkəzi Bank bunu qeyri-mümkün hesab edib, çünki belə məlumatlar təkcə bir bankın deyil, həm də bütün sektorun imicinə xələl gətirir və bu, ona olan etibarı sarsıda bilər.
Bu arada, milyonlarla əmanətdən fərqli olaraq, “Günay Bank”ın əməkhaqqı kartlarında olan pulların qaytarılması ilə bağlı problem olmayacaq. Onlar qanunvericiliyə uyğun olaraq Əmanətlərə Zəmanət Fondu tərəfindən kompensasiya ediləcək.
Bir nəfər hamı üçün deyil
İndi Azərbaycandakı digər kiçik bankların əmanətçilərini belə bir sual narahat edir: bəs bu siyahıdakı növbəti bank hansı olacaq? Lakin yuxarıda qeyd edilənlərə əsaslanaraq, buna cavab vermək mümkün deyil. Amma ekspertlər şübhə etmirlər ki, “Günay Bank”ın müflisləşməsi ilə proses bitməyəcək.
“Bir neçə bank bağlana bilər... Son 10 ildə bankların sayı 45-dən 24-ə düşüb. Növbəti illərdə onların sayı 20-dən aşağı düşəcək. Bunu dünyada blokçeyn texnologiyasından istifadə fonunda müşahidə olunan bankların sayının azalması tendensiyası da tələb edir”, - iqtisadçı Samir Əliyev hesab edir.
Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi son mətbuat konfransında bank bazarındakı vəziyyətdən narazılığını açıq şəkildə ifadə edib.
“Soruşsanız “maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edirmi?”, deyərdim “etmir”. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar”, - o vurğulayıb.
Bununla yanaşı, ölkənin baş bankiri etiraf edib ki, bəzi banklarda maliyyə göstəriciləri ilə bağlı problemlər var, lakin onlar sistem əhəmiyyətli banklar deyil: “Hazırda bu banklar ilə işləyirik. Maliyyə sektorunun ümumi vəziyyətini qənaətbəxş hesab edirəm. Sektorun kredit portfelinin keyfiyyəti də qənaətbəxşdir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir”.
Əslində, T.Kazımov bazarda gözlənilən hadisələrin bir növ anonsunu verib. Onun problemli banklarla bağlı çıxışında cəm halından istifadə etdiyini nəzərə alsaq, bağlanılacaq banklarla bağlı namizədlərin olduğu aydın görünür.
Bu yaxınlarda AMB İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bu qərarın səbəbi hələ açıqlanmayıb, lakin bu bankla bağlı vəziyyətin “Günay Bank”dan bir qədər fərqli olduğunu güman etmək olar.
Hər halda, adi əmanətçilər üçün bankın mövqeyinin etibarlılığı ilə bağlı nəticə çıxarmaq o qədər də çətin deyil: maliyyə hesabatları, bir qayda olaraq, tənzimləyicinin qaydaları və prudensial normaları kimi ictimaiyyət üçün açıq olan məlumatdır. Birinci ilə ikincini müqayisə etsəniz, baş verənlərlə bağlı nisbətən real mənzərə əldə etmək mümkündür.
Bir daha qeyd etmək istərdim ki, bir bankın müflis olması bütün sistemin problemlə üzləşdiyini göstərmir. Əksinə, sektorun ümumi statistikası kifayət qədər yaxşıdır. Belə ki, bu il mayın 1-nə olan məlumata əsasən, Azərbaycanın bank sektorunun aktivləri 45,6 milyard manat təşkil edib. Bu da ötən il eyni dövrü ilə müqayisədə 13,5% çoxdur. Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,1%, o cümlədən depozit portfeli 13,1% artıb. İl ərzində əhalinin banklardakı vəsaitləri 17,2%, müəssisələrdə isə 13% artıb.
Lakin son bir ildə maliyyə institutlarının Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 3 dəfə azalaraq 108,6 milyon manat, sektorun balans kapitalı isə 16,5% artaraq 5,8 milyard manat təşkil edib. Həmçinin xalis mənfəət təxminən 40% artıb.
Beynəlxalq maliyyə institutları hesabatlarında dəfələrlə qeyd ediblər ki, Azərbaycanın bank bazarı xarici şoklara gözləniləndən daha dayanıqlı olub, koronavirus pandemiyasını arxada qoyub və Rusiya-Ukrayna müharibəsinin nəticələrinə sakit şəkildə tab gətirir.
Bu barədə xüsusilə, Beynəlxalq Valyuta Fondunun “Region iqtisadiyyatının inkişaf perspektivləri” adlı may hesabatında qeyd edilib. Bununla belə, həmçinin bildirilib ki, bank nəzarətçiləri bankların idarəetmə və risklərin idarə edilməsi sistemlərinin onların risk profillərinə uyğun olmasını təmin etməlidirlər.
Aydındır ki, bank bazarının sağlamlaşdırılması prosesi davam edəcək. Tənzimləyicinin müəyyən etdiyi səviyyəyə çata bilməyən kiçik banklar isə vəziyyətin ciddiliyini nəzərə almalı, müştərilər isə maliyyə savadlılığını artırmalı və xəbərləri diqqətlə izləməlidirlər.
MƏSLƏHƏT GÖR: